Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1082/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı birinci qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2917/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona birinci qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, 2013-cü ildə Cəlilabad şəhərində avtomobil tərəfindən vurulmuşdur. Həmin qəzadan sonra sol ayağı tamamilə hərəkət qabiliyyətini itirmişdir. Dəfələrlə müalicə etsə də, müalicənin bir faydası yoxdur. 2016-cı ildən etibarən ona ömürlük ikinci qrup əlillik təyin edilmişdir. Sonralar səhhətində ağırlaşmalar olduğundan birinci qrup əlillik üçün dəfələrlə şəhər poliklinikasına, AR Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciətinə şifahi şəkildə ona birinci qrup əlillik təyin edə bilməyəcəklərini bildirmişlər. Bakı İnzibati Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarın əsaslarına görə, “Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 23.08.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Lakin iddiaçı ona təyin edilmiş əlillik dərəcəsi ilə razı deyildir, hesab edir ki, ona təyin edilmiş əlillik dərəcəsi səhiyyə müəssisəsinin göndərişinə uyğun deyildir, onun əlillik vəziyyəti həmin göndərişə uyğun qiymətləndirilməmişdir, ona birinici qrup əlillik dərəcəsi təyin edilməli olduğu halda, ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı ona birinci dərəcə əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir, lakin əlillik vəziyyətinin səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi bildirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona birinci dərəcə əlilliyin təyin edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçıya səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd olunanlarla ona təyin edilmiş İİ dərəcə əlillik üçün qiymətləndirmə uyğunluq təşkil edir, diaqnoz və ağırlaşmaları tam əhatə edir, səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar ona İ dərəcə əlilliyin təyini üçün əsas vermir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisənin 0340003AAQB3 saylı göndərişi əsasında 23.08.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əsas xəstəlik kimi “digər posttravmatik qonartrozlar, sol diz oynağının posttravmatik osteoxondriti, irinli artriti, oynağın yad cisminə görə edilmiş artrotomiya cərrahi əməliyyatından sonra sonrakı vəziyyət”, ağırlaşma kimi isə “oynaqların kontrakturası, sol diz oynağının kəskin funksional yararsız vəziyyətdə açıcı-bükücü konktrakturası, diz oynağının xroniki qeyri-stabillliyi, sol diz oynağının qeyri-stabilliyi, osteofit, sol bud və qamış sümüyünün medial, qamış sümüyünün arxa kənarında, diz qapağının yuxarı qütbündə osteofitlər, oynaqda ağrı, daimi ağrı sindromu, başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sol diz oynağının funksiyasının və yerişin pozulması” diaqnozları qeyd edilmişdir. Qeyd olunan diaqnozlar onun hazırki vəziyyəti və sağlamlıq vəziyyəti ilə uyğunluq təşkil etmir. Belə ki, əsasən sol ayağında travmatoloji ağırlaşmaların baş verməsi yerimə imkanlarının tükənməsi ilə nəticələnmişdir. Yeriməyində çətinliklərin olması onun digər şəxsin qulluğuna və ya yardımına ehtiyacının olması ilə dəyərləndirilməlidir. Lakin, əlillik vəziyyətinin müəyyən edilməsini özündə əks etdirməli olan səhiyyə müəssisənin 0340003AAQB3 saylı göndərişi onun digər şəxsin yardımına və qulluğuna ehtiyacının olmamasını qeyd etmişdir. Belə bir münasibətin formalaşması isə AR Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə cavab vermir. Belə ki, sağlamlıq vəziyyətinin düzgün formada qiymətləndirilməməsi və buna uyğun olaraq səhiyyə müəssisəsinin göndərişi onun birinci qrup əlillik dərəcəsi almağına maneçilik törətmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və hüquqi əsasları ilə razılaşır və bu səbəbdən işin həmin qərarda əks olunan faktiki və hallarını təkrar sadalamır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası sonrakıları bildirir. İlk olaraq, şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. Belə ki, işdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 10.08.2020-ci il tarixli T 204/2020 nömrəli ekspert rəyinə görə, 1989-cu il təvəllüdlü iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. iddiaçıya səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd olunanlarla ona təyin edilmiş İİ dərəcə əlillik üçün qiymətləndirmə uyğunluq təşkil edir, diaqnoz və ağırlaşmaları tam əhatə edir; 2. səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar ona İ dərəcə əlilliyin təyini üçün əsas vermir. Belə ki, İ dərəcə əlillik orqanizmin həyat fəaliyyətinin elə kəskin məhdudlaşması zamanı təyin edilir ki, bu zaman həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daim ehtiyacı olsun. Belə hal isə hal-hazırda iddiaçıda müşahidə olunmur. Göründüyü kimi, iddianın əsasları və apellyasiya şikayətinin dəlilləri aparılmış tədqiqatın müfəssəl təsviri, ona əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilən 10.08.2020-ci il tarixli mötəbər ekspert rəyi ilə tam təkzib olunur. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanlanmış 31.05.2020-ci il tarixli **********7 nömrəli məktubunda isə qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0340003AAQB3 saylı göndərişi əsasında 23.08.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik 07.06.2004-cü il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Digər posttravmatik qonartrozlar, Sol diz oynağının postravmatik osteoxondriti, irinli artriti, oynağın yad cisminə görə edilmiş artrotomiya cərrahi əməliyyatından (07.06.2004) sonrakı vəziyyət”, ağırlaşma kimi isə “Oynaqların kontrakturası, Sol diz oynağının kəskin, funksional yararsız vəziyyətdə açıcı-bükücü kontrakturası (Açma -160o, bükmə -110o). Diz oynağının xroniki qeyri-stabilliyi, Sol diz oynağının qeyri-stabilliyi. Osteofit, Sol bud və qamış sümüyünün medial, qamış sümüyünün arxa kənarında, diz qapağının yuxarı qütbündə osteofitlər. Oynaqda ağrı, Daimi ağrı sindromu. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Sol diz oynağının funksiyasının və yerişin pozulması.” diaqnozları qeyd edilmişdir. Qeyd edilmiş diaqnoz və ağırlaşmalar Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Buna görə də birinci dərəcə əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əsasnamənin 2.1.1. bəndinə görə “Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun.” Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişdə qeyd edilmiş diaqnozlar kənar şəxsin yardımına ehtiyacın olmasını göstərmir, kənar şəxsin yardımına ehtiyacı olması barədə məlumat qeyd edilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının yuxarı dərəcə əlilliyin təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), AR Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”, 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” və 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin 19.08.2019-cu il tarixli **********4 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2917/2021 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1082/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1082/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver