Məhkəmə qərarları › İş №2-1(103)-1097/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1097/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1097/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X11 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçı və onun nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin heç bir rüsum ödənilmədən aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomatik xidmət əməkdaşı olaraq xaricdə ezam olunduğu dövrdə şəxsi istifadəsi üçün aldığı 2019-cu il buraxılışlı, “BMW” markalı, “X7” modelli, 2998 kub.sm motor gücündə, ban nömrəsi VİN: WBACW21090LS09836, invoys dəyəri 74685 (yetmiş dörd min altı yüz səksən beş) avro olan avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin heç bir rüsum ödəmədən aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində çalışmışdır. Çalışdığı müddət ərzində aylıq əmək haqqı xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək attaşe – 3120 ABŞ dolları, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 3-cü katib – 3380 ABŞ dolları təşkil etmişdir. Bundan əlavə çalışdığı müddət ərzində xx.xx.2015-ci il tarixindən - xx.xx.2017-ci il tarixinədək - 312 ABŞ dolları, xx.xx.2017-ci il tarixindən - xx.xx.2019-cu il tarixinədək -338 ABŞ dolları məbləğində hər ay ona təmsilçilik xərcləri ödənilmişdir. Ona Səfirlikdə ezamiyyət müddəti başa çatanadək 170465 ABŞ dolları məbləğində əmək haqqı ilə bağlı vəsait ödənilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləyir. xx xxxxxxxx 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin Akkreditasiya şöbəsinin üçüncü katibi vəzifəsini icra edir. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində işlədiyi dövrdə şəxsi istifadəsi üçün bir ədəd “BMW” markalı, “X7” modelli, 2998 kub.sm motor gücündə, 2019-cu il buraxılışlı minik avtomobili almışdır. Həmin avtomobil xx.xx.2019-cu il tarixində Dövlət Sərhədindən keçsə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində saxlanılmışdır. Diplomatik xidmət əməkdaşı olaraq onun Rusiya Federasiyasındakı Azərbaycan Səfirliyin işlədiyi dövrdə şəxsi istifadəsi üçün əldə etdiyi bir ədəd həmin avtonəqliyyat vasitəsinin qanunvericliyin tələblərinə uyğun olaraq heç bir rüsum ödəmədən onun adına gömrük rəsmiləşdirilməsi aparılmalı olduğu halda, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksiz Mallar Üzrə Baş Gömrük İdarəsi tərəfindən iki aydır ki, həmin avtomobilin qanunamüvafiq qaydada heç bir rüsum ödənilmədən onun adına gömrük rəsmiləşdirilməsi aparılmır. Halbuki “Diplomatik Xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövr əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən “Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik X2 hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşının geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Eyni zamanda ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitəsinin mühərrik həcmi və qiyməti ilə əlaqədar qanunvericilikdə hər hansı bir məhdudiyyət nəzərdə tutulmur. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin məsul işçilərinə müraciət etsə də, bu günədək müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikasının Baş Prokuroruna etdiyi müraciətlə bağlı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin imzaladığı, Azərbaycan Respublikasının Baş Prokuroru, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri cənab Zakir Qaralova və ona göndərdiyi xx xxxxxx 2019-cu il tarixli, 1000-190/0xx-xx/025473 nömrəli məktubunda göstərilmişdir ki, “xx xxxxxx 2019-cu il tarixli 02/6-2975q-19/0011 nömrəli məktubuna cavab olaraq bildirilir ki, vətəndaş İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə idxal etdiyi “BMW” markalı, “X7” modelli, 2019-cu il buraxılışlı minik avtomobilinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş” Qaydalarının 2.3-cü bəndinin tələbinə əməl olunmadığına görə xx xxxx 2001-ci il tarixli 137-İİQ nömrəli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan imtiyazlar sözügedən avtomobilə şamil edilməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən gömrük orqanlarına təqdim olunan sənədlərin Azərbaycan Respublikası “Diplomatik xidmət haqqında” Qanununun 21.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.3-cü bəndinin tələblərinə uyğunluğunun araşdırılması zamanı ölkə ərazisinə gətirdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasına gətirməkdə gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsi riski və qanunvericilikdə diplomatik xidməti orqanının əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə halına yol verməsi müəyyən edilmişdir. Gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına iddiaçı tərəfindən təqdim olunan sənədlərin yuxarıda qeyd olunan qanunvercilik aktlarının tələblərinə uyğunluğunun gömrük orqanı tərəfindən araşdırılması nəticəsində göstərilən avtonəqliyyat vasitəsinin iddiaçının xidmət etdiyi ölkədə istifadəsində olmaması, qeyd olunan avtonəqliyyat vasitəsinin iddiaçının ezamiyyətdən qayıtdıqdan bir neçə ay sonra ölkə ərazisinə gətirməsi, diplomatik xidməti orqanın əməkdaşının diplomatik nümayəndəlikdə və ya konsulluqda işlədiyi dövrdə aldığı əmək haqqının ümumi məbləğinin, həmin əməkdaşın xarici ölkədə yaşadığı dövr ərzində zəruri xərcləri nəzərə alınmaqla, aldığı avtonəqliyyat vasitəsinin dəyərinə uyğun olmaması aşkar edilmiş və nəticədə bütün qeyd olunanlar nəzərə alınmaqla iddiaçının yuxarıda göstərilən nəqliyyat vasitəsini Almaniya Federativ Respublikasından alaraq Azərbaycan Respublikasına gətirməklə gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsi riski və qanunvericilikdə diplomatik xidməti orqanın əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə halına yol verməsi müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olur ki, iddiaçı yuxarıda qeyd edilən avtonəqliyyat vasitəsini may ayında ilkin ödəniş edərək sifariş etmişdir. İddiaçı 065 nömrəli xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2019-cu il tarixində tutduğu vəzifədən azad edilmiş, bundan sonra xx.xx.2019-cu il tarixdə ödənişin qalan hissəsini də həyata keçirmişdir. Avtonəqliyyat vasitəsi isə 2019-cu il oktyabr ayında ölkə ərazisinə idxal olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarıilə iddia tələbinin təmin edilməsi, diplomatik xidmət əməkdaşı olaraq İddiaçı xaricdə ezam olunduğu dövrdə şəxsi istifadəsi üçün aldığı 2019-cu il buraxılışlı, “BMW” markalı, “X7” modelli, 2998 kub.sm motor gücündə, ban nömrəsi VİN: WBACW21090LS09836, invoys dəyəri 74685 (yetmiş dörd min altı yüz səksən beş) avro olan avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin heç bir rüsum ödəmədən aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Cavabdeh apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ciil tarixli qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına iddiaçı tərəfindən təqdim olunan sənədlərin qanunvercilik aktlarının tələblərinə uyğunluğunun gömrük orqanı tərəfindən araşdırılması nəticəsində göstərilən avtonəqliyyat vasitəsinin iddiaçının xidmət etdiyi ölkədə istifadəsində olmaması, qeyd olunan avtonəqliyyat vasitəsinin iddiaçının ezamiyyətdən qayıtdıqdan bir neçə ay sonra ölkə ərazisinə gətirməsi, diplomatik xidməti orqanın əməkdaşının diplomatik nümayəndəlikdə və ya konsulluqda işlədiyi dövrdə aldığı əmək haqqının ümumi məbləğinin, həmin əməkdaşın xarici ölkədə yaşadığı dövr ərzində zəruri xərcləri nəzərə alınmaqla, aldığı avtonəqliyyat vasitəsinin dəyərinə uyğun olmaması aşkar edilmiş və nəticədə bütün qeyd olunanlar nəzərə alınmaqla iddiaçının nəqliyyat vasitəsini Almaniya Federativ Respublikasından alaraq Azərbaycan Respublikasına gətirməklə gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsi riski və qanunvericilikdə diplomatik xidməti orqanın əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə halına yol verməsi müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olur ki, iddiaçı avtonəqliyyat vasitəsini may ayında ilkin ödəniş edərək sifariş etmişdir. İddiaçı 065 nömrəli xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2019-cu il tarixində tutduğu vəzifədən azad edilmiş, bundan sonra xx.xx.2019-cu il tarixdə ödənişin qalan hissəsini həyata keçirmişdir. Avtonəqliyyat vasitəsi isə 2019-cu il oktyabr ayında ölkə ərazisinə idxal olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasındaiştirakedəniddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəməiclasındaiştirakedəniddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx xxxx 2015-ci il tarixli, 1322 saylı əmri ilə Dövlət protokolu İdarəsinin Akkreditasiya şöbəsinin stajçı attaşesi İddiaçı xx xxxx 2015-ci il tarixindən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin stajçı attaşesi vəzifəsinə təyin edilmiş və Moskva şəhərinə ezamiyyətə göndərilmiş, 959 saylı, xx xxxx 2018-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyinin üçüncü katibi X4 iş müddəti xx xxxx 2019-cu il tarixədək uzadılmış və həmin tarixdən tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin 065 saylı, xx xxxx 2019-cu il tarixli əmri ilə 2019-cu ilin iyul ayının 22-dən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli B/H saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində çalışmışdır. Çalışdığı müddət ərzində onun aylıq əmək haqqı xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək – attaşe – 3120 ABŞ dolları; xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 3 katib-3380 ABŞ dolları təşkil etmişdir. X5 ezamiyyət müddəti başa çatana qədər 170465 ABŞ dolları məbləğində əmək haqqı ilə bağlı vəsait ödənilmişdir. Daha sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1574 saylı, xx xxxxxxxx 2019-cu il tarixli əmri ilə 2019-cu ilin sentyabr ayının 16-dan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin Akkreditasiya şöbəsinin üçüncü katibi vəzifəsinin icra edilməsi X5 həvalə edilmişdir. İşin faktiki hallarından həmçinin o da görünür ki, iddiaçı diplomatik xidmət əməkdaşı olmaqla Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində xidmətdə olarkən Almaniya Federativ Respublikasından 2019-cu il buraxılışlı, “BMW” markalı, “X7” modelli, 2998 kub.sm motor gücündə, ban nömrəsi VİN: WBACW21090LS09836, invoys dəyəri 74685 (yetmiş dörd min altı yüz səksən beş) avro olan nəqliyyat vasitəsini almış və avtomobilə görə xx xxx 2019-cu il tarixdə 7655 avro və xx xxxx 2019-cu il tarixdə 67030 avro məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən X1 əsasında verilmiş xx.xx.02571.19 saylı, xx.xx.2019-cu il tarixli rəy ilə avtonəqliyyat vasitəsinini: Kateqoriya M1, Benzin mühərrəkli, 2998 sm3, buraxılış ili 2019 olan, VİN: WBACW21090LS09836, “BMW” markalı, AZS 636-2012, ekoloji sinif 5 normativ sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin heç bir rüsum ödəmədən aparılmasına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçının xx xxxxxxx 2019-cu il tarixdə idxal etdiyi “BMW” markalı, “X7” modelli, 2019-cu il buraxılışlı minik avtomobilinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.3-cü bəndindin tələbinə əməl olunmadığına görə xx xxxx 2001-ci il tarixli 137-İİQ nömrəli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan imtiyazlar sözügedən avtomobilə şamil edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının sözügedən avtomobili diplomatik xidmət əməkdaşı olaraq xaricdə ezam olunduğu dövrdə alaraq, dəyərini həmin dövrdə, yəni xx.xx.2019-cu il tarixdə ödəməsinin iş materialları ilə öz təsdiqini tapdığı qənaətinə gəlib iddianı əsaslı hesab etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. “Diplomatik Xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 21.9-cu maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik X3 hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, о cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur”. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarının təhlilindən aydın olur ki, diplomatik xidmət əməkdaşları xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaiti və əmlakı, о cümlədən avtonəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirərkən gömrük ödənişlərindən azaddırlar. Bu zaman müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi tələb olunur. İşin araşdırılan halları ilə iddiaçının diplomatik xidmət əməkdaşı olması, xidmətini sonuncu dəfə Rusiya Federasiyasında etməsi, ezamiyyət müddətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək davam etməsi, Səfirlikdə işlədiyi dövrdə aylıq xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək 3120 ABŞ dolları, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 3380 ABŞ dolları maaş alması, iddiaçıya ezamiyyət müddəti başa çatana qədər 170465 ABŞ dolları məbləğində əmək haqqı ilə bağlı vəsait ödənilməsi, avtonəqliyyat vasitəsinə görə ödənişi xx.xx.2019-cu il tarixdə edərək (xarici ölkədə ezamiyyətdə olarkən) alması, avtonəqliyyat vasitəsinin Avro5 ekoloji sinfinə aid olması öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə cavab olaraq göstərir ki, qanunvericilik diplomatik xidmət əməkdaşının göstərilən əmlakın gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişlərindən azad edilməsini, həmin əmlakın diplomatik xidməti orqanın əməkdaşının xaricdə işlədiyi dövrdə əldə etməsi ilə şərtləndirmişdir. Buna dair müvafiq təsdiqedici sənəd kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməli olması əsas olaraq göstərilmişdir. İddiaçının ezamiyyətdə olduğu dövrdə aldığı əmək haqqının ümumi məbləği, həmin əməkdaşın xarici ölkədə yaşadığı dövr ərzində zəruri xərcləri nəzərə alınmaqla aldığı avtonəqliyyat vasitəsinin dəyərinə uyğun olmamasının aşkar edilməsi halı ilə bağlı qanunla hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla belə iş materialları ilə iddiaçının ümumilikdə ezamiyyətdə olduğu dövrdə 170465 ABŞ dolları məbləğində əmək haqqı ilə bağlı vəsait alması, avtomobilin dəyərinin isə 74685 avro təşkil etməsi müəyyən edilir. Bu da cavabdeh tərəfindən göstərilən arqumentin əsassız olmasına dəlalət edir. Digər tərəfdən cavabdeh qeyd olunan avtonəqliyyat vasitəsinin iddiaçının ezamiyyətdən qayıtdıqdan bir neçə ay sonra ölkə ərazisinə gətirməsini əsas göstərmişdir. Halbuki iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş iddiaçıya ünvanlanmış məktubdan görünür ki, avtomobil iddiaçı tərəfindən daha əvvəl sifariş verilsə də, lakin avtomobillə bağlı yaranmış yüksək tələbatla əlaqədar, zavod tərəfindən istehsal olunaraq 2019-cu ilin oktyabr ayında Bakı şəhərinə çatdırılacağı göstərilmişdir. Göründüyü kimi iş materialları ilə sözügedən avtomobili iddiaçının diplomatik xidmət əməkdaşı olaraq xaricdə ezam olunduğu dövrdə dəyərini ödəməklə aldığı tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar olmuş, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddianı təmin etmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar