Məhkəmə qərarları › İş №2-1(103)-1093/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1093/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1093/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2- 1(112)-7126/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli 37/465 saylı sərəncamına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsinə çıxarışın, plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli 37/465 saylı sərəncamına əsasən iddiaçının adına Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncam Azərbaycan Respublikası Dövlət Arxivində də qeydiyyata alınmışdır. Hər ildə torpağa dair vergi ödənilmişdir. Həmin torpaq sahəsinin yerləşmə yerini təsdiq edən sxemi də icra hakimiyyəti tərəfindən verilmişddir. Həmin ərazidə minlərlə ev vardır və əksəriyyətinin də çıxarışı mövcuddur. Həmin torpaq sahəsi uzun müddətdir ki, iddiaçının qanuni istifadəsindədir. Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli 37/465 saylı sərəncamı Azərbaycan Respublikası Dövlət Arxivində də qeydiyyata alınsa da, arxiv sənədlərində soyadı “Allahyarov” əvəzinə “Allahirov” kimi yazılmışdır. Bu barədə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 600 kv.m torpaq sahəsi üzrə Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli 37 saylı sərəncamında iddiaçının soyadının “Allahyarov” kimi oxunmaqla həmin sənədin ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsinə izah verilərək həmin qətnamədə İddiaçı məxsus Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli sərəncamının nömrəsinin 37/465 olması şəkilində izah verilmişdir. İddiaçı hazırda həmin torpaq sahəsini özəlləşdirmək istəyir, lakin cavabdeh təşkilat bundan imtina edərək ona məxsus torpaq sahəsinin bir hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş JN-3111 saylı şəhadətnamənin elektron baza məlumatı ilə üst-üstə düşdüyünü, yerləşmə cizgisi və faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olduğunu qeyd etmişdir. İddiaçı bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-3111 saylı şəhadətnamə qonşuluqda yaşayan X2 adına olmuş, onun evi ilə iddiaçının evi arasına 10 metrə yaxın sahə vardır və həmin sahəyə də çıxarış alınmışdır. Həmin sahənin iddiaçının evi ilə heç bir əlaqəsi yoxdur və arada magistral maşın yolu vardır. Həmin yoldan marşrut avtobuslar hərəkət edir və imtinada bu hal səhv olaraq qeyd edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-13/1-A-98- 091/2023 saylı məktubunda qeyd edilmişdir ki, Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli 37/465 saylı qərarına əsasən iddiaçının adına Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə yerləşmə cizgisi verilmişdir. Həmin torpaq sahəsi Lökbatan qəsəbəsində, 40.329396, 49.706751 nömrəli koordinatlarda yerləşir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bildirilir ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə idarəyə müraciəti zamanı hazırda göstərdiyi torpaq sahəsindən 2500 metr aralı yeri göstərmiş, həmin sahə də digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(112)-7126/2024 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli, 37/465 saylı sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan ölçünün verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi ləğv edilmiş DTXK tərəfindən digər şəxsin adına verilmiş JN-3111 saylı şəhadətnamənin elektron baza məlumatı ilə üst-üstə düşür. Həmçinin yerləşmə cizgisi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. ********** nömrəli, xx.xx.2018-ci il tarixli müraciətinizdə tərəfinizdən fərqli ərazilərdə yerləşən sahə göstərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1205/20018 saylı qətnaməsi və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(002)-1805/2018 saylı qərardadı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.

11. Qaradağ rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 37/465 nömrəli qərarının arxiv çıxarışından görünür ki, ünvan 1 ünvanda yaşayan X1 (Аллахиров Агали Сейфали оглы) 4 nəfər ailə tərkibi ilə birlikdə fərdi yaşayış evi tikmək məqsədilə 600 kv.metr torpaq sahəsi ayrılmışdır.

12. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin rayon təsərrüfat şöbəsi tərəfindən Qaradağ rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 37/465 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılmış 600,0 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi tərtib və təsdiq edilmişdir.

13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(002)- 1805/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 600 kv.m torpaq sahəsi üzrə Qaradağ rayon XDS İKnin 29 noyabr 1989-cu il tarixli 37 saylı sərəncamında iddiaçının soyadının “Allahyarov” kimi oxunmaqla həmin sənədin ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir.

14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2(002)- 1805/2018 saylı qərardadına əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli 2(002)-1805/2018 saylı qətnaməsinə həmin qətnamədə İddiaçı məxsus Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli sərəncamının nömrəsinin 37/465 olması şəklində izah verilmişdir.

15. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli sorğuya cavab mətubundan görünür ki, Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 37/465 nömrəli qərarına əsasən 600 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır. Qərara əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunaraq ona təqdim edilmişdir (koordinatlar 40.329396, 49.706751).

16. Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklara dair, o cümlədən qeydiyyat nömrələri göstərilmiş çıxarışların verilməsinə əsas olmuş sənədlər, ərazinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

23. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar (1.4) da daxil edilmişdir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

26. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

27. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.

28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.

29. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndindəki aktlara uyğun gəlir. Belə ki, iddiaçı Qaradağ rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 37/465 nömrəli qərarını, həmin qərar əsasında ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən səlahiyyətli qurum tərəfindən tərtib edilmiş torpaq sahəsinin cizgisini təqdim etmişdir. İstinad olunan qərarın arxiv əsası mövcuddur, həmçinin qərarın ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı, o cümlədən mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim etməmişdir.

30. İddiaya dair yazılı münasibətdə cavabdeh əsas dəlili kimi iddia olunan torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya fərqinin olduğunu göstərsə də, bu uyğunsuzluğun nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən belə bir hal varsa belə, bu uyğunsuzluğun aradan qaldırılması iddiaçının məsuliyyət sferasına aid olmamaqla müvafiq şərtlər daxilində cavabdeh inzibati orqanın səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.

31. Məhkəmə onu da qeyd edir ki, iddiaya dair etirazda işin mübahisəli halı kimi qeyd edilməsə də, iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsinin ləğv edilmiş DTXK-tərəfindən digər şəxsin adına verilmiş JN-3111 saylı şəhadətnamənin elektron baza məlumatı ilə üst-üstə düşməsi qeyd edilmişdir. Bu xüsusat birinci instansiya məhkəməsinin icraatı dövründə araşdırılmış, lakin təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “JN-3111 saylı şəhadətnamənin faktiki sahədən 8 (səkkiz) metr cənubda qeydiyyatdan keçərək özgəninkiləşdirildiyi məlum olmuşdur (üst-üstə düşmə faktı yoxdur). Digər tərəfdən, məhkəmə araşdırması zamanı inzibati orqan tərəfindən təqdim edilmiş ortofoto görüntüdən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi qonşuluqda olan digər sahələrlə üst-üstə düşmədiyi müəyyən edilir.”

32. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

35. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

36. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(112)-7126/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar