Məhkəmə qərarları › İş №2-1(103)-1096/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1096/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1096/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3503/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2007-ci il tarixdən tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Xəsarəti ağır olduğu üçün Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmışdır. 1993-cü ildə Mingəçevir Tibbi sosial ekspert komissiyası tərəfindən ona ikinci qrup müharibə əlilliyi təyin edilmişdir. Həmin ildən DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən təyin olunmuş mülki pensiyanı alır. 01.01.2007-ci ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 12.2-ci maddəsinə əsasən (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) müharibə əlillərinə Müdafiə Nazirliyi tərəfindən “Məlumat vərəqinin” tərtib edilərək DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi yolu ilə pensiya təyin olunmağa başladı. O, həmin dövrdən nə qədər mübarizə aparsa da, Müdafiə Nazirliyi tərəfindən ona hərbi qulluqçu kimi pensiya təyin olunmamışdır. Ədalət öz yerini 2019-cu ilin noyabr ayında tapmış və ona Müdafiə Nazirliyinin xətti ilə pensiya təyin olunmuşdur. Qanuna əsasən ona pensiya 2007-ci ilin yanvar ayının 1-dən təyin olunmalı idi. 2017-ci ilin iyul ayının 1-nə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətdən asılı olmayaraq ödənilirdi. 2017-ci ilin iyul ayının 1-dən sonrakı dəyişikliyə əsasən müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. 2017-ci ilə kimi əlilliyə görə təyin olunmuş pensiyaçılara alınmamış pensiya məbləği birdəfəlik ödənilmişdir. 2007-ci ildən keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməməsi onun ailəsinin, əsasən də onun xəstəliyinə, durumuna və sosial hüququnun qanunsuz pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçının ərizəsində iddia etdiyi, 2007-ci il tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. İddiaçının adına əmək pensiyası təyin edilməsi üçün qulluq etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “məlumat vərəqi” tərtib edilərək 17.10.2019-cu il tarixdə İdarəyə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla 01.11.2016-cı il tarixdən ödənilməsinə qərar verilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də tərəflərindən son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3503/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3503/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi qulluqçu olmuşdur, o, 22.10.1992-ci il tarixdə «Hərbi Xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) tərxis olunmuş, DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən ona ilkin olaraq 03.08.1993-cü il tarixdə ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir və 31.10.2019-cu il tarixədək həmin pensiyanı almışdır. 09 oktyabr 2019-cu il tarixli Müdafiə Nazirliyi tərəfindən cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məlumat vərəqəsi göndərilmiş, 07.11.2019-cu il tarixdə DSMFnin Mingəçevir şəhər şöbəsi tərəfindən iddiaçının pensiya işi Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin14.11.2019-cu il tarixli Əmək pensiyasının təyin edilməsi haqqında Qərarına əsasən İddiaçı 01.11.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir, əmək pensiyası yenidən hesablanmış, həmçinin əvvəlki üç il üçün - 01.11.2016-cı il tarixdən əmək pensiyası hesablanaraq ödənilmişdir. Hazırda iddiaçı Müdafiə Nazirliyi tərəfindən “Məlumat vərəqinin” tərtib edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi yolu ilə pensiya təyin olunmağa başladığı 01.01.2007-ci il tarixdən ona əmək pensiyasının yenidən hesablanmasını və yaranacaq fərqin ödənilməsini tələb edir. Lakin qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan dövr üçün (əvvəlki üç il üçün) əmək pensiyası hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20.1, 20.1.12-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). Həmin Qanunun 20.16-cı maddəsinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə - 55 faizi; 20.16.2. İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin - 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə - 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə - 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər; Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydası»nın: 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 03/2020 saylı Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmə hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyrimütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Həmçinin, qərardadda qeyd edilmişdir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. Beləliklə, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Yuxarıda da qeyd edildiyi kimi 01.11.2019-cu il tarixdən iddiaçıya pensiya təyin edildiyindən və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin həmin tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyindən iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3503/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar