Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1094/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8133/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********0185 №-li “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qərar qanunsuzdur. Həmin qərarla iddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı tərəfindən belə şəxslər işə cəlb edilməmiş, cavabdehin həmin gün orada görə biləcəyi şəxslərin isə iddiaçıya hər hansı bir aidiyyəti olmamışdır. Cavabdeh həmin şəxslərdən istinad etdiyi hal üzrə hər hansı bir izahat almamışdır. Cavabdeh inzibati orqan qeyd etdiyi şəxslərin iddiaçıya məxsus məkanda olmalarının xarakter və səbəbini müəyyən etməmişdir. İddiaçının ştat vahidi üzrə 70 dən çox işçisi var və belə olan halda 8 nəfərin cavabdeh qeyd etdiyi kimi yayındırılması nə məntiqə, nə də rasionallığa uyğun deyildir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – Baş idarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********6014 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Ş.T.Q, Mir Cəlal 9A MKR 62A ünvanında yerləşən şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 10 (on) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 006584 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, Cəmiyyətin səlahiyyətli nümayəndəsinin şadlıq evində olmasının müşahidə edildiyi, lakin heç bir səbəb göstərmədən imtina edilməsi səbəbindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla tanış olmaqdan və operativ vergi nəzarəti tədbirinin nəticələri barədə aktın imzalanması və bir nüsxəsinin təqdim edilməsinin mümkün olmaması, bundan əlavə Cəmiyyətin səlahiyyətli nümayəndəsi X8 və 10 nəfər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilmiş fiziki şəxs izahat verməkdən imtina etmişlər. Bu fakt operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixli sərbəst aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-ci il tarixli **********0185 nömrəli qərar qəbul edilərək 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2023-ci il tarixli **********0186 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub elektron qutuda xx.xx.2023-cü il tarixdə saat 09:39-da oxunmuşdur. Həmçinin, müəssisənin rəhbəri X3 məsuliyyət məsələsinə baxılması üçün xx.xx.2022-ci il tarixli **********0411000 nömrəli bildirişlə xx.xx.2023-cü il tarixdə saat 10:00-da Baş İdarəyə dəvət edilmiş və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X16 və mühasibi X17 yoxlama materiallarına baxılmasında iştirak etmiş və tərtib olunmuş aktda qeyd olunan VM-nin 58.10-cu maddəsinə əsasən təklif olunmuş maliyyə sanksiyasından narazılıqlarını bildirmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8133/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının verdiyi dəlillərə hüquqi qiymət verməmiş, təkcə cavabdeh orqanın təqdim etdiyi arqumentləri təsdiqləmiş, lakin heç bir araşdırma aparmamışdır. Sadəcə olaraq cavabdehin verdiyi formal mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə iddiaçıdan qeyd edilən şəxslərin şahid qismində məhkəmədə iştiraklarının təmin edilməsini tələb etsə də, çox önəmli nüansı diqqətdən qaçırmışdır. Belə ki, iddaçının adları qeyd olunan 5 nəfər barəsində heç bir məlumatı olmadığından onların məhkəməyə gəlmələrinin təmin olunması mümkünsüzdür. Bu xüsusda daha önəmli bir məqamı diqqətə çatdırılır ki, aktda qeyd olunan 8 nəfərdən yalnız 3 şəxsin - Şahid4, Şahid1 və Şahid6 məhkəməyə təqdim edilmiş ərizələrindən də açıqaşkar görünür ki, həmin şəxslərin məkanda olmaları tamamilə başqa səbəbdəndir. Həmin şəxslər öz ərizələrində hansı səbəbdən gəldiklərini yetərincə əsaslandırmışlar. Digər tərəfdən bildirilir ki, yuxarıda qeyd olunan 3 nəfərin şahid qismində iştirakı texniki məsələlərə görə təmin edilə bilməmişdir. Bu səbəbdən də təmin edilməsi ilə əlaqədar MMC-nin nümayəndəsi məhkəmə ilə şifahi şəkildə telefonla əlaqə saxlayıb bildirsə də, məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Hesab edirlər ki, məhkəmə sadəcə təqdim olunmuş materiallar və izahatlarla kifayətlənmiş və bitərəf mövqe nümayiş etdirərək işə səthi yanaşmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilən etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh MMC-yə məxsus "xxxx" şadlıq evində operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY********** nömrə ilə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə göstərilən obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və 10 nəfər şəxsin əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Akta Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin Siyahısı əlavə edilmişdir. Siyahıya əsasən Şahid3 (ofisiant), Şahid4 (fəhlə), X4 (usta), X11 (usta-fəhlə), Şahid2 (inzibatçı), Şahid1 (ofisinat), Şahid5 (usta-fəhlə), Şahid7 (ofisiant), Şahid6 (ofisinat) və Şahid8 (mühafizəçi) kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, **********6017 nömrəli Tələbnamə məktubunda iddiaçıdan əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar və əmək haqqı cədvəllərini 1 iş günü müddətində operativ vergi nəzarətini həyata keçirən vəzifəli şəxslərə və ya cavabdehə təqdim olunması tələb olunmuşdur. Cavabdehin 1.03.2023-cü il tarixi, **********0185 № li “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçının 8 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. Təqdim edilən sənədlərdən görünür ki, Şahid4 ərizə yazaraq qardaşı X5 maşın açarı verməsi ilə bağlı restorana gəldiyini qeyd etmişdir. X6 ərizə yazaraq oğluna toy ziyafəti keçirmək məqsədi ilə həmin gün restorana baxmaq üçün gəldiyini qeyd etmişdir. Şahid6 ərizə yazaraq həmin gün qardaşı X2 pul götürməyə getdiyini qeyd etmişdir. X9 ilə cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli mülki-hüquqi xarakterli müqavilə və müqaviləyə əlavə edilmiş kassa məxaric orderi təqdim edilmişdir. Müqaviləyə və orderə əsasən M.Abbasova kondisioner təmirinə görə 270 manat vəsait müəyyən edilmiş və 159.3 manat ödənilmişdir. X4 ilə cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli mülki-hüquqi xarakterli müqavilə və müqaviləyə əlavə edilmiş kassa məxaric orderi təqdim edilmişdir. Müqaviləyə və orderə əsasən S.Hüseynova paltaryuyan təmirinə görə 200 manat vəsait müəyyən edilmiş və 118 manat ödənilmişdir. İddiaçı göstərilən şəxslərin onun işçisi olmadığını, həmin şəxslərdən ikisinin restoranda işləyən qardaşının yanına gəldiyini, bir nəfərin restorana toy etmək məqsədi ilə baxmağa gəldiyini, iki nəfərin isə mülki hüquqi müqaviləyə əsasən restoranda paltaryuyan və kondisioner təmir etmək üçün gəldiyini bildirərək, mübahisələndirilən qərarın əsassız olduğunu qeyd edir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi bu halla bağlı məhkəməyə həmin şəxslərlə onun arasında bağlanmış müqavilələri və şəxslərin izahatlarını təqdim etmişdir. İddiaçının bu dəlilinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlar hazırki işin faktiki halları ilə uzlaşmır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti keçirilərəkən və bu barədə akt tərtib edilərkən orada olan şəxslər izahat verməkdən və akta imza etməkdən imtina etmişlər. Həmin şəxslərin həmin gün şadlıq evində olmaları işin mübahisələndirilməyən halıdır. Lakin operativ vergi nəzarəti keçirilən zaman həmin şəxslər izahat verməkdən imtina etmişlər. xx.xx.2022-ci il tarixli, **********6017 nömrəli Tələbnamə məktubunda iddiaçıdan əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar və əmək haqqı cədvəllərini 1 iş günü müddətində operativ vergi nəzarətini həyata keçirən vəzifəli şəxslərə və ya cavabdehə təqdim olunması tələb olunmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatları və yazılı mülki-hüquqi müqavilələri cavabdehin nümayəndələri operativ vergi nəzarəti apararkən və eyni zamanda xx.xx.2023-cü il tarixdə MMC-ni təmsil edən şəxslər İdarəyə dəvət edilərkən təqdim edə bilməli olduğu halda, həmin sənədləri təqdim etməmişlər. Qeyd edilən sənədlər məhkəmə icraatı dövründə təqdim edilmişdir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi təqdim edilən sənədlərin mötəbərliliyini yoxlamaq və həmin şəxslərin şadlıq evində olmalarının xarakterini müəyyən etmək üçün iddiaçıya həmin günün kamera görüntülərinin təqdim edilməsi barədə sorğu vermiş, lakin iddiaçının nümayəndəsi məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında verdiyi izahatında həmin günün görüntülərinin saxlanılmadığını qeyd etmişdir. Həmçinin iş materiallarından göründüyü kimi birinci instansiya icraatı zamanı məhkəmə aktda adıçəkilən şəxslərin, eyni zamanda vergi nəzarətini həyata keçirən vergi orqanının nümayəndələrinin şahid qismində dindirilməsi məsələsini tərəflərlə müzakirə etmiş, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında nə özü iştirak etmiş, nə də ki şahidləri dindirmək üçün məhkəməyə təqdim etməmişdir. İPM-in 12.4-cü maddəsinə görə, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X12, X10 və X19 (cavabdeh inzibati orqanın əməkdaşları) eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, həmin gün restorana gedərkən İmdad adlı şəxs onları qarşılamış, onlara maneçilik törətmiş, izahat verməkdən yayınmış, eyni zamanda aktda qeyd edilən şəxslərin izahat verməsinə imkan verməmişdir. Aktda qeyd edilən şəxslərin çoxu ofisiant paltarında idi. Bir nəfər paltaryuyan digər isə kondisioner təmir etdiyini bildirdi. Həmin 2 nəfərin orada işləmədiyini müəyyən edəndən sonra onları aktdan çıxarmışlar. Göründüyü kimi iddiaçı iddiasının dəlilinin əsası kimi kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübut təqdim edə bilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8133/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1094/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1094/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver