Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1086/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə (Açar sözlər: “ezamiyyət xərclərinin ödənilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndələri X5 və X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9020/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı Goranboy rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edərkən Azərbaycan Respublikası Baş Prokurorunun 24 iyul 2019-cu il tarixli, 11/396-k nömrəli əmri ilə Gədəbəy rayon prokurorluğuna ezam olunmuş, 27 iyul 2020-ci il tarixli, 11/828-k nömrəli əmrlə isə ezamiyyətdə olma zərurəti aradan qalxdığı üçün bitmiş hesab edilmişdir.
2. Hazırda iddiaçı 370 gün ezamiyyətdə olması ilə əlaqədar ezamiyyət xərcinin ödənilməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
3. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 33300 manat ezamiyyət pulunun ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 33300 manat ezamiyyət pulunun, işdən azad olduğu xx.xx.2024-cü il tarixdən məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək ezamiyyə pulunun ödənilməsindəki gecikmələrə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış günlük 1%, cəmi 9990 manatın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2016-cı il tarixli, 11/380-k nömrəli əmri ilə prokurorluq orqanlarında qulluğa qəbul edilərək Goranboy rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajor təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2018-ci il tarixli, 11/267-k nömrəli əmri ilə prokurorluq orqanlarında daimi qulluğa qəbul edilərək Goranboy rayon prokurorunun böyük köməkçisi vəzifəsinin icrası həvalə edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 24 iyul 2019-cu il tarixli, 11/396-k nömrəli əmri ilə Gədəbəy rayon prokurorluğuna ezam olunmuş, 27 iyul 2020-ci il tarixli, 11/828-k nömrəli əmrlə isə ezamiyyətdə olma zərurəti aradan qalxdığı üçün bitmiş hesab edilmişdir. Ümumilikdə 370 gün ezamiyyətdə olmağına baxmayaraq buna görə hər hansı bir ezamiyyət pulu almamışdır. 01 aprel 2024-cü il tarixli, 2-2100/218-k nömrəli əmrlə öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 15 aprel 2024-cü il tarixli təhvil-təslim vərəqəsi imzalanarkən Gədəbəy rayon prokurorluğuna ezam olunduğu dövr üçün ezam pulunun ödənilməsini xahiş etmişdir. Lakin həmin pul hal-hazıradək ödənilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9020/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tətbiq edilən qanunvericiliyin tələblərinin işin faktiki hallarına tətbiqi bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən zərurətlə əlaqədar olaraq 1 il müddətinə (qanunvericiliyin tələbinə əsasən ezamiyyət olsaydı 40 gündən çox ola bilməzdi) Gədəbəy rayon prokurorluğuna göndərilməsi, onun hansısa xidməti tapşırığı yerinə yetirmək üçün ezam edilməsi deyil, müvəqqəti olaraq xidmət yerinin dəyişdirilməsidir. Belə ki, iddiaçı qeyd edilən müddət ərzində Gədəbəy rayon prokurorunun böyük köməkçisi kimi vəzifəsini icra etmişdir. Hətta həmin müddət ərzində ümumilikdə 22 gün olmaqla yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq Gədəbəy rayon prokurorluğundan ezamiyyət vəsiqəsi verilməklə Bakı və Gəncə şəhərlərinə ezam olunmuş və ezamiyyət xərclərini də almışdır.
9. Qeyd edilənləri təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9020/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, birinci instansiyası məhkəməsi-tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.Məsələ burasındadır ki, əgər məhkəmənin dediyi kimi iddiaçının xidməti fəaliyyət yeri dəyişdirilsə idi elə həmin əmrlərdə bu barədə göstərilməli idi. Ezamiyyə barədə xx.xx.2019-cu il tarixli Əmrə diqqət yetirdikdə açıq şəkildə bunun ezamiyyə əmri olduğu elə başlıqda qeyd edilmiş, həmçinin məzmunda iddiaçının Gədəbəy rayon prokurorluğuna ezam edilməsi göstərilmişdir. Bundan əlavə, məhkəmə qərarında iddiaçının Gədəbəy rayon prokurorunun böyük köməkçisi kimi vəzifəsini icra etdiyini qeyd etsə də, ümumiyyətlə həmin prokurorluqda böyük köməkçi ştatı olmamış, əksinə İddiaçı orada Goranboy rayonundan ezam olunmuş Goranboy rayon prokurorunun böyük köməkçisi kimi fəaliyyət göstərmişdir. Bunun əyani sübutu olaraq Cavabdehin özünün məhkəmə prosesinə sübut kimi təqdim etdiyi Gədəbəy rayon prokuroru tərəfindən verilmiş ezamiyyə vəsiqəsindəki qeydlər də təsdiq edir. Göründüyü kimi iddiaçı faktiki olaraq Gədəbəy rayon prokurorluğuna rəsmi qaydada müvafiq əmrlə ezam olunsa da məhkəmə bunu nəzərə almamış, heç bir əsas olmadan iddianı təmin etməmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətiinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, iddiaçı tərəfindən əvvəlki dövrlərdə ezamiyyə xərcləri tələbi ilə bağlı cavabdeh orqana ünvanlanmış ilk yazılı müraciətini məhkəməyə təqdim edə bilmir
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.Verilən suallara cavabında bildirmişdirlər ki, iddiaçı ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyə xərclərinə (nəqliyyat, qida, yaşayış yeri və s.) dair hesabat da təqdim etməmişdir, əvvəlki dövrlərdə ezamiyyə xərcləri tələbi ilə bağlı cavabdeh orqana yazılı müraciəti olmamışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”:
1. Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
2. Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir.
4. İşçilərin ezamiyyət müddəti dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri tərəfindən təyin edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə olan Səfirlikləri, Konsulluqları, Nümayəndəlikləri və Beynəlxalq təşkilatlarda çalışan işçilər və nümayəndələr istisna olmaqla). Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl yol, kommunal və gündəlik yemək xərclərinin ödənilməsi üçün pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur. Müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, yaşayış yerinin kirayə edilməsi və gediş-gəliş xərcləri haqqında sənədlər avans hesabatına əlavə edilir. 6.Bu qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyət xərcləri büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda onlara bu məqsəd üçün ayrılan vəsaitdən ödənilir. 8. Ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə ayrıca qeyd edilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
20. Məhkəmə Kollegiyası iddia tələbinin mahiyyəti və iddiaçının apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir:
21. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Goranboy rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edərkən Azərbaycan Respublikası Baş Prokurorunun 24 iyul 2019-cu il tarixli, 11/396-k nömrəli əmri ilə Gədəbəy rayon prokurorluğuna ezam olunmuş, 27 iyul 2020-ci il tarixli, 11/828-k nömrəli əmrlə isə ezamiyyətdə olma zərurəti aradan qalxdığı üçün bitmiş hesab edilmişdir.
22. Hazırda iddiaçı həmin 370 gün ezamiyyətdə olması ilə əlaqədar ezamiyyət xərcinin ödənilməsini tələb edir. İddiaçının tələbinin əsaslılığı ilə bağlı qanunvericiliyin yuxarıda sadalanan tələbləri təhlil olunmalıdır
23. Həmin normalarından göründüyü kimi, Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İşçilərin ezamiyyətə göndərilməsi işlədiyi orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir. İşçilərin ezamiyyət müddəti 40 gündən yuxarı ola bilməz. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur. Bu qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyət xərcləri büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda onlara bu məqsəd üçün ayrılan vəsaitdən ödənilir.
24. Lakin işin mübahisəsiz hallarıdır ki, Gədəbəy rayon prokurorluğuna göndərilərkən iddiaçıya ezamiyyət vəsiqəsi verilməmiş, qayıtdıqdan sonra iddiaçı tərəfindən avans hesabatı təqdim edilməmişdir.
25. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı barəsində verilən həmin əmrlərdə “ezam” ifadəsinə formal olaraq yanaşılmamalı, işin digər qeyd edilən halları ilə birlikdə dəyərləndirilməlidir.
26. Qanunvericiliyin yuxarıda şərh edilən tələblərinin işin faktiki hallarına tətbiqi bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən zərurətlə əlaqədar olaraq 1 il müddətinə (qanunvericiliyin tələbinə əsasən ezamiyyət olsaydı 40 gündən çox ola bilməzdi) Gədəbəy rayon prokurorluğuna göndərilməsi, onun hansısa xidməti tapşırığı yerinə yetirmək üçün ezam edilməsi deyil, müvəqqəti olaraq xidmət yerinin dəyişdirilməsidir. Belə ki, iddiaçı qeyd edilən müddət ərzində Gədəbəy rayon prokurorunun böyük köməkçisi kimi vəzifəsini icra etmişdir. Hətta həmin müddət ərzində ümumilikdə 22 gün olmaqla yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq Gədəbəy rayon prokurorluğundan ezamiyyət vəsiqəsi verilməklə Bakı və Gəncə şəhərlərinə ezam olunmuş və ezamiyyət xərclərini də almışdır.
27. Qeyd edilənləri təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.
28. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, aparılmış hüquqi qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının ezamiyyət xərclərinin ödənilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
29. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, şikayət iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.
30. Daha sonra apellyasiya şikayətinin Ezamiyyə barədə xx.xx.2019-cu il tarixli Əmrə diqqət yetirdikdə açıq şəkildə bunun ezamiyyə əmri olduğu elə başlıqda qeyd edilmiş, həmçinin məzmunda iddiaçının Gədəbəy rayon prokurorluğuna ezam edilməsi göstərilməsi, məhkəmə qərarında iddiaçının Gədəbəy rayon prokurorunun böyük köməkçisi kimi vəzifəsini icra etdiyini qeyd etsə də, ümumiyyətlə həmin prokurorluqda böyük köməkçi ştatı olmaması, əksinə İddiaçı orada Goranboy rayonundan ezam olunmuş Goranboy rayon prokurorunun böyük köməkçisi kimi fəaliyyət göstərməsi, bunun əyani sübutu olaraq Cavabdehin özünün məhkəmə prosesinə sübut kimi təqdim etdiyi Gədəbəy rayon prokuroru tərəfindən verilmiş ezamiyyə vəsiqəsindəki qeydlər də təsdiq etməsi dəlillərinə münasibətdə məhkəmə Kollegiyası bir daha qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının Goranboy rayonundan Gədəbəy rayonuna olmaqla, sadəcə dislokasiya yeri dəyişdirilmiş və iddiaçı Gədəbəy Rayon Prokurorunun tapşırığı ilə oradakı işləri yerinə yetirmişdir. Həmin tapşırıqlar əsasında görülən işlər ilə əlaqədar iddiaçı qısa müddətdə-22 gün müddətinə ezam olunmuş və bununla bağlı ona ezam xərcləri də ödənilmişdir. Lakin, hazırda mübahisələndirilən hal həmin ezam olunma halına daxil deyil. Ümumiyyətlə, qanunvericilikdə ezamiyyə müddətinin də 40 gündən artıq ola bilməsinin yolverilməzliyi nəzərdə tutulmuşdur. Bundan əlavə, iddiaçı ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyə xərclərinə (nəqliyyat, qida, yaşayış yeri və s.) dair hesabat da təqdim etməli idi. Lakin, hazırki halda belə bir hesabat da təqdim olunmamışdır.
31. Bundan başqa, məhkəmə Kollegiyası diqqətə çəkir ki, iddiaçı 2020-ci ildən 4 il müddət keçdikdən sonra, ezamiyyə xərclərini mübahisələndirmişdir. Belə olan halda, iddia müddəti də ötmüşdür.Məhkəmə Kollegiyasının 04 mart 2025-ci tarixli iclasında iddiaçının nümayəndəsi iddiaçı tərəfindən cavabdeh orqana ünvanlanmış ilk yazılı müraciəti ilə bağlı müvafiq dəlillərin məhkəməyə təqdim olunması məqsədilə işə baxılmasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınsa da belə sübut məhkəməyə təqdim olunmamışdır.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9020/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9020/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.