Məhkəmə qərarları › İş №2-1(103)-1084/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1084/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1084/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “cavabdeh tərəfindən onun 04.02.2020-ci il tarixli informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi və həmin sorğuda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “cavabdeh tərəfindən onun 04.02.2020-ci il tarixli informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi və həmin sorğuda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-726/2021 saylı 16 dekabr 2021-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzi Seçki Komissiyasının onun 4 fevral 2020ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi, Mərkəzi Seçki Komissiyasının üzərinə 4 fevral 2020-ci il tarixli informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2021 saylı 16 dekabr 2021-ci il tarixli qərardadları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Mərkəzi Seçki Komissiyasının iddiaçının 4 fevral 2020-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi, Mərkəzi Seçki Komissiyasının üzərinə 4 fevral 2020-ci il tarixli informasiya sorğusunda göstərilən (“Akkreditasiyadan keçən təşkilatlar, “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar və üsullar hansıdır) məlumatların verilməsi vəzifəsinin qoyulması” hissəsində iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi, həmçinin iddia tələbinin sorğuda göstərilən digər məlumatların (“exit-poll” keçirmək üçün neçə nəfər cəlb edilir və hansı üsullarla seçilcək; “exit-poll” keçirilməsi məqsədi ilə nə qədər maliyyə vəsaiti sərf ediləcək və mənbəyi haradandır suallarına dar məlumatların) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardadlardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadların ləğv və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 09.02.2020-ci il tarixdə növbədənkənar parlament seçkiləri keçirilmiş, lakin onun MSK-ya etdiyi informasiya sorğusuna ümumiyyətlə cavab verilməmiş, faktiki olaraq ictimai informasiyanı verməkdən cavabdeh imtina etmişdir. Hesab edir ki, qərardadlar qanunsuzdur və ləğv olunmalıdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadlarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 06.04.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı tələbi iki hissədən ibarət olmaqla “cavabdeh tərəfindən onun 04.02.2020-ci il tarixli informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi və həmin sorğuda göstərilən məlumatların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Mərkəzi Seçki Komissiyasının iddiaçının 4 fevral 2020-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi, Mərkəzi Seçki Komissiyasının üzərinə 4 fevral 2020-ci il tarixli informasiya sorğusunda göstərilən (“Akkreditasiyadan keçən təşkilatlar, “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar və üsullar hansıdır) məlumatların verilməsi vəzifəsinin qoyulması” hissəsində iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi, həmçinin iddia tələbinin sorğuda göstərilən digər məlumatların (“exit-poll” keçirmək üçün neçə nəfər cəlb edilir və hansı üsullarla seçilcək; “exit-poll” keçirilməsi məqsədi ilə nə qədər maliyyə vəsaiti sərf ediləcək və mənbəyi haradandır suallarına dar məlumatların) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. İş materiallarından görünür ki, iddiaçı 01.02.2020-ci il tarixli informasiya sorğusu ilə Mərkəzi Seçki Komissiyasına müraciət etmiş və informasiya sorğusunda “Akkreditasiyadan keçən təşkilatlar; a) “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar və üsullar hansıdır; b) “exit-poll” keçirmək üçün neçə nəfər cəlb edilir və hansı üsullarla seçiləcək; c) “exit- poll” keçirilməsi məqsədi ilə nə qədər maliyyə vəsaiti sərf ediləcək və mənbəyi haradandır?” barədə məlumatların verilməsini tələb etmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.6-cı maddəsinə əsasən informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə, sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə, telefaksla, şifahi formada, informasiya ilə taniş olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə və informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla icra edir. Həmin Qanunun 27-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə və informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh orqan iddiaçıya ünvanladığı 15.11.2021-ci il tarixli məktubunda 09.02.2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “exit-poll” keçirmək üçün qeydə alınmış təşkilatlara dair müraciətində əks olunmuş suallarla bağlı bildirmişdir ki, həmin seçkilərdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-nın “AJF&Associates, İnc” təşkilatı ilə birgə), "xxxx" MMC və “İnsan Hüquqları XXİ Əsr-Azərbaycan Fondu (Fransa Respublikasının “Opinion Way” X1 ilə birgə) Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, Beynəlxalq müşahidə missiyaları, xarici qurumlar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən Mərkəzi Seçki Komissiyasının açıq iclasında bu müraciətlərə baxılmış, təşkilatlarla bağlı bütün məlumatlar iclas iştirakçılarına və media qurumlarına çatdırılmaqla ictimailəşdirilmiş və hər üç qurum “exit-poll” keçirmək üçün qeydə alınmışdır. Sözügedən təşkilatlarla bağlı əldə edilən məlumatlar və Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları bir daha diqqətə çatdırılaraq iddiaçıya cavab məktubuna əlavə olunmuşdur. Göründüyü kimi, iddiaçının cavabdeh orqana informasiya sorğusu ilə bağlı etdiyi müraciətində qoyduğu məsələlərdən biri olan “Akkreditasiyadan keçən təşkilatlar barədə məlumat” artıq məhkəmə icraatı dövründə iddiaçıya verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı birinci instansiya məhkəməsi iddiaçının cavabdeh orqana verdiyi informasiya sorğusunda göstərdiyi “Akkreditasiyadan keçən təşkilatlar” barədə məlumatın artıq məhkəmə icraatı dövründə iddiaçıya verildiyini nəzərə alaraq həmin tələb üzrə, o cümlədən iddiaçının 4 fevral 2020-ci il tarixli informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi tələbi üzrə icraatın xitamlanması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı Kollegiya qeyd edir ki, iddiaçının informasiya sorğusunda göstərdiyi ““exit-poll” keçirərkən tətbiq ediləcək qaydalar və üsullar”la bağlı sorğusuna münasibətdə isə məhkəmə tərəfindən bu barədə məlumatın verilməsinə istinad olunaraq icraatın xitamlanması düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası MSK-nın 5/32 saylı 05 iyun 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akreditasiyası Qaydalarının ““Exit-poll” keçirmək üçün akkreditasiyaya dair tələblər” adlanan 2.1-ci bəndinə əsasən “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalmışadək akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət təqdim etməlidirlər. Həmin müraciətə hansı sənədlərin əlavə edilməsi Qaydaların 2.2-ci bəndində sadalanmışdır: 2.2.1. təşkilatın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi barədə sənədin notariat qaydasında təsdiq olunmuş surəti; 2.2.2. təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar (“exit-poll” keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr və s.) haqqında yazılı məlumat. Göründüyü kimi, adı çəkilən Qaydaların tələbinə görə “exit-poll” keçirilərkən tətbiq ediləcək qaydalar və üsullar “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar tərəfindən müəyyən edilir və akkreditasiyadan keçmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edərkən həmin təşkilatlar bu barədə MSK-ya yalnız yazılı məlumat verirlər. Hazırki işdən isə görünür ki, iddiaçı “exit-poll” keçirərkən tətbiq ediləcək qayda və üsullar barədə məlumatı “exit-poll” təşkilatından tələb etmək əvəzinə, cavabdeh Mərkəzi Seçki Komissiyasından tələb edir. Halbuki sonuncunun qanunvericiliklə belə bir öhdəliyinin olduğu təsdiq olunmur. İş üzrə birinci instansiya məhkəməsi isə iddiaçının tələb etdiyi “exit-poll” keçirərkən tətbiq ediləcək qayda və üsullar barədə məlumatla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən məhkəmə icraatı dövründə Azərbaycan Respublikası MSK-nın 5/32 saylı 05 iyun 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında seçkilərdə “exitpoll” keçirən təşkilatların akreditasiyası Qaydalarının təqdim olunmasına istinad edərək həmin tələb üzrə icraatın xitamlanması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi – “exit-poll” təşkilatının “exitpoll” keçirərkən tətbiq edəcəyi qayda və üsullar barədə məlumatın verilməsi vəzifəsi qanunla cavabdeh inzibati orqana aid olmadığından həmin məlumatın sonuncudan tələb edilməsi düzgün deyil. Adı çəkilən məlumatla bağlı müvafiq Qaydaların məhkəmə icraatı dövründə təqdim olunması isə tələbin təmin olunması və bu əsasla icraata xitam verilməsi üçün əsas ola bilməzdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 16.12.2021-ci il tarixli qərardadı iddiaçının informasiya sorğusunda göstərdiyi “exit-poll” təşkilatının “exit-poll” keçirərkən tətbiq edəcəyi qayda və üsullar barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi üzrə icraata xitam verilməsi” hissəsində ləğv edilməli və həmin tələb üzrə iddiaçı hüquqlarının və qanunla qorunan maraqlarının məhz cavabdeh tərəfindən pozulmasını əsaslandıra bilmədiyi üçün onun həmin tələbi qeyri-mümkün sayılmalıdır. Digər tərəfdən, iddiaçının informasiya sorğusunda qeyd etdiyi “exit-poll” keçirmək üçün neçə nəfərin cəlb edilməsi, hansı üsullarla seçilməsi, həmçinin “exit-poll” keçirilməsi məqsədilə nə qədər maliyyə vəsaitinin sərf edilməsi və mənbəyinin haradan alınması barədə məlumatların verilməsi ilə bağlı da Mərkəzi Seçki Komissiyasının qanunla müəyyən edilmiş öhdəliyi yoxdur. Belə ki, iddiaçının sorğusunda ifadə etdiyi həmin məsələlər yuxarıda adı çəkilən Qaydaların tələbinə görə “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar tərəfindən müəyyən edilir və akkreditasiyadan keçmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edərkən həmin təşkilatlar bu barədə MSK-ya yazılı məlumat verirlər. Odur ki, iddiaçı həmin məlumatları “Exit-poll” təşkilatlarından tələb etmək hüququ olduğu halda yanlış olaraq bu barədə MSK-ya müraciət etmiş, lakin həmin informasiya sorğusuna cavab verilmə öhdəliyinin MSK-nin üzərinə qoyulması tələbi üzrə hüquqlarının məhz həmin inzibati orqan tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25-ci maddəsində MSK-nın vəzifələri, 26-cı maddəsində isə fəaliyyət istiqamətləri əks olunmuşdur. Qeyd olunan maddələrdə MSK-nin iddiaçının informasiya sorğusunda göstərdiyi məsələlər üzrə (akkreditasiyadan keçən təşkilatlar barədə məlumat istisna olmaqla) məlumat vermək kimi bir səlahiyyəti müəyyən olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ikinci qərardadında iddiaçının “exit-poll” keçirmək üçün neçə nəfərin cəlb edilməsi, hansı üsullarla seçiləcəyi, “exit-poll” keçirilməsi məqsədilə nə qədər maliyyə vəsaitinin sərf ediləcəyi və mənbəyinin haradan olması barədə informasiya sorğusuna cavab verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iddiaçının bəzi tələbləri üzrə icraata xitam verilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2021 saylı 16 dekabr 2021-ci il tarixli qərardadı qismən, “exit-poll” keçirərkən tətbiq ediləcək qaydalar və üsullarla bağlı informasiya sorğusuna cavab verilməsi barədə iddiaçının tələbi üzrə icraata xitam verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalı, həmin qərardad qalan hissədə, iddiaçının digər iddia tələblərinin qeyri-mümkün sayılması barədə olan 16 dekabr 2021-ci il tarixli qərardad isə bütövlükdə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçının bəzi tələbləri üzrə icraata xitam verilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2021 saylı 16 dekabr 2021-ci il tarixli qərardadı qismən, “exitpoll” keçirilərkən tətbiq ediləcək qaydalar və üsullarla bağlı informasiya sorğusuna cavab verilməsi barədə iddiaçının tələbi üzrə icraata xitam verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia qeyri-mümkün sayılsın. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının digər iddia tələblərinin qeyri-mümkün sayılması barədə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-726/2021 saylı 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar