Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1099/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Sabunçu rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3490/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qüvvədə olan normativ aktlara müvafiq olaraq pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sığorta stajı və pensiya sığorta kapitalı olmadığından əmək pensiya hüququ yaranmır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtina məktubunun dəlilləri apellyasiya şikayəti ilə eynidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının cavabdehə ərizə ilə müraciət etdiyi dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, qanunverici qəbul etdiyi normativ-hüquqi aktla sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olduğunu imperativ qaydada tələb etmiş, bu sənəd müxtəlif səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda isə iş stajının yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilə biləcəyini bildirmişdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin, qeyd olunanlara zidd olaraq, iddiaçı mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əmək kitabçasını cavabdehə və Məhkəməyə təqdim etməmişdir. İddiaçı belə bir sənəd kimi Culfa rayon dövlət arxivinin xx.xx.2019-cu il tarixli 188 nömrəli arxiv arayışına istinad edir. Lakin arxiv arayışı Qaydalarla nəzərdə tutulmadığı üçün, belə bir hüquqi əhəmiyyətə malik deyil. Məhkəmə kollegiyası bildirir ki, təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən sənədin (əmək kitabçasının) təqdim edilməməsi iddianın əsassızlığına dəlalət edir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı əmək kitabçasını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulmuş ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə olan halda, cavabdehin imtinası qanunvericiliyə əsaslandığı, yəni bu əsas normativ hüquqi aktla tənzimləndiyi üçün, qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Bu isə o deməkdir ki, imtinası mahiyyətcə qəbul edildiyi vaxt qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən cavabdehin üzərinə belə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. İddiaçının əmək kitabçasının əvəzinə təqdim etdiyi arxiv arayışının qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajını təsdiq edən mötəbər sənəd olması fərz olunan halda da iddia əsaslı deyil. Belə ki, xx.xx.2019-cu il tarixli arxiv arayışına görə, iddiaçı Culfa rayonu Milax kənd C.Məmmədquluzadə adına sovxozda 1967-ci ilin iyun ayında, 1968-ci ilin mart-oktyabr aylarında, 1969-cu ilin fevral-iyun və sentyabr aylarında, 1970-ci ilin mart-may və iyul-oktyabr aylarında, 1971-ci ilin yanvariyun aylarında, 1972-ci ilin fevral-iyun aylarında olmaqla, cəmi 33 ay, yəni 2 il 9 ay işləmişdir. Həmin arayışda göstərilən Culfa rayon 52 nömrəli X2 işlədiyi 6 il 5 ay (xx.xx.1984-xx.xx.1991) və NZ ******* nömrəli hərbi biletə əsasən 2 il (may, 1972 - may, 1974) hərbi xidmət müddəti də toplandıqda, iddiaçının iş stajı cəmi 11 il 4 edir (1972-ci ilin may-iyun aylarında sovxozda deyil də, hərbi xidmətdə olması nəzərə alınarsa, 11 il 2 ay). xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1953-cü il tarixdə anadan olmuş iddiaçının xx.xx.2017-ci il tarixədək 63 yaşı tamam olsa da, o, bu tarixə azı 12 il sığorta stajına malik olmamışdır. Lakin birinci instansiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə işin bu qərarla müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə səhv qərar qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla və Qaydalarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3490/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qüvvədə olan normativ aktlara müvafiq olaraq pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1099/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1099/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver