Məhkəmə qərarları › İş №2-1(103)-109/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-109/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-109/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X13, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (3-cü şəxs X14) qarşı “arayışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(112)-343/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin Məclisinin 16 yanvar 1996-cı il tarixli iclasının 28 saylı protokoluna əsasən mərhum atası X1 adına ayrılmış Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.m torpağı sənədləşdirərək atası X1 adına çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 məxsus Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququna dair atası X1 adına arayış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 21.05.2020-ci il tarixli qərardadına əsasən 2-1(112)-1800/20 saylı inzibati iş üzrə X14 üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi Məclisinin 16 yanvar 1996-cı il tarixli iclasının 28 saylı protokoluna əsasən, Bakı şəhəri Əzizbəyov, hazırkı Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində 600 kv.m torpaq sahəsinin 19 saylı bağ ərazisi kimi atası, mərhum X2 verilməsi qərara alınmışdır. Atasının tək qanuni vərəsəsi olaraq Ədliyyə Nazirliyi 37 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişdir. Sözügedən torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin - çıxarışın olmaması səbəbi ilə notariat ofisi vasitəsi ilə torpaq sahəsinin sənədləşdirilərək torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ərizəsinə verilmiş 03.10.2019cu il tarixli, **********65 saylı cavab məktubu ilə, yəni inzibati aktla qanunsuz və əsassız olaraq xahişinin yerinə yetirilməsindən imtina edilmişdir. Həmin inzibati akt ona 05.10.2019-cu il tarixdə cavabdehin yerləşdiyi ünvanda alınması barədə kitaba imza edilərək təqdim edilmişdir. Belə ki, məktubda göstərilmişdir ki, bağçılıq yoldaşlığının ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan sözügedən torpaq sahəsinin yerini dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, əlavə edilmişdir ki, iddiaçının mərhum atasına ayrılmış 19 saylı bağ sahəsi 26/28-2076/2077 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir və bununla bağlı həmin bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Həmin bağ sahəsi isə digər fiziki şəxs tərəfindən hazırda istifadə olunmaqdadır. Buna görə də ərizənin icrası mümkün olmamışdır. Cavabdehin ona ünvanlandığı məktub, yəni müraciətinə dair qəbul etdiyi inzibati akt qanunsuz və əsassız olmuş, müraciəti üzrə yeterli inzibati araşdırma aparılmamış, hər iki torpaq sahəsinin sərhədləri müasir ölçmə cihazları ilə dəqiq müəyyən edilməmiş, nəticədə ona münasibətdə mülkiyyət hüquqlarını tam həyata keçirməyə mane olacaq inzibati akt qəbul edilmişdir. 26/28-2076/2077 saylı bağ sahəsi fiziki şəxsin adına ayrılarkən həmin ərazidə digər fiziki şəxsin, indiki halda mərhum atasının adına torpaq sahəsinin ayrılmasından ƏMDK-nin ərazi üzrə müvafiq şöbəsi məlumatlı olmalı və ya həmin ərazidə digər fikizi və ya hüquqi şəxslərin adına əvvəlcədən torpaq sahəsinin ayrılıb-ayrılmaması ehtimal ilə gərəkli araşdırma aparılmalı, daha sonra torpağın ayrılması barədə qərar qəbul edilməli idi. Bundan başqa cavab məktubunda ondan torpaq sahəsinin sərhədlərinin arasında bölgüyə dair notarial qaydada razılıq tələb edilməsi gözləntisinin qeyd olunması da tamamilə qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(112)-343/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, ADPU-nun HİK-nin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.metr bağ sahəsinin İddiaçı mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabıDövlət Xəzinadarlığı Agentliyi; kodu: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************), İddiaçı tərəfindən "xxxx" MMCnin hesabına köçürülmüş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi olaraq 400 manat (dörd yüz) məbləğində pulun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağçılıq yoldaşının ayrıc aktı ilə bölgü-sxemi arasında uyğunsuzluq olduğundan müvafiq bağ sahəsinin naturada yerini dəqiqləşdirmək mümkün deyil. Həmçinin, göstərilən bağ sahəsi 26/28-2076/2077 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir və bununla bağlı həmin bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş bölgü sxemi arasında uyğunsuzluq olduğundan sahənin yerini dəqiqləşdirmək mümkün olmadı. Həmçinin bağ sahəsi 26/28-2076/2077 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir və bununla bağlı həmin bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş sxemi təqdim olunmamışdır. Bundan başqa, göstərilən torpaq sahəsi faktiki olaraq 160 kv.m artıqdır və iddiaçı tərəfindən göstərilən bağ sahəsi faktiki olaraq digər fiziki şəxs tərəfindən istifadə edildiyindən və iddiaçı tərəfindən şərait yaradılmadığından müvafiq ərazidə təkrar yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd edilənlərdən əlavə təqdim edilmiş üzvlük kitabçasında düzəliş edilmişdir və prokoldan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməyib və bağçılıq yoldaşlığının möhürü yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş, qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X6 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bağçının 19 №-li bağçılıq üzvlük kitabçasına, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi Məclisinin 16 yanvar 1996-cı il tarixli iclasının 28 saylı protokoluna əsasən, Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər) Şüvəlan qəsəbəsi ərazisində 600 kv.m torpaq sahəsi 19 saylı bağ ərazisi X2 ayrılmaqla bağcılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 19 saylı bağ sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m, faktiki ölçüsü isə 750 kv.m-dir. Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İV-ЖГ № 458814 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 29 avqust 1996-cı ildə ölmüşdür. Bakı şəhəri 37 saylı Notariat Ofisinin cavabdeh ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlandığı 12.09.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı X1 vərəsəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 08.05.2020-ci il tarixli **********10 saylı məktubunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağçılıq yoldaşlığının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 19 nömrəli bağ sahəsinə dair (üzvlük kitabçası, protokoldan çıxarış və s) arxiv qovluğunda aşkar olunmadıgı göstərilmişdir. Tələb edilmiş materiallardan görünür ki: Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının X9 Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X14 arasında bağlanmış 38603 saylı 30 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən Şüvəlan ərazisindəki 26/27- 2076/2077 nömrəli bağ X12 istifadəsinə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 26/27-2076/2077 nömrəli bağ sahəsinə dair sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılaraq Bağ Təsərrüfatı və İstismar Birliyinin 38603 nömrəli 20 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən sahəsi 0.09 ha olan 26/27-2076/2077 nömrəli bağ sahəsində X12 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1188916 saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 26/27-2076/2077 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 766 nömrəli reyestr kitabının 72574 nömrəli vərəqində 30.11.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş istİfadəyə (icarəyə) verilən torpaq sahəsinin 06/16 saylı 15.02.2006-cı il tarixli ayrıc aktına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 13.06.1990-cu il tarixli, 4/145 saylı sərəncamı ilə Əzizbəyov rayonunda “Şimal” Dres-in cənub-şərq hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün 2.0490 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri Əzizbəyov rayonun Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Şimal” Dres-in cənub-şərq hissəsində 06/16 saylı 15.02.2006-cı il tarixli ayrıc aktı əsasında ADPU-nun əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün verilmiş torpaq sahəsinin üzvləri arasında bölgü sxemindən görünür ki, 19 saylı torpaq sahəsi X4 ayrılmışdır. Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(112)-1800/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14.12.2020-ci il tarixli, 10/2723 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: Qərardadın birinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyində ADPU-nun HİK-nin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı bağın faktiki yeri və koordinatları müəyyən edilərək müvafiq sxem tərtib olundu. Həmin ərazi Dövlət mülkiyyətinə aid olmaqla bağ torpaq sahələrinin ərazisidir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, ADPU-nun HİK-nin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı bağın faktiki yeri və koordinatları X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ümumi sahəsi 0,09 ha olan 26/27-2076/2077 saylı bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və üst-üstə düşmür, 10 metr kənarda yerləşir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, ADPU-nun HİK-nin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı bağa münasibətdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində “Şimal” DRES-in cənub şərq hissəsində 06/16 saylı 15.02.2006-cı il tarixli ayrıc aktı əsasında ADPUnun əməkdaşlarına bağçılıqyoldaşlıq təsərrüfatı üçün verilmiş torpaq sahəsinin üzvləri arasında bölgü sxemi arasında uyğunsuzluq mövcud deyil. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, ADPU-nun HİK-nin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.metr bağ sahəsi bütövlükdə üçüncü şəxslər tərəfindən istifadə edilir. Hasara alınmış həmin bağ sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi X15 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 03.10.2019-cu il tarixli, **********65 nömrəli bildirişdə göstərilmişdir ki, bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan sahənin yerini dəqiqləşdirmək mümkün olmadı. Həmçinin bağ sahəsi 26/28-2076/2077 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir və bununla bağlı həmin bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş sxemi təqdim olunmamışdır. Bundan əlavə bağ sahəsi digər fiziki şəxs tərəfindən istifadə olunmaqdadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunün 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtinar edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2.-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçının mərhum atası X2 Azərbaycan Dövlət Pedaqoji X3 Komitəsinin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə 19 saylı bağ sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının iddia tələbi ilə bağlı bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin sənəd sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının mərhum atasının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Sxematik xəritə ilə bağlı uyğunsuzluq olduğu dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Birinci instansiya məhkəməsi həmçinin iddia olunan torpaq sahəsinin 3-cü şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə cavabdehin dəlillərini araşdırmış, bu faktın müəyyən olunması üçün ekspertiza təyin etmişdir. Ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ADPU-nun HİK-nin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı bağın faktiki yeri və koordinatları X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ümumi sahəsi 0,09 ha olan 26/27-2076/2077 saylı bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və üst-üstə düşmür, 10 metr kənarda yerləşir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı İddiaçı mərhum atası X1 vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan X5 vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi vaxtilə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etdiyindən, məhkəmə sonda belə qənaətə gəlir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X6 Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmamışdır. Dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Maddənin tələblərindən də göründüyü kimi, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edən amil – həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı haldır. Lakin cavabdeh tərəfindən istinad edilmiş qurumların cəlb edilməsi ilə bağlı hansı məsələnin araşdırılmalı olduğundan irəli gəldiyi, yəni qanunla qorunan hansı maraqlara toxunulduğu (misal üçün, torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi ilə bağlı və yaxud torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxslərə hər hansı hüquqla məxsus olması və s.) barədə bildirilməmiş və bu hissədə apellyasiya şikayəti əsaslandırılmamışdır Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Odur ki, iş üzrə yenidən ekspertiza keçirilməsi üçün zərurət mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(112)-343/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar