Məhkəmə qərarları › İş №2-1(103)-1082/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1082/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1082/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində Lerik rayonunun Bobla kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6341/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə (müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 04.05.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mərzçəkmə planının tərtib edilməsi, çöl-ölçmə işlərinin aparılması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan X5 tərəfindən ona ayrılmış 0,08 ha torpaq sahəsinə mərzçəkmə planının tərtib edilməsi, çöl-ölçmə işlərinin aparılması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Abşeron rayon X5nun 28.07.1992-ci il tarixli 88 saylı əmrinə və Abşeron rayon X5 həmkarlar ittifaqı komitəsinin və əmək kollektivi şurasının 28.07.1992-ci il tarixli 19 nömrəli protokoluna əsasən X5 tərəfindən Sovxoz ərazisində yerləşən torpaq sahəsindən fərdi ev tikmək üçün 0.08 ha torpaq sahəsi onun adına ayrılmışdır. Həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Ona ayrılmış torpaq sahəsinə çıxarış almaq üçün əvvəlcə arxiv arayışını almaq məqsədi ilə Abşeron rayon Dövlət Arxivinə müraciət etmiş, Abşeron rayon Dövlət Arxiv İdarəsinin 04.02.2021-ci il tarixli F-110 saylı məktubu ilə onun X5 tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması təsdiqini tapmışdır. Çıxarış almaq məqsədi ilə sənədlərini DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə təqdim etmiş, adı çəkilən İdarənin 28.01.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki guya sözü gedən torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi təqdim edilmədiyindən istifadəsində olan torpaq sahəsinin qeydiyyata alınması mümkün olmamışdır. O, sənədlərini 2 dəfə DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə təqdim etmişdir. 1-ci cavab qeyd etdiyi cavabdır, 2-ci isə 08.04.2021-ci il tarixdə olmuşdur. Həmin məktubda da heç bir əsas olmadan torpağın qeydiyyata alınmasından imtina olunmuşdur. X4 cavab məktubunda qeyd olunmuşdur ki, ayrılan torpaq sahəsinə hər hansı bir ayrıca akt və cizgi Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Sənədlərini DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə təqdim edərkən arxiv idarəsinin akt və cizgi ilə əlaqədar qeyd etdiklərini göstərmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Baxmayaraq ki, qeyd olunan torpaq sahəsində çöl-ölçmə işlərinin aparılması və mərzçəkmə planının tərtib olunması Prezidentin 2005-ci il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətlərinə aid etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi əsassız olaraq istifadədə olan torpaq sahəsini qeydiyyata almadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6341/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. 26.11.2021-ci il tarixdə qərar iddiaçı tərəfindən rəsmi qaydada alınmışdır. 24.01.2022-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Eyni zamanda 18.01.2021-ci il (mətnə uyğun) tarix göstərilməklə imzalanmışdır. İşin apellyasiya icraatı zamanı iddiaçıya məhkəmə bildirişi ünvanlaraq, Məhkəmənin 19 oktyabr 2021-ci il tarixli məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti 24 yanvar 2022-ci il tarixində verildiyindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq heç vaxt X2 işləmədiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında iddiaçının məhkəmə qərarını 26.11.2021-ci il tarixdə rəsmi qaydada almasını təsdiq edən poçt xəbərnaməsi mövcuddur (ştrix kod-SS762599212AZ). Göründüyü kimi iddiaçı məhkəmə qərarını qeyd edilən tarixdə alsa da, qərardan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürərək 24.01.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. (SS760336712AZ ştrix kodlu zərfin üzərindəki rabitə ştempelinə əsasən yanvar 2022 göstərilmişdir) Qeyd edilən Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu 26.11.2021-ci il tarixdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində “ Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarından anlaşılmazlıqdan gec apellyasiya şikayəti verdiyini” qeyd etsə də məhkəmə bu dəlili əsaslı hesab etmir. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qanunun qeyd edilən tələblərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməməli, buraxılmış prosessual müddət bərpasından imtina edilməli, apellyasiya qeyrimümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.4, 89, 90.1-90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Buraxılmış prosessual müddətin bərpasından imtina edilsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6341/2021 nömrəli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar