Məhkəmə qərarları › İş №2-1(103)-1085/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1085/2023

06.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1085/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə X3 qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Memarlar İttifaqı və Nümayəndə) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10261/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından üçüncü şəxs Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 43 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsi üzərində Nümayəndə mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2020-ci tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə işə birinci instansiya qaydasında baxılarkən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10261/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmışdır. Həmin qərardaddan iş üzrə üçüncü şəxs Nümayəndə apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. AR İPM-in 83.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göründüyü kimi, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə (55.1-ci maddənin əsası ilə) və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda (55.3-cü maddənin əsası ilə). Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, “... Hüquqi texnika baxımından, habelə İPM-in 55.5-ci maddəsinin ikinci cümləsinə görə, bu, məzmunca və prosessual baxımdan fərqli, lakin birbiri ilə bağlı iki qərardad bir sənədlə ifadə oluna bilər. Lakin vahid qərardadın nəticəvi hissəsində hər ikisi və onlardan irəli gələn hüquqi nəticələr ayrı-ayrı bəndlərdə əks olunmalıdır. İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrıayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Buna görə də İPM-in 55.5-ci maddəsinin üçüncü cümləsi Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn (bu Məcəllənin 55.3-cü maddəsi üzrə) məhkəməyə müraciət etmək hüququnu pozan norma kimi qiymətləndirilə bilməz. ... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Məsələ üzrə məhkəmə təcrübəsini nəzərə alaraq və hüquqi müəyyənlik prinsipinin vacibliyini qeyd edərək, şəxslərin məhkəmə müdafiə vasitələrindən məlumatlı olmalarının müdafiəsi məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr İPM-in 55.3 və 55.5-ci maddələri əsasında qəbul edilən qərardadlarda iddiaçıya onları mübahisələndirməyin mümkünlüyü barədə aydın və birmənalı izah verməyə borcludurlar. ... Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq İPM-in 55.5ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. ...” Qeyd edilənlərdən də göründüyü kimi, iddiadan imtina edilməsi (55.1) və iddianın geri götürülmüş sayılması (55.3) fərqləndirilərək, yalnız 55.3-cü maddədə göstərilən əsasla icraata xitam verən məhkəmə qərardadından apelyasiya şikayəti verilməsi imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10261/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının qəbul edilməsinə əsas İddiaçı MTK-nın iddia ərizəsi və əlavə edilmiş sənədlərin baxılmamış saxlanılaraq geri qaytarılmasına dair ərizəsi olmuşdur. Kollegiya bildirir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlərin iddiaçı tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bu halda icraatın davam etdirilməsində iddiaçının marağı artıq mövcud olmur. İddiaçının marağının olmaması onun özünün bilavasitə aktiv davranışından – iddia ərizəsinin geri qaytarılmasına dair ərizə verməsindən irəli gəlir. Belə olan halda, iddiaçının müvafiq ərizəni verməkdə iradə ifadəsi iddiadan imtina edilməsinə bərabər sayılır. AR İPM-in 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilənlərdən əlavə, kollegiya bildirir ki, hazırda mübahisələndirilən qərardadın apelyasiya şikayəti vermiş üçüncü şəxsin maraqlarına toxunması halı da işdən müəyyən edilmir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya bildirir ki, şərh edilənlərdən də aydın olur ki, qanunvericiliyin qeyd edilən imperativ normalarına əsasən Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadından şikayət verilmə imkanı məhdudlaşdırıldığından, həmçinin həmin qərardadın üçüncü şəxsin hüquqlarına toxunması halı müəyyən edilmədiyindən, üçüncü şəxs Nümayəndə apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, üçüncü şəxs Nümayəndə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Memarlar İttifaqı və Nümayəndə) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10261/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından üçüncü şəxs Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar