Məhkəmə qərarları › İş №2-1(103)-1098/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1098/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1098/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (tələbkar) İddiaçı Yasamal rayonu İcra və Probasiya şöbəsinin 2-1(103)- 367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4461/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Ərizəçi (tələbkar) İddiaçı Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Yasamal rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Yasamal rayonu İcra və Probasiya Şöbəsinin 2-1(103)- 367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarının ləğv edilməsi, Yasamal rayonu İcra və Probasiya Şöbəsinə həmin icra sənədinin icra edilməsi barədə tapşırığın verilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Ərizəçi (tələbkar) sonradan məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Yasamal rayonu İcra və Probasiya Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayonu İcra və Probasiya şöbəsinin 2-1(103)-367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı İnzibati məhkəməsi tərəfindən 2- 1(103)- 367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi verilmişdir ki, həmin icra sənədinə əsasən ünvan 1 ünvanında qanunsuz olaraq yerləşdirilmiş köşk Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həmin yerdən götürülüb aparılsın. Lakin sözügedən köşk hal-hazıradək qanunsuz olaraq qoyulduğu adıçəkilən ünvanda qalmaqdadır, yəni məhkəmənin verdiyi icra sənədi icra edilməmişdir. Buna baxmayaraq, Yasamal rayonu İcra və Probasiya şöbəsinin 18.12.2020-ci il tarixli qərarı ilə Yasamal rayonu İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli, guya icra sənədinin artıq icra edilməsi barədə həqiqətə uyğun olmayan məktubuna istinad edərək icra sənədi üzrə icra icraatına xitam vermişdir. Yasamal rayonu İcra və Probasiya Şöbəsinin bu hərəkətləri aşkar şəkildə qanunsuz olmaqla ərizəçinin hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4461/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra məmuru İcra Hakimiyyətinin məktubunun həqiqətə uyğun olub-olmamasını icra yerində yoxlamadan qərar qəbul etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, icra məmuru iş materiallarına fotoşəkillər əlavə etsə də, lakin bununla bağlı heç bir akt tərtib edilmədiyi üçün fotoşəkillərin onun tərəfindən çəkildiyi, həmin fotoşəkillərin faktiki icra hərəkətləri aparılan tarixdə olduğu və yaxud İcra Hakimiyyəti tərəfindən təqdim edildiyi aydın deyil. Göründüyü kimi, məhkəmə qərarı icra olunmadığı halda, ətraflı araşdırma aparılmadan formal xarakterli qərar qəbul edilmişdir. Qeyd olunan köşkün ərizəçinin mükiyyətində olan sahədə yerləşibyerləşməməsi yalnız müvafiq texniki vasitələrlə və aidiyyəti dövlət qurumunun mütəxəssisləri tərəfindən müəyyən edilə biləcəyi halda, hakim prosessual pozuntulara yol vermiş, əsassız olaraq köşkün ərizəçinin mülkiyyətində olan sahədə yerləşmədiyi qənaətinə gəlmişdir. Hal-hazırda köşkün mövcud olduğu yer ərizəçinin mülkiyyətindədir və buna dair mülkiyyət sənədi mövcuddur. Bu hal Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 367/2020 nömrəli, 07.08.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Odur ki, heç bir texniki vasitə istifadə etmədən və bu sahədə xüsusi biliyi olmadan hakimin belə əsassız qənaətə gəlməsi məhkəmədə işə baxılması ilə bağlı prosessual tələblərin kobud pozuntusudur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və ondan irəli gələrək qəbul edilmiş tikinti normaları tikililər arasında müəyyən ara məsafəsinin saxlanmasını tələb edir. AR NK-nın 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”da konkret tələblər müəyyən edilmişdir. Qeyd olunan köşkün həmin ərazidə yerləşməsi, həmçinin gələcəkdə obyektlərin birində yanğın və ya digər qəza baş verərsə, digərinin də zərər çəkməsinə səbəb ola bilər. Məhkəmə isə bu halları nəzərə almamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Yasamal rayonu İcra və Probasiya şöbəsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə Yasamal rayonu İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4461/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli İcra vərəqəsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2338/2019 saylı, 13.11.2019cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmaqla iddianın təmin olunması, ünvan 3 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşkün (butkanın) hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli İcra Vərəqəsi üzrə açılan icra işi üzrə materiallar sorğu əsasında Yasamal rayon İcra və Probasiya Şöbəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq təqdim olunan icra işinə əlavə edilmiş 02.09.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır 02.09.2020-ci il tarixli, 132545/2020-1 №li tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra məmuru İlyas Cəfərov tərəfindən Yasamal rayon İcra Hakimiyyətinə ünvanlanan bildirişdə 02.09.2020-ci il tarixli qərarla icraata başlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədində ünvan 3 ünvanında yerləşən və tələbkarın xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşkün (butkanın) hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyinin borclu Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulduğu qeyd olunaraq, göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi, həmin müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan 16.10.2020-ci il tarixli məktubda rayon icra hakimiyyəti tərəfindən Məcidov küçəsi 44/46 ünvanında qeyri-yaşayış sahəsinin qarşısındakı dəmir köşkün ərazidən sökülərək digər məntəqəyə yerləşdirildiyi bildirilmişdir. 18.12.2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən qəbul edilən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Yasamal rayon İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli məktubuna istinad olunaraq icra sənədində göstərilən tələb təmin olunduğu üçün Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Hazırda ərizəçinin ərizəsinin mahiyyəti ondan ibarətdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilən 2-1(103)-367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında qanunsuz olaraq yerləşdirilmiş köşkün Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həmin yerdən götürülüb aparılmasının təmin edilmədiyi, köşkün hal-hazıradək ünvanda qaldığı, icra sənədinin icra edilməməsidir. Birinci instansiya məhkəməsi əraziyə baxış keçirmiş və müəyyən etmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilən 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədi əsasında ünvan 3 ünvanında yerləşən və tələbkarın xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşk (butkanın) sökülərək tələbkara aid olmayan binanın digər küncündə yerləşən sahədə quraşdırılmışdır. Köşkün quraşdırıldığı sahəyə dair tələbkarın hüquqlarının olması araşdırılmış və müəyyən edilmişdir ki, qeyd olunan köşkün yerləşdiyi sahəyə tələbkarın hər hansı mülkiyyət hüquqları mövcud deyildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin (tələbkarın) mülkiyyət hüququ olmayan sahəyə dair sözügedən tələblə çıxış etməsi yolverilməzdir və ərizəçi Yasamal rayonu İcra və Probasiya şöbəsinin 2-1(103)-367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icra icraata xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarın ləğv edilməsi tələbində haqlı deyildir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanında yerləşən və tələbkarın xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşkün (butkanın) qaldığı yerdən götürülməsi üçün icra məmuru tərəfindən lazımı qanunamüvafiq icra hərəkətləri ardıcıllıqla aparılmış və bu səbəbdən icra edilməsi həvalə edilən məsələnin Yasamal rayon İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli məktubu nəzərə alınmaqla Yasamal rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 18.12.2020-ci il tarixli qərarı əsaslı olmuşdur. Konstitusiyanın 125 və 127-ci maddələrinin mahiyyətinə görə, həmin təminatlar tək hər bir şəxsin məhkəməyə müraciət etmək və işinə baxılması hüquqlarının təmin olunması ilə məhdudlaşmır, həm də işinə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyi, faktlar və qanun əsasında baxılmasını, o cümlədən qəbul olunmuş qərarın qanunla müəyyən olunmuş hədlər çərçivəsində icrasını tələb edir. Effektiv və real ədalət mühakiməsinin əsas şərtlərindən biri məhkəmə qərarlarının icra olunması ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə icraatı qaydasında qəbul olunmuş qərarın icrası nəinki hər bir məhkəmə araşdırmasının ayrılmaz, mühüm hissəsidir, həm də fiziki və hüquqi şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiə olunmasının təminatıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddələsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). AR İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadığı halda Bakı İnzibati Məhkəməsinin 2-1(103)- 367/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra edildiyi qənaətinə gəlməkdə haqlı olmamış və bununla da İPM-in 12.1-ci maddəsi ilə müəyyən edilmiş vəzifəsini icra etməmişdir. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, köşkün quraşdırıldığı sahəyə dair tələbkarın hüquqlarının olması araşdırılmış və müəyyən edilmişdir ki, qeyd olunan köşkün yerləşdiyi sahəyə tələbkarın hər hansı mülkiyyət hüquqları mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 367/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanında yerləşən və tələbkarın xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısına qoyulmuş dəmir köşkün (butkanın) hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyi borclu Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Yəni icra sənədinə əsasən tələbkarın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısına qoyulmuş köşkün götürülməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə ərizəçinin köşkün yerləşdiyi sahəyə hər hansı mülkiyyət hüquqlarının mövcud olmadığını qeyd etmişdir ki, belə bir hal icra sənədinə əsasən də müəyyən edilmir. Göründüyü kimi, icra sənədi yalnız dəmir köşkün (butkanın) götürülərək tələbkarın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hüdudlarından kənarda yerləşdirildiyi halda icra edilmiş sayılmalıdır. Hazırkı halda isə, icra sənədində qeyd olunduğu kimi ünvan 3 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısına qoyulmuş dəmir köşkün (butkanın) hal-hazırda qaldığı yerdən götürülərək onun mülkiyyətində olmayan əraziyə yerləşdirilməsinin borclu Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icra olunması işdə olan sənədlərlə və icra işinin materialları ilə sübut olunmur. Yasamal rayon İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli məktubu nəzərə alınmaqla Yasamal rayon İcra və Probasiya şöbəsi icra sənədi üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Belə ki, icra məmuru tərəfindən həmin məktubun həqiqətə uyğun olubolmaması yoxlanılmadan, icra sənədində qeyd olunan tələbin borclu tərəfindən icra olunub-olunmamasını müəyyən etmədən icra sənədinin icra olunması qənaətinə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin yerində müayinə protokolunda qeyd edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşdirilmiş köşkə baxış keçirildi, köşkün binanın önündə olduğu müəyyən olundu. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi ərizəyə təkrar baxarkən, hazırkı qərardadda göstərilən xüsusatlar, nəzərə alınmaqla icra sənədinin icrasının tam təmin edilib-edilmədiyini müəyyənləşdirməklə müvafiq əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4461/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar