Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1087/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn X1rşı “su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7149/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn X1rşı iddia qaldıraraq ünvan 2 nömrəli qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün yolun qarşı tərəfindən keçən su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyinin Azərbaycan X8 Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 nömrəli, tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Obyektdə su xəttinin olması üçün su borusu yolun qarşı tərəfindən çəkilməlidir. İddiaçı obyektinə su xəttinin çəkilməsi üçün "xxxx" ASC-yə müraciət etdikdə ona bildirilmişdir ki, bunun üçün Azərbaycan X8 Agentliyindən (AAYDA) rəsmi razılıq alınmalıdır. Yalnız rəsmi razılıq alındıqdan sonra obyektin su ilə təminatı mümkün ola bilər.O qeyd edilən məsələ ilə bağlı cavabdeh Аzərbаycаn X8 Agentliyinə müraciət etdikdə cavabdeh xx.xx.2022-ci il tarixdə məktubla müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə etirazda göstərilmişdir ki, yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunan (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgənkiləşdirilə bilməz. Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uyğun olaraq müəyyənləşdirilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurquları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini təmin edən nişanlar və göstəricilər istisna olmaqla yolkənarı xidmət obyektləri, habelə məlumat qurğuları (reklam qurğuları istisna olmaqla) avtomobil yolunun sahibinin yazılı razılığ ilə və bağlanın müqavilələr əsasında yerləşdirilir. Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə razılığın alınması üçün ərizəyə avtomobil yolunun adı və istiqaməti göstərilməklə sahənin sxemi və ya quraşdırılması nəzərdə tutulan obyektin yaxud qurğunun texniki planı əlavə olunur. Razılığın verilməsi haqqında ərizəyə 15 gündən gec olmyaraq baxılır. Müvafiq razılığın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol verilmiş hüquqi və fiziki şəxslər müvafiq qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7149/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 fevral 2017-ci il tarixli 44 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının mülkiyyətçilərinin (sahiblərinin) və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin, yerli icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçirilir. İddiaçı məxsus ünvan 2 nömrəli qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün yolun qarşı tərəfindən keçən su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyi tək Azərbaycan X8 Agentliyinin səlahiyyətində olmaqla yanaşı, eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin də razılığı mütləq şəkildə tələb olunmalıdır. Tərəflərin iştirakı: Məhkəmənin iş üzrə xx.xx.2023-cü il qərardadı ilə Xəzər rayon Sukanal İdarəsi və "xxxx" ASC adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Xəzər rayon Sukanal İdarəsinin nümayəndəsi izahatında bildirdi ki, qeyri-yaşayış obyektinə su xəttinin çəkilməsi üçün şəxs tərəfindən qoşulma haqqı ödənilir, texniki şərt vətəndaşa verilir və vətəndaş həmin sənədləri götürüb idarəyə yaxınlaşır. İdarə tərəfindən sənədlərin düzgünlüyü yoxlanılır və sənədlər düzgün olduğu təqdirdə şəxsə texniki şərt verilir. Аzərbаycаn X8 Agentliyindən texniki şərtin alınması üçün vətəndaş texniki şərti və şəxsiyyət vəsiqəsi ilə həmin agentiliyə yaxınlaşır və müvafiq ödənişi etdikdən sonra texniki şərt verilir. Qeyd edilən məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli “İstehlakçıların su şəbəkəsinə qoşulması ilə bağlı qaydaları” ilə tənzimlənir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarına əsasən, Bakı şəhəri, ünvan 1 sahə iddiaçının xüsusi mülkiyyətindədir, "xxxx" ASC tərəfindən həmin sahədəki obyektə su təchizatının həyata keçirilməsi və kanalizasiya şəbəkələrinə qoşulması üçün xx.xx.2020-ci ildə texniki şərt verilmişdir, həmin texniki şərtə görə obyektin ərazisindən su xətti keçmir və kanalizasiya şəbəkələrinə qoşulma yoxdur, su xəttinin çəkilişi nəzərdə tutulmuş su borusu ilə iddiaçının mülkiyyətində olan sahə arasında avtomobil yolu keçdiyi üçün İddiaçı cavabdeh Аzərbаycаn X8 Agentliyinə müraciət edərək suyun çəkilişinə icazə verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir, İddiaçı cavabdeh Аzərbаycаn X8 Agentliyinin imtinasını əsassız hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçının əsas hüquqi marağının yönəldiyi tələbi faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir. - 5-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması. 2.Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. - 24-cü maddəsinə əsasən, 1. Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər: a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını; c) su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini. d) su təsərrüfatı pasportunun tərtib edilməsini. 2. İstehlakçılar su təchizatı sisteminə qoşulmaq istəmələri barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı müəssisəsi 10 gün müddətində müraciətə baxaraq obyektin su təchizatı sisteminə qoşulmasına razılıq verir və ya əsaslandırılmış qaydada burdan imtina edir.” Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün yolun qarşı tərəfindən keçən su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyi tək Azərbaycan X8 Agentliyinin səlahiyyətində olmaqla yanaşı, eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin də razılığı mütləq şəkildə tələb olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, ilk növbədə, iş materiallarında olan sübutları nəzərdən keçirir. Belə ki, iş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 2 nömrəli, 0,0374 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin, iddiaçıya torpaq sahəsinin plan və ölçüsü təqdim edilmişdir. - İddiaçının müraciətləri əsasında təqdim olunmuş Аzərbаycаn X8 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 nömrəli qeyri-yaşayış sahəsində asfalt-beton örtüyünün yenidən qurulduğu nəzərə alınaraq sözügedən su xəttinin çəkilməsi ilə bağlı alternativ variantdan istifadə edilməsi məqsədəuyğun hesab edilmişdir. - "xxxx" ASC-nin Xəzər rayon Sukanal İdarəsinin arayışından görünür ki, ünvan 1 sahədə yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinə su təchizatı şəbəkəsinə birləşdirilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli, 004/1/1308 saylı ”İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” texniki şərt verilmişdir. "xxxx" ASC-yə məxsus mövcud d280 mm su xətti Binə-Sovxoz magistral avtomobil yolunda yerləşməsi və AAYDA tərəfindən asfalt örtüyünün qazıntısına icazə verilməməsi obyektin su birləşməsinin verilməsinə maneçilik törədir. Bu səbəbdən, obyektin su birləşməsinin verilməsi qeyri-mümkündür. Layihələndirilən su xəttinə alternativ trayektoriya mövcud deyildir. - Məhkəmənin müvafiq sorğusuna əsasən təqdim olunmuş "xxxx" ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Binə qəsəbəsi Sovxoz yoluna 2016-cı ildə vurulan asfalt örtüyündən sonra "Azərsu” ASC tərəfindən 6 ədəd qeyri-yaşayış obyektinə su xəttinə qoşulması üçün texniki şərt verilmişdir. Texniki şərtlər Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən verilmiş texniki şərtlər əsasında asfalt örtüyü qazılaraq icra olunmuşdur. Qazılan asfalt örtüyü texniki şərtlər icra olunduqdan sonra Azərbaycan X8 Agentliyi tərəfindən yenidən bərpa olunmuşdur. - Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş "xxxx" ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, MN-05/1-62 nömrəli məktubuna əsasən Binə qəsəbəsi, sovxoz yoluna 2016-cı ildə vurulan asfalt örtüyündən sonra "xxxx" ASC tərəfindən 6 ədəd qeyri-yaşayş obyektinə su xəttinə qoşulması üçün texniki şərt verilmişdir.Texniki şərtlər Azərbaycan X8 Agentliyi tərəfindn verilmiş texniki şərtlər əsasında asfalt örtüyü qazılaraq icra olunmuşdur, qazılan asfalt örtüyü texniki şərtlər icra olunduqdan sonra Azərbaycan X8 Agentliyi tərəfindən yenidən bərpa olunmuşdur.Su xətti çəkildikdən sonra bərpa olunmuş asfalt örtüyünün fotoşəkilləri də məhkəməyə təqdim edilmişdir, həmin fotoşəkillərdən göründüyü kimi belə su xəttləri xx.xx.2019-cu ildə Əfqan Piriyev, xx.xx.2019-cu ildə Haşım Haşımov, xx.xx.2020-ci ildə Faiq Ağayev, xx.xx.2019-cu ildə Əli Məmmədov, xx.xx.2020-ci ildə İslam Mehdiyev, xx.xx.2019-cu ildə Anar Quliyev adlı şəxslərin qeyri-yaşayış sahələri (sahibkarlıq obyektləri) üçün çəkilmişlər. - Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Аzərbаycаn X8 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvanındaki qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün Əli İsazadə küçəsinin ayrıcı zolağında olan mərkəzi xəttdən birləşmə verilməlidir. Əli İsazadə küçəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, № 2010-li sərəncamı ilə 2016-cı ildə əsaslı təmir olunmuşdur. Təmir işləri 2016-cı ilin sonunda yekunlaşmışdır. Hazırki işin apellyasiya araşdırması zamanı məhkəmənin müvafiq sorğularına əsasən təqdim olunmuş: - "xxxx" ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən ayrı-ayrı vətəndaşlara məxsus qeyri-yaşayış obyektlərinin su ilə təmin olunması üçün Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən verilmiş texniki şərtlər əsasında müxtəlif vaxtlarda 5 (beş) dəfə qazılaraq yenidən bərpa edilmişdir Texniki şərtlər verilən vətəndaşların ad və soyadları, ünvanlan, tarixləri aşağıdakı kimidir:
1. Anar Quliyev, Binə qəsəbəsi, Ə.isazadə. ‘'GYM" İdman zalı, xx.xx.2019-cu il;
2. Haşım Həşimov, Binə qəs., Ə.isazadə küçəsi, "Rahat1’ supermarket, 20 06.2019-cu il;
3. Piriyev Əfqan, Binə qəs., Ə.isazadə küçəsi Cücəçılik müəssisəsi, xx.xx.2019-cu il;
4. Əli Məmmədov, Binə qəs., Ə.isazadə küçəsi "Azra” tədris mərkəzi, xx.xx.2019-cu il;
5. Faiq Ağayev, Binə qəs., Ə.isazadə küçəsi "Ev inşaat" tikinti malları mağazası, xx.xx.2020-ci il. - "xxxx" ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı məxsus Binə qəsəbəsi, Vaqif küçəsi 5E ünvanında yerləşən qeyri yaşayış obyektinin su şəbəkəsinə qoşulması üçün "xxxx" ASC tərəfindən texniki şərt verilmişdir. Texniki şərtə əsasən obyektə Binə-Sovxoz avtomobil yolunun asfalt örtüyünün altında yerləşən d280mm su xəttindən d32mm birləşmə verilməsi nəzərdə tutulmuşdur. Qeyri yaşayış obyektinin sağ, sol və arxa tərəfində həyətyanı səhə yerləşdiyindən, obyektə suyun verilişi üçün alternativ yol mövcud deyildir. - Аzərbаycаn X8 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aşağıda adları qeyd olunan şəxslərə Agentlik tərəfindən texniki şərt verilmişdir: X9 - Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 20 iyun 2019-cu il (səkidən 2 metr məsafədə); X7 - Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 02 aprel 2019-cu il (səkidən 2.5 metr məsafədə). Digər şəxslər Anar Quliyev, Əfqan Piriyev və Faiq Ağayev tərəfindən texniki şərtlə bağlı Agentliyə ümumiyyətlə müraciət edilmədiyindən, həmin şəxslərlə bağlı inzibati icraat materialları mövcud deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən 26 avqust 2022-ci ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Vaqif küçəsi, 5E qeyri-yaşayış sahəsinin ətrafında yerində müayinə apararkən müəyyən etmişdir ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə qonşuluqda (10 metr) məsafədə yerləşən İslam Mehdiyevə məxsus obyektə avtomobil yolunun asfalt-beton örtüyünün altından su borusu çəkilmişdir. Belə ki, yolun üstündə yolun ortasından İ.Mehdiyevə aid obyektə qədər sökülmə bərpa işlərinin mövcud olması aşkar görünmüşdür. Hazırki işin məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş sübutlardan göründüyü kimi, cavabdeh Аzərbаycаn X8 Agentliyi tərəfindən digər sahibkarlıq obyektlərinə asfalt örtüyünün altından keçməsi şərtilə anoloji su xəttlərinin çəkilməsinə razılıq verdiyi halda iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verərək belə bir razılığını verməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı tədqiq olunmuş inzibati icraat materiallarından aydın olur ki, digər sahibkarlıq obyektlərinə anoloji su xəttlərinin çəkilməsinə razılıq verilən zaman Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin də razılığı tələb olunmamışdır. Göründüyü kimi, 2016-cı ildən sonra İddiaçı obyektinə çox yaxın məsafədə, eyni cərgədə yerləşən obyektlərə asfalt örtüyünün altından keçməklə su xəttinin çəkilməsinə razılıq verdiyi halda İddiaçı münasibətdə anoloji razılığı verməməklə inzibati orqan - Аzərbаycаn X8 Agentliyi ayrı-seçkiliyə yol vermiş, bərabərlik prinsiplərinə riayət etməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.8, 13.1, 13.2, 13.3cü maddələrində nəzərdə tutulmuş qarşılıqlı etimad prinsiplərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 24.1-24.3-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Аzərbаycаn X8 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7149/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov