Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1094/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı 65 yaşının tamam olduğu 15 iyul 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il il tarixli, e-2-1(112)-9807/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi və yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən, xx.xx.2023-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizəyə təqdim edərək iddia tələbində “birdəfəlik” ödənilmə hissəsinin nəzərə alınmaması xahiş etmiş, birinci instansiyası məhkəməsinin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə əmək fəaliyyəti göstərmiş, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin ona yaşa görə əmək pensiyası yox, yaşa görə müavinət təyin edilmişdir. Ona göndərilən 03 avqust 2023-cü il tarixli məktubda səbəb kimi pensiya kapitalının yığım hissəsində minimum pensiya kapitalından az məbləğ olması və sığorta stajının 25 (iyirmi beş) ildən az olması göstərilmişdir. Bu zaman onun xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Avtobazasında işləməyinin (əmək kitabçasında işdənçıxma zamanı vurulan möhürdə qeydlər latın qrafikalı əlifba ilə qeyd olunsa da, yazılar rus dilində yazılıb) nəzərə alınmalı olmamaması qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, əmək kitabçası eyni təşkilatda xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi olan dövr eyni cür doldurulmuş və eyni möhürlə təsdiq olunmuş olsa da, həmin dövrü sığorta stajı kimi qəbul etmişlər, lakin xx.xx.1996-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan sığorta stajını qəbul etmirlər. Qeyd olunanlarla bağlı iddiaçı anlaşılmazlıq olduğunu düşünərək anlaşılmazlığın aradan qaldırılması və yaşa görə pensiya təyin edilməsi xahişi ilə yenidən cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə1 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda cavabdeh iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək X1 və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Səhiyyə Nazirliyinin Avtobazasında olan əmək fəaliyyəti dövrlərini şübhəli hesab edərək əmək pensiyası təyin etməkdən imtina etmişdir. 2024-cü ilin may ayı ərzində iddiaçı iki dəfə cavabdehin əyani qəbulunda olmuş, cavabdehdən konkret şəkildə cavab verilməsini xahiş etmiş, cavabdeh isə müraciəti təmin etməkdən yayınmışdır. Belə ki, iddiaçı X1 xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi yox, xx.xx.1993-cü il tarixə kimi işləmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi isə Səhiyyə Nazirliyinin avtobazasında işləmişdir. Bəli, ola bilər ki, pensiya kapitalının yığım hissəsində obyektiv səbəblərdən əmək pensiyası təyin edilməsi üçün lazım olan minimum pensiya kapitalından az məbləğ toplansın, lakin 25 il sığorta stajının tamam olmaması ilə bağlı cavabdeh ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Belə ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 illik sığorta stajına malikdir və bu faktı əmək kitabçası təsdiq edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9807/2024 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia tələbinin təmin edilməsi, İddiaçı 65 yaşının tamam olduğu 15 iyul 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1958-ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023-ci il tarixdə çatmışdır. Təqdim olunan əmək kitabçasının və digər sənədlərin surətlərinə, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət) 21 il 7 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma zamanı vurulan möhürdə qeydlər latın qrafikalı əlifba ilə qeyd olunsa da, yazılar rus dilində yazılıb) sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Həmin qaydalara əsasən əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01,2006-cı il tarixədək 19 il 7 ay sığorta stajına uyğun olaraq 18137,30 manat, 01,08.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1710,08 manat olmaqla, ümumilikdə 19847,38 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Göstərilənlərdən bir daha aydın olur ki, iddiaçının əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-ci il tarixdə yaranmışdır. İddiaçının 65 yaşı həmin il tamam olmuşdur. İş üzrə əsas mübahisələndirilən məqam xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrə münasibətdə əmək kitabçasının doldurulma qaydasının pozulması ilə bağlıdır. Həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. Sosial sığorta stajına daxil edilmiş müddət 21 il 7 ay təşkil edir. 3 il 8 ay müddət isə sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, iddiaçının 2000-ci ildə işdənçıxma zamanı əmrdəki möhürdə qeydlər latın qrafikalı əlifba ilə qeyd olunsa da, yazılar rus dilində olmuşdur. Bu həmin qeydləri şübhə altına alır. Belə ki, artıq həmin dövrdən etibarən rus əlifbasından imtina edilmiş, latın qrafikalı əlifbaya keçilmişdir. Rəsmi yazışmalar həmin dövrdə artıq tam olaraq latın qrafikasına keçmişdir. İddiaçıya həmin dövr ilə əlaqədar sübutların təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 izahatında məhkəməyə bildirdi ki, əmək kitabçasının eyni təşkilatda 1993-cü il tarixdən, 1996-cı il tarixə kimi olan dövr üçün rusca yazılmış, eyni cür doldurulmuş və eyni möhürlə təsdiq olunmuş hissəsi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş, lakin 1996-cı il tarixdən 2020-ci il tarixə kimi olan dövrə münasibətdə əmək kitabçasının eyni qaydada dolurulmasına baxmayaraq, inzibati orqan tərəfindən əmək kitabçasında nəzərdə tutlan həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də inzibati orqanın mövqeyi qərəzli xarakter daşıyır. Əmək kitabçasının əsli də buradadır. Nəzər salınsa müəyyən edilir ki, iki dövr üçün əmək kitabçasının doldurulma qaydası eyni olsa da, bir dövr qəbul edilib, lakin digəri yox. Ümumiyyətlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Yəni əmək kitabçasının doldurulması vəzifəsini vətəndaş daşımır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci və digər bir sıra digər maddələrinə istinadən deyilə bilər ki, əgər əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr vardırsa, bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi də məhz cavabdeh inzibati oraqanın üzərinə düşür. Vətəndaş yüksək məbləğdə deyil, cəmi 280 manat məbləğində aylıq pensiyaya iddialıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki: - İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. - Seriya AA 103680 nömrəli məcburi köçkün vəsiqəsinin və ******* hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.1979-cu il tarixdən doldurulmağa başlamış ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Füzüli rayon “Kommunizm” üzümçülük sovxozunda fəhlə işinə qəbul edilmiş, xx.xx.1976-cı ildə hərbi xidmətə göndərildiyinə görə işdən azad edilmiş, xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən xx.xx.1986-cı il tarixədək “Kommunizm” üzümçülük sovxozunda fəhlə, sürücü, xx.xx.1986-cı ildən xx.xx.1993-cü il tarixədək X2 çilingər, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Səhiyyə Nazirliyinin Avtobazasında müxtəlif işlərdə, xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də qəlibçi, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək f/ş M.Nəbiyevə məxsus (VÖEN **********) işdə qəlibçi işində işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 tarixli 3-17-1/2-Y-174 586/23 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və aşağıdakı məzmunda cavab verilmişdir: “Təqdim etdiyiniz əmək kitabçanızın və digər sənədlərin surətlərinə, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət) 21 il 7 ay təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 7 ay sığorta stajınıza uyğun olaraq 18137,30 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 1710,08 manat olmaqla, ümumilikdə 19847,38 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma zamanı vurulan möhürdə qeydlər latın qrafikalı əlifba ilə qeyd olunsa da, yazılar rus dilində yazılıb) sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eyni zamanda bildiririk ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1986-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək X1 və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Səhiyyə Nazirliyinin Avtobazasında əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra İddiaçı yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. - Bakı Baş Səhiyyə Mərkəzi X6 xx.xx.2024-cü il tarixli, 18-1-1/2-1688/2024 nömrəli məktubundan görünür ki, İddiaçı işlədiyi müəssisə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olmadığı üçün tələb olunan sənədlərin təqdim edilməsi imkan xaricindədir. - Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-Y-06519/2023 nömrəli iddiaçıya ünvanlanan məktubdan görünür ki, 5 saylı Bakı Asan Xidmət Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Nizami rayonu X7 Stansiyasının arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən, 1 iyul 2023 - 30 iyun 2024-cü illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma zamanı vurulan möhürdə qeydlər latın qrafikalı əlifba ilə qeyd olunsa da, yazılar rus dilində yazılıb) sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə müvafiq olaraq, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən isə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası ... Cavabdeh iddiaçının mübahisəli dövrdə işlədiyi müəssisənin mövcudluğu ilə bağlı mübahisə açmamışdır. Belə ki, cavabdeh iddiaçının eyni müəssisədə işlədiyi xx.xx.1993cü ildən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrünü staja daxil etdiyi halda, xx.xx.1996-cı ildən xx.xx.2000-ci il tarixədək iş dövrünü nəzərə almamışdır. Halbuki, nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli dövrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Avtobazasında işlədiyi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il il tarixli, e-2-1(112)-9807/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il il tarixli, e-2-1(112)-9807/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1094/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1094/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver