Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1089/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Həmidov Həmid Üzeyir oğlu ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Cavabdehin vəkili X1 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş hesablama qaydasında pensiyanın yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)- 3874/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-3874/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya hüququ verən iş stajı “Vətəndaşların pensiya təminatı haqqında” AR qanununun 13-cü maddəsinin “a” bəndinin tələblərinə tam cavab verir. Yəni onun 01.08.1997-ci il tarixinə 20 ildən çox ümum iş stajı və 10 il 11 ay 12 gün açıq dəniz şəraitində xüsusi iş stajı mövcuddur. Məhkəmə işi araşdırarkən onun təqdim etdiyi sənədləri tam araşdırmamışdır. Belə ki, güzəştli iş stajı barədə “Abşeronneft” NQÇİ-nin 20.07.2016-cı il tarixli 251 saylı arayışı ilə yanaşı, SOCAR tərəfindən 13.12.2019-cu il tarixdə verilmiş 06.01.1981-18.07.1990-cı illərə aid digər güzəştli iş stajı (9 il 6 ay 12 gün) haqqında arayışı nəzərə almamışdır. Onun 1 nömrəli siyahıya görə tələb olunan ümumi və xususi stajı 01.08.1997-ci tarixinədək toplandığı üçün ona Nazirlər Kabiknetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı deyil, 1997-ci ildə qüvvədə olan Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 10-cu bəndi şamil olunaraq 50 yaşından yəni 14.07.2009-cu il tarixdən pensiya təyin edilməlidir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 14.07.2009-cu il tarixindən ona 50 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması, əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin olunmuş pensiya yenidən haqq-hesab edilərək hesablanması və hesablanma zamanı yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X4 rayon şöbəsi tərəfindən ona 14.07.2016-ci il tarixdən ikinci siyahı ilə 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyası təyin edilib hesablanarkən 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (27.10.2009, № 904- İİİQD) dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanunu ona münasibətdə tətbiq edilmişdir. Baxmayaraq ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 14.07.2009-cu il tarixində yaranmışdır. Bununla da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (07.02.2006, №54-İİQ) 27.06.2009-cu il tarixində qüvvədə olan 10-cu maddəsinin 10.2-ci bəndindəki və 27-ci maddəsindəki hüquqları pozulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu 14.07.2009-cu il tarixdə qazanmışdır. Ona görə də ona güzəştli şərtlərlə yaşa əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin 27.06.2009-cu il tarixində qüvvədə olan tələblərinə əsasən hesablanıb ödənilməlidir. Bununla əlaqədar 50 yaşı tamam olduğu zaman və ondan sonra dəfələrlə Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etsə də onlardan müsbət cavab ala bilməmişdir. Ona ancaq 57 yaşından 14.07.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Belə ki, o, 01.09.1974-cii il tarixdən 23.07.1977-ci il tarixədək Bakı şəhəri 10 nömrəli texniki peşə məktəbində təhsil alaraq, Diplom AN 312861 sənədinə yiyələndikdən sonra 15.12.77-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 09.05.1978-05.06.1980-ci illərdə hərbi xidmətdə olmuş, 06.01.1981-ci il tarixdən “Buxta İliç” dəniz neft kəşfiyyat idarəsində dizelist-motorist vəzifəsində fəaliyyətə başlamışdır. 18.07.1997-ci il tarixdə işdən azad olmuşdur. 30.07.1990-ci il tarixdən 16.05.1994-cü il tarixədək Dübəndi neft bazasında işləmişdir. 01.03.1996-cı il tarixdən “Abşeronneft” NQÇİdə operator vəzifəsinə başlamışdır. Halhazıradək 4-cü dərəcəli operator vəzifəsində çalışır. Göstərilənlərdən məlum olur ki, onun 01.08.1997-ci tarixədək 20 ildən yuxarı ümumi stajı, 10 ildən yuxarı 1-ci siyahı ilə dəniz şəraitində işlədiyi xüsusi stajı vardır ki, bu da əsas verir ki, ona 50 yaşından 14.07.2009-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilərək ödənilsin. 16.01.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək bildirmişdir ki, ona 14.07.2016-ci ildən DSMFnin Xəzər rayon şöbəsi tərəfindən pensiya təyin edilmiş, pensiya işi həmin şöbədədir. Lazım olan sənədlər həmin işdə olmasına baxmayaraq, cavabdeh 28.01.2020-ci il tarixdə **********7 saylı cavab məktubunda bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaydaların 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq, əmək pensiyası hüququ olan şəxslərə pensiya təyinatı hansısa sənədlər əsasında həyata keçirilir. Baxmayaraq ki, müraciətində göstərmişdir ki, lazım olan sənədlərin əsilləri pensiya işindədir və işi də DSMF-nun Xəzər rayon şöbəsindədir. Cavab məktubunda yazılanlarla əlaqədar bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10cu və 27-ci maddələrinə 01 yanvar 2010-cu il tarixində edilmiş dəyişiklik ona münasibətdə tətbiq edilməlidir. Ona görə ki, onun əmək pensiyası hüququ 14.07.2009-cu il tarixdən yaranmışdır. Ona görə də ona əmək pensiyası təyin edilib hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinin 14.07.2009-cu il tarixdə qüvvədə olan tələbləri ona münasibətdə tətbiq edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan İddiaçı iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1959-cu il təvəllüdlüdür. İşdə olan A № 312861 saylı diplomun surətindən görünür ki, İddiaçı 1974-cü ildə Bakı şəhəri 10 saylı orta texniki peşə məktəbinə daxil olmuş və 1977-ci ildə bu məktəbi tam kursunu bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15.12.1977-ci il tarixdən 13.04.1978-ci il tarixədək təmirçi-çilingər işləmiş, 09.05.1978-ci il tarixdən 05.06.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, SOCAR “X5 Tresti”ndə 06.01.1981-ci ildən 16.12.1981-ci ilədək Qazma qurğusunda 3-cü dərəcəli dizel-motorçu peşəsinə qəbul edilib, 16.12.1981-ci ildən 01.04.1988-ci ilədək Qazma qurğusunda 4-cü dərəcəli dizelmotorçu peşəsinə keçirilib, 01.04.1988-ci ildən 18.07.1990-cı ilədək Qazma qurğusunda 4- cü dərəcəli motorçu peşəsinə keçirilib və həmin tarixdə işdən azad edilib. 30.07.1990-cı il tarixdən 16.05.1994-cü il tarixədək fəhlə, 01.03.1996-cı ildən 06.06.2017-ci ilədək “Abşeronneft” NQÇİ-nin 1 saylı NQÇS-də neft və qazçıxarma üzrə operator peşəsində işləmişdir. İşdə olan SOCAR “X5 Tresti” tərəfindən verilmiş 13.12.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 06.01.1981-ci ildən (Əmr №2/k, 05.01.1981-ci il) 18.07.1990-cı ilə kimi (Əmr № 76-k, 18.07.1990-cı il) “lliç Buxtası” X6 İdarələrdə işləmişdir. 1958-ci ildə 1 saylı Qazma Kontoru “lliç Buxtası” X6 idarəsi adlandırılmışdır. “lliç Buxtası” X6 İdarəsi “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin 19.12.1991- ci il tarixdən 299 saylı əmrinə müvafiq olaraq “Bayıl Limanı” X6 İdarəsi adlandırılmışdır. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14 03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X5” tresti yaradılmışdır və “Bayıl Limanı” DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın 06.06.2012ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X6 İdarəsi adlandırılmışdır. 08.08.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X5” trestinin strukturunun təkmilləşdirilməsi haqqında 18.08.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X6 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCARın 27.12.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil“ Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi “X5” trestinin tərkibinə verilmişdir. 06.01.1981-ci ildən 16.12.1981-ci ilədək Qazma qurğusunda 3-cü dərəcəli dizel-motorçu peşəsinə qəbul edilib, 16.12.1981-ci ildən 01.04.1988-ci ilədək Qazma qurğusunda 4-cü dərəcəli dizelmotorçu peşəsinə keçirilib, 01.04.1988-ci ildən 18.07.1990-cı ilədək Qazma qurğusunda 4- cü dərəcəli motorçu peşəsinə keçirilib və həmin tarixdə işdən azad edilib. Həmin müddətə iş stajı 09 il 06 ay 12 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən 20 iyul 2016-cı il tarixli, 251 saylı arayışdan görünür ki, İddiaçı 01.03.1996-cı ildən 18.07.2016-cı ilədək “Abşeronneft” NQÇİ-nin 1 saylı NQÇS-də neft və qazçıxarma üzrə operator peşəsində işləyir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı cəmi 20 il 04 ay 17 gün. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2-ci bölməsinə aiddir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xəzər rayon şöbəsi tərəfindən verilmiş pensiya uçot vərəqəsindən görünür ki, İddiaçı 14.07.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28 yanvar 2020-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı 01 avqust 1997-ci il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı»na əsasən 10 ildən çox zərərli əmək şəraitində əmək stajı toplamadığından onun tələbi əsassızdır və rədd edilməlidir. İşin hallarından görünür ki, iddiaçı xx xxxx 1959-cu il təvəllüdlüdür. Ona 14 iyul 2016cı il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı onun 1997-ci il 1 avqust tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı»na əsasən 10 ildən çox zərərli əmək şəraitində əmək stajı və 20 ildən çox ümumi əmək stajı topladığını nəzərə alaraq ona 50 yaşı tamam olduğu 14 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunn 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun pensiya təyin edilən dövr qüvvədə olan tələblərinə əsasən 57 yaşdan, yəni 14 iyul 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Hazırki iddia tələbi üzrə ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ o zaman yaranır ki, o, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə tələb olunan 10 ildən çox zərərli əmək şəraitində əmək stajı və 20 ildən çox ümumi əmək stajını 01.08.1997-ci il tarixə kimi toplamış olsun. Belə olan halda onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən 50 yaşı tamam olan tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olardı. Məhkəmə araşdırması dövründə iddiaçının təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla onun 01 avqust 1997-ci il tarixədək 20 ildən artıq ümumi iş stajının olması müəyyən edilsə də, lakin həmin stajın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə tələb olunan 10 ildən çox zərərli əmək şəraitində əmək stajına aid olunması müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 20 iyul 2016-cı il tarixli, 251 saylı arayışdan görünür ki, İddiaçı 01.03.1996-cı ildən 18.07.2016-cı ilədək “Abşeronneft” NQÇİ-nin 1 saylı NQÇS-də işlədiyi neft və qazçıxarma üzrə operator peşəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına aiddir. Belə olan halda iddiaçının hətta 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 09 il 09 ay təşkil edir. Bununla da iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövr qüvvədə olan 9.1 və 9.8-ci maddəsinin tələblərinə əsasən 14.07.2016-cı il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-3874/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1089/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1089/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver