Məhkəmə qərarları › İş №2-1(103)-1092/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1092/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1092/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Badamdar qəsəbəsində torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5340/2021 saylı, 21.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Səbail rayon İcra Hakimiyyətinin başçısının 1195 nömrəli 20 aprel 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına uyğun olaraq, Badamdar qəsəbəsində 600,0 kv. m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5340/2021 saylı, 21.10.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5340/2021 saylı, 21.10.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd olunmamışdır və faktiki göstərilən sahə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, göstərilən torpaq sahəsinə digər şəxsin - X1 müraciəti mövcuddur. Bundan əlavə, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin həqiqiliyi şübhə doğurur (möhür və imzalar). Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5340/2021 saylı, 21.10.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1195 nömrəli, 20 aprel 1995-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində İddiaçı 600 kv. metr torpaq sahəsi fərdi evin tikintisi üçün ayrılmışdır, arxiv çıxarışında sərəncamın saxlanıldığı fond -139, siy. 1, iş. 566, vər. 50 göstərilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”ə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerəşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və məsafələrin qeyd olunmaması və faktiki göstərilən sahə ilə uyğunsuzluq təşkil etməsi, həmçinin göstərilən torpaq sahəsinə digər şəxsin müraciətinin mövcud olması göstərilmişdir. - Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin məktubunda göstərilən baş sxemdən çıxarışda iddiaçıya ayrılmış Badamdar qəsəbəsi yaşayış massivində iddiaçıya ayrılmış torpaq sahəsinin nömrəsi kimi 827 göstərilmişdir. - Birinci instansiya məhkəməsinin 17.09.2021-ci il tarixli, 2-1(112)-5340/2021 sorğusuna cavab olaraq cavabdehin məhkəməyə təqdim etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair X2 adına verilmiş 26.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda torpağın yerləşdiyi ünvan kimi Bakı şəhəri, Badamdar qəsəbəsi göstərilmişdir, çıxarışın verilməsinə əsas olan müvafiq sənədlər kimi isə məktuba Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 4082 nömrəli, 8 dekabr 1994-cü il tarixli Sərəncamı, sərəncamda göstərilən şəxslə müraciət edən şəxsin eyni şəxs olması barədə arayış, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin cavabdehə ünvanlanmış Rayon İcra Hakimiyyəti Başçısının 08.12.1994-cü il tarixli, 4082 saylı sərəncamı ilə vətəndaş X5 Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. - X3 10.02.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən, həmin şəxs göstərmişdir ki, 21.02.2017-ci ildə ölmüş anası X1 adına Səbail rayonu Badamdar qəsəbəsində 600 kv. metr torpaq sahəsi müqaviləyə əsasən digər şəxsə verilmişdir. Səbail rayon İcra Hakimiyyətinin Başçısının verdiyi 1195 nömrəli, 20 aprel 1995-ci il tarixli sərəncama əsasən Badamdar qəsəbəsi ünvanında yerləşən 600 (alti yüz ) kv.metr torpaq sahəsi ilə bağlı heç bir iddiası yoxdur. Həmin torpaqdan heç bir pay tələbi yoxdur.Gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkdir. - “Doğum haqqında şəhadətnamə”yə əsasən X3 anası kimi X4 göstərilmişdir. - “Ölüm haqqında” 879241 nömrəli şəhadətnaməyə əsasən X4 21.02.2017-ci ildə vəfat etmişdir. - Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X.Əsgərovanın cavabdehə ünvanlanmış 58 nömrəli, 14.01.2018-ci il tarixli məktubuna əsasən X1 21.02.2017-ci ildə vəfatı ilə əlaqədar vərəsəsi Qurbanova Fatma Əliağa qızının ərizəsi əsasında vərəsəlik işi açılmışdır. - Birinci instansiya məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokola əsasən Bakı şəhəri Badamdar qəsəbəsi, 3 yaşayış massivində iddiaçının istifadəsində olan torpaq sahəsinə yerində müayinə zamanı məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi hasara alınmışdır, bir tərəfi yol olmaqla digər üç tərəfdən qonşu bağ sahələri ilə əhatə olunur. Torpaq sahəsinin ümumi sahəsi təxmini 600,0 kv.m təşkil edir. Birinci instansiya məhkəməsi işin hallarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1, 15.1-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndini, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2, 19.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Səbail rayon İcra Hakimiyyətinin başçısının 1195 nömrəli 20 aprel 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına uyğun olaraq, Badamdar qəsəbəsində 600,0 kv. m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Baxılan iş üzrə hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin sərəncamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasınn Milli Arxiv Fondunun sənədlərində də (fond-139, siy.1, iş.566,vər.50) mövcuddur. Habelə, birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmənin iclasında şahid qismində dinlənilmiş, sərəncam verilən dövrdə Səbail rayon İcra Hakimiyyətində işləmiş şəxsin ifadəsinə görə sərəncamın verildiyi dövrdə torpağın ayrılması barədə sərəncamlarda torpaq sahəsinin ölçüsü göstərilsə də, nömrəsi göstərilmirdi. Şahidin dedikləri cavabdehin təqdim etdiyi X6 adlı şəxsin adına verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair 26.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənəd - Səbail rayon İcra Hakimiyyətinin 4082 nömrəli, 8 dekabr 1994-cü il tarixli Sərəncamı da təsdiq edir. Belə ki, həmin sərəncamda iddiaçıda olduğu kimi torpağın ünvanı kimi yalnız Bakı şəhəri, Badamdar qəsəbəsi göstərilmişdir. Cavabdeh oxşar sərəncam əsasında X2 torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alsa da iddiaçıya imtina cavabı vermişdir. Apellyasiya şikayətinin mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı digər şəxsin – X1 müraciətinin olması dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, işin faktiki hallarına əsasən həmin şəxs 21.02.2017-ci ildə vəfat etmişdir. Onun vərəsəsi X3 10.02.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən isə onun Badamdar qəsəbəsi ünvanında yerləşən 600 (alti yüz) kv.metr torpaq sahəsi ilə bağlı heç iddiası yoxdur. Həmçinin məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının nümayəndəsi Vəkil göstərmişdir ki, cavabdeh İdarənin istinad etdiyi şəxs – mərhum Z.Hacızalova onun qaynanasıdır, onun vərəsəsi F.Qurbanova isə Vəkil arvadı – G.Qurbanovanın doğma bacısıdır (müvafiq sənədlər işə əlavə edlmişdir). Eyni zamanda İddiaçı sahə qonşusu olan – yuxarıda adı çəkilən N.Tağıyeva (cavabdeh İdarə tərəfindən həmin qonşu sahəyə çıxarış verilmişdir) Vəkil doğma bacısı, iddiaçı özü isə Vəkil qardaşının qohumudur. Beləliklə, iddiaçın torpaq sahəsi qohumlarının sahələri ilə əhatə olunur, sonuncuların isə həmin torpaq sahəsinə hər hansı iddiaları yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qərarına gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5340/2021 saylı, 21.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar