Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1094/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(112)-9152/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh pensiya təyinindən imtinanı onunla əsaslandırmışdır ki, onun xx.xx.2006-cı il tarixədək sığorta stajı 15 il 11 ay təşkil etməklə 25 ildən azdır. Onun adı X6 Birliyinin əmr kitablarında rast gəlinmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunsuzdur. Halbuki əmrlər kitabının arxivə təhvil verilməməsi əmək kitabçasında olan qeydləri şübhə altına almamalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Dövlət arxivinin Şəmkir Filialında xx.xx.1996-cı il tarixədək təhvil verilmiş əmr kitablarında iddiaçının işə qəbul əmri aşkarlanmamışdır. 2005-ci il əmr kitabları isə ümumiyyətlə arxivdə saxlanılmır. Bu səbəbdən də həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Eyni zamanda, Şəmkir Rayon Kənd Kimya Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 15 nömrəli arayışda iddiaçının 1996-cı il mart ayının 4-dən 17 saylı əmrlə 2005-ci il may ayının 25-ə qədər 18 saylı əmrlə fəhlə işlədiyi qeyd olunmuşdur. Lakin, xx.xx.1996-cı il tarixədək əmr kitabları arxivə verildiyi və həmin əmrlər kitabında iddiaçının işə qəbul əmrinin aşkarlanmadığı halda arayışda 1996cı il mart ayının 4-dən 17 saylı əmrlə işə qəbul olunduğunu qeyd edilməsi müəssisə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 15 nömrəli arayışın əsassız olduğuna dəlalət edir. İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(112)-9152/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fondun Şəmkir rayon filialı və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şəmkir filialı tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur. Aktda qeyd olunduğu kimi “xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan stajı arxiv kitablarında öz əksini tapmadı, ona görə ki, xx.xx.1996-cı il tarixədək əmr kitabları arxivdə saxlanılır, lakin işə qəbul əmri aşkar olunmadı, 2005-ci il tarix əmr kitabları isə arxivdə saxlanılmır”. İddiaçının işə qəbul və işdən çıxma əmri barədə arxivdə heç bir məlumat aşkar edilmədiyi üçün qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Bundan əlavə, Şəmkir rayon kənd kimya birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 15 No-li arayışda İddiaçı 1996cı il mart ayının 4-dən 17 saylı əmrlə 2005-ci il may ayının 25-ə qədər 18 saylı əmrlə fəhlə işlədiyi qeyd olunmuşdur. Lakin xx.xx.1996-ci il tarixədək əmr kitabları arxivə verildiyi və həmin əmrlər kitabında İddiaçı işə qəbul əmri aşkarlanmadığı halda arayışda 1996-cı il mart ayının 4-dən 17 saylı əmrlə işə qəbul olunduğunu qeyd edilməsi Şəmkir rayon kənd kimya birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 15 nömrəli arayışın əsassız olduğuna dəlalət edir. Həmçinin iddiaçı proses zamanı mübahisələndirilən birliyin 2006-cı il tarixdə ləğv olunduğunu qeyd etmişdir. “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 13-cü maddəsinə əsasən, Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan idarə ləğv edildikdə onun arxiv sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsini ləğvetmə komissiyası təşkil edir. Komissiya müvafiq idarənin komplektləşdirmə mənbəyi olan dövlət arxivinin nümayəndəsinin iştirakı ilə ləğv edilmiş idarənin arxiv sənədlərinin onun varisi olan təşkilatın, varisi olmadıqda yuxarı təşkilatın idarə arxivinə təhvil verilməsini təmin edir. Yuxarı təşkilat ləğv edilmiş idarənin arxiv sənədlərini onun fəaliyyət göstərdiyi ərazidə yerləşən dövlət arxivinə təhvil verə bilər. Varisi və yuxarı təşkilatı olmayan ləğv olunmuş hüquqi şəxslərin arxiv sənədlərinin elmi və əməli əhəmiyyətə malik hissəsi müvafiq ərazidə yerləşən dövlət arxivinə təhvil verilir. Yəni həmin möhürün hazırda birliyin sədrində olmasının və həmin möhürlə arayışını təsdiqləməsinin heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən xx.xx.2020-ci il tarixli 15 No-li arayışın mötəbər sübut kimi qəbul edilməsi mümkünsüzdür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(112)-9152/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Hazırkı iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. O, xx.xx.1978-xx.xx.1982-ci il tarixlərdə nəzarətçi; xx.xx.1983-xx.xx.1985-ci il tarixlərdə sahə ustası; xx.xx.1985-xx.xx.1987-ci il tarixlərdə fəhlə; xx.xx.1987xx.xx.1988-ci il tarixlərdə fəhlə; xx.xx.1988-xx.xx.1991-ci il tarixlərdə fəhlə-çilingər; xx.xx.1992-xx.xx.1995-ci il tarixlərdə fəhlə; xx.xx.1996-xx.xx.2005-ci il tarixlərdə fəhlə peşələrində çalışdığı göstərilmişdir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün üç halı əsas götürmüşdür: 1. İddiaçının xx.xx.1996-xx.xx.2005-ci il tarixədək işlədiyi X6 Birliyinin əmr kitablarında iddiaçının adının müəyyən edilməməsi 2. iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajının toplamaması; 3. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət müddəti və təhsil aldığı müddət nəzərə alınmaqla ümumilikdə 29 il 8 ay 5 gün ümumi iş stajı mövcuddur. xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad edilən Qaydalarda, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Həmçinin, həmin Qaydalarda xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu imperativ qayda “Əmək pensiyaları haqqında” Qanun 21.1-ci maddəsinin də tələbindən irəli gəlir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********62 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 241 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 70 faizi özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş əmək kollektivinin siyahısında X1 adı aşkar edilməmişdir. Göründüyü kimi “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş xx.xx.1998-ci il tarixli, 241 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında X1 adının qeyd edilməməsi və beləliklə də iddiaçının həmin müəssisənin əməkdaşı olmadığı faktı öz təsdiqini tapmışdır. Şəmkir Rayon Kənd Kimya Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 14 nömrəli arayışda iddiaçının 1996-cı il mart ayının 4-dən 2005-ci il may ayının 25-ə qədər zərərli maddələr olan sexlərdə 10 ilə yaxın işlədiyi, işlərin ağır olması səbəbindən hər gün işə başlamazdan qabaq saat 9:00-dan işin sonuna qədər gündə 3 dəfə olmaqla bütün fəhlələrin səhər, günorta və axşam qatıqla təmn edildiyi, eyni zamanda nahar vaxtı maska istisna olmaqla bütün gün maskadan istifadənin məcbur olduğu, nahar yeməyinin hər gün pulsuz olduğu qeyd edilmiş, arayış X6 Birliyinin sədri tərəfindən imzalanmış, vurulmuş möhürdə isə müəssisənin adı X6 X4 Cəmiyyəti qeyd olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında X1 adının olmaması xx.xx.1996-xx.xx.2005-ci il tarixlərin işlədiyi dövrə dair həmin əmək kitabçasındakı qeydlərin mötəbər olmadığına dəlalət edir. Beləliklə, İddiaçı Şəmkir Rayon Kənd Kimya Birliyində xx.xx.1996-xx.xx.2005-ci il tarixlərdə işləməsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün deyil. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən azdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının xx.xx.2005-ci il tarixdən sonra iddiaçının hər hansı vəzifədə çalışması iş materiallarında olan sənədlər ilə müəyyən olunmamışdır, odur ki, 24 iyun 2021-ci il tarixli imtina məktubunda qeyd edildiyi kimi xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixindək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapmadığından, o cümlədən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddiaçının tələbi əsassızdır, odur ki, rədd edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 may 2021-ci il tarixli, 2-1(112)-9152/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 may 2021-ci il tarixli, 2-1(112)-9152/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1094/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1094/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver