Məhkəmə qərarları › İş №2-1(103)-1083/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1083/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1083/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı MTK-nın vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlər baş idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1339/2021 nömrəli iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, DVX Kiçik sahibkarlıqla iş üzrə baş idarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********040400 nömrəli qərarı ilə 23.200 manat, maliyyə sanksiyası və ona hesablanmış ümumi 28.754,43 manat məbləğdə pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə dair qərarın qanunsuz hesab edilərək, ləğv edilməsini xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, inzibati işə mahiyyəti üzrə baxılıb, qərar qanuni qüvvəsini alanadək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin xx.xx.2014-cü il tarixli **********040400 nömrəli ilə 23.200 manat və ona hesablanmış məbləğdə pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə dair qərara əsasən xx.xx.2020-ci il tarixdə vergi orqanının MTK-nın hesabına qoyulmuş **********0D nömrəli sərəncamın icrasının dayandırılması və bu qərarın icrasının cavabdeh təşkilata və “xxxx” ASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5697/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iddiaçının “xxxx” ASC-də mövcud olan hesablaşma hesabına vergi orqanı tərəfindən pul vəsaitlərinin dondurulması və ya alınması ilə bağlı qoyulmuş sərəncamların icrasının vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********040400 nömrəli qərarla 23.200 manat məbləğdə hesablanmış əlavə vergi məbləğinin 105 faizi həcmində pul vəsaitinin milli valyutada məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla dayandırılması, həmin hesablaşma hesabından pul vəsaitinin tutulması və ya alınması ilə bağlı yeni sərəncamların qoyulmasının vergi orqanına qadağan edilməsi və qoyulduğu təqdirdə icra edilməməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə yenidən müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına şəraitin dəyişməsi ilə əlaqədar dəyişiklik edərək, iddiaçının “xxxx” ASC-də mövcud olan hesablaşma hesabına vergi orqanı tərəfindən pul vəsaitlərinin dondurulması və ya alınması ilə bağlı qoyulmuş sərəncamların icrası vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********040400 nömrəli qərarla 23.200 manat məbləğdə hesablanmış əlavə vergi məbləğinin 105 faizi həcmində pul vəsaitinin milli valyutada məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla dayandırılması, həmin hesablaşma hesabından pul vəsaitinin tutulması və ya alınması ilə bağlı yeni sərəncamların qoyulmasının vergi orqanına qadağan edilməsi və qoyulduğu təqdirdə icra edilməsi hissəsində ləğv edilərək, hesabın tam açılmasına və məhdudiyyətsiz əməliyyat aparılmasına dair qərar və bu qərarın icrasını cavabdeh təşkilata və “xxxx” ASCyə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, DVX Kiçik sahibkarlıqla iş üzrə baş idarəsi xx.xx.2020-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqında **********040400 nömrəli qərarı ilə 23.200 manat, hesablanmış faiz və maliyyə sanksiyası, ümumilikdə 28.754,43 manat məbləğdə pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə dair qərar qəbul edilmişdir. Buna səbəb aparılmış kameral yoxlama nəticəsində 2019-ci il üzrə torpaq vergisi üzrə hesablanmış vergi haqqıdır. xx.xx.2020-ci il tarixdə vergi orqanı MTK-nın “xxxx” ASC-də olan hesablaşma hesabına **********0D nömrəli sərəncam qoyulmuşdur. “xxxx” ASC qeyd edilən sərəncama əsasən hesaba qoyulmuş 790,37 manat xx.xx.2020-ci il tarixdə və 541,94 manat xx.xx.2020-ci il tarixdə pul vəsaitini tutaraq dövlət büdcəsinə qanunsuz olaraq köçürmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsində göstərilir ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Daha sonra həmin Məcəllənin 65.2.1-ci maddəsində qeyd edilir: Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə. Vergi Məcəlləsinin qeyd edilən maddələrindən və iş materialına əlavə edilmiş qərar və sərəncamdan da görünür ki, vergi orqanı və bank qanunvericiliyin tələbini pozaraq MTK-nın hesablaşma hesabından pul vəsaitini tutmuşdur. Belə ki, vergi orqanının qərarı xx.xx.2020-ci ildə qəbul edilmiş, bu qərar MTK-ya elektron vasitə ilə xx.xx.2020-ci ildə göndərilmiş və qərara əsasən hesablaşma hesabına xx.xx.2020-ci il tarixdə sərəncam qoyulmuş, bu barədə nə vergi orqanı, nə də ki, bank tərəfindən MTK-ya bildiriş verilməmişdir. Bir ilə yaxın müddətdə COVİD-19 pandemiyası ilə əlaqədar bəzi müəssisələrin tam gücü ilə işləməməsi iqtisadiyyata ciddi zərbə vurmuşdur. Bununla yanaşı müəssisə kommunal xidmət sahəsi olduğundan və özündə 80-nə yaxın bina və ya 10.000 yaxın mənzil daxil olmaqla 4 yaşayış kompleksinə xidmət edir. Qeyd edilən xidməti həyata keçirərkən elektrik enerjisi, su və digər kommunal xidmətlər sahəsindən aldığı xidmətin müqabilində ödənişlər etməlidirlər. Lakin hesaba qoyulan məhdudiyyət səbəbindən bunları tam olaraq reallaşdıra bilmir. Bununla yanaşı, bir kompleksin elektrik enerjisinin dayandırılması bərpa olunmaz ziyanın vurulması təhlükəsi ilə üzləşə bilərlər. Həmçinin, məişət tullantılarının daşınmasında da problemlərlə üzləşirlər. MTK-nın nizamnamə kapitalı 300.100 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ərizənin əsasları ilə eyni olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, İPM-in: 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.” Məhkəmə kollegiyası bildirir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hansı hüquqlarının qorunmasının mümkün olmayacağı yaxud xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması əsaslandırılmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qeyd olunan məsələlər və ziddiyyətli maraqlar hərtərəfli qiymətləndirildikdən sonra iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilərək, onun bankdakı hesablaşma hesabına qoyulmuş sərəncamların icrası borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin milli valyutada məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla dayandırılmış, həmin hesablaşma hesabından pul vəsaitinin tutulması və ya alınması ilə bağlı yeni sərəncamların qoyulması vergi orqanına qadağan edilmiş və qoyulduğu təqdirdə icra edilməməsi qərara alınmışdır. İPM-in: 44.1. İddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər; 44.2. Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər; 44.3. Xüsusilə təcili hallarda, işə baxan məhkəmə tərkibinə sədrlik edən hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi barədə təkbaşına qərardad qəbul edə bilər. Maraqlı şəxsə bərpa olunmaz ziyanın vurulması təhlükəsinin mövcud olduğu hallarda, sədrlik edən hakim məhkəmə icraatı iştirakçılarının ilkin dinlənilməsindən imtina etməyə haqlıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, işdən göründüyü kimi, cavabdehin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli **********040400 nömrəli qərarı əsasında iddiaçıya 2019-cu il üzrə 23.200 manat məbləğdə əlavə vergi hesablanmışdır. Daha sonra cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********0D nömrəli sərəncamla iddiaçının “xxxx” ASC-də olan hesablaşma hesabına 28.796,43 manat məbləğdə olmaqla dondurulma barədə sərəncam qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə əsasən, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmçinin, Vergi Məcəlləsinin 16.1.112-ci maddəsi ilə mübahisələndirilən məbləğin hesabda dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Qeyd olunan maddəyə əsasən, vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxarığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə iddiaçının ərizəsini qismən təmin edən Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğvi yaxud dəyişdirilməsi üçün bunun üçün kifayət qədər əsaslar müəyyən edilmir. Çünki, hesabdakı vəsaitin dondurulması həmin vəsaitin vergi ödəyicisi tərəfindən hesabdan kənarlaşdırılmayacağına dair vergi orqanına verilmiş təminatdır və əgər vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmişdirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Qeyd olunanlardan belə nəticə hasil olunur ki, qanunvericiliyə görə hesabın dondurulması prosedurunu həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. Lakin işdən görünür ki, ərizəçi bu vəzifəsini həyata keçirməmiş, əksinə, bu barədə qəbul edilən qərarı mübahisələndirmişdir. Başqa sözlə, iddiaçı qanunla üzərinə qoyulmuş vəzifəni etməli olduğu, lakin etmədiyi bir halı mübahisələndirmişdir. Ərizə hesabın dondurulmasının iddiaçının fəaliyyətinin dayanmasına gətirib çıxarması ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu mövqe ilə haqlı olaraq razılaşmamışdır. Belə ki, iddiaçının hesabındakı bütün məbləğlərin deyil, yalnız mübahisəli məbləğin 105 faizi həcmində dondurulması qərara alınmışdır. Hesabdakı vəsaitin dondurulması isə həmin vəsaitin hesabdan silinməsi ilə nəticələnmədiyinə görə iddiaçı üçün itkilər yaratmır. Bundan əlavə, iddiaçı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsə də, şəraitin dəyişməsinin nədən ibarət olmasını ərizəsində əsaslandırmamış, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1339/2021 nömrəli iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar