Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1098/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi”tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bağlar İdarəsinin xx.xx.1988-ci il tarixli 19653 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 3512 saylı, 0,14 ha bağ sahəsinin X6 məxsus olması barədə arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,14 ha olan 3512 saylı bağ sahəsinə mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, iddiaçılar tərəfindən təqdim olunan müqavilə barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka keçirilən texniki baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən şərti olaraq kənardan göstərilən ərazi digər fiziki şəxslər tərəfindən 3 hissəyə bölünüb, ərazinin bir hissəsində digər fiziki şəxslər tərəfindən hasarlar, bağ evi və köməkçi tikililər inşa olunub. Bundan əlavə, bağların bölgüsünə dair sxematik xəritədə sözügedən “3512” saylı bağ sahəsinin nömrəsi qeyd olunmamışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, təqdim edilmiş müqavilə barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır; - Bakı şəhəri Bağlar İdarəsinin xx.xx.1988-ci il tarixli 19653 saylı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər X8 İcrayə Komitəsinin 31 may 1988-ci il tarixli 5/310 saylı qərarına əsasən X6 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 3512 saylı, 0,14 ha bağ sahəsi ayrılmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 17 iyul 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Sumqayıt “ASAN Xidmət” mərkəzində xüsusi notariat ofisinə 03 may 2002-ci ildə vəfat etmiş miras qoyan X10 (doğum tarixi: xx.xx.1931-ci il tarixli) vərəsəsi oğlu-İddiaçı1 və İddiaçı2 müraciət etmiş və vərəsələr siyahısına daxil edilmişdir; - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3512” saylı bağ sahəsinə dair məlumat və sənəd İdarənin arxivində aşkar edilməmişdir. - 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Ləhiş bağ massivində yerləşən 3514 saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş ərazisində 3514 nömrəli bağın istifadəyə verilməsi haqqında 14383 saylı, 10 oktyabr 2005-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonunun ərazisində 0,25 hektar torpaq sahəsi olan 3514 №-li bağ sahəsi X1 istifadəsinə ayrılmışdır; - 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3512” və “3514” saylı bağ sahələrinin yerləşdiyi ərazi üzrə sxematik xəritənin surəti məhkəməyə təqdim edilmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. “Torpaq islahatı haqqında Qanun”:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dörduncü hissə əlavə edilmişdir; «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir» «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən aydındır ki, xx.xx.1988-ci il tarixli 19653 saylı müqaviləyə əsasən mübahisəli torpaq sahəsi iddiaçıların mərhum atası X7 ayrılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan apelyasiya şikayətindəki imtinasının əsası kimi mübahisəli əraziyə dair iddiaçılar tərəfindən təqdim olunan müqavilə barədə İdarənin arxivində məlumat aşkar edilmədiyini qeyd etmişdir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya hesab edir ki, iddiaçılar tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən müqavilə olduğu təqdirdə, həmin müqavilənin arxivdə aşkar edilməməsi əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Belə ki, müvafiq müqavilənin əvvəlki qurum tərəfindən cari cavabdeh orqana təhvil edilməmiş olması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Cavabdehin apelyasiya şikayətindəki ikinci dəlili isə “3512” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması kimi qeyd edilmişdir. Kollegiya ilk öncə vurğulamağı zəruri hesab edir ki, cavabdehin istinad etdiyi, iş materiallarına əlavə edilmiş sözügedən sxematik xəritə bağ sahələrinin yerləşdiyi istiqamət, tutduğu yer və ölçüləri barədə müvafiq ərazilər üzrə inzibati orqanın müvafiq mütəxəssisi tərəfindən tərtib edilmiş və fərdi istifadə üçün nəzərədə tutulmuş xəritələrdir. Həmin xəritələr xüsusi qaydada deyil, yalnız mütəxəssis tərəfindən əl ilə hazırlanmaqla, qanunla müəyyən edilmiş səlahiyyət əsasında təsdiq edilmədiyindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Digər tərəfdən, faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, şəxsin istifadəsindəki bağın yerləşdiyi torpağın dövlə qeydiyyatına alınmasının yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Kollegiya qeyd edir ki, cavabdeh orqan iddiaçının müraciətinə verilən imtina cavabını yuxarıda qeyd edilən ziddiyyətlərlə əsaslandırsa da, həmin ziddiyyətlərin aradan qaldırılması məqsədilə hər hansı araşdırma aparmamışdır. Belə olan halda nəticə etibarı ilə sxematik xəritədəki məlumata əsaslanaraq torpaq sahəsinin qeydiyyatından imtina edilməsi barədə cavabdehin mövqeyi əsaslı qəbul edilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin sadalanan hallarını nəzərə alaraq cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, Firuz Məmmədovun adına bağlanmış xx.xx.1988-ci il tarixli 19653 saylı müqavilə iddiaçıların mərhum atasının adına torpaq sahəsinə dair arayışın verilməsinə qanuni əsasdır. Lakin, hazırkı işin hallarından da göründüyü kimi mübahisəli bağ sahəsinə dair iddiaçılar İddiaçı1 və Gültamam Məmmədova mərhum atalarının adına arayış verilməsinə əsas olan sənəd mövcud olduğu halda cavabdeh əsassız bəhanələr gətirərək torpaq sahəsinə dair Firuz Məmmədovun adına rəsmiləşdirmə işləri aparılmasından imtina etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətini əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov