Məhkəmə qərarları › İş №2-1(103)-1092/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1092/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1092/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində Sabirabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5613/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 28.07.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin 10.10.2016-cı il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27.04.2004-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən ehtiyata buraxılmışdır və ona həmin tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda ona yaşa görə əmək pensiyası ödənilir. 12.05.2014-cü il tarixdə ona 10 saylı TSEK tərəfindən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəb əlaqəsi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. 2015-ci il tarixdə isə əlilliyi təkrarən təsdiqlənmişdir. 10.10.2016-cı il tarixdə isə təkrar müayinə zamanı əlilliyin səbəb əlaqəsi dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ifadəsi ilə göstərilmiş və bu dəfə Azərbaycan Respublikası Əmək və ƏSMN-nin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin 12.05.2014-cü il tarixdən hesablanaraq ona ödənilməsi üçün cavabdehə 20.06.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. 26.10.2020-ci il tarixdə cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5613/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinə 01.07.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq 77 manat məbləğində əlavənin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat X3 həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə qərarı ilə iddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh 27.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5613/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilmişdir. Qanunun 19.1.7.2-ci maddəsinin tələbləri iddiaçıya şamil edilə bilməz, ona görə ki, iddiaçının pensiya təminatı onu sonuncu tutduğu vəzifədən, daha doğrusu təminat xərcliyindən götürülür ki, bu da öz növbəsində Qanunun 1.0.5-ci maddəsi ilə tənzimlənir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə məhkəməyə təqdim edilmiş, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Sabirabad şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER-TSE-01 063577 №-li TSEK-də müayinə aktından görünür ki, İddiaçı 13.05.2014-cü il tarixdən 01.06.2015-ci il tarixə qədər hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik təyin olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının 11.10.2016-cı il tarixli məlumatından görünür ki, İddiaçı 10.10.2016-cı il tarixdən 10.10.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. - İddiaçıya məxsus ZE**********4 saylı pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 07.09.2007-ci il tarixli, MN Seriyalı, ZE-56398 №-li hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinə əsasən İddiaçı Əlikram oğluna 01.07.2004-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 30.01.2015-ci ildən pensiyası yenidən hesablanaraq pensiya məbləği 556,29 manat müəyyən edilmişdir. - İdarənin iddiaçının 24.06.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 13.07.2020ci il tarixli, **********1 nömrəli məktubdan görünür ki, ona 1 iyul 2004-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Əmək pensiyası sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən idarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 600,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavə - 149,20 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 959,20 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 29 il 1 ay 1 gün xidmət müddətinə uyğun olaraq - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (9 il) hər ili üçün 3 faiz tətbiq edilməklə (9x3) təminat xərcliyinin 27 faizi olmaqla ümumilikdə təminat xərcliyi (959,20 manat) 82 faizi - 786,55 manat məbləğində əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabınına köçürülür. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: əmək pensiyasının sığorta hissəsinə əlavələr; qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Ona sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 786,55 manat məbləğində müəyyən edilmişdir: - əmək pensiyasının sığorta hissəsi-183,23 manat; -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavəsi-77,00 manat; -qulluq stajına görə əmək pensiya əlavəsi -526,32 manatdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Qeyd edildiyi kimi, İddiaçı Əlikram oğluna 01.07.2004-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, o, 10.10.2016-cı il tarixdən ikinci qrup əlildir və əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətdir. 01.01.2006-cı ildə qəbul edilmiş və hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində yaşa görə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsi iddiaçıya şamil oluna bilməz. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı hərbi qulluqçu olmuş və ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə 10.10.2016-cı il tarixdən 5 illik müddətə ikinci dərəcəli əlillik təyin edilmişdir İddiaçı hazırkı tələbi ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsinə müvafiq əlavənin təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq, qeyd edir ki, əmək pensiyaları təyin olunmuş hərbi qulluqçuların əmək pensiyasına əlavələr edilməsi üçün müxtəlif meyarlar və həmin meyarlara mütənasib olaraq təminat xərcliyinin faiz nisbətləri müəyyən olunmuşdur. Müharibə əlili olan hərbi qulluqçulara belə imtiyazlar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin normada deyilir ki, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5613/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5613/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin 10.10.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar