Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1096/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X9 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə X10 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6215/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşdan, yəni hüququmun yarandığı, xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinətin təyin edilməsi və ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə X5 ilə rəsmi nikaha daxil olub. Birgə nikahlarından xx.xx.1991-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1992-ci il təvəllüdlü X6, xx.xx.1994-cü il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X8 anadan olmuşdur. Həyat yoldaşı ilə birgə nikahlarından olan xx.xx.1991-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1992-ci il təvəllüdlü X1, xx.xx.1994-cü il təvəllüdlü X2, xx.xx.1994-cü il təvəllüdlü X3 8 yaşlarına qədər (həmçinin 18 yaşlarına qədər) böyüdüb və tərbiyyə edib, onların qayğılarına qalıb. Özü isə xx.xx.1962-ci il təvəllüdlüdür. 2019-cu ilin sentyabr ayının 2-də 57 yaşı tamam olmuşdur. 2020-ci ilin yanvar ayının 1-dək qüvvədə olan Sosial Müavinətlər Haqqında Qanuna əsasən ona xx.xx.2019-cu il tarixdə 57 yaşının tamam olduğu üçün 3 yaşından çox 4 övladını 8 yaşına qədər böyüdüb, tərbiyə etdiyinə görə xx.xx.2019-cu il tarixdən aylıq müavinət düşür. Çünki xx.xx.2019-cu il tarixdə onun 57 yaşı tamam olmuşdur. Göründüyü kimi 2020-ci il yanvar ayının 1-də Sosial Müvainətlər Haqqında Qanuna dəyişiklik edilən tarixə qədər onun xx.xx.2019-cu il tarixdən aylıq müavinət almaq hüququ yaranmışdır. 02 sentyabr 2019-cu ildən, yəni 57 yaşından xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinətin təyin edilməsini xahiş edib. Həmin müraciəti xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna poçt vasitəsi ilə çatdırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2021-ci il tarixində daxil olmuş müraciətinə baxılmışdır, müraciətinə Fondun aidiyyəti struktur bölməsi tərəfindən baxılaraq nəticəsi barədə ona məlumat veriləcəkdir. Göründüyü kimi cavabdehə 35 gündən artıqdır ki, müraciət etməyinə baxmayaraq hələ də ərizənin təmin və yaxud imtina edilməsi barədə heç bir məlumat daxil olmamışdır, bununla da qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6215/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya müavinət təyin edlməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda; 2) beşdən çox uşaq doğub tərbiyə etdikdə. Hazırkı halda hər iki şərt ödənilmir. 29 noyabr 2019-cu il tarixli 1703- VQD nömrəli qərarda artıq üç uşaq deyil, beş və daha çox uşaq doğub, onları tərbiyə etmiş və böyütmüş qadınlara təyin edilməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı nəinki yaş həddini, həmçinin 3 uşağının olması səbəbindən ümumən qanunvericliyin tələblərini ödəmədiyi müəyyən edilmişdir.Haqlı olaraq S.M.Vəliyevanın müraciəti üzrə tələbinə Filial tərəfindən imtina cavabı verilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf izahatında apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş edərək qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı ona 57 yaşından, yəni xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinətin təyin edilməsini xahiş etmiş, müraciəti təmin olunmadıqda isə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarda qeyd olunan şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. Belə ki, 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin yeni redaksiyasına əsasən, 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2020-ci il tarixə qədər qüvvədə olan 1.0.2-ci maddəsinin redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir (13 may 2022-ci il tarixli 531-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7.0-cı maddənin birinci abzasında “Müavinətlər” sözü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər” sözləri ilə əvəz edilmişdir): 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; Qeyd edilən normalardan aydın olur ki, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlar 57 yaşına çatdıqda sosial müavinət almaq hüququ qazanır. İş materiallarında olan doğum haqqında olan şəhadətnamələrin surətindən və Yerli mənzil istismar sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 4 uşağı (xx.xx.1984-cü il təvəllüdlü X2, xx.xx.1992-ci il təvəllüdlü X1, xx.xx.1991-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1994-ci il təvəllüdlü X3) 8 yaşınadək böyüdüb tərbiyə etmişdir və hazırda heç bir yerdə işləmir. Göründüyü kimi, iddiaçıya münasibətdə tətbiq edilən əvvəlki qanunvericiliyə əsasən , iddiaçıya 57 yaşından yaşa görə sösial müavinət təyin edilməsi üçün tələb olunan bütün şərtlər ödənilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2019-cu il tarixədək vergi ödəyicisi olması müəyyən edildiyindən, birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək, iddianı qismən təmin etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixdən deyil, vergi uçotu ləğv edildiyi gündən sonrakı gün, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməli olduğunu bildmişdir. Cavabdeh apelyasiya şikayətində xx.xx.2020-ci il tarixə qədər qüvvədə olan “Sosial müavinətlər haqqında” qanuna istinad etsə də Kollegiya tərəfindən cavabdehin dəlilləri əsassız hesab olunur. Belə ki, məhkəmə araşdırmasından da görünür ki, iddiaçının hüququ xx.xx.2020-ci il tarixə qədər artıq yaranmışdır. Bu səbəbdən də ona hüququ yarandığı tarixədək qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin e-2-1(112)-6215/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1096/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1096/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver