Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1084/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yenidən hesablanması və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı əlavə ərizə təqdim edərək maddi və mənəvi zərərin əvəzi kimi 5 min manat məbləğində kompensasiya ödənilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı tələbə dəqiqləşmə verərək iddiaçıya 2011-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin yanvar ayınadək olan müddətdə əlavə olaraq ödənilməli olan pensiyanın məbləğinin yenidən hesablanması və ödənilməmiş fərq məbləği olan 57,600 manat pensiyanın ona ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş pensiya məbləği səhv hesablanmış, hesablanmalı olan pensiya məbləği 800 manat artıq olmalıdır. Nəticədə də həm həmin məbləğ, həm də həmin məbləğ nəzərə alınmaqla ödənilməmiş fərq məbləği ona ödənilməlidir. Cavabdeh bu barədə müraciətini nəzərə almamış, pensiyanın yenidən hesablanması və ödənilməsini həyata keçirməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya keçmiş müddət üçün hesablanmış fərq məbləğinin 506,84 manat hissəsi cari ilin avqust və sentyabr aylarında ona ödənilmiş, qalan hissə müraciət nəzərə alınmaqla 04 oktyabr 2021-ci il tarixində pensiyanın üzərinə əlavə olunmaqla ödənilməkdədir. Pensiyanın yenidən hesablanaraq artırılması əsası olmadığından iddia rədd edilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Arayışdan görünür ki, iddiaçı 558,93 manat əmək pensiyası alır. -Əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, iddiaçıya dövlət məvacibinin 47 faizinə uyğun olaraq 558,93 manat pensiya hesablanmışdır. -Məhkəmə ekspertiza mərkəzinin rəyində qeyd edilmişdir ki, iddiaçıya təyin edilmiş pensiya məbləğinin 01 aprel 2008-ci il tarixdən hal-hazırkı tarixədək olan dövr üzrə hesablanmasında uyğunsuzluq mövcud deyildir. İddiaçının keçmiş müddət üçün hesablanmış 9123,01 manat fərq məbləğinin 506,84 manat hissəsi 2021-ci ilin avqust və sentyabr aylarında ona ödənilmiş, qalan 8616,17 manat hissəsi 14 oktyabr 2021-ci il tarixində pensiyanın üzərinə əlavə olunmaqla köçürülmüşdür. İddiaçıya 01 yanvar 2022-ci il 31 dekabr 2022-ci il tarixləri arasındakı dövr ərzində hesablanmaqla “əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4cü maddəsinə əsasən onun əmək pensiyası həmin tarixdən artırılaraq 614,82 manat müəyyən edilmişdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar əmək pensiyası 01 yanvar 2023-cü il tarixdən 705,20 manat artırılaraq ödənildiyi müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının təyin olunduğu tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapıtalı pensiya hüququnun yarandığı tarixdə 7254,72 manat, həmin tarixdən sonrakı dövr üzrə 06 yanvar 2023-cü il tarixinə 4436,93 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı hesab edir ki, ekspertin rəyinə istinad edərək məhkəmənin çıxardığı həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Əvvəla, ekspert qarşısında qoyulmuş suallara aydınlıq gətirilmədiyi halda məhkəmənin ekspert rəyinə sübut kimi istinad etməsi tamamilə əsassız olmuşdur. Belə ki, məhkəmə tərəfindən ekspert qarşısında: 1) İddiaçı xx.xx.2008-ci il tarixdə yaşa görə təyin olunmuş pensiya məbləği (dövlət qulluqçusu kimi) düzgün hesablanmışdırmı? Düzgün hesablanmdığı təqdirdə, pensiya məbləği nə qədər təşkil etməlidir? 2) İddiaçıya orta aylıq əmək haqqıya əsasən hesablanmış pensiya məbləği düzgün müəyyən olunmuşdurmu? Düzgün hesablanmadığı təqdirdə, pensiya məbləği nə qədər təşkil etməlidir? 3) xx.xx.2008-ci il tarixdən hal-hazırkı tarixədək iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləği və hesablama qaydası hər il üzrə ayrı-ayrılıqda müəyyən edilsin. 4) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2008-2021-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alındıqda, iddiaçının sığorta stajı əsasında pensiya məbləği nə qədər təşkil edir? 5) Cavabdeh tərəfindən iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 9.123,01 manat fərq məbləği hansı dövrləri əhatə edir və hansı qaydada hesablanmışdır? 6) Cavabdeh tərəfindən həmin fərq məbləğlərinin ödənilməsi müəyyən olunurmu? 7) Ümumiyyətlə iddiaçıya pensiya təyin olunduğu gündən hazırkı günədək ödənilməmiş fərq məbləği nə qədər təşkil edir? suallarının qoyulmasına baxmayaraq, ekspert sualların ayrı-ayrılıqda cavablandırmaqdan yayınaraq, yalnız cavabdehin imtina məktubunda və ya nümayəndəsinin iddia ərizəsinə etirazın da olan izahı olduğu kimi köçürməklə kifayətlənmişdir. Ekspert rəyinin natamam və əsassız olması rəyin özündə olan qeydlə də müəyyən olunur. Belə ki, rəyin 4-cü səhifəsində göstərildiyi kimi, iş materialları ilkin olaraq xx.xx.2022-ci il tarixdə Mərkəzə daxil olmuş iş üzrə rəy verilməsi üçün ekspert tərəfindən əlavə tədqiqat obyektlərinin zəruriliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə vəsatət göndərilmiş, lakin vəsatətdə tələb edilən sənədlər təqdim edilmədiyindən iş materialları xx.xx.2022-ci il tarixdə icrasız geri qaytarılmışdır. İş materialları yenidən xx.xx.2023-cü il tarixdə Mərkəzə daxil olmuş, lakin zəruri olan sənədlərin iş materiallarına əlavə olunmadığından hazırkı tədqiqat təqdim olunmuş mövcud iş materiallarına əsasən aparılmışdır. “Məhkəmə ekspertizasi fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsində göstərilir ki, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədiyi halda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etməlidir. Aydınlaşdırılması tələb olunan suallarla əlaqədar ekspertin vəsatətlə tələb etdiyi əlavə zəruru sənədlər təqdim edilmədən verdiyi rəy iddiaçnın hüququnun pozulmasına əsas verən qərarın çıxarılmasına səbəb olmuşdur. Məhkəmə isə aydınlaşdırılması tələb olunan suallarla əlaqədar ekspertin vəsatətlə tələb etdiyi əlavə zəruru sənədlərin təqdim edilməsini təmin etmədiyi halda, ekspertin əsassız rəyini sübut kimi qəbul etməklə, iddiaçının hüququnun pozmasına səbəb olan əsassız qərar qəbul etmişdir. İkinci, cavabdeh tərəfindən iddiaçının dövlət qulluğunda olan sığorta stajı düzgün hesablanmamışdır. Belə ki, iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilədək (3 il 1 ay 8 gün) Azərbaycan SSR X5 heyətinin qəbul otağının məsləhətçisi vəzifəsində işləmişdir. Sonra xx.xx.1992-ci ildən əsassız işdən çıxarıldığı xx.xx.1993-cü ilədək Dövlət Gömrük Komitəsində işləmiş və məhkəmənin qətnaməsi əsasında həmin Komitədə işə bərpa edilməklə öz xahişi ilə xx.xx.1998-ci ildə işdən çıxmışdır (4 il 9 ay 27 gün). Mədəniyyət Nazirliyində işlədiyi 3 ay 28 gün sığorta stajı da nəzərə alındıqda cəmi qulluq stajı 8 il 3 ay 3 gün olduğu halda, cavabdeh tərəfindən onun qulluq stajı 6 il 10 gün müəyyən edilməklə və buna uyğun olaraq onun orta aylıq əmək haqqının (931,63 manat) 47 faizi-437,37 manat məbləğində müəyyən edilməsi də əsassız olmuşdur. Üçüncü, qulluq stajının 6 il 10 gün müəyyən edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 2018ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün 3418,72 manat və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün 5704,29 manat (ümumilikdə-9123,01 manat) əskik pul vəsaitinin hesablanaraq ödənilməsi düzgün olmamışdır. Dördüncü, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən iddiaçıya keçmiş müddət üçün alınmamış əmək pensiyasının müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablamaqla ödəməsi də əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 32.1-ci maddəsinə göstərilmişdir ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsində isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olamayaraq ödənilməsi qeyd edilmişdir. Lakin xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla həmin maddələrə edilmiş əlavə və dəyişikliyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qeyd edilmişdir. Hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş bu dəyikilik və əlavə iddiaçının hüquqlarını məhdudlaşdırdığı və vəziyyətini pisləşdirdiyinə görə geriyə qüvvəsi yoxdur və onun pensiya barədə müraciətinin həmin dəyişiklik edildiyi vaxtdan əvvəlki dövrdə (2008-ci ildə) olduğundan, Azərbaycan Respublikası Konstitusiyasına və yuxarıda qeyd edilən Qanunun normaların əsasən onun əsas pensiyası və keçmiş müddət üçün hesablanmamış fərq məbləği yenidən hesablanmaqla ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər iddiaçı məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə Kollegiyası iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia rədd edilməlidir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il(bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Mübahisə üzrə hüquq münasibətinin qüvvədə olduğu dövrdə qüvvədə olmuş 26.3. 2017ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanuna yeni əlavə edilən 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Həmin dövrdə qüvvədə olmuş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması QAYDASİ”nın: 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: İşin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisənin əsası əmək pensiyasının məbləği ilə bağlıdır. Belə ki, iddiaçı 558 manat məbləğində olan əmək pensiyasından narazı qalaraq həmin məbləğin 800 manatdan artıq olmalı olması qənaətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin tələbindən də göründüyü kimi məcburetmə, eləcə də öhdəliyin icrası və kompensasiya növündə iddialarda sübut etmə baxımından inzibati prosessual qanunvericilik fərqli tənzimləmə müəyyən etmişdir. Hazırkı iddia da əmək pensiyasının yenidən hesablanması ilə bağlı olduğundan əmək pensiyasının yenidən hesablanaraq ən azından 800 manatdan artıq olmalı olması barədə sübutetmə də iddiaçının üzərinə düşür. Lakin, işin faktiki hallarından göründüyü kimi iddiaçı həmin məbləğin necə müəyyən edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh isə iddiaçıdan fərqli olaraq əmək pensiyasının məhz 800 manatdan artıq olmaması, Əmək pensiyaları haqqında Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən onun əmək pensiyası həmin tarixdən artılıraq 614,82 manat müəyyən edilməsi, daha sonra 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyasının 01 yanvar 2023-cü il tarixdən 705,20 manat artırılması ödənilməsi barədə publik səlahiyyətlərinin düzgün icrasını həyata keçirmişdir ki, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə hərəkətlərinin qanuni və əsaslılığını istisna edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh iddiaçının vəziyyətini yaxşılaşdıran yeni tənzimləməri də tətbiq etməklə ona ödənişin 705,20 manata çatdırılmalı olması ilə bağlı öhdəliklərin icrasını təmin etmişdir ki, əmək pensiyasının yenidən hesablanaraq artırılmalı olması barədə iddiaçının istinad etdiyi hallar işin digər faktiki halları ilə ziddiyyət təşkil etməkdədir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əmək pensiyasının məbləğini düzgün müəyyən etmiş, hesablamaları həm həmin dövrdə qüvvədə olan Qanunun redaksiyasına, həm də hazırda pensiya təminatı ilə bağlı məsələləri tənzimləyən Qanunun və normativ hüququ aktların tələblərinə uyğun aparmışdır ki, göstərilən bu halların hər biri pensiya işində olan sənədlər ilə yanaşı, həmçinin də müvafiq mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Nəzərə alınmalıdır ki, əmək pensiyasının yenidən hesablanması ilə bağlı texniki xarakterli məsələlərə münasibət bildirilməsi ilə əlaqədar ekspertiza barədə qərardad qəbul edilmiş və təqdim edilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir ki, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə mövqeyi qanuni və əsaslıdır. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə əmək pensiyasının yenidən hesablanaraq artırılmasına dair əsas tələbə münasibətdə asılı tələblərin də rədd edilməsi qənaətindədir ki, məhkəmə hesab edir ki, əmək pensiya məbləği düzgün hesablandığından fərq məbləğinin ödənilməsi və s barədə tələbin təmini əsasının mövcudluğundan da bəhs edilə bilməz. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.Odur ki, apellyasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul olunmuş qərarın ləğvi üçün əsas təşkil etmir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunlu olmaqla, onlara yuxarıda hüquqi qiymət verildiyindən həmin dəlillər üzrə yenidən tək-tək qiymətləndirməyə lüzum yoxdur. Lakin məhkəmə Kollegiyası diqqətə çəkir ki, iddiaçı apellyasiya şikayətində ekspertiza rəyinin düzgün olmamasını göstərmiş, lakin özünün hesablama qaydası və metodologiyasına əsasən hesabladığı pensiya məbləği işin halları, yaxud hər hansı sübutlarla təsdiqini tapmamışdır. Bundan başqa iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, Ekspert rəyinin natamam və əsassız olması rəyin özündə olan qeydlə də müəyyən olunur. Belə ki, rəyin 4-cü səhifəsində göstərildiyi kimi, iş materialları ilkin olaraq xx.xx.2022-ci il tarixdə Mərkəzə daxil olmuş iş üzrə rəy verilməsi üçün ekspert tərəfindən əlavə tədqiqat obyektlərinin zəruriliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə vəsatət göndərilmiş, lakin vəsatətdə tələb edilən sənədlər təqdim edilmədiyindən iş materialları xx.xx.2022-ci il tarixdə icrasız geri qaytarılmışdır. İş materialları yenidən xx.xx.2023-cü il tarixdə Mərkəzə daxil olmuş, lakin zəruri olan sənədlərin iş materiallarına əlavə olunmadığından hazırkı tədqiqat təqdim olunmuş mövcud iş materiallarına əsasən aparılmışdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, bu dəlil ekspert rəyi ilə razılaşmamağa əsas təşkil etmir.Belə ki, ilk dəfə iş üzrə rəy verilməsi üçün ekspert Sahib İsmayılov tərəfindən əlavə tədqiqat obyektlərinin zəruriliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə vəsatət göndərilmiş, lakin vəsatətdə tələb edilən sənədlər təqdim edilmədiyindən iş materialları xx.xx.2022-ci il tarixdə icrasız geri qaytarılmışdır.Bundan sonra digər ekspert İlham Muxtarov iş üzrə rəy verilməsinin qeyri-mümkün olması barədə hər hansı imtina və ya vəsatət göndərməmiş, iş üzrə müvafiq qərardad icra olunaraq rəyin verilməsi təmin olunmuşdur. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi, cavabdeh iddiaçının vəziyyətini yaxşılaşdıran yeni tənzimləməri də tətbiq etməklə ona ödənişin 705,20 manata çatdırılmalı olması ilə bağlı öhdəliklərin icrasını təmin etmişdir, lakin pensiyanın ən azı 800 manatdan artıq hesablanmalı olması ilə bağlı iddiaçının istinad etdiyi hallar işin digər faktiki halları və Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinin tələbləri (İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.) ilə ziddiyyət təşkil etməkdədir. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, əmək pensiyasının yenidən hesablanaraq ən azından 800 manatdan artıq olmalı olması barədə sübutetmə də iddiaçının üzərinə düşsə də, iddiaçı həmin məbləğin necə müəyyən edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından, şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1084/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1084/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver