Məhkəmə qərarları › İş №2-1(103)-1085/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1085/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1085/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı “yoxlamanın aparılması barədə hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8625/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10.12.2020-ci il tarixdə İddiaçı MMC-də yoxlama aparması barədə hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı peşəkar şirkət olaraq, Qaradağ rayonu Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur. X8 X3 əməkdaşı Y.Yusifov və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin-Operativ Nəzarət İdarəsinin üç əməkdaşı (A.Mirzəyev, A.Həsənov və Q.Hacıəliyev) 10.12.2020-ci il tarixdə iddiaçının nümayəndəsinin və yaxud hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı akt tərtib etmişlər. Lakin 10.12.2020-ci il tarixdə yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlama qeydiyyatı aparılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8625/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8625/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun, eləcə də, qanunvericilik normaları ilə əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8625/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8625/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8625/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 08.04.2021-ci il tarixli, 3(002)-440/2021 saylı qərarına əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 08.05.2021-ci il tarixli, 3(103)-1103/2021 saylı qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs İddiaçı Məhlud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya qaydasında şikayət təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hüquqi şəxs İddiaçı Məhlud Məsuliyyətli Cəmiyyətinin barəsində olan 08 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda istinad olunan məhkəmə qərarlarında göstərilmişdir ki, 10 dekabr 2020-ci ildə İddiaçı MMC-yə məxsus “Şahqaya” əhəngdaşı yatağında dağ-mədən fəaliyyətinin yoxlanılması məqsədilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, cəmiyyətə “Dağmədən ayırması” barədə 00905 nömrəli 06 may 2015-ci il tarixli Aktla 10 hektar sahə 05 il müddətinə ayrılmışdır. Əraziyə baxış keçirilərkən, iki ayrı sahədə, 1-ci sahədə 2,1 ha, orta istismar dərinliyi 3,6 metr olmaqla 75600 kubmetr, 2-ci sahə 1,66 ha, orta istismar dərinliyi 3,3 m olmaqla 54.780 kub\m həcmində əhəngdaşı hasilatı aparıldığı müəyyən olunmuşdur. Markşeyder planındakı koordinatlara əsasən kənaraçıxma halları müəyyən edilməmiş və mərz nişanları müşahidə edilməmişdir. 03 ədəd daşkəsən kombayn, 01 ədəd konzl 50 yükləyici, 01 ədəd qaldırıcı kran və 01 ədəd traktor müşahidə edilmişdir. Nəticədə, cəmiyyət tərəfindən yerin təkindən istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktının qüvvədə olması müddətinin 06 may 2020-ci il tarixdə bitməsinə baxmayaraq, fəaliyyət göstərilməklə “Yerin təki haqqında” Qanunun 9, 10, 21 və 46-cı maddələrinin tələblərinin pozulduğu aşkar olunduğundan, bu barədə 000068 nömrəli 10 dekabr 2020-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli 02 mart 2021-ci il tarixli protokol tərtib olunaraq, əlavə olunmuş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, iddia ərizəsində göstərilən yoxlamanın aparılması nəticəsində akt tərtib edilmişdir ki, həmin akt əsasında da inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən inzibati orqan tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraata (yoxlamanın keçirilməsi, aktın və onun əsasında inzibati xəta haqqında protokolun tərtib edilməsinə və s.) hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində göstərilən yoxlamanın aparılması, aktın tərtib edilməsi inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan və həmin fəaliyyətinə də aidiyyəti üzrə inzibati xətalara dair iş üzrə icraatda məhkəmələr tərəfindən hüquqi qiymət verildiyindən hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Həmin Qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Göründüyü kimi, hazırki mübahisə iddiaçının inzibati xəta hesab olunan hərəkətləri nəticəsində cərimələnməsi ilə bağlı olduğundan, ona inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olduğundan məhkəmə haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8625/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar