Məhkəmə qərarları › İş №2-1(103)-1087/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1087/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1087/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair arayışın (çıxarışın) verilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3814/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Türkan qəsəbəsi, 140 saylı BTK-nəın nəzdində 0,12 ha ölçüdə 754a/10 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, mərhum nənəsi Abdullayeva Hökümə Ağakazım qızına məxsus Bakı şəhəri, Türkan Bağlar sahəsi 140№-li BTK nəzdində, 012 ha 754 a/10 № li ünvanında yerləşən torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh isə xx xxxxxxxx 2019-cu il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq olmuş, sxematik xəritəyə əsasən bağ sahəsinin bir hissəsi 811 və 812 saylı bağ sahələrinin yerinə uyğun gəlmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İddiaçı tərəfindən imtina qanunsuz və əsassız hesab edilmiş və qeyd edilmişdir ki, x xxx 1990-cı il tarixli 1 №li orderə əsasən Bakı şəhəri Türkan Bağlar sahəsi 140№li BTK nəzdində, 012 ha 754 a/10 № li ünvanında yerləşən torpaq sahəsi onun nənəsinin faktiki istifadəsində və mülkiyyətində olmuşdur. Hal-hazırda da həmin torpaq sahəsi onun (iddiaçının) istifadəsindədir. Nənəsi x xxxx 1994-cü il tarixdə vəfat etdikdən sonra, o, Bakı şəhəri 40 saylı Notariat Kontoruna müraciət etmiş və miras qoyanın vərəsəsi kimi tanınmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət sənədi olmadığından mirası qəbul edə bilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3814/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Türkan bağ massivində yerləşən 0,12 ha sahəsi olan 754a/10 nömrəli bağ sahəsinin onun mərhum nənəsi Abdullayeva Hökumə Ağakazım qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Belə ki, sxematik xəritəyə əsasən bağ sahəsinin bir hissəsi 811 və 812 bağ sahələrinin yerinə uyğun gəlir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, cavabdehin öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli,iş yenidən baxılması üçünBakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından görünür ki, Bakı Şəhər XDS İK X1 və X2 bağlar sahəsindəki 140 saylı kooperativ tərəfindən Abdullayeva Hökümə Ağakazım qızının adına Türkan bağ massivindəki 0,12 ha torpaq sahəsi olan 754 a/10 bağ sahəsinə dair 1 nömrəli order verilmişdir. x xxxx 1994-cü il tarixdə Abdullayeva Hökümə Ağakazım qızı vəfat etmiş, ölən günədək ünvan 3 ünvanında yaşamış mərhum Abdullayeva Hökümə Ağakazım qızından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı Notariat Ofisinə müraciət daxil olmuş, notarius tərəfindən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Daha sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə bağ sahəsi üzərində hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı ərizə ilə müraciət etmiş və cavabdeh onun müraciətinin təmin olunmasından idarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq olması, sxematik xəritəyə əsasən bağ sahəsinin bir hissəsi 811 və 812 bağ sahələrinin yerinə uyğun gəlməsi səbəbindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının mərhum nənəsi Abdullayeva Hökumə Ağakazım qızına 140 saylı BTK-nın 1 nömrəli orderi ilə Bakı şəhəri, Türkan bağlar massivindəki 0,12 ha ölçüdə 754a/10 saylı bağ sahəsi ayrıldığından və həmin orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, order sübut kimi mötəbər qiymətləndirilmiş və iddiaçının mərhum ərinin həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və qeyd edir ki, inzibati məhkəmə mahiyyəti üzrə qərar qəbul etmədiyindən və inzibati prosessual qanunvericliyin tələblərini kobud şəkildə pozduğundan qərar ləğv edilməli və icraatın davam etdirilməsi üçün müvafiq inzibati məhkəməyə göndərilməlidir. Hazırki işdə iddiaçı iddia ərizəsində Bakı şəhəri, Türkan qəsəbəsi, 140 saylı BTK-nəın nəzdində 0,12 ha ölçüdə 754a/10 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi İddiaçı Bakı şəhəri, Türkan bağ massivində yerləşən 0,12 ha sahəsi olan 754a/10 nömrəli bağ sahəsinin onun mərhum nənəsi Abdullayeva Hökumə Ağakazım qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321-ci maddəsinə görə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.12-ci bəndinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xidməti vəzifələrindən biri də daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etməkdən ibarətdir. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prossessual qanunvericiliyin bəhs edilən normalarına əməl etməyərək iddia tələbinin dəqiqləşdirilməsinə yardım etməmiş, iddia ərizəsində mübahisəli bağ sahəsinə iddiaçının adına çıxarışın verilməsi tələb olunsa da, inzibati orqanın bu məzmunda müraciəti olmadığı halda işə baxan məhkəmə iddiaçının mərhum nənəsinin adına arayış verilməsi qənaətinə gələrək iddia tələbindən kənara çıxaraq mahiyyəti üzrə qərar qəbul etməmişdir. Həmin Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmədə iddia tələbinə baxılaraq mahiyyəti üzrə qərar qəbul edilmədiyindən hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3814/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3814/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar