Məhkəmə qərarları › İş №2-1(103)-1092/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1092/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1092/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı, X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ünvan 1 ünvandan qeydiyyatdan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, üçüncü şəxsin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Üçüncü şəxsin onun evində qeydiyyatda qalması onun həmin daşınmaz əmlakla bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. İşin birinci instansiya icraatı zamanı üçüncü şəxs iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, o, xx.xx.2013-cü il tarixdə X6 ilə ailə həyatı quraraq mübahisəli mənzilə gəlin köçüb və xx.xx.2014-cü il tarixdən özü və xx.xx.2014-cü il təvəllüdlü oğlu X4 həmin ünvanda qeydiyyatdadır. X6 ilə aralarında olan nikaha xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsində xitam verildikdən sonra xx.xx.2021-ci il tarixdə azyaşlı oğlu X4 ilə keçmiş həyat yoldaşı X3 anası İddiaçı tərəfindən zor gücü ilə qeydiyyatda olduğu və yaşadığı mənzildən çıxarılıb. Bununla bağlı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə tərəfindən Suraxanı Rayon Məhkəməsində cavabdehlər X6 və İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia qaldırılmışdır. İddia ərizəsinə əlavə edilən sübutlardan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış idi. Həmin arayışda onun xx.xx.2014-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olduğu və onunla birgə İddiaçı və X1 da həmin mənzildə qeydiyyatda olduqları qeyd olunmuşdur. Yuxarıda qeyd olunan yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə məhkəmə baxışı zamanı cavabdehlər tərəfindən mənzilin müraciətləri əsasında özəlləşdirilərək çıxarış alındığı bildirilməklə çıxarışın surəti sübut kimi məhkəməyə təqdim edildi. Bu hal, yəni mənzildə qeydiyyatda olan şəxslərdən biri kimi onun razılıq ərizəsi alınmadan mənzilə dair çıxarışın əldə edilməsi onda qeydiyyatda olduğu mənzildən hansısa qanunsuz yol vasitəsilə çıxarılmağına dair əsaslı şübhələr yaratdı. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu göndərilməklə ünvan 3 ünvanında yerləşən mənzilin ilkin qeydiyyatı (özəlləşdirilməsi) barədə ƏMDX yanında DƏDRX-yə hansı tarixdə və kim tərəfindən müraciət edilməsi, müraciət müəllifi tərəfindən mənzildə qeydiyyatda olan şəxslər barədə təqdim edilmiş sənəd, sənədin tarixi, nömrəsi, həmin sənəddə göstərilən mənzildə qeydiyyatda olan şəxslərin siyahısı barədə məlumat verilməsi xahiş edildi. Müraciətlərinə cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********74 saylı məktubda mənzilə dair çıxarışın alınması üçün İddiaçı tərəfindən idarəyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyi və müraciətə əlavə edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda sözügedən mənzildə yalnız İddiaçı qeydiyyatda olduğunun öz əksini tapdığı qeyd olunmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan rəsmi dövlət orqanlarından əldə edilmiş arayışlardan məlum olur ki, o və övladı X4 yaşadığı və qeydiyyatda olduğu mənzildən kimlərinsə marağına uyğun olaraq heç bir hüquqi əsas olmadan, tam olaraq qanunsuz formada çıxarılıb. Daha sonra da qeydiyyatları həmin mənzilə bərpa edilmiş və onun həmin mənzildə qeydiyyatda olmadığı zaman kəsiyində həmin mənzil qanunsuz olaraq onun razılığı alınmadan İddiaçı adına keçirilmiş və buna dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, iş hakim Günel Sevdimaliyevanın icraatındadır və 2-1(112)- 14345/2023 saylı həmin iş üzrə xx.xx.2023-cü il tarixə iclas təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və X2 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 3.08.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, üçüncü şəxs xx.xx.2014-cü il tarixdən ünvan 6 ünvanı üzrə sənədləşdirilərək AZE-14586976 və xx.xx.2017-ci il tarixdə AZE- 17237201 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Məktuba AZE-14586976 nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının kserosurəti əlavə edilmişdir. Həmçinin Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 68 Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən üçüncü şəxs sözügedən ünvanda yaşamır. Beləliklə hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra həmin mənzilə qeydiyyata düşmüşdür. Lakin üçüncü şəxsin həmin mənzildə faktiki olaraq yaşamamış və istifadə hüququ olmamışdır. Təqdim edilmiş məhkəmə qərarı ilə, üçüncü şəxsin həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə tələbi rədd edilmişdir. Baxılan işdə üçüncü şəxs iddiaçının ailə üzvü deyil. İddiaçının oğlu ilə üçüncü şəxs arasında olan nikaha xitam verilmişdir. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar