Məhkəmə qərarları › İş №2-1(103)-1083/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1083/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1083/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxs DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3986/2021 20.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni əsaslarla xidmətdə olduğu (qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq olundu ki, onun Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsindən başqa vəzifəyə keçirilməsi qanunsuz olmuşdur, qanunla o, həmin vəzifədən ehtiyata öz arzusu ilə buraxılmaqla həmin vəzifənin təminat xərclərinə əsasən ona 2002-ci ilin əvvəllərində hərbi pensiya təyin olunmalı idi) Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsinin təminat xərcləri ilə bağlı məlumat vərəqəsinin müvafiq icra hakimiyyəti olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2021 20.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2021 20.10.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının N №-li hərbi hissənin əməliyyat bölməsinin rəisi vəzifəsinə təyin olunması qanunsuz olmuşdur. Belə ki, iddiaçı aşağı vəzifəyə təyin olunmazdan 3 gün əvvəl, yəni 21.11.2001-ci ıl tarixdə “Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə əsasən ehtiyata buraxılması üçün raportla müraciət etmişdir. Lakin raportu cavablandırılmamış və nəticəsiz qalmışdır. Raportu baxılacağı halda iddiaçıya aşağı vəzifəyə keçirilənədək tutduğu idarə rəisinin müavini vəzifəsinin vəzifə maaşı göstərilməklə əmək pensiyası təyin olunmalı idi. Lakin iddiaçı müraciət etdiyinə baxmayaraq əsassız və qanunsuz olaraq aşağı vəzifəyə - N №-li hərbi hissənin əməliyyat bölməsinin rəisi vəzifəsinə təyin olunmuş və həmin vəzifədən də ehtiyata buraxılmışdır. Nəticədə ona aşağı vəzifədən pensiya hesablanmışdır. İddiaçı ehtiyata buraxılma haqqında raportla müraciət edərkən artıq 20 təqvim ili zabit kimi xidmət etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2021 20.10.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2021 20.10.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2021 20.10.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 15.12.2020-ci il tarixli 12/2579 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikası Müdafiə nazirinə ünvanladığınız ərizənizə Maliyyə və Büdcə İdarəsində tərəfimizdən təkrarən baxılmışdır. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bundan başqa bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Sizin isə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar və Hərbi təhsil idarəsinin Komplektləşdirmə şöbəsinin rəisi idarə rəisinin müavini” vəzifəsindən “N nömrəli hərbi hissənin Əməliyat və Döyüş hazırlığı bölməsinin rəisi - qərargah rəisinin müavini” vəzifəsinə keçirilməyinizin səbəbi yaşınız və ya səhhətinizlə bağlı olmamışdır. Bu səbəbdən də, Sizə təyin olunmuş pensiyanızın yenidən hesablanması məqsədi ilə tərəfimizdən yeni “Məlumat vərəqi” tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanuna müvafiq deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 20.03.2020-ci il tarixli 1/C4713 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığınız ərizəyə (ünvan 1məsinə əsasən qəbul edilmiş qərar barədə məlumat almaq istəyiniz barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin 12 mart 2014-cü il tarixli müvafiq əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 15 iyul 2002-ci il tarixli müvafiq əmri ləğv olunmuş və iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq 15 iyul 2002-ci il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmış hesab olunursuz. - ünvan 1məsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı öz arzusu ilə ehtiyata buraxılmaq hüququnun təmin olunması barədə iddia tələbi əsaslı olduğu üçün təmin edilmiş, bu qətnamə üzrə İddiaçı Hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə və Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmaq hüququnun təmin olunması MPM-nin 223-cü maddəsinə əsasən bir vəzifə kimi Müdafiə Nazirliyinə tapşırılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 07.07.2021ci il tarixli 1/C-14360 saylı məktubundan görünür ki, Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, ehtiyatda olan polkovnik-leytenant İddiaçı aşağıda qeyd olunan tarixlərdə və vəzifələrdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir: 05.08.1982-ci il tarixdən 01.05.1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə; 01.05.1992-ci il tarixdən 01.10.1992-ci il tarixədək Qazax rayon hərbi komissarlığının Qeydiyyat-səfərbərlik bölməsinin rəisi; 01.10.1992-ci il tarixdən 09.06.1993-cü il tarixədək Füzuli rayon hərbi komissarlığının Qeydiyyat-səfərbərlik şöbəsinin rəisi - komissarın müavini; 09.06.1993-cü il tarixdən 29.06.1993-cü il tarixədək Nəsimi rayon hərbi komissarlığının Qeydiyyatsəfərbərlik bölməsi rəisinin əsgər və çavuşların qeydiyyatı və bronu üzrə baş köməkçisi; 29.06.1993-cü il tarixdən 26.07.1993cü il tarixədək Binəqədi rayon hərbi komissarlığının Qeydiyyatı-səfərbərlik bölməsi rəisinin əsgər və çavuşların qeydiyyatı və bronu üzrə baş köməkçisi; 26.07.1993-cü il tarixdən 07.08.1993-cü il tarixədək Müdafiə nazirinin birinci müavini- cəbhə komandanının sərəncamına; 07.08.1993-cü il tarixdən 21.01.1994-cü il tarixədək N nömrəli hərbi hissənin Kadrlar bölməsinin rəisi; 21.01.1994-cü il tarixdən 15.08.1994-cü il tarixədək N nömrəli hərbi hissənin Kadrlar bölməsinin rəisi; 15.08.1994cü il tarixdən 14.12.1994-cü il tarixədək Ehtiyat zabitlər taborunun qərargah rəisinin nizami hissə və kadrlar üzrə baş köməkçisi; 14.12.1994-cü il tarixdən 26.02.1995-ci il tarixədək Döyüş Hazırlığı və Hərbi Təhsil Müəssisələri İdarəsinin kargüzarlıq və kadrlar bölməsinin rəisi; 26.02.1995-ci il tarixdən 29.03.1995-ci il tarixədək Müdafiə Nazirinin sərəncamında; 29.03.1995-ci il tarixdən 03.12.1995-ci il tarixədək N nömrəli hərbi hissənin Kadrlar şöbəsinin rəisi; 03.12.1995-ci il tarixdən 05.01.1998-ci il tarixədək Kadrlar və hərbi təhsil idarəsinin statistika və qeydiyyat şöbəsinin rəisi; 05.01.1998-ci il tarixdən 28.05.1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Kadrlar bölməsinin rəisi; 28.05.1998ci il tarixdən 27.12.1999-cu il tarixədək Kadrlar və Hərbi təhsil idarəsinin komplektləşdirmə şöbəsinin baş zabiti-şöbə rəisinin müavini; 27.12.1999-cu il tarixdən 12.11.2001-ci il tarixədək Komplektləşdirmə şöbəsinin rəisi-idarə rəisinin müavini; 12.11.2001-ci il tarixdən 24.11.2001-ci il tarixədək X4 və Hərbi Təhsil üzrə müavininin sərəncamında; 24.11.2001-ci il tarixdən 15.07.2002-ci il tarixədək N nömrəli hərbi hissənin Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini; Müdafiə nazirinin 15.07.2002-ci il tarixli müvafiq əmrinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müdafiə nazirinin 12.03.2014-cü il tarixli müvafiq əmri ilə 15.07.2002-ci il tarixli müvafiq əmri ləğv olunub və öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 15.07.2002-ci il tarixli 0372 nömrəli əmrinin əsası saxlama müddəti bitdiyinə görə məhv edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin 15.07.2002-ci il tarixli 0372 saylı əmrindən çıxarışdan görünür ki, Polkovnik-leytenant İddiaçı motoatıcı briqadanın (N nömrəli h/h) əməliyyat və döyüş hazırlığı bölməsinin rəisiqərargah rəisinin müavini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirinin 15.02.2014-cü il tarixli 0209 saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Rüspublikası Müdafiə nazirinin 15 iyul 2002ci il tarixli 0372 nömrəli şəxsi heyət üzrə əmrinin 4-cü bəndi (161-ci motoatıcı briqadanın (N №-li h/h) Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv olunmuş (Əsas: Səbail rayon məhkəməsinin 18 aprel 2002-ci il tarixli 2-887/02 saylı qətnaməsi), “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) həqiqi müvafiq olaraq, 161-ci motoatıcı briqadanın (N №-li h/h) Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini polkovnik-leytenant İddiaçı 15 iyul 2002-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. - İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı 15.07.2002-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş İddiaçı barəsində 004628 nömrəli Hərbi qulluqçu haqqında pensiya təminatı üzrə məlumat vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.07.2002-ci il tarixdə tərxis olunmuş, onun təqvim xidmət illəri 20 il 0 ay 6 gün, güzəştli xidmət illəri 10 il 07 ay 29 gün, cəmi iş stajı və xidmət illəri 30 il 08 ay 05 gün təşkil edir. Hərbi rütbəsi polkovnik-leytenant, vəzifəsi briqada Əməliyyat bölmə rəisi göstərilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5, 20.18, 22.4-cü maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1, 2, 3-cü bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Baxılan iş üzrə iddiaçıya 15.07.2002-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, həmin tarixdə iddiaçının tutduğu vəzifə N nömrəli hərbi hissənin Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi - qərargah rəisinin müavini vəzifəsi olmuşdur və həmin vəzifə (sonuncu tutduğu vəzifə) və həmin vəzifənin təminat xərcliyi cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilən məlumat vərəqəsində göstərilmişdir. İddiaçı qeyd olunan sonuncu vəzifəyə keçirilməsinin qanunsuz olduğunu bildirsə də, həmin əmr ləğv və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmçinin az maaşlı vəzifəyə keçirilmə iddiaçının səhhəti və ya yaşı ilə əlaqədar olmamışdır. İddiaçının istinad etdiyi Bakı şəhəri ünvan 1məsi ilə yalnız iddiaçının ehtiyata buraxılmasının əsası («xidməti uyğunsuzluğa görə» əsası «öz arzusu ilə» əsası ilə) dəyişdirilmiş, həmin qətnamə də cavabdeh tərəfindən icra olunaraq iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Göründüyü kimi, iddiaçının tutduğu sonuncu vəzifəsi və həmin vəzifənin təminat xərcliyi cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilən məlumat vərəqəsində göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2021 20.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar