Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1091/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Qazax rayonunun Sadıxlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 3802/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 25.01.2021-ci il tarixində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.08.1987-ci ildən Elektrik sexində işlədiyi vəzifələr və 1997-ci ildən hal-hazıradək "xxxx"ində stansiyanın növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona 57 yaşından 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Qazax rayonunun Sadıxlı kəndində anadan olmuşdur. İlk əmək fəaliyyətinə Sadıxlı üzümçülük sovxozunda 02.10.1978-ci ildə fəhlə kimi işə başlamışdır.10.11.1979-cu il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə çağırılmağı ilə əlaqədar işdən azad edilmişdir. 10.11.1981 -ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 07.01.1982-ci ildə Azərbaycan Neft- Kimya İnstitutunun hazırlıq kursuna və 30.07.1982-ci il tarixindən 1 -ci kursuna daxil olmuş, 28.07.1987-ci il tarixində Azərbaycan Neft-Kimya İnstitutunu bitirmişdir. 19.08.1987- ci il tarixində Azərbaycan DRES-də Elektrik sexində növbətçi elektrik montyoru kimi işə başlamışdır. 14.02.1992-ci il tarixindən Elektrik sexinin növbə rəisi vəzifəsinə keçmişdir. 08.1997-ci il tarixindən Azərbaycan DRES-in növbə rəisi vəzifəsinə keçmiş və hal-hazırda həmin vəzifədə işləyir. İşlədiyi "xxxx" MMC yeni idarə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan İstilik Elektrik Stansiyası TMMC adlandırılmışdır. İşlədiyi iş yeri və vəzifələr güzəştli şərtlərlə ona 2017-ci il tarixindən pensiya təyin edilməsinə əsas verməsinə baxmayaraq hazırda bu hüquqdan istifadə edə bilmir. 29.05.2020-ci il tarixində güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin 29.05.2020-ci il tarixli ərizəsinə verilmiş güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 09.06.2020-ci il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına Elektrik Stansiyasının növbə rəisi vəzifəsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. "xxxx" MMC-nin işin xarakteri haqqında arayışda işlədiyi iş şəraitinin ağır və zərərli olmasına görə 19.08.1987-ci il tarixindən bu günə kimi hər ay 8-12% miqdarında əlavə əmək haqqı almışdır. Əmək qanunvericiliyinə əsasən əlavə məzuniyyət günü verildiyi, o cümlədən zərərli sahədə 8 saatlıq iş günü ərzində elektromaqnit sahə gərginliyi altında, zərərli kimyəvi maddələrlə, səs küy, titrəmə, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarının mövcud olması qeyd edilmişdir. Həmin arayışa əsasən 19.08.1987- ci il tarixdən hal-hazıradək tutduğum vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşından yəni 3 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3802/2021 saylı 04 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, "məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) yeraltı istilik elektrik stansiyaları bəndində (21.4) elektrik sexlərinin və elektrik stansiyalarının növbə rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 06.07.1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 19.08.1987-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"- in Elektrik sexində növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru, növbə rəisi və idarə aparatında elektrik stansiyasının növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 5 ay 25 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-3802/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) İddiaçı iddiası təmin edilmiş, iddiaçıya 57 yaşından yəni 3 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddiaya təqdim edilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. - NZ-4017208 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 17 noyabr 1979-cu ildən 18 noyabr 1981-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. - PB№025596 nömrəli diplomun surətinə əsasən İddiaçı 1982-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna daxil olmuş, 1987-ci ildə elektrik sistemləri ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1987-ci il 17 iyun tarixli qərarı ilə ona mühəndiselektrik ixtisası verilmişdir. - iddiaçının İT-İ-0342014 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -01.09.1978-ci ildə X4 bağçılıq işçisi kimi müvəqqəti işə qəbul edilmişdir; -01.10.1978-ci ildə “Sadıxlı” Üzümçülük Sovxozuna keçirilmişdir; - 02.10.1978-ci ildə “Sadıxlı” üzümçülük sovxozunda inşaata fəhlə qəbul edilmişdir; - 10.11.1979-cu ildə hərbi xidmətə getdiyinə görə işdən azad edilmişdir; -07.11.1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialının gündüz hazırlıq şöbəsinin dinləyicisi kimi qəbul olunmuşdur; -30.07.1982-ci ildə institutun Sumqayıt filialının gündüz şöbəsinin birinci kurs tələbəsi kimi qeydiyyata alınmışdır; - 03.04.1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutun Sumqayıt filialına gündüz təhsil formasının tələbəsi kimi “Ali riyaziyyat” kafedrası, iş müqaviləsi əsasında 0.5 ştat laborant kimi qəbul olunmuşdur; -01.09.1985-ci ildə Azərbaycan SSR Əmək qanunun 30, m.36, b.2 iş müqaviləsi üzrə iş müddətinin bitməsi ilə əlaqədar olaraq işdən çıxarılmışdır; -28.07.1987-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun gündüz şöbəsini bitirmişdir; -19.08.1987-ci ildə Azərbaycan DRES-də elektrik sexinə 5-ci dərəcəli növbətçi elektrik montyoru kimi qəbul edilmişdir; -10.06.1988-ci ildə baş növbətçi elektrik montyoru kimi keçirilmişdir; -01.02.1989-cu ildə Əməyin ödənilməsinin yeni sisteminə və tam təsərrüfat uçotuna keçmək ilə əlaqədar olaraq vəzifəsi-elektrik stansiyaların elektrik avadanlıqların xidməti üzrə elektrik montyoru; - 14.02.1992-ci ildə elektrik sexinin növbə rəisi kimi keçirilmişdir; -01.08.1997-ci ildə stansiyanın növbə rəisi vəzifəsinə təyin olunmuşdur; -01.07.2003-cü ildə idarə aparatı, elektrik stansiyanın növbə rəisi vəzifəsinə keçirilmişdir; -25.04.2003-cü ildə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkmiləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır; hal-hazıra kimi işləyir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 12 may 2020-ci il tarixli 07/78 nömrəli istehsalat fəaliyyət haqqında arayışa əsasən stansiyanın növbə rəisi İddiaçı 19.08.1987-ci il tarixdən 10.06.1988-ci il tarixədək elektrik sexində 5 qrup növbətçi elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 10.06.1988-ci il tarixdən 14.02.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsində, 14.02.1992-ci il tarixdən 01.08.1997- ci il tarixədək həmin sexdə növbə rəisi vəzifəsində, 01.08.1997-ci il tarixdən 01.07.2003-cü il tarixədək stansiyanın növbə rəisi vəzifəsində, 01.07.2003-cü il tarixdən 12.09.2017-ci il tarixədək idarə aparatı, elektrik stansiyasının növbə rəisi vəzifəsində, 12.09.2017-ci il tarixdən 22.04.2019-cu il tarixədək elektrik sexində istismar üzrə sex rəisinin müavini vəzifəsində, 22.04.2019-cu il tarixdən 27.11.2019-cu il tarixədək elektrik sexinin rəisi vəzifəsində, 27.11.2019-cu il tarixdən hal-hazıradək elektrik stansiyasının növbə rəisi vəzifəsində işləyir. 1) 1 və 2 nömrəli qazan-turbin sexində yerləşən əsas və köməkçi elektrik avadanlıqları, o cümlədən Turbogeneratorun, blok transformatorlarının işçi və ehtiyat, xüsusi sərfiyyat transformatorlarının, təsirlənmə sistemləri, paylayıcı qurğuları və s. avadanlıqlar. 2) Yanacaq-Nəqliyyat sexinin mazut nasosxanası və digər sahələrdə yerləşən elektrik avadanlıqları. 3) 330-500 kv-luq X3 yerləşən yüksək gərginlikli elektrik avadanlıqları, o cümlədən hava açarları, kompressor qurğuları, hava xətləri 330/500 /35 kv-luq resktor və s. Avadanlıqlar. İstismar heyəti elektrik avadanlıqlarının fasiləsiz və etibarlı işləməsini təmin edir və onların iş yeri 1 və 2 nömrəli qazan-turbin sexinin, 330/500 kv X3 yerləşir. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və 19.08.1987-ci il tarixdən 14.02.1992-ci il tarixədək əlavə 12%, 14.02.1992-ci il tarixdən hal-hazıradək əlavə 8% əmək haqqı ödənilmişdir. İddiaçı 19.08.1987-ci il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a”, “b” bəndlərinə uyğundur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 09 iyun 2020-ci il tarixli, **********75 saylı imtina məktubundan görünür ki, 06.07.1979-cu il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 19.08.1987-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"-in Elektrik sexində növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru, növbə rəisi və idarə aparatında elektrik stansiyasının növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 14 sentyabr 2021-ci il tarixli 100/01-07-242 nömrəli sorğuya cavab məktubundan görünür ki, Stansiyanın növbə rəisi İddiaçı (təvəllüdü xx.xx.1960-cı il) 19.08.1987-ci il tarixdən 10.06.1988-ci il tarixədək Elektrik sexinə V qrup növbətçi elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 10.06.1988-ci il tarixdən 14.02.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsində, 14.02.1992-ci il tarixdən 01.08.1997-ci il tarixədək həmin sexdə növbə rəisi vəzifəsində,01.08.1997-ci il tarixdən 01.07.2003-cü il tarixədək stansiyanın növbə rəisi vəzifəsində ,01.07.2003-cü il tarixdən 12.09.2017-ci il tarixədək idarə aparatı,elektrik stansiyasının növbə rəisi vəzifəsində, 12.09.2017-ci il tarixdən 22.04.2019cu il tarixədək Elektrik sexinidə,istismar üzrə sex rəisinin müavini vəzifəsində,22.04.2019cu il tarixdən 27.11.2019-cu il tarixədək Elektrik sexinin rəisi vəzifəsində,27.11.2019-cu il tarixdən hal-hazıradək elektrik stansiyasının növbə rəisi vəzifəsində işləyir. İstismar sahəsi bilavasitə aşağıdakı sex və sahələrin elektrik avadanlıqlarının istismarı ilə məşğul olur. 1. 1 və 2 nömrəli Qazan-Turbin sexində (QTS-1,2) yerləşən əsas və köməkçi elektrik avadanlıqları,o cümlədən Turbogeneratorun.blok transformatorlarının,işçi və ehtiyat,xüsusi sərfiyyat transformatorlarının,təsirlənmə sistemləri,paylayıcı qurğuları və.s.avadanlıqlar. 2. Yanacaq-Nəqliyyat sexinin mazut nasosxanası və digər sahələrdə yerləşən, elektrik 3.330- 500kv-luq X3 yerləşən yüksək gərginlikli elektrik avadanlıqları,o cümlədən hava açarları,kompressor qurğuları,hava xətləri 330/500/35 kv-luq Reaktor və s.avadanlıqlar. İstismar heyəti elektrik avadanlıqlarının fasiləsiz və etibarlı işləməsini təmin edir və onların iş yeri 1 və 2 nömrəli Qazan-Turbin sexinin,330/500 kv X3 yerləşir. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və 19.08.1987-ci il tarixdən 14.02.1992- ci il tarixədək əlavə 12% , 14.02.1992-ci il tarixdən hal-hazıradək əlavə 8% əmək haqqı ödənilmişdir. İddiaçı işlədiyi illər ərzində 19.08.1987-ci il tarixdən 14.02.1992- ci il tarixədək tutduğu növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru vəzifəsi və 14.02.1992-ci il tarixdən hal-hazıradək tutduğu növbə rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı bölməsində, qazanxana,turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər,elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri vəzifəsi və qazanxana,turbin(buxar-qaz turbin)qazan turbin tozhazırlama və yanacaq ötürülmə sexlərinin növbə rəisləri vəzifəsi 24cü bölməsinin “a”,”b”bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (kod 2140000a-18455) və (kod 2140000b24043) uyğundur. Həmin sahədə iş stajı 19.08.1987-ci il tarixdən hal-hazıradək iş stajı 34 il 24 gün təşkil edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi , ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın güzəştli peşədə iş stajının 12 il 6 aydan az olması ilə bağlı imtina dəlili əsaslı deyildir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 2 şərtə birlikdə əməl olunmalıdır: 1) 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı 2) bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı, orduda xidmət illəri və təhsil illəri cəmləndikdə 25 ildən artıq ümumi iş stajı mövcud olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən mübahisələndirilən, eyni zamanda apellyasiya şikayətinin dəlilini təşkil edən 12 il 06 ay güzəştli iş stajının olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 19.08.1987-ci ildən 10.06.1988-ci il tarixədək elektrik sexinə V qrup növbətçi elektrik montyoru vəzifəsi 2140000a-18455 kodu altında, 10.06.1988-ci il tarixdən 14.02.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsi 2140000a-18455 kodu altında, 14.02.1992-ci il tarixdən 01.07.2003-cü il tarixədək stansiyanın növbə rəisi vəzifəsi 2140000b-24043 kodu altında, 01.07.2003-cü ildən 01.01.2006-ci il tarixədək idarə aparatı, elektrik stansiyanın növbə rəisi 2140000b-24043 kodu altında işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində zərərli iş kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Qeyd edilməlidir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 3802/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1091/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1091/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver