Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1091/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4479/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Abdulqadir oğlu xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya məxsus əmək kitabçasının tərcümə və təsdiq edilmiş nüsxəsindən görünür ki, İddiaçı Abdulqadir oğlu 28.08.1973-cü ildən 22.05.1974-cü ilədək 13 nömrəli TQİ-də 1-ci dərəcəli fəhlə, 22.04.1975-ci ildən 01.06.1984-cü ilədək Azərbaycan SSR Dövlət Tikinti Baş idarəsində müfəttiş, 04.06.1984-ci ildən 01.08.1986-ci ilədək Azərbaşquşçuluqsənayesində İİ qaydada Abşeron reproduktorda 3-cü dərəcəli çilingər, 01.08.1986-cı ildən 09.03.1988-ci ilədək Yerli Bakı Broyler fabrikində sənaye sürüsü zonasında 1 N-li briqadada briqadir, 14.03.1988-ci ildən 28.06.1988-ci ilədək Abşeron rayon daxili işlər şöbəsi yanında İdarədənkənar Mühafizə şöbəsində gözətçi, 28.06.1988ci ildən 28.12.1999-cu ilədək 1 nömrəli Yeni Bakı Broyler ("xxxx" ASC) müəssisəsində müxtəlif vəzifələrdə işləmişdir, 02.01.2000-ci ildən Üzeyir-2” Kiçik Müəssisəsində gözətçi işləyir. X5 çıxarışa əsasən iddiaçıya 01.01.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona pensiya təyin edilərkən 01.01.1992-ci il tarixdən 28.12.1999-cu il tarixədək işlədiyi müddətin cavabdeh tərəfindən nəzərə alınmadığına istinad edərək həmin müddətin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş. lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 21.04.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ona 200 manat məbləğində avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilmişdir. 01.01.1992-ci il tarixdən 28.12.1999-cu il tarixədək iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən sosial sığorta haqları ödənilməsi və fəaliyyəti barədə məlumat əldə etmək mümkün olmadığından həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 07.08.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən “Bakı-Broyler-1 ASC (VÖEN: **********) 28.04.1998-ci il tarixdə 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin əsasında yaradılmışdır və onun hüquqi varisidir. Kommersiya hüquqi şəxslərin dövlət reyestı məlumatlarında 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin 1988-1999-cu illər ərzində fəaliyyətinin olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh inzibati orqana qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “01.01.2020-ci il tarixdən etibarən aldığı təqaüdün yenidən hesablanması, çatışmayan hissəsinin ona verilməsinin təmin edilməsi, hesablanmamış 7 ilin təqaüdünün hesablanması zamanı nəzərə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.01.1992-ci il tarixdən 1 nömrəli Yeni Bakı Broyler” fabrikinin 3 nömrəli briqadasına briqadir vəzifəsinə işə gəbul olunmuş və 28.12.1999-cu il tarixdə işdən azad olunmuşdur. Orada işlədiyi zaman “1 nömrəli Yeni Bakı Broyler” fabriki "xxxx" ASC-yə çevrilmişdir. Ona pensiya təyin edilən zaman həmin dövr cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bununla bağlı o cavabdeh orqana müraciət etsə də, sonuncu tələbinin təmin olunmasından imtina etmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Cavabdehin etirazları: “1 N-li Yeni Bakı Broyler” adlı hüquqi şəxsin mövcud olması ilə bağlı heç bir əsas yoxdur, bu səbəbdən də həmin illərin iddiaçının iş stajı kim qeyd edilməsi həqiqətə uyğun deyildir. Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində olan reyestrə əsasən "xxxx" ASC 28.04.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 01.01.1992-ci il tarixdən 28.12.1999-cu il tarixədək işlədiyini iddia etdiyi dövr "xxxx" ASC-nin qeydiyyata alındığı dövrdən əvvəlki dövrə təsadüf etdiyi üçün onu sosial sığorta stajı kimi hesablamaq mümkün deyildir. İddiaçı 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək məcburi dövlət sığorta haqqlarını ödədiyi üçün vətəndaşa avtomatik 25 il staj hesablanmışdır. İddiaçının tələb etdiyi 01.01.1992-28.12.1999-cu ilədək olan müddət sığorta stajına daxil edilsə belə, iddiaçının pensiyasında artım olmayacaqdır. Belə ki, hesablama nəticəsində aydın olur ki, 2006-cı ilədək vətəndaşın sosial sığorta stajı 32 il qəbul olunsa belə, şəxsin pensiyasında heç bir artım olmur və buna görə də iddiaçının iddiası mümkünsüz hesab edilməlidir. Həmçinin iddia ərizəsində qeyd edilmiş "xxxx" ASC-nin adı “1 N-li Yeni Bakı Broyler” fabriki deyil, “Azərquşsənaye dövlət şirkəti, 1 nömrəli Bakı Broyler Quşçuluq fabriki olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4479/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 01.01.2020-ci il tarixindən etibarən aldığı pensiyanın yenidən hesablanaraq çatışmayan hissəsinin ona verilməsinin təmin edilməsi, pensiya təyin edilərkən nəzərə alınmamış 7 ilin (01.01.1992-ci ildən 28.12.1999-cu ilədək olan dövrün) pensiyanın hesablanması zamanı nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq “1 saylı Yeni Bakı Broyler” fabrikinin 1983-1989-cu illərin sənədlərinin saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verildiyi, bundan sonrakı illərin sənədlərinin saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyi, odur ki, məktubda qeyd edilən vətəndaşın işə qəbulu və işdən çıxması barədə heç bir məlumatı verə bilmədiklərini bildirilmişdir. 23.07.2020-ci il tarixində 2 saylı Ərazi Vergilər Baş İdarəsi sorğuya 21.08.2020-ci il tarixli cavabında "xxxx" ASC-nin 28.04.1998-ci il tarixində 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin əsasında yaradıldığını qeyd etsə də, 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin 1988-1999-cu illər ərzində fəaliyyətinin olub-olmaması barədə məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeyd olunmuşdur ki, "xxxx" ASC 28.04.1998-ci il tarixində dövlət qeydiyyatından keçmişdir. 1 saylı Yeni Bakı Broyler fabrikinin sənədlərinin Abşeron rayon Dövlət Arxivinə 1989-cu il tarixdən sonrakı illər üçün təhvil verilməməsi, o cümlədən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış sorğu nəticəsində 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin 1988-1999-cu illər ərzində fəaliyyətinin olub-olmaması barədə məlumatın aşkar edilməməsi, hər iki sorğuda eyni dövrlərin mübahisəli olması və bu dövrlərin İddiaçı işlədiyini iddia etdiyi dövrlərə təsadüf etməsi 01.01.1992-28.12.1999-cu illərin onun sosial sığorta stajına daxil edilməsini mümkünsüz edir. İddiaçı iddia ərizəsində “1 saylı Yeni Bakı Broyler” fabrikində çalışdığını, lakin sonradan adının dəyişərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərdiyini qeyd etmişdir. Lakin 2 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış sorğu əsasında "xxxx" ASCnin iddiaçının həm əmək kitabçasında, həm də iddia ərizəsində işlədiyini iddia etdiyi “1 saylı Yeni Bakı Broyler” fabrikinin deyil, “1 saylı Bakı Broyler Quşçuluq” fabrikinin hüquqi varisi olduğu qeyd olunmuşdur. Hesablama nəticəsində aydın olur ki, 2006-cı il tarixədək vətəndaşın sosial sığorta stajı 32 il qəbul olunsa belə, şəxsin pensiyasında heç bir artım olmur. Məhkəmə tərəfindən qeyd edilmiş hallar araşdırılmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 22.12.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçının iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə proseslərində iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 21.04.2019-cu il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 08.05.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi, “onun 1992-1999-ci illər ərzində işlədiyi dövrün əmək stajına əlavə edilməsi, pensiyası yenidən hesablanarkən 7 ilin də nəzərə alınması və təqaüdünün çatışmayan hissəsinin ona verilməsi” barədədir. İddiaçı bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmiş, imtinanın əsası kimi İddiaçı tərəfindən sosial sığorta haqqlarının ödənilməsinin və həmin dövrdə "xxxx" ASCnin fəaliyyət göstərməsinin müəyyən edilməməsi göstərilmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir (21.2.1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X8) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, istinad edilən Qaydalarda, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya 01.01.2020-ci il tarixdə pensiya təyin edilərkən onun işlədiyi 1992-1999-cu illər nəzərə alınmamışdır. Bu hal cavabdehin 21.12.2021-ci il tarixli məktubunda da öz təsdiqini tapır. Məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqana iddiaçıya məxsus pensiya işinin təqdim edilməsi təklif edilsə də, 30.07.2020-ci il tarixli məktubla (i.v. 42) 2019-cu ilin 01 yanvarından etibarən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyin olunduğu üçün vətəndaşın pensiya işinin kağız formatda mövcud olmadığı, bu səbəbdən X5 çıxarış təqdim olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçının müvafiq dövrdə işlədiyini iddia etdiyi 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin 1988-1999-cu illər ərzində fəaliyyətinin olub-olmaması barədə məlumatın verilməsinə dair sorğu göndərilsə də, həmin sorğuya qənaətbəxş cavab verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinin **********928500 nömrəli, 13 avqust 2020-ci il tarixli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********203500 nömrəli, 21 avqust 2020-ci il tarixli məktubları ilə bildirilmişdir ki, 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin hansı vergi orqanında qeydiyyatda olmaqla yanaşı, onun 1992-1998-ci illərdə fəaliyyətinin olubolmamasını müəyyən etmək mümkün deyil. Buna görə də hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün iddiaçının işlədiyini iddia etdiyi 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin (bazasında "xxxx" ASC yaradılmışdır VÖEN: **********) 1992-1998-ci illər ərzində hansı vergi orqanında qeydiyyatda olmaqla yanaşı, onun həmin dövrlərdə fəaliyyətinin olub-olmamasına dair məlumat verilməsi ilə bağlı sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq 26.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubunda "xxxx" ATSC-nin (VÖEN: **********) 28.04.1998-ci il tarixdə D-2672 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alındığı, "xxxx" ATSC-nin (VÖEN: **********) 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin əsasında yaradılması və onun hüquqi varisi olması, "xxxx" ATSC-nin 19.01.2000-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə vergi uçotuna alınması, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” 17.05.2005-ci il tarixli 91 nömrəli qərarına əsasən 9 rəqəmli VÖEN şəhadətnaməsi ilə aparılan bütün əməliyyatlar 01.07.2005-ci il tarixdən dayandırıldığından "xxxx" ATSC-nin 15.08.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə yenidən vergi uçotuna alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarında 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin 1992-1998-ci illər ərzində fəaliyyəti barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Həmçinin 20.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubunda bir daha bildirilmişdir ki, Kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" ASC (VÖEN: **********) 28.04.1998-ci il tarixdə 1 saylı Bakı Broyler Quşçuluq Fabrikinin əsasında yaradılmış və onun hüquqi varisidir, həmin Fabrikin 1991-1998-ci illər ərzində fəaliyyətinin olub-olmaması barədə məlumat dövlət reyestr məlumatlarında aşkar edilməmişdir. Bununla yanaşı, "xxxx" ASC sorğuya cavab olaraq 20.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda göstərmişdi ki, İddiaçı ona məxsus əmək kitabçasına əsasən 16 noyabr 1992-ci il tarixdən 28 dekabr 1999-cu il tarixə kimi “1 saylı Bakı Broyler Quşçuluq” fabrikində və "xxxx" ASC-də işləmişdir. Adi çəkilən fabrikin fəaliyyəti 28 aprel 1998-ci ilə qədər olmuşdur. Belə ki, sonradan həmin fabrikin bazasında 28 aprel 1998-ci ildə "xxxx" ASC yaradılmışdır. Əlisürət Əliyev ASC-nin rəhbəri təyin edilsə də, ləğv edilmiş müəssisənin sənədləri ona təhvil verilməmişdir. Həmin müəssisədə işləyən işçilərin yalnız götürülməyən əmək kitabçaları ona verilmişdir. İddiaçı əmək kitabçasında 16 noyabr 1992-ci ildə həmin fabrikdə işləməsi müəssisənin fəaliyyətinin dayandırılmasına, yəni 1998-ci ilə qədər davam etmiş, 28 dekabr 1999-cu il tarixdə isə o, öz xahişi ilə işdən azad olunduğu üçün bu barədə əmək kitabçasında qeyd aparılmışdır. İddiaçı 16 noyabr 1992-ci il tarixdə işə qəbul edilməsi, 28 dekabr 1999-cu il tarixdə isə işdən azad edilməsinə dair müvafiq əmrlər ASC-yə (ona) verilmədiyi üçün həmin əmrlərin məhkəməyə təqdim olunması qeyri-mümkündür. Beləliklə, məhkəmə sorğularına verilmiş cavab məktublarından müəyyən olunur ki, iddiaçının 1992-1999-cu illərdə işlədiyini iddia etdiyi müəssisə (1 saylı Bakı Broyler Quşçuluq fabriki və "xxxx" ASC) mövcud olmaqla yanaşı, iddiaçının həmin dövrlərdə adı çəkilən müəssisə ilə bağlılığı olmuş, yəni iddiaçı həmin müəssisələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1992-2004-cü illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndində göstərilmişdir ki, “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;..” Həmin Qaydaların 3.2-ci bəndinə görə “2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;” Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə 01.01.2006-cı il tarixədək qazanılmış iş stajının sosial sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının əsas sənəd olması barədə hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında sərgilənmişdir. Odur ki, iddiaçı əmək kitabçasındakı qeydlərə əsasən işlədiyini iddia etdiyi 01.01.1992-28.12.1999-cu il tarixədək müddətin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını və pensiyasının çatışmayan hissəsinin ona verilməsini tələb etməkdə haqlı olmuş, qeyd olunan dövr həm də müəssisənin hüquq varisi tərəfindən verilmiş arayışa əsasən onun iş stajına daxil edilməlidir. Cavabdeh tərəf iddiaçının əmək kitabçasındakı 01.01.1992-28.12.1999-cu illər üzrə qeydlərin düzgün olmadığını, yaxud da həmin müddətin şübhəli olması ilə bağlı halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdehin “iddiaçının işlədiyi 01.01.1992-28.12.1999-cu ilədək olan müddət sığorta stajına daxil edilsə belə, pensiyasında artımın olmayacağı” barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil iddiaçıya işlədiyini iddia etdiyi sözügedən müddətin onun iş stajına daxil edilməməsi və pensiyasının yenidən hesablanmaması üçün əsas ola bilməz. Beləliklə, iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 01.01.1992-ci il tarixdən 28.12.1999-ci il tarixədək işlədiyi dövrün onun iş stajına daxil edilərək 01.01.2020-ci il tarixdən etibarən aldığı pensiyasının yenidən hesablanması və çatışmayan hissəsinin ona verilməsinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4479/2021 saylı 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4479/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1091/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1091/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver