Məhkəmə qərarları › İş №2-1(103)-1099/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1099/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1099/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın təyin edilməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7696/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1954-cü il tarixdə doğulmuşdur.

2. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 09 fevral 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 23 il 9 ay 9 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 3 ay 9 gün sığorta stajına uyğun olaraq 17718,12 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 140,40 manat olmaqla ümumilikdə 17858,52 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2022-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 34.560 manat, minimum əmək pensiyasının məbləği isə 240 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X1 Sisteminin Pensiya altsistemində əks olunmuş məlumatlara əsasən iddiaçının 2018-ci il üzrə ödədiyi məcburi dövlət sosial sığorta ödənişləri fərdi hesabda xx.xx.2021-ci il tarixindən qeydə alınmışdır. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra, cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının xx.xx.2019-cu ildən hesablanmaqla təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizə ilə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş, yaş və 25 illik staj şərtləri olmasına baxmayaraq cavabdeh tərəfindən ona pensiya təyin edilməsindən imtina edilmişdir. Cavab olaraq ona ünvanlanmış 09 fevral 2022-ci il tarixli **********49 №-li məktubda qeyd edilmişdir kı, təqdim etdiyi xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 23 il 9 ay 9 gün təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 9 ay 9 gün sığorta stajına uyğun olaraq 17718,12 manat, 01 01 2021-ci il tarixindən 01 07.2021-ci il tarixinədək 140,40 manat olmaqla ümumilikdə 17858,52 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28880 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2022-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 34.560 manat, minumum əmək pensiyasının məbləği isə 240 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019- 2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyasının təyin edilərkən onun 2006-cı ilin yanvarın 1 dək olan stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin məktubda göstərilmişdir kı. xx.xx.2006-cı ıl tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin məktubda əlavə olaraq bildirilir ki, X1 Sisteminin Pensiya altsistemində əks olunmuş məlumatlara əsasən onun 2018-ci il üzrə ödədiyi məcburi dövlət sosial sığorta ödənişləri fərdi hesabda xx.xx.2021-ci il tarixindən qeydə alınmışdır. Bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Halbuki əmək fəaliyyətinə başladığı 1971-ci ildən hesablanmaqla onun 25 il əmək stajı vardır və bu məlumatlar onun əmək kitabçasında qeyd olunmuşdur. O, xx.xx.1954-cü il tarixində anadan olmuş və 1971-ci ildən əmək fəaliyyətinə başladığı üçün müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunan kimi yaşa görə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sosial arayış nəzərə alınaraq hesablanmalıdır. DSMF-in “e-sosial” elektron məlumat sistemində onun xx.xx.2018-ci ilədək ümumilikdə 156 manat sosial sığorta ödənişi ödədiyinə dair məlumatlar öz əksini tapmışdır. Filial tərəfindən X1 Sisteminin Pensiya altsistemində 2018-ci il üzrə məcburi dövlət sosial sığorta ödənişlərinin fərdi hesabda xx.xx.2021-ci il tarixindən qeydə alındığını səbəb gətirməklə onun pensiya təminatı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki 2018-ci il üzrə məcburi dövlət sosial sığorta ödənişləri fərdi hesabda qeydə alınmışdır.

6. Cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, onun sosial sığorta stajı 23 il 09 ay 09 gün təşkil edir (əmək kitabçasında qeyd edilən bütün dövrlər + hərbi xidmət müddəti). Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək olan dövr üzrə 23 il 09 ay 09 gün sosial sığorta stajına müvafiq olaraq 17718,12 manat, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək 140 manat pensiya kapitalı qeydə alınmışdır. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006 - xx.xx.2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmamış, X1 sisteminin pensiya altsistemində əks olunmuş məlumata əsasən, onun 2018-ci ilin yanvar-iyun ayları ərzində ödədiyi məcburi dövlət sosial sığorta haqları fərdi hesabda xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Bununla yanaşı iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdə (63 il 06 ay) “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsi qüvvədə olmamış, avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı 2019-cu ilin yanvarın 1-dən etibarən tətbiq edilməyə başlanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7696/2022 saylı qərarı ilə (hakim Həmid Ağalarov) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2018ci il tarixdə (63,5 yaşının tamam olduğu vaxt) yuxarıda istinad olunan maddələr mövcud olmamış və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. xx.xx.2019-cu il tarixdən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi, yəni həmin maddələrin iddiaçıya münasibətdə tətbiq edilməsi və 22-1.4.2-ci maddə ilə istisna edilmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı mövcud olmamışdır. Həmin sığorta ödənişini 2021-ci ildə etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajına malik olmadığından, iddia təmin еdilməməlidir. 9.İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. Apellyasiya şikayətində, həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən DSMF-n “e-sosial” elektron məlumat sistemində onun xx.xx.2018-ci ilədək ümumilikdə 156 manat sosial sığorta ödənişi ödədiyinə dair məlumatların öz əksini tapması kimi faktiki hallar araşdırılmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 2006-cı ilin yanvar ayının 1-dən 2018-ci ilin isə iyul ayının birinədək sığortaolunanın fərdi hesabında kapital olmalıdır. Sübutlara təsdiq olunur ki, həmin tarix üzrə onun sığorta ödənişləri mövcuddur. Sadəcə olaraq həmin ödənişlər 2021-ci ildə sistemdə yüklənmişdir. Qeyd olunan kapital mövcuddursa artıq bu halda sığortaolunanın sığorta stajı hətta 285 ildən az olsa belə 25 il staj kimi qəbul edilir. 2018-ci il üzrə fərdi hesabında kapital mövcud olduğundan (baxmayaraq ki, həmin məvbləğ 2021-ci ildən hesaba yüklənib) onun sığorta stajı 285 ildən az olsa belə 25 kimi qəbul edilməli və ona əmək pensiyası təyin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

16. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

“Əmək pensiyaları haqqında” Qanun:

17. Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

18. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

19. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; - “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti.

22. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

23. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

24. 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

25. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (əvvəlki redaksiya)

26. Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığortaformalarında olur.Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi(kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir.

27. Maddə 12. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə vətəşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.

28. Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıyaverilən pul vəsaitidir.

29. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə(gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

30. Maddə 14.6. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrəxərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.

“İnzibati icraat haqqında” Qanun:

31. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə

33. Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apelyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

36. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

39. İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən pensiya təyinatından imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.

40. Mübahisənin ərazi aidiyyəti bağlı qeyd edilməlidir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Binəqədi rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir.

41. Həmçinin qeyd edilməlidir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (İPM-nin 14.3-cü maddəsi). Yəni, iddiaçı ona əmək pensiyasının təyin olunmalı olması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğunu sübut etməlidir (imtinanının əsasından asılı olmayaraq).

42. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 63 yaş 6 ayının tamam olduğu 22 may 2018-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

43. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi və əmək kitabçasında qeyd edilən bütün dövrlər və hərbi xidmət dövrü nəzərə alınsa belə azı 25 il sığorta stajına malik olmaması işin mübahisəsiz halıdır.

44. Lakin iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin tətbiq edilməklə 2021-ci ildə 2018-ci il üzrə ödədiyi sosial sığorta ödənişi nəzərə alınmaqla sığorta stajının 25 il hesablanmalı olmasına istinad edir.

45. Qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla (xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir) yeni məzmunda 22-1-ci maddə əlavə edilmişdir. Həmin normaya əsasən - 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.

46. 22-1.2-ci maddəsinə əsasən isə 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: - 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ... 22-1.4-cü maddəsinə əsasən, bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.

47. Göründüyü kimi, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdə (63,5 yaşının tamam olduğu vaxt) yuxarıda istinad olunan maddələr mövcud olmamış və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. xx.xx.2019-cu il tarixdən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi, yəni həmin maddələrin iddiaçıya münasibətdə tətbiq edilməsi və 22-1.4.2-ci maddə ilə istisna edilmişdir.

48. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı mövcud olmamışdır. Həmin sığorta ödənişini 2021-ci ildə etmişdir.

49. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajına malik olmadığından, iddia təmin еdilməməlidir.

50. Göründüyü kimi, iddiaçının dəlillərinə dair məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış, sonuncu tələbinin (həmçinin apellyasiya şikayətinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

51. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7696/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar