Məhkəmə qərarları › İş №2-1(103)-109/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-109/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-109/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin Cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8988/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 225 saylı Sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatə etdiyi torpaq sahəsində “Bakı Ağ Şəhər” layihəsinin həyata keçirilməsi məqsədilə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilərək, sahiblərinə (mülkiyyətçilərinə) müvafiq kompensasiyalar ödənilmək şərti ilə ərazidə köçürülmə işləri aparılır. İddiaçı1 cavabdehə müraciət edərək, “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində həyata keçirilən işlərin icrası zamanı mənzilinin razılaşma əldə edilmədən sökülməsi nəticəsində ona dəymiş zərərin kompensasiya edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla İddiaçı1 bildirmişdir ki, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, onun xx.xx.2013cü il tarixli yazılı izahatına əsasən sözügedən mənzil dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşmüş, bu səbəbdən uzun müddət həmin ünvanda yaşamamışdır. Qiymətləndirmə işləri aparılarkən qeyd olunan mənzil yararsız halda olduğundan qiymətləndirilməsi mümkün olmamış və kompensasiya hesablanmamışdır. İddiaçı1 eyni tələblə cavabdehlə yanaşı İnsan hüquqları üzrə Müvəkkilə (Ombudsman) da müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki: “Müraciətdə qaldırılan məsələnin araşdırılması məqsədilə verilmiş tapşırıq əsasında, Xətai Rayon İcra Hakimiyyətinin həmin ünvanla bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən bildirilir ki, ünvan 7-də yerləşən 11 saylı mənzilin dam örtüyünün uçaraq yararsız vəziyyətə düşməsi ilə əlaqədar siz 1991-ci ildən etibarən həmin ünvanda yaşamırsınız. Bundan əlavə, siz sözügedən mənzilə dair order sənədinin olmadığını yazılı surətdə öz ərizənizdə bildirmisiniz. Mütəxəssislər tərəfindən ünvanınızda qiymətləndirmə işləri aparılarkən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən sözügedən mənzilin qiymətləndirilməsinə əsas ola biləcək hər hansı meyarların müəyyən edilməsi, habelə mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər aşkar olunmadığından, həmin mənzilin qiymətləndirilməsi və bu səbəbdən kompensasiyanın hesablanması mümkün olmamışdır. İddiaçı1 eyni tələblə, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət etmiş, sonuncu xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarında qeyd etmişdir ki, “Müraciətdə qaldırılan məsələnin araşdırılması məqsədilə verilmiş tapşırıq əsasında, Xətai Rayon İcra Hakimiyyətinin həmin ünvanla bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən bildirilir ki, mütəxəssislər tərəfindən yuxarıda göstərilən ərazidə qiymətləndirmə işləri aparılarkən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən sözügedən mənzilin qiymətləndirilməsinə əsas ola biləcək hər hansı meyarların müəyyən edilməsi, habelə mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər aşkar olunmadığından, həmin mənzilin qiymətləndirilməsi və bu səbəbdən kompensasiyanın hesablanması mümkün olmamışdır.” Sonradan iddiaçılar iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvan 7 ünvanında yerləşən 11 nömrəli mənzilin sökülməsinə görə hər birinə 30000 manat olmaqla, ümumilikdə 150000 manat məbləğində pul vəsaiti və hər birinə görə 7000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşamışlar. Həmin ünvan “Ağ şəhər” layihəsi aparılan ərazidə yerləşir. Mənzil nasaz vəziyyətdə olduğu üçün iddiaçılar müvəqqəti olaraq qohumlarının evində yaşayıb, imkan yaranacağı təqdirdə evi təmir etdirərək köçəcəklərini düşünmüş, lakin layihə çərçivəsində aparılan tikinti işləri zamanı qeyd olunan ünvan cavabdehin göstərişi ilə heç bir əsas olmadan tamamilə sökülmüş, yerində yeni binalar inşa edilmişdir. Söküntü aparılarkən onlara xəbərdarlıq edilməmiş, yalnız bir gün mənzilə baş çəkməyə gələrkən onun söküldüyünü, yerində tikinti işlərinin aparılmasının şahidi olmuşlar. Bunun nəticəsində onların bəzi ev əşyaları ilə birgə, mənzilə dair müvafiq hüquqi sənədlər də məhv edilmişdir. Cavabdehə müraciət edərək onlara məxsus mənzilin özbaşına və razılıq olmadan söküldüyünü bildirmiş, lakin qarşılığında qanunsuz cavab almışlar. Belə ki, icra hakimiyyətindən onlara mənzilin sənədlərinin arxivdə olmadığı bildirilmişdir. Halbuki, mənzil İddiaçı1 anasına 1964-cü ildə işlədiyi Q.Qarayev zavodundan verilmiş, mənzilin orderi rayon icraiyyə komitəsi tərəfindən ona təqdim olunmuşdur. İddiaçı1 15 yaşından, eləcə də övladları və nəvəsi birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Bakı Ağ Şəhər layihəsi ilə ilaqədar BŞİH-ti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı Şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai Rayonunda da yolların, kamunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektinin birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya qeyd edilən ərazidə şəxsi mülkiyyətdə olan torpaq sahələrinin, şəxsi mülklərin, eyni zamanda yaşayış və qeyriyaşayış sahələrinin siyahılaşdırılmasını apararkən kompensasiyanın ödənilməsi ilə bağlı əmlak sahiblərinə müqavilə bağlanılması üçün rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya müraciət edilməsi tövsiyə olunmuşdur. Lakin İddiaçı1 iddia ərizəsində qeyd etdiyi Kislotnu küçəsi ev 17, mənzil 11 ünvanına dair hüquqi sənədlərlə komissiyaya müraciət etmədiyindən rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8988/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2- 1(103)-736/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8988/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, ünvan 3-in sökülməsinə görə iddiaçılara birlikdə 110000 manat maddi zərər kimi kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 19/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)-736/2023 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası barədə iş üzrə digər iddiaçılar və cavabdeh məhkəmə iclasında iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları işə digər iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasına etirazı olmadıqlarını bildirmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçılar İddiaçı3, İddiaçı2 və cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın tam təmin olunmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir və şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçıların tələbinin təmin olunmasından cavabdeh qurum imtina etmişdir. Bundan sonra iddiaçılar iddia ilə məhkəməyə müraciət etdikləri üçün iddiaları mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı tələbi “ünvan 7 ünvanında yerləşən 11 nömrəli mənzilin sökülməsinə görə hər birinə 30000 manat olmaqla, ümumilikdə 150000 manat məbləğində pul vəsaiti və hər birinə görə 7000 manat mənəvi ziyanın ödənilməsi” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişlər, lakin onların iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq 2-1(103)-736/2023 nömrəli qərarı ilə iddiaçıların iddia tələbinin- “ünvan 3-in sökülməsinə görə iddiaçılara birlikdə 110000 manat maddi zərər kimi kompensasiyanın ödənilməsi” hissəsini təmin etsə də, kassasiya instansiyası mhkəməsinin mövqeyi fərqli olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olubolmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Sadalanan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. İstinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və proseduralar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydada tələblərə və şərtlərə də əməl olunması zəruridir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun: 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.10-cu bəndinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir. 4.9.3-cü bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. 4.9.14-cü bəndinə əsasən yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlaması və həyata keçirilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. İddiaçılar istifadələrində olmuş yaşayış sahəsinin cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması ilə müşaiyət edilən şəkildə sökülməsinə və onlara buna müvafiq kompensasiyanın ödənilməməsinə istinad edərək müvafiq kompensasiya tələb edirlər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Kompensasiyanın məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçıların daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın ümumi sahəsinin bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. İş materiallarından müəyyən olunur ki, iddiaçılar ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 225 saylı Sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatə etdiyi torpaq sahəsində “Bakı Ağ Şəhər” layihəsinin həyata keçirilməsi məqsədilə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilərək, sahiblərinə (mülkiyyətçilərinə) müvafiq kompensasiyalar ödənilmək şərti ilə ərazidə köçürülmə işləri aparılır. İddiaçı1 cavabdehə müraciət edərək, “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində həyata keçirilən işlərin icrası zamanı mənzilinin razılaşma əldə edilmədən sökülməsi nəticəsində ona dəymiş zərərin kompensasiya edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla İddiaçı1 bildirmişdir ki, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, onun xx.xx.2013-cü il tarixli yazılı izahatına əsasən sözügedən mənzil dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşmüş, bu səbəbdən uzun müddət həmin ünvanda yaşamamışdır. Qiymətləndirmə işləri aparılarkən qeyd olunan mənzil yararsız halda olduğundan qiymətləndirilməsi mümkün olmamış və kompensasiya hesablanmamışdır. İddiaçı1 Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Şaumyan rayon (indiki Xətai rayonu) XDS İK-nın 1965- 1966-cı illərin arxiv fondunn sənəd materiallarında, X2 mənzil sahəsi verilməsi, adina order olması haqqında bir məlumat yoxdur. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialı tərəfindən bildirilmişdir ki, filialda sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, ad və soyadlara görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək imkan xaricindədir. Digər tərəfdən bildirilmişdir ki, vətəndaşlara mənzillərə görə verilən orderlər Dövlət Arxivinin Bakı filialında saxlanılmır. İşin ilkin apellyasiya baxışı zamanı ünvan 7 ünvanında 1 sot torpaq sahəsində yerləşən 46 kv.m ümumi sahəsi olan 11 saylı mənzilin söküldüyü 2013-cü il üçün və hazırkı dövr üçün torpaq sahəsi ilə birlikdə və ayrılıqda real dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin MB 16/0499 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 1-ci sual üzrə iddiaçılara məxsus ünvan 8 ünvanında mövcud olmuş 1 sot torpaq sahəsində yerləşən 46 kv.m ümumi sahəsi olan mənzilin söküldüyü 2013-cü il üçün torpaq sahəsi ilə birlikdə hesablanmış bazar dəyəri 110.000 manat, o cümlədən 96.000 manat torpaq, bina və tikilinin bazar dəyəri 14000 manat təşkil edir. 2-ci sual üzrə, iddiaçılara məxsus ünvan 8 ünvanında mövcud olmuş 1 sot torpaq sahəsində yerləşən 46 kv.m ümumi sahəsi olan mənzilin hazırkı dövr üçün torpaq sahəsi ilə birlikdə bazar dəyəri 146.000 manat, o cümlədən torpaq sahəsinin bazar dəyəri 132.000, bina və tikilinin bazar dəyəri 14.000 manat təşkil edir. Buna müvafiq olaraq işin ilkin apellyasiya baxışı zamanı iddiaçılara 110000 manat məbləğində kompensasiya ödənişi qərara alınsa da, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1364/2023 saylı 13 iyun 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “iddiaçıların hüquqmüəyyənedici sənədləri iş materiallarında olmadığından onların mövcudluğu istiqamətində araşdırma aparılmalıdır. Bu məqsədlə, iddiaçıların ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaları nəzərə alınmaqla, hansı hüquqi sənəd əsasında qeydiyyatın aparıldığı istiqamətində müvafiq sorğular verilməlidir. Bundan əlavə, iş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında İddiaçı1 xx.xx.2013-cü il tarixli yazılı izahatına istinad olunsa da, həmin izahat məhkəmə tərəfindən tələb edilməmiş və məzmunu araşdırılmamışdır. Həmçinin, söküntü işləri ilə əlaqədar icraatın materialları tam tələb edilməmiş, bununla da, ünvan 3 ünvanında tikilinin mövcud olub-olmaması, olubsa, həmin evdə yaşayan və qeydiyyatda olan şəxslərin müəyyən edilməsi istiqamətində cavabdeh tərəfindən inzibati icraatın aparılıb-aparılmadığı araşdırılmamışdır. Əlavə olaraq, iddiaçılar iddia ərizəsində mənzilin İddiaçı1 anasına 1964-cü ildə işlədiyi Q.Qarayev zavodundan verildiyini, mənzilin orderinin rayon icraiyyə komitəsi tərəfindən təqdim olunduğunu qeyd etsələr də, bu istiqamətdə də, apelyasiya instansiyası məhkəməsi hər hansı araşdırma aparmamışdır. Digər tərəfdən, iş materiallarında olan xx.xx.2012-ci il tarixli Dövlət Arxivinin Bakı Filialının məktubunda Bakı şəhəri Şaumyan rayon ZDS İK-nın 1965-1966-cı illərə dair sənəd materiallarında X2 mənzil sahəsi verilməsi, adına order olması haqqında məlumatın olmadığı qeyd edilmişdir (iş v.34). Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən Dövlət Arxivinin Bakı filialına verilmiş sorğuya cavab olaraq, sonuncu bildirmişdir ki, ünvanlara, ad və soyadlara görə Dövlət Arxivinin Bakı Filialından hər hansı sənəd əldə etmək imkan xaricindədir. Həmçinin, vətəndaşlara mənzillərə görə verilən orderlər Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Göründüyü kimi, orderin mövcudluğu istiqamətində aparılmış araşdırma natamamdır. Odur ki, iddiaçının anasının işlədiyi yer və həmin iş yeri tərəfindən şəxslərə verilmiş mənzillərə dair məlumatların saxlanıldığı müvafiq qurum müəyyən edilməklə sorğu verilməlidir. Qeyd edilməlidir ki, ümumiyyətlə, cavabdehin iddiaçıların müraciətinə verdiyi cavab məktublarında onun işin hansı halını mübahisələndirməsi qeyri-müəyyəndir. Belə ki, başa düşülən deyil ki, cavabdeh ünvan 3 ünvanında hər hansı tikilinin olmamasını, yaxud tikili olsa da iddiaçıların həmin tikilinin mülkiyyətçisi olmaqlarına dair sənəd təqdim etməməsini, yoxsa tikili olsa da yararsız vəziyyətdə olduğundan və iddiaçılar uzun müddət həmin mənzildə yaşamadıqlarından kompensasiya ödənilməsinin mümkünsüzlüyünü bildirmək istəyir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mötəbər hesab etdiyi ekspert rəyi ilə bağlı isə qeyd edir ki, həmin rəy yalnız İddiaçı1 məhkəmə iclasında mənzilin rekvizitləri (sahəsi, ölçüsü və s.) ilə bağlı verdiyi izahatına əsasən tərtib edilmişdir. Halbuki, mübahisə predmeti olan mənzilin həqiqətən də 0,01 ha torpaq sahəsində yerləşməsi və mənzilin sahəsinin 46 kv.m təşkil etməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, əvvəla, tikilinin mövcudluğu ilə bağlı hərtərəfli araşdırılma aparılmalı, mövcudluğu və iddiaçıların həmin tikiliyə hər hüququnun olması təsdiqini tapdığı halda, həmin sənədlərdəki rekvizitlər əsasında müvafiq rəy alınmaqla işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan işin təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin adı çəkilən qərarında göstərilənlərlə bağlı bir sıra orqanlara sorğu məktubları göndərilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “29" avqust 2024-cü il tarixli məktubla bildirmişdir ki, qeyd olunan Qara Qarayev zavodu və onun ASC-yə çevrilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Kislotnı küçəsi, ev 17, 11 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “19” sentyabr 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan Qara Qarayev zavodu və onun ASC-yə çevrilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur; Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 12 dekabr 2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.2021-ci il, eyni zamanda xx.xx.2022-ci il tarixli məktublarda istinad edilən İddiaçı1 xx.xx.2013-cü il tarixli yazılı izahatı məhkəməyə təqdim edilmişdir. Həmin ərizədə iddiaçı sözügedən ərazidə 1991-ci il tarixdən yaşamadığını etiraf etmişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıların fərdi uçot vərəqəsi məhkəməyə təqdim olunmuşdur. Beləliklə, iddiaçıların ünvan 7 ünvanında yerləşən 11 nömrəli mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədləri işə baxa məhkəmələrə təqdim edilməmiş və məhkəmə araşdırmaları zamanı sözügedən sənədlərin mövcudluğu da müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçıların qeyd olunan iddia tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədikləri qənaətindədir. Nəzərə alınmalıdır ki, birgə iddiaçılar məhkəməyə yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan savayı, iddia etdikləri mənzillə bağlılıqlarını ifadə edən hər hansı sübut belə təqdim etməmişlər. Digər tərəfdən, mənzilin “Bakı Ağ şəhər” layihəsinin icrası zamanı sökülməsi, həmin vaxt mənzildə uzun müddət yaşayışın olmaması işin mübahisəsiz halıdır. Aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, birgə iddiaçıların qeyd edilən mənzilə dair X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyət hüququnun və ya “qanuni gözləntisinin” olması barədə birmənalı qənaətə gəlmək mümkün deyildir. Qeyd olunması vacibdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə qismində çıxış edə bilər, bu, məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8988/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8988/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar