Məhkəmə qərarları › İş №2-1(103)-1089/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1089/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1089/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı, "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə “hamiləliyə və doğuma görə hesablanmış müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2021 saylı, 29.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı, "xxxx" ASC üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.11.2020-ci il tarixdən 07.03.2021-ci il tarixədək hamiləliyə və doğuma görə 126 təqvim günü müddətinə sosial məzuniyyət üzrə hesablanmış 4.197 manat məbləğində müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mənəvi zərərə görə 30.000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənəvi zərərlə bağlı tələbinin tələblər sırasından çıxarılması xahiş etmişdir. Həmin tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2021 saylı, 29.11.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2021 saylı, 29.11.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sığortaolunan, İddiaçı hesablanmalı olan hamiləliyə və doğuma görə müavinətin məbləği sosial sığorta hadisəsinin baş verdiyi təqvim ayınadək son 12 ay ərzində əldə etdiyi vəzifə maaşından və sosial sığorta hadisəsinin baş verdiyi təqvim ilindən əvvəlki təqvim ilində əldə etdiyi əlavə və mükafatlardan hesablanmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, əlavə iş saatlarına, bayram günlərində, gecə vaxtı görülən iş saatlarına görə ödənilən əmək haqqına əlavədir, və mübahisə predmeti olan xəstəlik vərəqəsinə əsasən sosial müvinətin hesablanması zamanı nəzərə alınmamalıdır. Sözügedən ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunur və həmin gəlirlərdən tutulmalar növbəti təqvim illərində sosial müavinətin ödəniməsi zamanı nəzərə alınır. Hesab edirik haqq-hesab cədvəli əvvəlki qaytarılma səbəbləri aradan qaldırılmaqla düzgün daxil edilməli, bundan sonra Əsasnamənin tələblərinə uyğun olaraq emal edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2021 saylı, 29.11.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2021 saylı, 29.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etsə də şikayətin məzmununa əsasən müəyyən olunur ki, cavabdeh məhkəmənin qərarının iddianın təmin olunmuş hissəsində ləğv olunmaqla iddianın həmin hissədə də təmin olunmamasını xahiş etmişdir. İddiaçı isə qərarı mübahisələndirməmişdir. Odur ki, hazırda kollegiya Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2021 saylı, 29.11.2021-ci il tarixli qərarını iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə, Qazaxıstan Respublikası, Taldı Kürqan şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş, SN 00006 seriyalı 488966 nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nə əsasən İddiaçı 02.11.2020-ci il tarixdən 07.03.2021-ci ilədək işdən azad edilmişdir. - "xxxx" ASC-nin sədrinin 02.11.2020-ci il tarixli, 935-ş nömrəli əmrinin surətindən görünür ki, elektron idarəetmə və müasir texnologiyalar departamentinin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar xətt qrupunun dispetçeri İddiaçı Azərbaycan Respublikası Əmək Məcələsinin 125-ci maddəsinin 1-ci hissəsinə əsasən 02.11.2020-ci il tarixdən 07.03.2021-ci il tarixədək hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) sosial məzuniyyət verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 05.05.2021-ci il tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq göstərilmişdir ki, sığortaedən, "xxxx" ASC tərəfindən “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, ona aid 02.11.2020-ci il tarixdən 07.03.2021 -ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 488966 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlləri dəfələrlə “X1 Sistemi”nin “Sığorta” altsisteminə daxil edimiş(daxil olma tarixi 24.12.2020-ci il, geri qaytarılma tarixi 24.12.2020-ci il; daxil olma tarixi 29.12.2020-ci il, geri qaytarılma tarixi 30.12.2020-ci il; daxil olma tarixi 27.01.2021-ci il, geri qaytarılma tarixi 28.01.2021-ci il; daxilolma tarixi 18.02.2021-ci il, geri qaytarılma tarixi 20.02.2021-ci il; daxilolma tarixi 03.03.2021-ci il, geri qaytarılma tarixi 12.03.2021-ci il; daxil olma tarixi 07.04.2021-ci il, geri qaytarılma tarixi 09.04.2021-ci il; daxil olma tarixi 27.04.2021-ci il, geri qaytarılma tarixi 28.04.2021-ci il), lakin haqq-hesab cədvəlləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: aylar üzrə əmək haqqı arayışı daxil edilməyib; aylar üzrə əmək haqlarında olan fərqin səbəbi əlavə edilməyib; iş rejimi dəqiqləşdirilməyib; əvvəlki iş yerinə dair əmək haqları haqq-hesab cədvəlinə daxil edilməyib; 2019-cu ilin dekabr ayı əldə etdiyi qazanc dəqiqləşdirilməyib; əlavələr düzgün daxil edilməyib. Haqq-hesab cədvəli sığortaedən tərəfindən “X1 Sistemi”nin “Sığorta” altsisteminə müvafiq düzəlişlər olunub daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacaqdır. - Haqq-hesab cədvəllərinin statusu ilə bağlı elektron sistemdən çıxarışa əsasən "xxxx" ASC tərəfindən “X1 Sistemi”nin “Sığorta” altsisteminə 12.07.2021-ci il tarixdə daxil edilmiş sonuncu haqq-hesab cədvəlinin qaytarılma səbəbləri kimi əlavələrin məbləğinin və aylıq əmək haqqının düzgün daxil edilməməsi göstərilmişdir. - Aylar üzrə hesabat vərəqlərindən, arayışlardan və "xxxx" ASC-nin 14.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 18 dekabr 2019-cu il tarixinə qədər 4 №-li Regional Sukanal İdarəsinin X3 kompyuter operatoru vəzifəsində çalışmış, 19 dekabr 2019-cu il tarixdən "xxxx" ASC-nin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar xətt qrupunun dispetçeri vəzifəsinə təyin olunmuşdur. İddiaçı əmək haqqı aşağıdakı qaydada hesablanmışdır: -2019-cu ilin noyabr ayı üzrə 440,00 manat; -2019-cu ilin dekabr ayı üzrə 547,52 manat (261,49+286,03); -2020-ci ilin yanvar ayı üzrə 1237,67 manat; -2020-ci ilin fevral ayı üzrə 831,92 manat; -2020-ci ilin mart ayı üzrə 1565,43 manat (1515,43 + 50); -2020-ci ilin aprel ayı üzrə 801,13 manat; -2020-ci ilin may ayı üzrə 1273,17 manat; -2020-ci ilin iyun ayı üzrə 976,38 manat; -2020-ci ilin iyul ayı üzrə 932,21 manat; -2020-ci ilin avqust ayı üzrə 1071,60 manat; -2020-ci ilin sentyabr ayı üzrə 801,13 manat; -2020-ci ilin oktyabr ayı üzrə 801,13 manat. Birinci instansiya məhkəməsi işin hallarına “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 6-cı maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28, 65, 67, 72-ci hissələrini, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan qismən təmin edilməli, İddiaçı hamiləliyə və doğuma görə 3.884,40 manat (üç min səkkiz yüz səksən dörd manat, qırx qəpik) müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, sosial sığorta hadisəsi baş verdikdə hamiləliyə və doğuma görə müavinət verilir. 6-cı maddənin ikinci hissəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Həmin Əsasnamənin 65-ci hissəsinə əsasən, hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Həmin Əsasnamənin 67-ci hissəsinə əsasən, hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Həmin Əsasnamənin 72-ci hissəsinə əsasən, hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı 18 dekabr 2019-cu il tarixinə qədər 4 №-li Regional Sukanal İdarəsinin X3 kompyuter operatoru vəzifəsində çalışmış, 19 dekabr 2019-cu il tarixdən "xxxx" ASC-nin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar xətt qrupunun dispetçeri vəzifəsinə təyin olunmuşdur və 02.11.2020-ci il tarixdən 07.03.2021-ci ilədək hamiləliyə və doğuşa görə məzuniyyətdə olmuşdur. İddiaçının əmək haqqının aylar üzrə hesabat vərəqlərindən görünür ki, iddiaçının aylıq vəzifə maaşı 705,00 olsa da, istehsalat təqvimi üzrə işləməli olduğu saatdan artıq (bayram günləri, artıq iş saatı) işləmiş, həmin saatlara görə, o cümlədən gecə vaxtı yerinə yetirilən işlərə görə əmək qanunvericiliyinin tələbinə uyğun olaraq əlavə əmək haqqı hesablanmışdır. Məsələn: 2020-ci ilin yanvar ayı üzrə iddiaçı 144 saat (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş 2020-ci iln istehsalat təqviminə əsasən 2020-ci ilin yanvar ayı üzrə iş vaxtı norması 144 saat olmuşdur) aylıq iş vaxtı normasına görə 705,00 manat, 12 saat bayram günlərinə görə 117,50 manat, 36 saat artıq iş saatına görə 352,51 manat və bunların 32 saatını gecə vaxtı işlədiyinə görə əlavə 62,66 əmək haqqı hesablanmış və həmin məbləğlərdən tutulmalar aparılmışdır. Qeyd edilən əlavə saatlara görə əmək haqqının ödənilməsi işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində də nəzərdə tutulmuşdur. İddiaçının istirahət və iş günü hesab edilməyən bayram günləri, artıq iş saatı və gecə vaxtı işləməsi çalışdığı dispetçer vəzifəsi üzrə əmək funksiyasının xüsusiyyətlərinə də uyğundur. Həmçinin, "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının çalışdığı vəzifə üzrə aylıq iş qrafiklərində həmin əlavə saatlar öz əksini tapmışdır. İddiaçıya hamiləliyə və doğuma görə hesablanmalı olan müavinətin məbləği ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu hissədə iddia qismən əsaslı olmaqla aşağıdakı qaydada hesablanmalıdır. İddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi 2020-ci ilin noyabr ayından etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancının ümumi məbləği olan 11.279,29 manatı (440,00 manat + 547,52 manat + 1237,67 manat + 831,92 manat + 1565,43 manat + 801,13 manat + 1273,17 manat + 976,38 manat + 932,21 manat + 1071,60 manat + 801,13 manat + 801,13 manat) həmin dövrdəki 241 iş gününə bölməklə orta gündəlik qazancının 46,80 manat olması müəyyən edilir və müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında olması əsas kimi götürüldükdə həmin 46,80 manat müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki 83 iş gününə vurulması ilə ümumi müavinətin məbləği olan 3.884,40 manat (46,80 manat x 83 gün) əldə olunur. (iş günlərinin sayı müvafiq illər üzrə təsdiq edilmiş istehsalat təqvimlərinə əsasən müəyyən edilmişdir). Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Filialın nümayəndəsi 1-ci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş müavinət məbləğinə etiraz edərək iddiaçıya verilməli olan məbləğin 3.884,40 manat deyil, təxminən 3.000 manat təşkil etdiyini bildirsə də, məhkəmə kollegiyasının təklifinə uyğun olaraq göstərdiyi məbləğin rəsmi qaydada hesablanıb təqdim edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mübahisələndirilən hissədində iddianı təmin etməkdə haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərar mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2021 saylı, 29.11.2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar