Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1095/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin ( VÖEN – **********; Hüquqi ünvan - AZ0102, Abşeron Rayonu, Xırdalan şəhəri, Həsən Əliyev , ev 44; Qanuni təmsilçisi –X2; dövlət qeydiyyatına alındığı tarix -18.01.2016-cı il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğvi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, e-2-1(112)-8359/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC 18.12.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2020-ci il tarixli, **********4227 saylı qərarın ləğv edilməsi, yoxlama nəticəsində hesablanmış 510.979,41 manat maliyyə sanksiyasının İddiaçı MMC-nin şəxsi hesab vərəqindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2020-ci il tarixli **********4227 saylı qərarın icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti keçirilmiş və 09.12.2020-ci il tarixli 001541 № akt tərtib edilmişdir. Tərtib olunmuş akt əsasında 14.12.2020-ci il tarixində vergi ödəyicisinin iştirakı olmadan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********4227 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3, 58.13 və 71-1 -ci maddələrinin tələbləri pozulduğu üçün vergi ödəyici 510979,41 manat maliyyə sanksiyası məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Həmin qərardan məhkəməyə şikayət verilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, e-2-1(112)-8359/2020 nömrəli qərardadı ilə (hakim F.Mədətli) ərizə təmin edilmiş, iş üzrə məhkəmənin yekun aktı qəbul edilib, qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 14 dekabr 2020- ci il tarixli, **********4227 saylı qərarın icrası dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh 28.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən operativ vergi nəzarəti malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsini əhatə edən vergi nəzarəti formasıdır. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 26.08.2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş Əsasnaməsinin 4.0.1-ci bəndinə əsasən idxal-ixrac əməliyyatlarına nəzarətin gücləndirilməsi və vergi ödəyicilərinin idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinin yoxlanılması məqsədi ilə müstəqil şəkildə və ya aidiyyəti vergi orqanları ilə birlikdə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.9 və 50.1.11 - 50.1.13-cü maddələrində göstərilən məsələləri əhatə edən, dəmir yolları, hava yolları, dəniz və quru yolları nəqliyyatı üzrə, o cümlədən Vergilər Nazirliyinin məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatların təhlil edilməsi nəticəsində müəyyən edilən riskli vergi ödəyiciləri barədə məlumatlar əsasında operativ vergi nəzarəti tədbirləri keçirmək Baş İdarənin səlahiyyətlərinə aid edilmişdir və həmin səlahiyyətlərdən irəli gələrək Baş İdarə tərəfindən İddiaçı MMC barəsində operativ vergi nəzarəti həyata keçirilmişdir. Lakin həmin operativ vergi nəzarəti tədbiri əsasında qəbul edilmiş qərarın icrasını təmin etmək (müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək) Baş İdarənin səlahiyyətlərinə aid edilməmişdir. Eyni zamanda bildiririk ki, “İddiaçı" MMC İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsində qeydiyyatda deyildir. 14 dekabr 2020-ci il tarixli **********4227 nömrəli Qərarın icrasını təmin etmək İddiaçı MMC-nin qeydiyyatda olduğu vergi orqanının səlahiyyətlərinə aiddir. Qeyd olunanlara baxmayaraq Bakı İnzibati Məhkəməsi əsassız qərar çıxararaq 25 dekabr 2020-ci il tarixli e-2-1(112)-8359/2020 nömrəli Qərardad ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini təmin etmiş və iş üzrə məhkəmənin yekun aktı qəbul edilib, qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 14 dekabr 2020ci il tarixli **********4227 nömrəli qərarın icrasının dayandırılmasını qərara almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə hər hansı bildiriş daxil olmamış, səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakı Bakı İnzibati Məhkəməsi tərəfindən təmin edilməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli e-2-1(112)-8359/2020 nömrəli Qərardadı 19.01.2021-ci il tarixdə (daxilolma № **********005500; 19.01.2021) Baş İdarəyə təqdim edilmişdir (qoşmaya əlavə edilib). Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən nümayəndələri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə yenidən baxılması ilə əlaqədar birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra-müvəqqəti xarakterli müdafiə) barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.4-cü maddəsinə görə inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsas sayılır. Hazırkı iş üzrə iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2020-ci il tarixli **********4227 saylı qərarın icrasının dayandırılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı MMC 18.01.2016-cı il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş mübahisələndirilən 14 dekabr 2020-ci il tarixli **********4227 saylı qərar cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilsə də, qərarın icrasının cavabdeh tərəfindən və ya iddiaçının qeydiyyatda olduğu 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən həyata keçirilməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı operativ vergi nəzarəti tədbiri əsasında qəbul edilmiş qərarın icrasının təmin edilməsinin (müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək) cavabdehin səlahiyyətlərinə aid edilib-edilməməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər cavabdeh tərəfindən qəbul edilmiş 14 dekabr 2020-ci il tarixli **********4227 saylı qərarın icrasının dayandırılmasını xahiş etsə də, müvvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə əsasən olan ilkin təcili tənzimləmənin zərurətini əsaslandırmamışdır. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, e- 2-1(112)-8359/2020 nömrəli qərardadı ləğv edilməli və iş iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 40-44-cü, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, e-2-1(112)-8359/2020 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1095/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1095/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver