Məhkəmə qərarları › İş №2-1(103)-1099/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1099/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1099/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3484/2020 nömrəli iş üzrə 15 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası) məhkəməyə müraciət edərək, iddiaçının adına olan 30.07.2019-cu il tarixli 2709003AACD4 nömrəli forma 088 göndərişin qəbul edilməsi və həmin göndərişə əsasən iddiaçıya düşən 3-cü dərəcəli əlillik təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.12.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 30.07.2019-cu il tarixli 2709003AACD4 saylı göndərişi əsasında 06.08.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik 15.05.1992-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Monokulyar korluq, OD-astiqmatizm, ambliopiya, Vİs.OD0.03 k/et (yüzdə üç). Vİs.OS-0.9 (onda doqquz)”, ağırlaşma kimi isə “Astiqmatizm, OD mürəkkəb hipermetropik astiqmatizm” və “Ağırlaşmış katarakta, OD-fəsadlı yetişməmiş katarakta” xəstəlikləri göstərilmişdir. Göndərişdə xəstənin görmə itiliyi "Vİs.OD-0.03 k/et.(yüzdə üç). Vİs.OS-O.9 (onda doqquz)” şəklində göstərilmişdir. Oftalmoloqun müayinəsi “Göz dibi: duman içində, görmə siniri məməciyi normal, makulofoveolyar refleks zəifləyib, periferiya normal. OS-ön şöbə normal, göz dibi patalogiyasızdır” şəklində verilmişdir. Qeyd edilmiş müayinə problemin yalnız gözün ön kamerasında, büllurda olmasını göstərir. Diaqnozdan da məlum olur ki, büllurda yetişməmiş katarakta var ki, bu da spesifik müayinə ilə aradan qalxa bilər və görmə itiliyi bərpa oluna bilər. Buna görə də əsaslı olaraq əlillik təyinatı aparılmamış və ixtisaslaşmış müayinə və müalicə aparılması tövsiyyə edilmişdir. Məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsi tərəfindən verilmiş 397 KEŞ saylı 16 oktyabr 2020-ci il tarixli rəyə, iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş AR Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə və Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na istinad etmişdir. Əvvəla, maraqı tərəf olan Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikasının iddiaya dair etirazında göndərişdə xəstənin bütün müraciətlərinin, stasionar müayinə və müalicələrinin, laborator analizlərinin, Ak.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində aparılmış və xəstəyə əlilliyin təyini üçün əsas verə bilən bütün müayinələrin ətraflı qeyd edildiyini göstərməsi başa düşüləndir. Belə ki, yuxarıda qeyd olunmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə, “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”; 4.7. bəndinə görə, “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. İkincisi, iddiaçı ərizəsində 2709003AACD4 nömrəli göndərişlə bağlı əlilliyin təyinindən imtinanın əsassızlığını mübahisələndirmişdir. Məhkəmənin əsas götürdüyü məhkəmə tibb ekspertizasının rəyində isə 06.08.2019-cu il tarixdə 2709003AACD4 nömrəli göndərişin qiymətləndirildiyi zaman mövcud olmuş məlumatlara deyil, sonradan keçirilmiş, yəni 07.10.2020-ci il tarixdə Briz-L Göz Klinikasında aparılmış müayinə nəticəsinə istinad edilərək göndərişin düzgün doldurulması qeyd olunmuşdur. Halbuki, ekspertin öz rəyində qeyd etdiklərinin 2709003AACD4 nömrəli göndərişdə əks olunmaması açıq-aşkar görünür. Belə ki, 397/KEŞ nömrəli 16.10.2020-ci il tarixli rəyin nəticə hissəsində qeyd olunur ki, iddiaçının mütəxəssis müayinəsi zamanı onun sağ gözündə büllur bulanması - anadangəlmə kataraktanın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar cərrahiyyə əməliyyatı icra olunsa belə, xəstədə görmə itiliyi artmayacaq, çünki göz tam tənbəlləşmiş və dərin ambliopiya əmələ gəlmişdir. Qeyd olunanlar 2709003AACD4 nömrəli göndərişdə əks olunmamışdır. Əksinə, Forma 88-də sağ gözdə büllurun bulandığı, göz dibinin normal olduğu qeyd olunub. Bu halda sağ gözdə ixtisaslaşmış müayinə aparıb, büllur süni büllurla dəyişilməlidir. Katarakta isə əməliyyat olunmalı, sonra yenidən qiymətləndirmə aparılmalıdır. Yalnız bundan sonra görmə itiliyi artmadığı təqdirdə əlillik təyinatı aparıla bilər. Bundan başqa, 397/KEŞ nömrəli rəydə xəstənin gözündə çəplik olduğu, eynək taxması, Vep müayinəsinin nəticələri yazılıb, Forma 88-də isə bunlar barədə qeyd olunmayıb. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsaslıdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanladığı 23.01.2020-ci il tarixli **********4 nömrəli imtina məktubunda göstərilmişdir ki, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası tərəfindən 30.07.2019-cu il tarixli 2709003AACD4 saylı göndərişlə göndərilmiş iddiaçıya aid 088 nömrəli arayışda xəstəliyin başlanma tarixi 15.05.1992-ci il; xəstəliyin gedişi xroniki; əsas diaqnoz - H54.4 xəstəliyin adı “Monokulyar korluq, OD-astiqmatizm, ambliopiya, Vİs.OD- 0.03 k/et (yüzdə üç). Vİs.OS-0.9 (onda doqquz)”, ağırlaşma-H52.2 xəstəliyin adı - “Astiqmatizm, OD-mürəkkəb hipermetropik astiqmatizm” və H26.2 “Ağırlaşmış katarakta, OD-fəsadlı yetişməmiş katarakta”; yanaşı xəstəliklər H52,0 Hipermetropiya OS-zəif dər. hipermetropiya; TSEK-ə göndərilməsi üçün əsas: Ümumi xəstəlik göstərilmişdir. Həmin arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur, həkimin rəyi: Diaqnozu təsdiqləyən müayinələr tam aparılmayıb. İxtisaslaşdırılmış müayinə, müalicəyə ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsi tərəfindən verilmiş 16.10.2020-ci il tarixli 397 KEŞ nömrəli ekspert rəyinə görə, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 8 nömrəli şəhər poliklinikasında iddiaçının adına 30.07.2019-cu il tarixli göndəriş düzgün tərtib edilmişdir. İddiaçıya aparılmış müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçının mütəxəssis müayinəsi zamanı onun sağ gözündə büllur bulanması anadangəlmə kataraktanın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar cərrahiyyə əməliyyatı icra olunsa belə, xəstədə görmə itiliyi artmayacaq, çünki göz tam tənbəlləşmiş və dərin ambilopiya əmələ gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi dövrdə qüvvədə olmuşdur): 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. AR Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın: 1.2-ci bəndinə görə, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulatorpoliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir; 1.3-cü bəndinə əsasən, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (1.3.1); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5). AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir; 1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır; 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması haqqında olduğuna görə, məcburetmə haqqında iddialara aiddir (İPM-in 2.2.2-ci maddəsi). Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (İPM-in 33.1-ci maddəsi). Bu qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (İPM-in 33.2ci maddəsi). Məcburetmə haqqında iddiaya baxan məhkəmənin yekunda hansı qərarları qəbul edib-edə bilməyəcəyi İPM-in 73-cü maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən: 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İşdən görünür ki, hazırkı mübahisə əliilliyin təyini, yəni inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunma ilə əlaqədardır (İPM-in 73.3.2-ci maddəsi). Bu halda isə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Belə ki, həm əvvəl qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”, həm də hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq, şəxsin əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Başqa sözlə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin (iş üzrə üçüncü şəxs 8 nömrəli şəhər poliklinikası) həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında (Forma 088) daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Lakin cavabdeh konkret hallara istinad edərək, göndərişin tam və düzgün doldurulmadığını bildirir (göndərişdə iddiaçının səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir, müayinə problemin yalnız gözün ön kamerasında, büllurda olmasını göstərir, diaqnozdan məlum olur ki, büllurda yetişməmiş katarakta var ki, bu da spesifik müayinə ilə aradan qalxa bilər və görmə itiliyi bərpa oluna bilər). Demək ki, qanunvericilik əlilliyin tibb müəssisələrinin göndərişi əsasında aparılmasını, əlilliyin qiymətləndirilməsinin isə məhz bu göndəriş əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilməsini imperativ qaydada tələb etdiyindən, məhkəmə də qərar qəbul edərkən bu iradəni rəhbər tutmalıdır. Yəni, “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişi qiymətləndirərək, əlilliyi təyin etmək səlahiyyəti TSEK-lərə verildiyindən, sonuncular da bu qiymətləndirməni yalnız sözügedən göndərişlər əsasında həyata keçirə bildiyindən, digər sənədlər, hətta ekspert rəyləri adıçəkilən sənədləri əvəz edə bilməz. İPM-in 1.2-ci maddəsindən göndərmə ilə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin, işdən göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən imperativ tələblərini nəzərə almadan, bununla da maddi hüquq normalarının pozuntusuna yol verərək, nəticədə, qanunsuz qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının ona əlilliyin təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3484/2020 nömrəli iş üzrə 15 dekabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 30.07.2019-cu il tarixli 2709003AACD4 nömrəli forma 088 göndərişin qəbul edilməsi və həmin göndərişə əsasən iddiaçıya 3-cü dərəcəli əlillik təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar