Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1086/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1973-cü il tarixində Lerik rayonunun Mondigah kəndində anadan olmuş, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1244/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (iddia ərizəsinin məhkəməyə daxil olması göstərilməmişdir) Hövsan qəsəbəsi 1 №-li zeytun Sovxozu tərəfindən xx.xx.1993-cü ildə verilmiş 10 sot torpaq sahəsi ilə bağlı xx.xx.2018-ci il tarixdə DƏDRX-nin Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş ********** №-li çıxarışa xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Aqrar Sənaye Nazirliyinin xx xxxxxx 1989-cu il tarixli, 42 nömrəli qərarı və Bakı Şəhər XDS İK-nın x xxx 1987-ci il tarixli, 22/217 nömrəli qərarına əsasən Sovxozda fərdi ev tikmək üçün 24 ha torpaq sahəsi ayrılmışdır. Onun işlədiyi Sovxozda fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmasından ötrü o, Sovxoz direktoruna müraciət etmişdir. Ərizəsi nəzərə alınaraq, xx xxxxxx 1993-cü il tarixdə Abşeron rayonu 1 nömrəli Zeytun Sovxozunun direktoru 106 nömrəli əmrlə həmin 24 ha torpaqdan 0,10 ha hissəsi dövlət tərəfindən tərtib olunmuş layihə əsasında aktla təhvil verilmişdir. Həmin torpağın rəsmiləşdirilməsi üçün 2018-ci ildə DƏDRX yerli qurumuna müraciət etmişdir. Ünvanda göstərilən torpaq sahəsinin layihə cizgisi onda olmadığına görə, 0,10 ha torpaq sahəsinin sərhədini düzgün göstərə bilməmişdir. DƏDRX onun sözləri əsasında torpaq sahəsinin kadastr planını çıxarmışdır. Sonra ona məlum olmuşdur ki, o, torpağın sərhədini düzgün göstərməmişdir. Suraxanı rayonu Hövsan qəsəbəsi 1 nömrəli Zeytun Sovxozunun ərazisində yerləşən 0,10 torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı xx xxx 2018-ci il tarixdə ********** nömrəli çıxarışı ləğv edib yeni kadastr əsasında aktda göstərilən cizgi əsasında torpaq sahəsinin mülkiyyəti təsdiq edən çıxarışa xitam verilməsi üçün xx xxxxxxx 2018-ci ildə poçt rabitə və elektron poçtla DƏDRX Suraxanı rayon şöbəsinə o, rəsmi müraciət etmişdir. Müraciət saxlanıldığı üçün xx xxxxxx 2018-ci il tarixdə xx xxxxxx 2018-ci il tarixdə DƏDRX Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Hazırkı vaxtadək onun müraciətinə cavab verilməmişdir. 1 nömrəli Zeytun Sovxozunun xx xxxxxx 1993-cü il tarixli əmri ilə ona ayrılmış torpaq sahəsinə dair ********** nömrəli reyestrdən çıxarışa xitam verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. xx.xx.2019-cu il tarixdə məhkəmə tərəfindən tərəflərə sərəncam ünvanlanmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilmişdir: - İddia etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun Sovxozu ərazisində yerləşən torpaq sahəsinin ölçülməsi ilə bağlı ********** saylı, xx xxxxxx 2019-cu il tarixli müraciəti idarəyə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə, ərizəyə yenidən baxılacaqdır. Həmçinin heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa məktubla cavab verilmişdir. İddiaçı xx xxx 2018-ci il tarixli, ********** nömrəli çıxarışın ləğvi ilə bağlı müraciəti İdarəyə daxil olmamışdır. xx xxxxx 2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus olan 0,06 ha torpaq sahəsində 360 kv.m hissəni X1. Sözügedən alqı-satqı müqaviləsi, təqdim edilmiş bölgü sxemi, torpaq sahəsinin plan və ölçüsü əsasında 0,024 ha torpaq sahəsi X3 (mətnə uyğun) adına qeydiyyata alınaraq, xx xxx 2018-ci il tarixli, ********* nömrəli çıxarış verilmişdir. Göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, 9, 11, 12-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 56, 67, 68, 111-ci maddələrinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. xx.xx.2019-cu il tarixində iddiaçının nümayəndəsi X9 tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş, ərizədə Abşeron rayonu, 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1993-cü il tarixli, 106 saylı əmrinə əsasən iddiaçıya ayrılmış 0,064 ha torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2019-cu il tarixli qərardad ilə ərizə icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1244/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbinin təmin edilməsi qərara alınmış, İddiaçı ona Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozunun xx xxxxxx 1993-cü il tarixli, 106 saylı əmrinə əsasən ayrılmış 0,064 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1244/2019 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi ünvanında yerləşən torpaq sahəsinin ölçülməsi ilə bağlı ********** saylı, xx.xx.2019-cu il tarixli müraciəti İdarəyə daxil olmuşdur. Lakin iddiaçı tərəfindən 0,064 ha torpaq sahəsinə dair çıxarış verilməsi ilə bağlı İdarəyə rəsmi müraciət daxil olmamış və hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair çıxarış almaq məqsədilə xx.xx.2018-ci il tarixdə İdarəyə ərizə ilə müraciət etmişdir. Müvafiq torpaq səhəsinin 0,04 ha hissəsi dəmir yolunun mühafizə zolağına düşdüyündən iddiaçının torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşən hissəsi çıxılmaqla yerdə qalan 0,06 ha hissəsinə çıxarış və plan-ölçünün verilməsinə etiraz etməməsi barədə xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq torpaq sahəsinin 0,06 ha (600.0 kv.m) hissəsinə dair iddiaçının adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçı ilə X6 arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ №0539492 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 600 kv.m torpaq sahəsinin 360 kv.m hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 600 kv.m torpaq sahəsinin yerdə qalan 240 kv.m hissəsinə dair isə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Lakin iddiaçı tərəfindən sözügedən çıxarış götürülməmişdir. İddiaçı onun mülkiyyətində olan 240 kv.m torpaq sahəsinə dəmir yolunun mühafizə zolağında yerləşən 400 kv.m torpaq sahəsi ilə birlikdə cəmi 640 kv.m olmaqla reyestrdən çıxarış verilməsi ilə bağlı İdarəyə qarşı məhkəmədə iddia qaldırmışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən məlum olmuşdur ki, iddiaçının iddia etdiyi 400 kv.m torpaq sahəsi dəmir yolunun mühafizə zolağında yerləşir. Belə ki, “xxxx” QSC tərəfindən iddiaçıya ünvanlanmış İD-365/1 saylı, xx.xx.2018-ci il tarixli məktubda da müvafiq torpaq sahəsinin dəmir yolunun mühafizə zolağında yerləşdiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən dəmir yolunun mühafizə zolağında yerləşən 400 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi ilə bağlı rəsmi müraciət edilməmiş və cavabdehin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Əlavə olaraq, o, iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciətinin olmadığını bildirdi. İddiaçı məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 izahat verərək, apellyasiya şikayətinə etiraz etdiyini, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq, o, ona 10 sot torpaq verildiyini, özünün əlavə olaraq, 5 sot torpaq zəbt etdiyini və 5 sot torpağı da İbayev Abdullaya satdığını, mütəxəssislərin ölçmə apardıqdan sonra 5 sot torpaq sahəsinin mühafizə zolağına düşdüyünü bildirdiklərini, 6 sotun çıxarışının ona verildiyini, 2.4 sot torpağa dair çıxarışı götürmədiyini qeyd etdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarında olan xx.xx.2016-cı il tarixli, **********25 nömrəli cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubuna əsasən qeyd olunmuşdur ki, faktiki torpaq sahəsinin perimetrik ölçüləri ilə sxemdə göstərilən ölçülər uyğun gəlmir və ümumi torpaq sahəsi yaxınlıqdan keçən (12.6 metr) dəmir yolunun mühafizə zonasında yerləşir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli, F-564 nömrəli arxiv arayışının surətinə əsasən qeyd edilmişdir ki, Dövlət Aqrar-Sənaye Nazirliyinin xx.xx.1989-cu il tarixli, 42 nömrəli qərarına, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 12/217 nömrəli qərarına əsasən, sovxozda fərdi ev tikmək üçün 24 ha sahə ayrılmışdır. Sovxozda işləyən fəhlələr öz ərizələri ilə müdriyyətə fərdi ev tikmək məqsədilə torpaq sahəsi ayrılması barədə müraciət etmişlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli iddiaçının nümayəndəsi X10 tərəfindən cavabdeh orqana ünvanlanmış ərizənin surətinə əsasən qeyd edilmişdir ki, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsində kadastr planı səhvən göstərilmişdir. Belə ki, həmin torpaq sahəsində tam başa çatmış ev kadastrda göstərilməmişdir. Odur ki, dövlət qeydiyyatından keçmiş həmin torpaq sahəsinin üzərində olan tikintini dövlət qeydiyyatına almaq üçün həmin torpaq sahəsinə mühəndisin təyin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli iddiaçının nümayəndəsi X10 tərəfindən cavabdeh orqana ünvanlanmış ərizənin surətinə əsasən qeyd edilmişdir ki, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsində kadastr planı səhvən çəkilmişdir. Yenidən həmin torpaq sahəsinin mühəndis təyin edilməsi ilə bağlı xx.xx.2018-ci ildə rəsmi poçt vasitəsilə və xx.xx.2018-ci ildə saat 11:47-də elektron poçt vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Suraxanı Rayon Şöbəsinə tərəfindən göndərilmişdir.Məlum olmayan səbəblərdən müraciətləri hərəkətsiz saxlanılmışdır, müraciətində göstərilən xahişin icra olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli iddiaçının nümayəndəsi X10 tərəfindən cavabdeh orqana ünvanlanmış ərizənin surətinə əsasən qeyd edilmişdir ki, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsində kadastr planı səhvən çəkilmişdir. Yenidən həmin torpaq sahəsinin mühəndis təyin edilməsi ilə bağlı xx.xx.2018-ci ildə rəsmi poçt vasitəsilə və xx.xx.2018-ci ildə saat 11:47-də elektron poçt vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Suraxanı Rayon Şöbəsinə tərəfindən göndərilmişdir.Məlum olmayan səbəblərdən müraciətləri hərəkətsiz saxlanılmışdır, müraciətində göstərilən xahişin icra olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbinin predmetini “Abşeron rayonu, 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1993-cü il tarixli, 106 saylı əmrinə əsasən iddiaçıya ayrılmış 0,064 ha torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” təşkil edir. Lakin iş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə iddianın predmetini təşkil edən yuxarıda qeyd olunan tələb ilə bağlı iddiaçı cavabdeh orqana müraciət etməmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi ünvanında yerləşən torpaq sahəsinin ölçülməsi ilə bağlı ********** saylı, xx.xx.2019-cu il tarixli müraciəti İdarəyə daxil olmuşdur. Lakin iddiaçı tərəfindən 0,064 ha torpaq sahəsinə dair çıxarış verilməsi ilə bağlı İdarəyə rəsmi müraciət daxil olmamış və hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Yekun olaraq, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının dəqiqləşdirilmiş iddia tələbi Abşeron rayonu, 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1993-cü il tarixli, 106 saylı əmrinə əsasən iddiaçıya ayrılmış 0,064 ha torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi olsa da, iş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən (iddiaçının bildirdiyinə görə torpaq satdığı şəxsdir, iş materiallarına hər hansı etibarnamə əlavə edilməmişdir) cavabdeh orqana ünvanlanmış xx.xx.2018-ci il (kserosurətdir), xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli (ümumiyyətlə imza yoxdur) müraciətləri qeyd edilən iddia tələbi ilə bağlı olmamışdır. Yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş, iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1244/2019 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1244/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “Abşeron rayonu, 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1993-cü il tarixli, 106 saylı əmrinə əsasən iddiaçıya ayrılmış 0,064 ha torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1086/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1086/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver