Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1086/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2184/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 06.05.1984-cü il tarixli hərbi biletdən görünür ki, o, 22.05.1984-cü il tarixdən 18.06.1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İT–İ seriyalı ******* saylı 16.08.1983-cü il tarixli nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 09.08.1983-ci ildə əmək fəaliyyətinə başlamış, həmin tarixdən 20.04.1984-cü il tarixədək Az SSR ”Qoskomnefte-proyekt” Bakı mal-daşınma neft bazasında REM-nə yükvuran fəhlə, 04.09.1987-ci il tarixdən 17.04.1988-ci il tarixə qədər Az.SSR SMT İstehsal-Texnoloji komplektləşməsi idarəsi yükvuran fəhlə kimi, 18.04.1989-ci il tarixdən 25.12.1991-ci il tarixə kimi Azərbaycan SSR Daxili İşlər Nazirliyi Milis orqanlarında xidmət etmiş, 16.03.1992-ci il tarixdən 13.10.1992-ci il tarixə qədər Azərbaycan Respublika Qızıl Aypara Cəmiyyətinin Mərkəzi Komitəsi "Mərhəmət" jurnalı redaksiyasının sürücü, 19.10.1992-ci il tarixdən 21.09.1993-cü il tarixə qədər "Xəzər-5" üzən buruq qurğusuna dörd dərəcəli takelajçı, 21.09.1993-ci il tarixdən 01.11.1994-cü il tarixə qədər həmin qurğuda Neft qaz istismar və kəşfıyyət buruğu üzrə qazımaçının dörd dərəcəli köməkçisi vəzifəsində, 01.11.1994-cü il tarixdən 01.09.1996-cı il tarixə qədər "Xəzər-2" üzən buruq qurğusuna Neft qaz istismar və kəşfıyyət buruğu üzrə qazımaçının dördüncü dərəcəli köməkçisi vəzifəsində, 23.09.1996-cı il tarixdən "X10 Corporation" şirkətində fəhlə, 05.08.1997-ci il tarixdən "xxxx" şirkətində müqavilənin başa çatması ilə əlaqədar Xəzər Qazıma Şirkətində fəhlə, 27.07.1998-ci il tarixdən 19.10.1998-ci il tarixə qədər nasoslar operatoru, 19.10.1998-ci il tarixdən 27.03.2000-ci il tarixə qədər yuxarı fəhlə, 27.03.2000ci il tarixdən 23.08.2004-cü il tarixə qədər qazmaçı köməkçisi, 15.09.2004-cü il tarixdən 01.12.2010-cu il tarixə qədər “KCA Deutag Caspian Limited” şirkətinə qazma məhlulu operatoru köməkçisi, qazma məhlulu operatoru, 01.12.2010-cu il tarixdən 04.12.2013-cu il tarixə qədər “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin Azərbaycan nümayəndəliyində qazmaçı köməkçisi, qazmaçı məhlulu operatoru, şlam avadanlığı üzrə operator, 19.02.2016-cı il tarixdən 22.02.2016-cı il tarixə qədər "xxxx" QSC-də təmir sahəsində yardımçı fəhlə işləmiş, 01.09.2016-cı il tarixdən "xxxx" MMC-də birinci qazmaçı köməkçisi vəzifəsində işləyir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş 14.08.2017-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 19.10.1992ci il tarixdən 21.09.1993-cü il tarixə qədər "Xəzər-5" üzən buruq qurğusuna dördüncü dərəcəli takelajçı, 21.09.1993-ci il tarixdən 01.11.1994-cü il tarixə qədər həmin qurğuda Neft qaz istismar və kəşfıyyat buruğu üzrə qazmaçının dördüncü dərəcəli köməkçisi, 01.11.1994-cü il tarixdən 01.09.1996-cı il tarixə qədər "Xəzər-2" üzən buruq qurğusuna Neft qaz istismar və kəşfıyyət buruğu üzrə qazmaçının dördüncü dərəcəli köməkçisi peşələrində işləmişdir. “X6 Ltd” tərəfindən verilmiş 13.09.2017-ci il tarixli arayışından görünür ki, iddiaçı 23.09.1996-cı il tarixdən 23.08.2004-cü il tarixə qədər neftin qazılması və hasilatı – fəhlə peşəsində işləmişdir. “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin 27.09.2017-ci il tarixli arayışından görünür ki, 15.09.2004-cü il tarixdən 01.12.2010-cu il tarixə qədər “KCA Deutag Caspian Limited” şirkətində qazma məhlulu operatoru köməkçisi, qazma məhlulu operatoru, 01.12.2010-cu il tarixdən 04.12.2013-cu il tarixə qədər “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin Azərbyacan nümayəndəliyində qazmaçı köməkçisi, qazmaçı məhlulu operatoru, şlam avadanlığı üzrə operator peşələrində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya sonuncu dəfə ünvanlanmış **********2 saylı 27 avqust 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tərəfindən təqdim edilmiş İT-İ seriyalı ******* saylı 19.08.1983-cü il tarixli əmək kitabçasında 12.10.1992-21.09.1993-cü il tarixləri arasındakı dövr ərzində “Xəzərqazmaneftqaz” İB-nin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X11 İdarəsində, 23.09.1996-26.03.2000-ci il tarixləri arasındakı dövr ərzində “X6” şirkətində və 15.09.2004- 01.02.2008-ci il tarixləri arasındakı dövr ərzində “KCA Deutag Caspian Limited” şirkətində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şiştin emalı bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixədək onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək peşə fəaliyyətinə 1983-cü ildən başlayaraq müəyyən müddət ərzində bir neçə peşə fəaliyyətini icra etdikdən sonra 1992-ci ildən neft sənayesində çalışmağa başlamışdır. 19.10.1992-ci ildə «Xəzər-5» neft buruğuna takilajçı kimi qəbul edilərək bir ildən sonra «Xəzərqazmaneftqazsənaye» İB-də 4-cü dərəcəli neft və qaz üzrə istismar və kəşfiyyat quyuların qazılmasında qazmaçı köməkçisinə keçirilmişdir. Həmin vaxtdan da neftin qazılması və həsilatına aid olan işlərdə çalışmışdır. Bununla əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 iliini güzəştli işlərdə çalışan 50 yaşı tamam kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya məxsus sənədlərdən müəyyən olunur ki, onun 01.08.1997-ci il tarixinə ümümi iş stajı 20 ildən az təşkil edir. Belə olan halda, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2184/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarının məzmununda göstərilmiş faktlar heç bir reallığı özündə əks etdirmir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. 20 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 29.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilkin imtina məktubu 27.09.2018-ci il tarixli olsa da, sonradan edilmiş müraciətlərə əsasən 27.11.2019-cu il tarixdə və 27.08.2021-ci il tarixdə də imtina məktubları verilmişdir. İddiaçı isə iddia ilə məhkəməyə 16.12.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun güzəştli iş stajının 10 ildən az təşkil etməsinə istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına və güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və güzəştli iş stajını təsdiq edən arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən aydın olur ki, o, 22.05.1984-cü il tarixdən 18.06.1987-ci il tarixədək (3 il 26 gün) hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun ümumi iş stajı 09.08.1983-cü il tarixdən 20.04.1984-cü il tarixdək 8 ay 11 gün, 04.09.1987-ci il tarixdən 17.04.1989-cu il tarixədək 1 il 7 ay 13 gün, 18.04.1989-cu il tarixdən 25.12.1991-ci il tarixədək 2 il 8 ay 7 gün, 16.03.1992-ci il tarixdən 13.10.1992-ci il tarixədək 6 ay 27 gün, 19.10.1992-ci il tarixdən 21.09.1993-cü il tarixə 3 il 10 ay 12 gün, 21.09.1993-cü il tarixdən 01.11.1994-cü il tarixədək və 01.11.1994-cü il tarixdən 01.09.1996-cı il tarixədək cəmi 2 il 11 ay 10 gün, 23.09.1996-cı il tarixdən 05.08.1997-ci il tarixədək, 05.08.1997-ci il tarixdən 27.07.1998-ci il tarixədək, 27.07.1998-ci il tarixdən 19.10.1998-ci il tarixədək 19.10.1998-ci il tarixdən 27.03.2000-ci il tarixədək, 27.03.2000-ci il tarixdən 23.08.2004-cü il tarixədək 7 il 10 ay 4 gün, 15.09.2004-cü il tarixdən 01.01.2006-cı il tarixədək 1 il 3 ay 15 gün olmaqla, ümumi stajı cəmi 20 ildən artıq təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı deyil, xüsusi iş stajının kifayət qədər olmaması mübahisələndirir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisələr (işəgötürən) tərəfindən təsdiq olunur. Buna baxmayaraq Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bu məqsədlə apellyasiya baxışı zamanı İddiaçı müxtəlif müəssisələrdə işlədiyi vəzifələrin güzəştli iş stajına daxil edilib-edilməməsinin mümkünlüyünün yoxlanılması ilə bağlı sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq 10.08.2021-ci il tarixdə “Kompleks qazma işləri” Trestindən daxil olmuş arxiv arayışından görünür ki, İddiaçı 19.10.1992-ci il tarixdən 01.09.1996-cı il tarixə kimi “Xəzərdənizneftqazsənaye” İB-nin Üzən Qurğularla Kəşfiyyat Qazma İdarəsində işləmişdir. “Xəzərdənizneftqazsənaye” İB-nin 78 saylı 10.03.1993-cü il tarixli əmrinə əsasən 01.04.1993-cü il tarixdən “Xəzərdənizneftqaz-sənaye” İB-nin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ-nin adı dəyişdirilərək X4 Qazma İdarəsi adlandırılmışdır. 04.04.2003-cü il tarixdən SOCAR-in 28 saylı “Azneft” İB-nin strukturunun təkmilləşdirilməsi haqqında 16.04.2003-cü il taixli 8 saylı əmri ilə X4 Qazma İdarəsi Qazma sexi kimi “Bayıl Limanı” DKQİ-nin tərkibinə verilmişdir. SOCAR-ın 12.0.2007-ci il tarixlı 51 saylı və 14.03.2007-ci il tarixli 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış və “Bayıl Lİmanı” DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın 06.06.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Lİmanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X11 İdarəsi adlandırılmışdır. 08.08.2012-ci il tarixdən SOCAR-in 101 saylı və “Kompelks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında 82 saylı 18.08.2012-ci il tarixli əmrinə əsasən “Xəzər” X11 İdarəsi ləğv edilmiş və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın SOCAR/13-1000/01/SM-05-000034 saylı 27.12.2013-cü il tarixli əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 mart, Ümid” İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “Kompelks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” SOCAR **********0040020A00070 saylı 27.03.2021-ci il tarixli əmrinə əsasən “Bulla, 8 mart, Ümid” İstehsalat Bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı 21.09.1993-cü il tarixdən 01.11.1994-cü il tarixədək “Xəzər-5” YDÜQQ qurğuya 4-cü dərəcəli qazma köməkçisi və 01.11.1994-cü il tarixdən 01.09.1996-cı il tarixədək “Xəzər-5” YDÜQQ qurğuya 4-cü dərəcəli qazma köməkçisi vəzifəsində çalışmışdır. Onun ümumi iş stajı 03 il 10 ay 12 gün olmaqla, xüsusi iş stajı 02 il 11 ay 10 gün təşkil edir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1100000a-11297 kodu ilə qazmaçılara uyğundur və 02 il 11 ay 10 gün güzəştli iş stajı təşkil edir. X8 LTD-nin DDG-010-2021 saylı 21.09.2021-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı yarım batan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən qazmaçı köməkçisi vəzifəsində işləmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 saylı siyahının 10-cu bölməsinin neftin qazılması və hasılatı (dəniz neftçiləri üçün) bəndinə əsasən onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 07 il 00 ay 18 gün təşkil edir. Həmin arayışda iddiaçının işlədiyi vəzifə və ixtisasın kodları da qeyd olunmuşdur. X8 LTD tərəfindən verilmiş 21.09.2021-ci il tarixli arayış məhkəmə sorğusunda qeyd olunan sualları ətraflı özündə əks etdirmədiyi üçün məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya yenidən ətraflı cavab verilməsi tələb olunmuşdur. Bununla bağlı müəssisənin 20.10.2021-ci il tarixdə verdiyi DDG-010-2021 saylı güzəştli arayışda qeyd olunmuşdu ki, İddiaçı yarım batan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən qazmaçı köməkçisi vəzifəsində işləmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 saylı siyahının 10-cu bölməsinin neftin qazılması və hasılatı (dəniz neftçiləri üçün) bəndinə əsasən onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 07 il 11 ay 1 gün təşkil edir. Daha sonra arayışda göstərilmişdi ki, X8 LTD 1996-cı ildə Azərbaycan Respublikası Neft Şirkəti ABŞ-nın X10 şirkəri arasında yaradılmış və X10 1996-1997-ci illərdə Azərbaycan Respublikasında kəşfiyyat-qazma əməliyyatları keçirmişdir. İddiaçı də 23.09.1996-cı il tarixdən 04.08.1997-ci il tarixədək şirkətdə Portalda fəhlə vəzifəsində çalışmışdır. Həmin arayışdan müəyyən olundu ki, İddiaçı 23.09.1996-cı il tarixdən 04.08.1997-ci il tarixədək 10 ay 13 gün olmaqla Portalda fəhlə vəzifəsində çalışmış, bu vəzifə 1 saylı Siyahıda neftin qazılması və hasilatı-fəhlələr-1100000a-11297 koduna uyğundur, onun işlədiyi portal fəhləsinin işi qazmaçının göstərişlərinə əsasən portaldakı qazma alətilə işləmə avadanlıqlarını, yük qaldırma avadanlıqlarını və quyuya nəzarət avadanlıq və sistemlərini idarə etməkdən, texniki xidmət göstərilməkdən ibarət olmuşdur; 05.08.1997-ci il tarixdən 26.07.1998-ci il tarixədək 11 ay 22 gün olmaqla Portalda fəhlə vəzifəsində çalışmış, bu vəzifə Siyahıda neftin qazılması və hasilatı-fəhlələr- 1100000a-11297 koduna uyğundur, onun işlədiyi portal fəhləsinin işi qazmaçının göstərişlərinə əsasən portaldakı qazma alətilə işləmə avadanlıqlarını, yük qaldırma avadanlıqlarını və quyuya nəzarət avadanlıq və sistemlərini idarə etməkdən, texniki xidmət göstərilməkdən ibarət olmuşdur; 27.07.1998-ci il tarixdən 18.10.1998-ci il tarixədək 02 ay 22 gün olmaqla nasosçu vəzifəsində çalışmış, bu vəzifə Siyahıda neftin qazılması və hasilatı-fəhlələr-1100000a- 13590 koduna uyğundur, onun işlədiyi nasosçu vəzifəsinin işi qazmaçının göstərişlərinə əsasən portaldakı qazma alətilə işləmə avadanlıqlarını, yük qaldırma avadanlıqlarını və quyuya nəzarət avadanlıq və sistemlərini idarə etməkdən, texniki xidmət göstərilməkdən, nasosçu tələbata əsasən bütün əlaqədar alət və mühafizə kəmərinin buraxılması, qazma alətinin endirilməsi və qaldırıması üçün tələb olunan avadanlığı, rayzer, su altı avadanlığı və ixtisaslaşdırılmış avadanlıqları idarə etməkdən və maşinist xidməti göstərməkdən ibarət olmuşdur; 19.10.1998-ci il tarixdən 26.03.2000-ci il tarixədək 01 il 05 ay 08 gün olmaqla yuxarı fəhlə vəzifəsində çalışmış, bu vəzifə Siyahıda neftin qazılması və hasilatı-fəhlələr- 1100000a-13590 koduna uyğundur, onun işlədiyi yuxarı fəhlə vəzifəsinin işi yuyucu maye sistemlərinin və dənizdə neft və qaz quyularının qazılmasında istifadə olunan avadanlığaı idarə və nəzarət etməkdən, texniki xidmət göstərməkdən, yuyucu maye sistemi və avadanlığın işlədilməsilə əlaqədar olaraq göstərişlər verməkdən, koordinasiya yaratmaqdan, vişkada işləyib və ya şamların vişkaya düzülməsi sistemini idarə etməkdən, qazma alətinin qaldırma-endirmə əməliyyatlarında iştirak etməkdən ibarət olmuşdur; 23.07.2000-ci il tarixdən 23.08.2004-cü il tarixədək 04 il 04 ay 28 gün olmaqla qazma köməkçisi vəzifəsində çalışmış, bu vəzifə Siyahıda neftin qazılması və hasilatıfəhlələr-1100000a-11297 koduna uyğundur, onun işlədiyi yuxarı qazma köməkçisinin işi qazmaçının rəhbərliyi altında bütün qazma sistemini və avadanlığıni idarə etməkdən, onlara nəzarət etməkdən, qazma işləri ilə əlaqədar olan bütün əməliyyatlarda briqadaya rəhbərlik etməkdən, neft və qaz quyularının üzən qazıma qurğulardan qazınması prosesinə dair müvafiq sənədləşdirmə işlərinin sifarişçi şirkərin rəhbərliyi və müvafiq orqanlarının tələblərinə uyğun şəkildə aparılmasını təmin etməkdən ibarət olmuşdur. Bu barədə adı çəkilən müəssisə tərəfindən güzəştli arayışa iddiaçının işlədiyi “yuxarı fəhlə”, “portalda fəhlə”, “qazmaçı köməkçisi” və “nasosçu” vəzifələrinin təlimatları da əlavə olunmuşdur. Həmin təlimatlarda bu peşələrin funksiyalarının nədən ibarət olduğu konkret olaraq göstərilmiş və müəssisənin verdiyi güzəştli arayışda da məhz həmin funksiyaların iddiaçı tərəfindən yerinə yetirildiyi müəyyən olunur. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının ümumi iş stajı hərbi xidmət dövrü də nəzərə alınmaqla 20 ildən, xüsusi iş stajı isə 10 ildən (2 il 11 ay 10 gün + 07 il 11 ay 1 gün) artıqdır. Bununla yanaşı, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisədə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının X fəslinin Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz konsendantı, kömür və şistin emalı bəndinin “1100000a-11297” şifrəsinə (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) və “1100000a-13590” şifrəsinə (qazma qurğularının maşinistləri) uyğundur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, buna görə də iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya 52 yaşdan, yəni 02.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyindən onun inzibati orqana ilk müraciətinin 2018-ci ildə (bu barədə işdə imtina məktubu vardır), sonrakı müraciətinin isə 25.11.2019-cu il tarixdə edildiyi nəzərə alınmaqla yığılmış pensiya məbləğinin ödənilməsi üçün qanunla müəyyən edilmiş 3 illik müddət keçmir. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2184/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2184/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni 02.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1086/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1086/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver