Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1092/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmçinin sözü gedən fərdi yaşayış evinin texniki pasportunda həyətyanı torpaq da müəyyən edilmiş ölçülərdə mövcuddur, onun planı və ölçüsü də həmin evin texniki pasportda əks olunmuşdur. Həmin həyətyanı torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə iddiaçının qanuni istifadəsində olub, bu gün də qanuni istifasindədir. Bu səbəbdən də xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hüquqi qeydiyyata alınmaqla mülkiyyətinə keçməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1945-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 07.sentyabr 1996-ci il tarixdə tərtib edilmiş “Şəxsi mülkiyyətində olan mənzilin texniki Pasportu”na əsasən, İddiaçı şəxsi mülkiyyətində olan mənzilin planı, sahələrin xüsusiyyətləri, konstruktiv elementləri və mühəndis avadanlıqlarının texniki vəziyyəti və mənzilin özəlləşdirilməsi barədə müvafiq məlumatlar və qanunvericiliyə istinadlar əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikasında dövlət mənzillərinin vətəndaşların şəxsi mülkiyyətinə əvəzsiz verilməsi və təmirtikinti xərclərinin ödənilməsinin onların öz hesabına keçirilməsi haqqında Əsasnamədən çıxarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 1989-cu il tarixli 257 nömrəli qərarı ilə təsdiq olunmuş, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi barədə 21 yanvar 1993-cü il qanuna əsasən mənzillərin şəxsi mülkiyyət kimi vətəndaşlara verilməsi haqqında icra hakimiyyəti başçısı aparatının, həmçinin mənzil fondunun aid olduğu idarə, təşkilat və müəssisələrin rəhbərliyi tərəfindən sərəncam verilir. Mənzillərin vətəndaşların şəxsi mülkiyyətinə verilməsi notariat idarələrində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında yerinə yetirilir. Şəxsi mülkiyyətə keçirilmiş mənzillərin istismarı və təmiri vətəndaşların öz hesabına olmaqla dövlət mənzil fonduna daxil olan binaların istismarı və təmiri üçün müəyyən edilmiş vahid norma və qaydalar əsasında həyata keçirilir. Dövlət evlərinin və ictimai fonda daxil olan binaların vətəndaşların şəxsi mülkiyyətinə keçirilmiş hər bir mənzili üçün vətəndaşın adına müəyyən edilmiş formada texniki pasport verilir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-A-0845/02-8/2023 **********00 nömrəli məktubuna əsasən bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmış, fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. - 06 oktyabr 1999-cu ildə Atatürk prospekti 28 a ünvanına dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu tərtib edilmiş və texniki pasportda mənzilin planı, mənzilin texniki göstəriciləri, otaqların təyini, binanın (tikilinin) texniki təsviri ümumi məlumatlar və mənzilin və qurğuların təsviri göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunu 26 yanvar 1993-cü il tarixindən qüvvəyə minmişdir. Özəlləşdirilmiş mənzillər qanunvericiliyin fərdi mənzil fondu evləri (mənzilləri) üçün müəyyən etdiyi qaydada texniki inventarlaşdırma orqanlarında dövlət qeydiyyatından keçirilməli, onlara texniki pasport tərtib olunmalı və fərdi yaşayış fonduna daxil edilərək uçotu aparılmalıdır. - cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-9820/2024 **********20 nömrəli cavab məktubuna əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən yaşayış sahəsinə dair arxiv qovluğunda saxlanılan sənədlərin surətləri təqdim edilmişdir. - Arxivdə saxlanılan xx.xx.1994-cü il tarixli Nərimanov ryon İcra Hakimiyyəti başçısının 235/11 xx.xx.1994-cü il tarixli sərəncamına əsasən, Bakı şəhəri Atatürk prospekti, 28 a Yerli Sovete məxsus , sahəsi 26,0 kv.m olan 1 mərtəbəli, evin 1 –ci mərtəbəsində yerləşən, tam kommunal şəraitli, 2 otaqlı mənzil, kirayəçisi X3 şəxsi mülkiyyət kimi verilməsi qərara alınmışdır. - xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən, Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanuna əsasən, Bakı şəhəri Atatürk prospekti, 28 a ünvanda yerləşən mənzil 6400 manat qiymətləndirilmiş və əvəzsiz olaraq F.L.Pankovun mülkiyyətinə verilmişdir. - xx.xx.1994-cü il tarixli müqaviləyə əsasən sözügedən mənzil X4 tərəfindən İddiaçı ******* manat məbləğinə satmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırkı işin hallarından görünür ki, M.K.Atatürk pr.28 a nömrəli ünvan mənzil kimi Nərimanov rayon İcra Hakimiyyəti başçısının 235/11 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında F.L.Pankova şəxsi mülkiyyət kimi verilmiş, xx.xx.1994-cü il tarixli müqavilə əsasında F.L.Pankov tərəfindən iddiaçıya satılmışdır. Qeyd edilən əmlaka dair mənzil kimi yuxarıda təsvir edilən texniki pasportlar tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsinin –mənzilin altında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər cavabdehə, hazırda isə məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmiş və həmin torpaq sahəsinin üzərinə yerləşən tikili mənzil kimi dövlət qeydiyyatına alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehin imtinası əsaslı olmuşdur. Qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1092/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1092/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver