Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1092/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1559/2019 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 1559/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavadehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-2274/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1559/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir (sədrlik edən və məruzəçi S.Seyidova, hakimlər V.Məmmədov və İ.Əhmədov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli 2-1(102)- 379/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-2274/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi R.Nəbizadə, hakimlər İ.Dadaşov və İ.Hüseynov). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin olunması və xx.xx.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdən “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmışdır. Ona həmin vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilmiş və o, halhazırda həmin pensiyanı almaqda davam edir. 2004-cü ildə ona səbəb əlaqəsi “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə göstərilmiş 2ci dərəcəli, xx.xx.2005- ci ildən isə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. 2007-ci il tarixdən isə 3-cü dərəcəli əlillik qrupu ona müddətsiz olaraq təyin edilmişdir.xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” bəndinə və xx xxxxxx 2006-cı il tarixdən bu günədək qüvvədə olan “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 11.2.1 maddəsinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirilməklə bağlı xəstəlik nəticəsində əlil olan hərbi qulluqçular müharibə əlilləri hesab olunurlar.xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan xidmət illərinə görə pensiya alan 3cü qrup əlil hərbi qulluqçuların pensiyalarının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə hesablanır. 2016-cı ildən başlayaraq o, dəfələrlə cavabdehə ərizə ilə müraciət edərək 2003-cü ildə ehtiyata buraxılarkən qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarım bəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü dərəcəli əlillik qrupu olan hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə hesablanmasını xahiş etsə də ona həmişə imtina cavabı verilmişdir.İmtina cavabı onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etməlidir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun müharibə veteranı və 3-cü qrup (daha sonra isə 2-ci qrup) hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə barəsində tərtib edilmiş yeni “məlumat vərəqi”ni AR Əmək və ƏSMN yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərsin. Bundan sonra o, müvafiq xahişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və onun müraciətinə əsasən onun müharibə veteranı və 3-cü qrup (daha sonra isə 2-ci qrup) hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə barəsiində tərtib edilmiş yeni “Məlumat vərəqəsi”ni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Lakin, bundan sonra da, cavabdeh ona xx.xx.2019-cu il tarxili **********5 nömrəli məkubla imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək çıxışında göstərmişdir ki, iddiaçının hərbi qulluqçu olması və 2003-cü il tarixindən etibarən ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi işin mübahisələndirilməyən halıdır. Məlum olduğu kimi, hərbi qulluqçulara yaşa görə əmək pensiyası qanunvericiliyə müvafiq olaraq qulluq etdiyi orqanın məlumat vərəqinə əsasən təminat xərcliyi əsasında təyin olunur. Qanunun 1.0.5-ci maddəsinə əsasən isə təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, qanunvericiliklə təminat xərcliyinin tərkibinə nələrin daxil olduğu müəyyənləşdirilir və təminat xərcliyi əsasında pensiya alan şəxslərə münasibətdə əmək pensiyasının baza və ya sığorta hissəsi kimi anlayışlardan istifadə olunmur. Belə olan halda, aydın məsələdir ki, sığorta hissəsinə hər hansı əlavənin hesablanmasından söhbət də gedə bilməz.Təminat xərcliyi əsasında pensiya alan şəxslərə münasibətdə hansı əlavələrin tətbiq olunması Qanunun 20-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin 20.14-cü maddəsinə əsasən, hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Yəni qanunvericilikə hərbi qulluqçulara yalnız qulluq stajına görə əlavələrin hesablanması nəzərdə tutulur. Üstəlik, hətta buna belə məhdudiyyət qoyulur və Qanunun 20.15-ci maddəsi ilə əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləğinin müvafiq təminat xərcliyindən artıq ola bilməsi istisna edilir. Buna görə də, Qanunun 19-cu maddəsi, o cümlədən də, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə nəzərdə tutulan əlavələr yalnız hərbi qulluqçu kimi pensiya təyin olunmayan şəxslərə aid oluna bilər. Bundan əlavə, Məhkəmə təyin edilən pensiyanın xx.xx.2005-ci il tarixindən hesablanaraq iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanunun 32.4-cü maddəsinə əsasən, həmin Qanunla nəzərdə tutulmuş əlavələrin təyin edilməsi müddətləri əmək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, aşağıdakı əsaslara görə apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iş materiallarına əsasən aşağıdakıları müəyyən etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, onun müharibə veteranı, habelə 3-cü qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə tərəflərindən tərtib edilmiş 55710 nömrəli xx xxxxxx 2019-cu il tarixli “Məlumat vərəqəsi” Bakı şəhəri, Həsənbəy Zərdabi prospekti 78 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdehə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı müraciətinə əsasən “Müharibə veteranı” habelə, 3-cü qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə barəsində tərtib edilmiş 55710 nömrəli, xx xxxxxx 2019-cu il tarixli “məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Bu səbəbdən, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “V” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyasının 150 faizi məbləğində əlavənin təyin olunması və xx.xx.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********5 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək qeyd etdiyi əlavələr 01.01,2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.7cı maddəsində əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr.Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olımadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə-3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır.Qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilən hərbi qulluqçuların əmək pensiyasına həmin Qanunun 20-ci maddəsində qeyd olunan qulluq stajına görə əlavələr tətbiq edilir. Bununla əlaqədar olaraq əmək pensiyası qulluq stajına görə əlavələrlə birlikdə 1007,12 manat təşkil edir. Əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinin isə qulluq stajına görə əlavələri alan şəxslərə şamil edilməsi mümkün hesab edilmir.Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03/89/02-212 nömrəli, xx.xx.2016-cı il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2016-cı il tarixdən vəzifə maaşı – 570.00 manat, rütbə maaşı – 134.00 manat, xidmət illərinə görə - 30 faiz əlavə - 211,20 manat, ixtisas dərəcəsinə görə - 15 faiz əlavə - 85.00 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası – 64.00 manat olmaqla cəmi təminat xərcliyi 1064.70 manat təşkil edir. Ona həmin təminat xərcliyinin 31 xidmət ilinə uyğun olaraq 88 faizi, yəni 936.94 manat məbləğində pensiya düzgün hesablanaraq aprel ayından ödəniləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zona Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-01 nömrəli, 059494 nömrəli arayışın surətindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 nömrəli, 372683 nömrəli arayışın surətindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2007-ci il tarixdən müddətsiz, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı 2003-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən həqiqi hərbi xidmətdən “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmışdır. Ona həmin vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilmiş və o, hal-hazırda pensiya almaqda davam edir. Ona xx.xx.2005-ci ildən 3-cü qrup əlillik dərəcəsi təyin edilmiş, xx.xx.2007-ci il tarixdən isə 3-cü dərəcəli, müddətsiz əlilik dərəcəsi təyin edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, onun pensiyasının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən hesablanmasını və xx.xx.2005-ci il tarixdən hesablanaraq ödənilməsini xahiş etsə də, cavadeh bununla bağlı məlumat vərəqəsinin daxil olmadığına istinad edərək, iddaçının müraciətindən imtina etmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının “Müharibə veteranı”, habelə 3-cü qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə tərəflərindən tərtib edilmiş 55710 nömrəli, xx xxxxxx 2019cu il tarixli “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2003cü il tarixdə ehtiyata buraxıldığından, ona xx.xx.2005-ci il tarixdə 3-cü qrup əlillik dərəcəsi təyin edildiyindən, bununla da, iddiaçının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulmuş pensiya hüququ “Hərbi Qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu dövrdə artıq yaranmış olduğundan iddia əsaslıdır.” İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, işin qeyd olunan sübutlarla ilə müəyyən olunan hallarından göründüyü kimi, iddiaçıya 2003-cü ildən etibarən hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edildiyi və ona xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmiş və xx.xx.2007-ci il tarixdən isə zhəmin əlillik dərəcəsi müddətsiz hesab olunmuşdur və işin bu halları tərəflər arasında mübahisələndirilmir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə istinadən mübahisələnjdirir ki, ona, xx.xx.2005-ci il tarixdən hesablanmaqla, müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əmək pensiyasna əlavənin təyin edilməlidir. Cavabdeh isə iddiaçı ilə razılaşmır və bunu belə əsaslandırır ki, hərbi qulluqçu kimi pensiya təminat xərcliyi əsasında təyin edildiyindən ona münasibətdə əlavələrin tətbiq olunması Əmək pensiyaları haqqında Qanunun 20.14-cü maddəsi ilə tənzimlənir ki, həmin maddəyə əsasən də hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Yəni qanunvericilikə hərbi qulluqçulara yalnız qulluq stajına görə əlavələrin hesablanması nəzərdə tutulur. Üstəlik, hətta buna belə məhdudiyyət qoyulur və Qanunun 20.15-ci maddəsi ilə əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləğinin müvafiq təminat xərcliyindən artıq ola bilməsi istisna edilir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, qeyd olunan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu 2007-ci ildən qüvvədən düşmüş olsa da, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun: 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3-ci maddəsinə əsasən hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4-cü maddəsinə əsasən hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinin tələbinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilyin qeyd olunan tələbləri baxmından, məhkəmə kollegiyası iddiaçının xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlil və 2003-cü ildən xidmət tillərinə görə pensiyaçı olduğunu nəzərə alaraq hesab edir ki, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Belə olan halda, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin “v” bəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından, İİİ qrup əlil olan və xidmət illərinə görə pensiya alan hərbi qulluqçuların yaşa görə minimum pensiyanın 150 faizi məbləğində pensiyaları üzərinə əlavələr hesablanır. Cavabdehin iddiaçıya ünvanlanmış cavab məktublarına, habelə onuün apellyasiya şikayətinin dəlillərinə əsasən isə müəyyən olunur ki, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.14 və 20.1.15-ci maddələrinə istinadən, əsassız olaraq iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2016cı il tarixli imtina məktubundan göründüyü kimi, iddiaçını təminat xərcliyinin cəmi 1064.70 manat təşkil edir. Ona təyin olunan pensiya isə həmin xəcliyin 88 faizi, yəni, 936.94 manat məbləğində təyin olunmuşdur. Yəni, konkret halda, ona təyin olunmuş pensiyanın məbləği onun təminat xərcliyindən aşağıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsasısız olduğunu, maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 1559/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1092/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1092/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver