Məhkəmə qərarları › İş №2-1(103)-1088/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1088/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1088/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 Xüsusi Şərtlərlə Təyinat X13 qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3404/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona cavabının qanunsuz hesab edilməsi, ona X4nun vəfat etdiyi 12.05.2019-cu il tarixdən, yəni hüququ yaradığı gündən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. 30.11.1978-ci il tarixdə X10 ilə nikaha girməklə evlənmiş, həmin nikahdan 3 övladı olmuşdur. O, 2009-ci ildən 51 yaşında, əri 2008-ci ildə əmək pensiyasına çıxmışdır. X4 12.05.2019-cu il tarixdə vəfat etmişdir. O vəfat etdikdən dərhal sonra “Ölüm haqqında şəhadətnamə” almaq üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə müracət etsə də sonuncu, ona ərinin ölməsi ilə əlaqədar “Ölüm haqqında şəhadətnamə” verməkdən imtina etmiş, ona görə də bununla bağlı Suraxanı Rayon Məhkəməsinə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4034/2019 saylı, 12.11.2019-cu il tarixli qətnaməsi ilə ərizənin təmin olunması, 14.07.1957-ci ildə Xaçmaz rayonunda anadan olmuş X3 12.05.2019-cu il tarixdə Bakı şəhərində 23:08 radələrində ev şəraitində vəfat etməsi faktı müəyyən olunmuşdur. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət edərək, ərinin “Ölüm haqqında şəhadətnamə”sini və digər zəruri sənədləri təqdim edərək, ona X4nun vəfat etdiyi gündən, yəni 12.05.2019-cu il tarixdən ailə başçısını itirən kimi əmək pensiyasına keçirməyi xahiş etmişdir. DSMF-nin Suraxanı şöbəsindən ona bildirmişlər ki, onun ərinin pensiyasına keçmək hüququ, əri vəfat etdiyi gündən deyil, DSMF-nin Suraxanı şöbəsinə bu barədə müraciət edildiyi aydan sonrakı ayın 1-dən yaranır. Bu səbəbdən DSMF-nin Suraxanı şöbəsinə yazılı müraciət edərək, X10 ilə ər-arvad olmağını, onun 2009-cu ildən, əri 2008 əmək pensiyasına çıxmasını, X4nun 12.05.2019-cu il tarixdə vəfat etməsini, qanunla onun əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququnun əri, X6 vəfat etdiyi gündən yarandığını nəzərə alaraq, ona 12.05.2019-cu il tarixdən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın ona ünvanladığı 28.01.2020ci il tarixli, **********97 nömrəli imtinasında göstərilmişdir ki, “...siz 18.12.2019-cu il tarixdə həyat yoldaşınızın vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün şöbəyə ərizə ilə müraciət etmisiniz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 35.2-ci maddəsinə əsasən (35.2. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır.) sizə 01.01.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur”. Cavabdeh orqanın cavabı (ərizədən imtina olunması) ona münasibətdə qanunsuz hesab edilməklə, ailə başçısının itirilməsinə görə pensiya hüququ, yaşa görə əmək pensiyasından, ailə başçısının itirməyə görə pensiya növünə keçirilməsi hüququ X4nun vəfat etdiyi gün, yəni 12.05.2019-cu il tarixdən yaranmışdır. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, ona 01.01.2020-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. Cavabdeh orqan sözügedən qanunun 35.2-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. O, iddiaçı olaraq müxtəlif pensiya hüququ olan şəxs kimi qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək, əmək pensiyasının yaşa görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçmişdir. Cavabdeh orqanın “Əmək pensiyaları haqqında” qanunun 35-ci maddəsinə əsasən ona 01.01.2020-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin etməsi qanunsuzdur. “Əmək pensiyaları haqqında” qanunun 35-ci maddəsi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qaydasını deyil, ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasından payın ayrılması qaydasını tənzimləyir. Həmin normada ailə başçısını itirməyə görə əmək pensiyası payının bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən verilməsi öz əksini tapmışdır. Göründüyü kimi, onun cavabdeh orqandan tələbi yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməli olduğu halda, cavabdeh orqan səhvən hazırkı mübahisəyə ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasından payın ayrılması qaydasını tənzimləyən “Əmək pensiyaları haqqında” qanunun 35.2-ci maddəsini tətbiq etmişdir. İşin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, əri, X10 12.05.2019-cu il tarixdə vəfat etmişdir. Ona görə də onun ailə başçısını itirməyə görə pensiya hüququ, hazırkı halda yaşa görə əmək pensiyasından ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi hüququ 12.05.2019-cu il tarixdə yaranmışdır. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 Xüsusi Şərtlərlə Təyinat X19 ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25.11.2020-ci il tarixli 2-1(112)-3404/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X17 tərəfindən iddiaçıya ünvanlanmış **********7 №-li, 28.01.2020-ci il tarixli məktubun qanunsuz hesab edilməsi, İddiaçı X4nun vəfat etdiyi 12.05.2019-cu il tarixdən, yəni hüququ yaradığı gündən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 Xüsusi Şərtlərlə Təyinat X13 həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxsin övladları; 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və İİ dərəcə əlilliyi olan şəxsdirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə Qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci və 31.3-cü maddələrinə əsasən əmək pensiyası təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır və təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. Bundan əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarının 6.2-ci maddəsinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. İşin müəyyən olunan faktiki hallarından görünür ki, iddiaçıya 51 yaşının tamam olduğu 10.05.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı 18.12.2019-cu il tarixli ərizəsi ilə Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə müraciət edərək əri vəfat etdiyi üçün yaşa görə ona təyin edilmiş əmək pensiyasının əvəzinə ailə başçını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə baxıldıqdan sonra ona 01.01.2020-ci il tarixindən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir və bu işin mübahisəsiz halıdır. İddiaçı isə ailə başçısını itirməyə görə pensiyanın əri X8 vəfat etdiyi 12.05.2019-cu il tarixdən ödənilməsini tələb etmiş, məhkəmə onun bu mövqeyi ilə razılaşaraq səhv nəticəyə gəlmişdir. Göründüyü kimi iddiaçı əmək pensiyasının təyin edilməsi üçün yox, əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmişdir. Buna görə də iddiaçının tələbi istinad olunan qanunvericilik normalarını əsas götürdükdə, ərinin vəfat etdiyi 12.05.2019-cu il tarixdən təmin edilə bilməz. Bu halda onun pensiyanın bir növündən digərinə keçirilməsi üçün ərizə ilə müraciət etdiyi tarix nəzərə alınmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətini müafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)- 3404/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Siyəzən rayonunda doğulmuşdur. 30.11.1978-ci il tarixdə X10 ilə nikaha daxil olmuşdur. İddiaçının həyat yoldaşı X10 12.05.2019-cu il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında şəhadətnamə 13.12.2019-cu il tarixdə verilmişdir. İddiaçıya 22.05.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının mərhum həyat yoldaşı X7 isə 01.01.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 17.12.2019-cu il tarixdə ailə başçısını itirməyə görə ona əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 01.01.2020-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona mərhum ərinin vəfat etdiyi 12.05.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” qanunun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. - 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin - ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. - 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. - 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. - 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçının tələbi ailə başçısı itirməyə görə əmək pensiyası təyin edilməsi deyil, yaşa görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmə ilə bağlıdır. İddiaçı 22.05.2009cu il tarixdən yaşa görə əmək pensiyası alır. Pensiyanın bir növündən digər növünə keçirilməsi isə qanunun 34-cü maddəsi ilə tənzimlənir. Pensiyanın bir növündən digər növünə keçirildikdə yeni növ pensiyanın hansı tarixdən ödənilməli olması isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən Pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının 17.12.2019-cu il tarixdə inzibati orqana müraciət etdiyi nəzərə alınsa, inzibati orqan tərəfindən növbəti ayın birindən (01.01.2020) pensiyanın təyin edilməsi əsaslı olmuşdur. Beləliklə iddiaçının iddia tələbi əsassız, inzibati orqanın imtinası isə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(112)-3404/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3404/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar