Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1095/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabuçu rayon İcra Hakimiyyətinə qarşı fərdi yaşayış evinin dövlət büdcəsi hesabına yenidən sökülüb tikilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10616/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Sabuçu rayon İcra Hakimiyyətinə qarşı onun və ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin dövlət büdcəsi hesabına yenidən sökülüb tikilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqədar ona “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir. O, 30 il daxili işlər orqanlarında xidmət etmiş, hal-hazırda təqaüddədir. 2000-ci ildən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində öz vəsaiti hesabına tikdiyi evdə yaşasa da,həmin evin təmirinə ona heç bir köməklik göstərilməmişdir. Ev uzun müddətdir istismarda olduğu üçün hal-hazırda yararsız vəziyyətdir. Onun evini yenidən söküb tikməyə maddi imkanı yoxdur. “Müharibə veteranları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə müharibə veteranları mənzil-məişət şəraitinin yaxşılaşdırma hüquqlarına malikdirlər. O, hazırki tələblər bağlı cavabdehə müraicət etsə də, cavabeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10616/2022 saylı, 06 oktyabr 2022-ci il qərarı ilə (hakim A.Abdullayeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Veteranlar haqqında” AR Qanununun 1-ci maddəsinədə veteranlar barəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri veteranların yaşayış sahəsi ilə təminatıdır. Yaşayış sahəsi ilə təminat dedikdə, həm yeni mənzillə və ya fərdi yaşayış evi ilə təminetmə həm də yaşayış üçün yararsız olan mövcud mənzilin və ya yaşayış sahəsinin təmir edilərək yararlı vəziyyətə gətirilməsi başa düşülür. Yəni qanunun bu normasına görə hər bir halda veteranın yaşayış sahəsi ilə təmin edilməsi dövlətin əsas vəzifələrindən biri kimi göstərilir. Məhkəmə qərardadının əsaslandırıcı hissəsində həmçinin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinə sorğu ünvanladığını və həmin sorğuya əsasən cavablandırılmış xx.xx.2022-ci il tarixli məktuba görə onun iddia ərizəsində göstərdiyi fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu və həmin ünvanda heç kimin yaşamadığı göstərilmişdir. Yəni bu fakt özü də onun iddia ərizəsində göstərdiyi halların sübutu kimi qiymətləndirilməlidir. Məhkəmə qəbul etdiyi qərarın əsaslandırıcı hissəsində cavabdeh orqan olan Sabunçu rayon İcra Hakimiyyətinin belə vəziyyətdə olan evləri təmir etmək üçün büdcəsində vəsait olmadığını əsas götürərək də iddianın təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin pul vəsaitləri yerli icra hakimiyyətlərinin sifarişi əsasında Maliyyə Nazirliyi tərəfindən ayrılır. Qanunvericiliyin tələbinə görə də belə qəzalı vəziyyətdə olan evlərin müəyyən edilməsi və onlara uyğun kompensasiyanın ayrılması da yerli icra hakimiyyətlərinin birbaşa fəaliyyəti nəticəsində mümkün olur. Ona görə də hesab edir ki, məhkəmənin onun iddiasının mümkün saymaması barədə gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Ona görə də hesab edir ki, həmin qərardad ləğv edilməli və onun iddiası mümkün sayılmalıdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçı onun və ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin dövlət büdcəsi hesabına yenidən sökülüb tikilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının özbaşına tikili olan fərdi yaşayış evinin tikintisi, təmiri və digər məqsədləri üçün Rayon İcra Hakimiyyətindən maliyyə vəsaiti ayrılması barədə qanunvericiliklə müəyyən edilmiş əsaslar üzrə tələb irəli sürmək hüququ mövcud deyildir. Belə ki, məhkəmənin müvafiq sorğuları əsasında təqdim edilmiş: - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1/496 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Sabunçu rayonu, Əliyev Əliyev (keçmiş Anaşkin) küçəsində yerləşən İddiaçı istifadəsində olan fərdi yaşayış evi özbaşına tikilidir, evə ünvan verilməyib. Hal-hazırda həmin evdə heç kim yaşamır. Tikili qəzalı vəziyyətdədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********24 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sıra, 12 saylı fərdi yaşayış evinin ¼ hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Çıxarışın surəti məktuba əlavə edilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən təmir olunması tələb edilən istifadəsində olan Sabunçu rayonu, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, evə ünvan verilməyib. Hal-hazırda həmin evdə heç kim yaşamır. Tikili qəzalı vəziyyətdədir. Bundan başqa, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sıra, 12 saylı fərdi yaşayış evinin ¼ hissəsi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan təqdirdə məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının özbaşına tikili olan fərdi yaşayış evinin tikintisi, təmiri və digər məqsədləri üçün Rayon İcra Hakimiyyətindən maliyyə vəsaiti ayrılması barədə qanunvericiliklə müəyyən edilmiş əsaslar üzrə tələb irəli sürmək hüququ mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti başçısının vəzifələri və səlahiyyətləri arasında özbaşına tikili olan fərdi yaşayış evlərinin yenidən qurulması, təmiri, tikintisi və digər məqsədləri üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmamışdır. İddiaçı iddia tələbinin əsaslandırılmasında “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə (Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.) istinad etsə də, həmin maddənin tələblərində mənzil qanunverirciliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmələri nəzərdə tutulmuşdur. Qüvvədə olan mənzil qanunvericiliyində isə veteranlar üçün iddiaçının tələbinə müvafiq güzəştlər nəzərdə tutulmamışdır. Eləcə də, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsində (qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması) sadəcə mənzil (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulmuş və həmin Maddənin 3-cü bəndinin tələblərində qəza vəziyyətində olan yaşayış sahəsininin təmirinin onun mülkiyyətçisi tərəfindən və öz şəxsi vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinin təmiri, yenidən qurulması və digər məqsədlər üçün vətəndaşlara maddi yardım ayrılması nəzərdə tutulmamışdır. Bu halda isə, hazırki iddiada cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının əsaslandırılması müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin hazırda iddiaya cavab verməli olan orqan olmaması ilə bağlı gəldiyi qənaət əsaslıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10616/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1095/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1095/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver