Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1093/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X5 qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2567/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 05.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin 02.08.2019-cu il tarixli, **********4 nömrəli imtinasının qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan 02.08.2019-cu il tarixli, **********4 nömrəli məktubla bundan imtina etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 02.08.2019-cu il tarixli **********4 nömrəli məktubu ilə ona bildirilmişdir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdeh inzibati orqan 02.08.2019-cu il tarixli, **********4 nömrəli məktubunda onun 25 il stajı olmadığını və güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyini qeyd etsə də, bunu əsaslandırmamışdır. Belə ki, tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş əmək kitabçasından görünür ki, onun 31 il iş stajı vardır. O, 06.01.1988-ci il tarixdə xxxx Birliyinin baş mexanika şöbəsinin mexaniki təmir sexinə barama istehsalatı üzrə 3-cü dərəcəli çilingər qəbul edilmişdir. 10.01.2000-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. 15.04.2001-ci il tarixdə “xxxx” ATSC-nin baş mexanika şöbəsinə müvəqqəti qaynaqçı qəbul edilmişdir. 26.01.2015-ci il tarixdə onun işlədiyi peşə elektrik və qaz qaynaqçısı adlandırılmışdır. 17.08.2018-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilərək elə həmin tarixdə energetika və mexanika sahəsində elektrik və qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir. Həmçinin onun iş stajının 12 il 6 ayından çoxu güzəştli iş stajına aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına görə çilingər, elektrik və qaz qaynaqçısı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısındadırlar. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1649/2019 saylı, 10.12.2019-cu il tarixli qərardadı ilə (hakim İ.Cabbarov) inzibati işin baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı razılığı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. 20.05.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu 19.09.2015-ci il tarixdən 01.07.2017ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinadən 25 il ümumi sosial stajının tamam olduğu və həmin müddətin 12 il 6 ayını qaynaqçı kimi işlədiyini nəzərə alaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 19.09.2015-ci il tarixdən hal-hazıradək ödənilməli pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2567/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 19.09.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 16.07.2016-cı ildən etibarən keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat X5 həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verməmişdir. Qərardan narazı qalan cavabdeh 28.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki , “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaları yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci -maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən şəxsin təqdim etdiyi sənədlərdə 01.07.2017-ci il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. İddiaçının təqdim etdiyi əmək haqqı arayışından da göründüyü kimi onun ümumi stajı 23 il 8 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 35400,00 manat hesablandığı halda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27101,08 manat təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2567/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmədiyindən məhkəmə qərarı mübahisələndirilən hissədə yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Şəki şəhərində doğulmuşdur. - Şəki şəhər İcra Hakimiyyətinin “Dağ Dibi” məhəllə nümayəndəliyinin 214 №-li, 15.07.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Şəki şəhər, N.Nərimanov küçəsi 82 saylı evdə yaşayır. - İddiaçı məxsus NZ seriyalı, ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 12.11.1977-ci ildən 28.11.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 01.06.1988-ci ildən 01.10.2000-ci ilə qədər xxxx Birliyinin baş mexanika şöbəsinin mexaniki təmir sexinə barama istehsalatı üzrə 3, 4, 5 və 6-cı dərəcəli çilingər, 15.04.2001-ci ildən 17.08.2018-ci ilə qədər “xxxx” baş mexanika şöbəsinə müvəqqəti qaynaqçı, 6-cı dərəcəli elektrik və qaz qaynaqçısı vəzifələrində işləmiş, 17.08.2017-ci ildən hal-hazıra qədər “xxxx” MMC-də energetika və mexanika sahəsində elektrik və qaz qaynaqçısı vəzifəsində işləyir. - “xxxx” ASC-nin 67 №-li, 14.06.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli, 377 nömrəli Fərmanının 1.3-cü yarım bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş istehsalatın sexlərində və istehsalatında işləmişdir. Energetika və mexanika sahəsində elektrik qaz qaynaqçısı 15.04.2001-ci ildən 30.05.2001-ci ilədək, 01.08.2002-ci ildən 31.12.2002-ci ilədək, 01.02.2003-cü ildən hal-hazıradək işləyir. Qeyd: 2015-ci ilin X-Xİİ, 2016-cı ilin İ-İİİ aylarında əmək haqqı almamışdır. - “xxxx” ASC-nin 68 №-li, 14.06.2019-cu il tarixli arayışlarından görünür ki, İddiaçı həqiqətən “xxxx” ASC-nin (Şəki “xxxx” Şirkətinin) baş mexanika şöbəsinin mexaniki təmir sexində baramaaçan istehsalatı üzrə çilingər, “xxxx” MMC-nin Energetika və mexanika sahəsində elektrik və qaz qaynaqçısı, “xxxx” ASC-nin Baş mexanika və Baş energetika şöbəsində elektrik və qaz qaynaqçısı vəzifələrində işləməklə müvafiq olaraq 1991-ci ildən 2019-cu il tarixədək əmək haqqları almışdır. - “xxxx” ASC-nin 09 №-li, 24.06.2020-ci il tarixli məhkəməyə ünvanlanan məktubundan və ona əlavə edilmiş arayışlardan görünür ki, müəssisədə elektrik və qaz qaynaqçısı işləmiş X2 adına 2018-ci ilin avqust ayına kimi verilmiş hesablanmış əmək haqqına dair arayışlarda göstərilmiş əmək haqqılarına hesablanmış və əmək haqqından tutulmuş DSMF-yə sığorta haqqları tam ödənilmişdir. “xxxx” ASC-nin DSMF-yə olan borcu 2018-ci ilin avqust ayından sonra hesablanan borclardan ibarətdir. İddiaçı 1991-ci ilin yanvar ayından 2001-ci ilin may ayına qədər “xxxx” ASC-nin baş mexanika şöbəsinin mexaniki təmir sexində baramaaçan istehsalatı üzrə çilingər, 2002-ci ilin avqust ayından 2015-ci ilin sentyabr ayına qədər “xxxx” ASC-nin baş mexanika və Baş energetika şöbəsində elektrik və qaz qaynaqçısı, 2016-cı ilin aprel ayından 2018-ci ilin avqust ayına qədər “xxxx” ASC-nin Baş mexanika və Baş energetika şöbəsində elektrik və qaz qaynaqçısı peşələrində işləmiş və qeyd olunan tarixlər üzrə əmək haqqı almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış **********5 №-li, 31.08.2020-ci il tarixli məktubdan və ona əlavə olunmuş sığortaolunanın hesabından görünür ki, "xxxx" ASC-nin (SUN: **********9, VÖEN: **********) 2006-2018-ci illər üzrə “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə İddiaçı (SSN: **********039) 01.01.2006-01.10.2015, 01.04.2016-01.09.2018-ci illər üzrə hesablanmış əmək haqqı 33945,22 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqları 8394,03 manat olmuşdur. Məlumat üçün bildirilmişdir ki, “xxxx” ASC tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda 01.10.2015-ci il tarixdən 01.04.2016-cı il tarixədək, 01.09.2018-ci il tarixdən 01.04.2020-ci il tarixədək sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi’nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Qeyd: 01.04.2020-ci ildən 01.07.2020-ci il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığortası üzrə hesabat “X1 Sistemi”nə köçürülməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 16.07.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 02.08.2019-cu il tarixli, **********4 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.07.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 01.07.2017-cı ilə qədər 57 yaşının tamam olması;
2. İddiaçının 01.07.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 01.07.2017-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02.08.2019-cu il tarixli, №**********4 saylı imtina məktubunda onun ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsassız olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materialları ilə 01.06.1988-ci ildən 01.10.2000-ci ilə qədər 3, 4, 5 və 6-cı dərəcəli çilingər, 15.04.2001-ci ildən etibarən isə müvəqqəti qaynaqçı, 6-cı dərəcəli elektrik və qaz qaynaqçısı vəzifələrində çalışdığı müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2567/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2567/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.