Məhkəmə qərarları › İş №2-1(103)-1093/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1093/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1093/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN-**********, hüquqi ünvan- AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, V.Əmirsayadov küçəsi, ev 3, qanuni təmsilçi-X2, dövlət qeydiyyatına alındığı tarix- 03.11.2020-ci il) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “bəyannamənin rəsmiləşdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-10496/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC 15.09.2021-ci il tarixində cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin adına və ünvanına göndərilən yapışdırıcı mallara dair 17.08.2021 tarixli, **********8953 nömrəli gömrük bəyannaməsinin əsaslı və qanuni hesab edilməklə gömrük rəsmləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kommersiya fəaliyyəti ilə məşğuldur, vergi ödəyicisidir və vergi ödənişlərinə dair bu günədək hər hansı problemləri olmamışdır. Dünyada və ölkədə baş verən iqtisadi böhran zamanı manatın xarici valyutaya münasibətdə dəyərinin kəskin itirməsi səbəbindən bir sıra şirkətlər öz fəaliyyətini dayandırmalı olsalar da, iddiaçı çətinliklə də olsa fəaliyyətini davam etdirməkdədir. İddiaçı ilə Hindistan şirkəti olan “Pidilite İndustries” LTD şirkəti ilə arasında bağlanmış 01.06.2021ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu şirkət tərəfindən iddiaçıya yapışdırıcı mallar göndərilmiş, həmin mallara dair verilmiş 13.07.2021 tarixli, 90024470-1 nömrəli invoys və digər zəruri sənədlər əsasında 17.08.2021 tarixli, **********8953 nömrəli bəyannamə tərtib edilərək cavabdehə təqdim edilmişdir. Təqdim edilən yük gömrük bəyannaməsinə görə idxal edilən malın invoys dəyəri 11826,85 ABŞ dolları təşkil edir. Lakin, cavabdeh heç bir əsas olmadan malların yük gömrük bəyannaməsində göstərilən invoys dəyəri ilə razılaşmayaraq gömrük rəsmləşdirilməsini həyata keçirməkdən qərəzli və qanunsuz olaraq imtina edir. Halbuki, eyni mallar eyni invoys qiyməti ilə başqa şirkətlər tərəfindən idxal edilmiş və həmin qiymətlər üzrə gömrük hesablamaları aparılmaqla rəsmləşdirilmişdir. Qeyd edilənlərə dair nümunə olaraq iddia ərizəsinə aidiyyatı gömrük bəyannamələri əlavə edilmişdir. Cavabdeh şifahi şəkildə əsassız olaraq, invoyslarda göstərilən qiymətlərin guya azaldılmış qiymətlər olması və bu səbəbdən qiymətlərin artırılmasını bildirmişdir. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə istər yazılı, istərsə də şifahi qaydada müraciətlər edilsə də, cavabdeh tərəfindən bununla bağlı heç bir yazılı və əsaslı bildiriş təqdim edilməmişdir. Sözügedən mallara dair 17.08.2021-ci il tarixdə bəyannamə təqdim edilməsinə baxmayaraq, idxal edilən malların rəsmləşdirilməsi bu günədək qanunsuz və əsassız olaraq dayandırılmışdır. Cavabdeh təşkilat qeyd olunan məsələ ilə bağlı qiymətlərin azaldılmasına dair hər hansı sübut, dəlil gətirmədən, öz mövqelərini əsaslandırmadan malların gömrük rəsmləşdirilməsindən qərəzli imtina edərək, şifahi qaydada malların alış qiymətinə müvafiq düzəlişlər edilməsini (yəni qanunsuz formada artırılmasını) təkid edir. Halbuki, qanunvericiliyin tələbinə əsasən bu kimi hallarda gömrük orqanı tərəfindən yazılı bildiriş verilməli və verilən yazılı bildirişdə gömrük qiymətləndirilməsinə düzəlişlər qanuni şəkildə əsaslandırılmalıdır. Beləliklə, cavabdehin heç bir əsas olmadan malların gömrük rəsmləşdirilməsindən və gömrük nəzarətindən buraxılmasından imtina etməsi, o cümlədən bununla bağlı yazılı və əsaslı bildiriş təqdim etməməsi, şifahi şəkildə invoysda (hesab - fakturada) göstərilən qiymətin artırılmasını təklif etməsi heç bir qanuna əsaslanmır. Qanunvericiliyin yuxarıda göstərilən tələbinə baxmayaraq, cavabdehin hərəkətləri hüquqi cəhətdən əsassız və qanunsuzdur və bunun nəticəsi olaraq, idxal edilən mallar daşıyıcı şirkətə məxsus nəqliyyat vasitəsi ilə birgə gömrük postunda saxlanıldığı üçün iddiaçı hər gün üçün əlavə müzd ödəməklə ciddi maddi ziyana məruz qalmaqdadır. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-10496/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı MMC-nin adına və ünvanına göndərilən yapışdırıcı mallara dair 17.08.2021 tarixli, **********8953 nömrəli gömrük bəyannaməsi əsaslı və qanuni hesab edilməklə gömrük rəsmləşdirilməsinin həyata keçirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, Məhkəmə qərar verərkən iddiaçının iddia tələbinin nə olduğunu düzgün müəyyənləşdirə bilməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələblərini pozaraq iddia tələbindən kənara çıxmışdır. Məhkəmə qərarında qeyd edir ki, “Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı Qanunvericiliyin qeyd olunan müddəalarına əməl edilməmişdir. Belə ki, göründüyü kimi iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməsində iddialıdır.” (10-cu səh., 4-cü abzas). Halbuki, iddiaçı cavabdehə təqdim etdiyi gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsi üsulu kimi heç də sövdələşmə qiymətinin tətbiq edilməsi üsulunu deyil, ehtiyat üsul seçərək bəyan etmişdir. Qərarın 13-cü səhifəsində məhkəmə gömrük orqanının diskresion səlahiyyətinə müdaxilə edərək “müəyyənləşdirmişdir” ki, "Şərh olunan qanunvericiliyin müddəalarının hazırkı iddia tələbinə tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının gömrük orqanına təqdim etdiyi bəyannamə və sənədlər gömrük orqanı tərəfindən yoxlanılmış və onların düz olması müəyyən olunmuş, zəruri olan gömrük rüsumunu ödənilmişdir. Əks halın olması, yəni gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirməklə cavabdeh gömrük orqanının rəsmi olaraq iddiaçıdan müvafiq düzəlişlərin aparılmasını tələb etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir...” Daha sonra məhkəmə qərarında cavabdeh tərəfindən “Elektron imza və elektron sənəd haqqında Qanunun tələblərinə riayət edilmədiyini göstərmişdir. Bu məsələ ilə əlaqədar qeyd edirik ki, Qanunverici orqan tərəfindən Gömrük Məcəlləsinin 8-ci Fəsli "Gömrük orqanlarının elektron Məlumat sistemi” adlandırılmışdır. Həmin Məcəllənin 42-ci maddəsində göstərilir ki, 42.1. Müvafiq icra hakimiyyəti orqanı məlumatların elektron qeydiyyatı, saxlanılması, mühafizəsi və mübadiləsi, o cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması məqsədilə gömrük orqanlarının elektron məlumat sisteminin işlənib hazırlanmasını və istifadəsini təmin edir. Məhkəmə inzibati orqan olan cavabdehin nümayəndəsinin təqdim etdiyi sübutları daima şübhə altına almış, ancaq iddiaçının təqdim etdiyi invoysun əslinin tələb edilməsi barədə şifahi vəsatətlərinə heç bir münasibət bildirməmişdir. Belə ki, malları göndərən PİDİLİTE İNDUSTRİES LTD şirkətinin Azərbaycan Respublikasının digər rezidentinə göndərdiyi və gömrük orqanının elektron informasiya sistemində qeydə alınmış invoys (konfidensial məlumatların üzərindən xətt çəkilməklə) məhkəməyə təqdim edilmiş, həmin invoysun iddiaçının təqdim etdiyi invoysdan kəskin fərqləndiyi bildirilmiş, bütün bunlara məhkəmə tərəfindən reaksiya verilməmişdir. Beləliklə, iş materiallarından görünür ki, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini etdi. Əvvəlki məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçının qanuni təmsilçisi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil Sədrədin oğlu (Bakı şəhəri 5 saylı Vəkil Bürosu) apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MMC 03.11.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - 17.08.2021-ci il tarixli **********8953 nömrəli gömrük bəyannaməsindən görünür ki, mal qəbul edən/idxalatçı İddiaçı MMC 12412 kq həcmində 1795 qutu Hindistan İstehsalı olan mal göndərən ixracatçı “Pidilite İndustries LTD” şirkətindən malın invoys qiyməti 11.826,85 ABŞ dolları, gömrük dəyəri 35.871,70 AZN, statistik dəyəri 21.101 AZN 1795 qutu yapışdırıcı aldığını bəyan etmişdir. Həmin məbləğlər əsasında cəmi 13172 AZN məbləğində gömrük ödənişi hesablanmışdır. - İddiaçı MMC (alıcı) ilə “Pidilite İndustries” LTD şirkəti (satıcı) arasında bağlanmış 01.06.2021-ci il tarixli müqavilədən görünür ki, satıcı elektron və ya yazılı formada müqavilədə göstərilən məhsulları müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə iddiaçının ünvanına tədarük etməyi, alıcı isə malları qəbul etməyi, qiymətlərin satıcının cari qiymət siyahısına əsasən ABŞ dolları ilə verilmiş qiymətlər oldugu, ödəniş şərtlərinin hesab-fakturanın verilməsindən sonra 90 gün ərzində ödənilməsi barədə tərəflər razılıga gəlmişlər. -“Pidilite İndustries” LTD şirkəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 90024470-1 nömrəli 13.07.2021 tarixli invoysda mala görə invoys qiyməti 11.826,85 ABŞ dolları ödənişin edilməsi qeyd edilmişdir. - Təqdim edilmiş 801417236, 801417238, 801417393, ********* saylı tarixli mədaxil qəbzlərindən görünür ki, cəmi 5.701,56 manat məbləğində gömrük rüsumu, ödənişləri və yığımları büdcəyə ödənilmişdir. - İddiaçının vəkili tərəfindən cavabdeh orqana ünvanlanmış 08.09.2021-ci il tarixli 08/09-21VH saylı məktubunda bildirilmişdir ki, İddiaçı MMC tərəfindən 17.08.2021- ci il tarixdə Hindistan Respublikasından yapşıdırıcı mal idxal edilmişdir. İdxal edilən mal üzrə 17.08.2021-ci il tarixdə gömrük bəyannaməsi tərtib edilsə də, bu günə qədər həmin mallar rəsmləşdirilməmiş, eləcə də bununla bağlı heç bir əsaslandırıcı rəsmi cavab verilməmişdir. Həmçinin, onu da diqqətə çatdırmaq istəyirik ki, idxal edilən mallar daşıyıcı şirkətə məxsus nəqliyyat vasitəsi ilə birgə gömrük postunda saxlandığı üçün İddiaçı MMC hər ötən gün üçün əlavə muzd ödəyir və bu hal şirkətə ziyan vurulmasına gətirib çıxarır. Odur ki, yaranmış mübahisənin məhkəmə müstəvisində həlli zərurətindən irəli gələrək, İddiaçı MMC tərəfindən 17.08.2021-ci il tarixdə Hindistan Respublikasından idxal edilən yapşıdırıcı malların bu günədək rəsmləşdilməməsinin, sözügedən gömrük orqanının hərəkətsizliyinin, xüsusilə də mallar üzrə tərtib edilmiş **********8953 nömrəli gömrük bəyannaməsinin təsdiq edilməməsinin əsası və səbəbləri barəsində ətraflı məlumat arayışının 2 (iki) iş günü müddətində verilməsini xahiş edirəm”. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “qanunvericiliyin tələbindən də göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin qeyd olunan müddəalarına əməl edilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.23-ci maddəsinə əsasən Gömrük tarifi – gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2 ci maddəsinə əsasən. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən Gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür. Həmin Qanunun 7.1- maddəsinə əsasən Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2- ci maddəsinə əsasən Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Gömrük qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi gömrük rəsmiləşdirilməsi malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətləri özündə ehtiva edir, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud qanunda nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Gömrük Məcəlləsinin maddələrinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. (GM 1.0.19, 104, 146.1 və 146.2-ci maddələri). Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı “Pidilite İndustries” LTD şirkəti ilə arasında olan müqavilə münasibətləri zəminində müqavilə predmetini təşkil edən malları almış, həmin malların Azərbaycan Respublikasına idxalı zamanı müvafiq gömrük prosedurlarından keçmiş, zəruri olan gömrük rüsumunu ödəmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Cavabdeh inzibati orqan risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə bəyannaməni qaytarmışdır. Belə ki, cavabdehin dəlillərinə görə mövcud əməliyyat üzrə xarici tərəfdaş kimi çıxış edən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılaraq qiymət cədvəli əldə edilmiş, cədvələ əsasən yapışdırıcıların ayrı-ayrı qiymətlər üzrə təqdim olundugu, şirkət tərəfindən daha öncə eyni invoys tərtibatı ilə digər idxalatçının ünvanına eyni markalı malların idxal olundugu, invoys üzrə malların bir adla bəyan olunmasına baxmayaraq, həyata keçirilən gömrük baxışı nəticəsində eyni bəyannamə üzrə fərqli təyinatlı və xüsusiyyətli malların idxal olunduğunun müəyyən olundugu, araşdırma zamanı BMT-nin rəsmi ticarət statistikasına da istinad olundugu və əsasən 2020-ci il ərzində Hindistandan eyni XİFMN kodu altında olan malların 1 kq-4,01 USD (FOB şərti ilə) dəyəri ilə göndərilməsi və eyni həcm üzrə yalnız “PİDİLİTE İNDUSTRİES LTD” şirkətindən idxal edilməsinin müəyyən olundugu, “Fevicol” markalı yapışdırıcıların ölkə ərazisində satışını həyata keçirən “Unimac” şirkətinin rəsmi internet saytına baxış keçirildiyi, əməkdaş tərəfindən nümayəndəsi ilə əlaqə saxlanıldıgı, məhsulun daxili və xarici bazar qiymətlərinin əldə edildiyi, həmçinin də Rusiya Federasiyasında və Ukrayna Respublikasında fərgli qiymətlərlə satıldığının məlum olundugu əsas gətirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarının tələblərindən göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. İş üzrə birinci instansiya məhkəməsi də malların gömrük dəyərinin iddiaçı tərəfindən təqdim edilmiş invoysda əks olunan sövdələşmə qiyməti ilə müəyyən edilməli olmasını əsas gətirərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qənaətə gələrkən iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş invoysun əslinin olubolmamasını araşdırmamışdır. Belə ki, İddiaçı MMC-nin adına və ünvanına göndərilən yapışdırıcı mallara dair verilmiş 13.07.2021 tarixli, 90024470-1 nömrəli invoysun əsli iş materiallarında mövcud olmamış, iddiaçı tərəfindən işin birinci instansiya və apellyasiya icraatları zamanı məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi iddiaçı tərəfindən əsaslı və qanuni hesab edilməsi tələb edilən 17.08.2021-ci il tarixli, **********8953 nömrəli gömrük bəyannaməsinin tərtib edilməsinə əsas olmuş 13.07.2021 tarixli, 90024470-1 nömrəli invoysun əsli təqdim edilmədiyindən, onun surətinin mötəbərliliyi istisna olunduğundan iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əssasız olduğundan ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-10496/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı İddiaçı MMC-nin adına və ünvanına göndərilən yapışdırıcı mallara dair 17.08.2021 tarixli, **********8953 nömrəli gömrük bəyannaməsinin əsaslı və qanuni hesab edilməklə gömrük rəsmləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar