Məhkəmə qərarları › İş №2-1(103)-11/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-11/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-11/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi) “bağ sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3104/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 10 saylı bağ evinə dair onun adına çıxarışın verilməsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum əri X9 Bakı şəhər X18 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il 1/25 saylı qərarına əsasən Bakı şəhəri “Qırmızı oktyabr” bağçılıq yoldaşlıq cəmiyyətinə məxsus Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ verilmişdir. Əri ölmüş və o, varis qismində tanınmışdır. Bağ sahəsinin ayrılması ilə bağlı protokol da mövcuddur. O, həmin sənədlərin surətlərinin ona verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciəti əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iddiası təmin edilərək cavabdehin hərəkətləri qanunsuz hesab edilmişdir. Bundan başqa cavabdehin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla ona həmin bağ sahəsinə çıxarışın verilməsindən imtina etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən mərhum əri X12 adına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,6 ha olan 10 saylı bağa dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, idarənin elektron baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazi “Qırmızı Oktyabr” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Həmçinin göstərilən əraziyə digər şəxslərin-X1 və X14 müraciətləri olmuşdur. Məhkəmənin 2-1(112)-3104/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə X6 və X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3104/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspertizanın keçirilməsinə dair qərardad qəbul etsə də, ekspertizanın obyektiv keçirilməsi üçün cavabdeh və üçüncü şəxslər tərəfindən sənədlərin təqdim edilməsini təmin etməmiş, bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertiza keçirilən zamanı iddia edilən və naturada göstərilən torpaq sahələrinin üst-üstə düşüb düşməməsi müəyyən edilə bilinməmişdir. Bundan başqa, ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilmədiyi üçün ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadığı halda, məhkəmə bu mübahisəli vəziyyətin aradan qaldırılması üçün təkrar ekspertiza təyin etməmişdir. Həmçinin, cavabdeh orqanının xx.xx.2013-cü il tarixli **********25 saylı məktubundan müəyyən edilir ki, Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin xx.xx.1988-cü il tarixli 1/25 saylı qərarına əsasən Bakı şəhəri Xəzər rayonu Dübəndi qəsəbəsində yerləşən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X7 adına bağ sahəsi ayrılmışdı, əgər məhkəmə iddianı rədd edirsə həmin torpaq sahəsinin faktiki yerləşdiyi ünvanı, torpaq sahələrinin üst-üstə düşmədiyini müəyyən etməli, bunun üçün ekspertiza keçirilməsini təmin etməli idi. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-53/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Muradova (Mustafayeva) Mətanət Niyaz qızı zəruri cəlb etmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, hüquqi məslələrə dair izahat verərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən üçüncü şəxslər X1 və X14 vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən üçüncü şəxs Muradova (Mustafayeva) Mətanət Niyaz qızı mübahisələndirilən torpaq sahəsinin onun torpaq sahəsinə aid olmadığını bildirərək, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İnzibati işdən müəyyən olunur ki, Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X7 adına bağ sahəsi ayrılmışdır. X15 2003-cü il aprel ayında Dərbənddə ölmüşdür. X7 vərəsəsi kimi onun arvadı İddiaçı tanınmışdır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,6 ha olan 10 saylı bağ sahəsinin X9 məxsus olması haqqında arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı mübahisəli bağ sahəsinə dair heç bir texniki sənədlərin mövcud olmaması səbəbindən həmin bağ sahəsinin harada yerləşməsinin, hər hansı bağçılıq yoldaşlığın ərazisinə düşüb-düşmədiyinin və həmin bağ sahəsinə dair digər şəxslərin müraciətləri ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən olunması mümkün olmamışdır, iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən isə iddiaçı tərəfindən naturada göstərilən sahə heç bir bağçılıq yoldaşlığın ərazisinə düşmür və həmin bağ sahəsi digər şəxslərin müraciətləri ilə üst-üstə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma aparılarkən mübahisəli bağ (torpaq) sahəsindən digər şəxslərin istifadə edibetmədiyinin, iddiaçının torpaq sahəsi ilə üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahələrinin üst-üstə düşüb düşməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, həmçinin, iş üzrə mütəxəssis rəyləri alınmışdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarının surətindən görünür ki, “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın 32 üzvünə bağ sahəsi ayrılmışdır. O cumlədən bağ sahəsi ayrılan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X7 adı qeyd edilmişdir. -Savalan mebel fabrikinin Həmkarlar İttifaqı komitəsinin 21 iyun 2001-ci il tarixli 10 nömrəli orderi əsasında iddiaçının mərhum əri X9 Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən 0,06 ha bağ sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli **********25 saylı məktubundan müəyyən edilir ki, Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X7 adına bağ sahəsi ayrılmışdır. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********09 №li xx.xx.2021-ci il tarixli və **********26 №li məktubları ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sənəd üzrə sahə 0,06 ha olmasına baxmayaraq, faktiki bağ sahəsinin sərhədlərinin bir tərəfi hasar, 1 tərəfinə bünövrə qoyulmuş, 2 cərgə mişar daşı düzülmüş, 2 tərəfinə isə 4-5 cərgə mişar daşı düzülmüşdür və sahəsi 0,0485 ha təşkil edir. İdarənin elektron kadastr baza məlumatına əsasən göstərilən sahə heç bir bağçılıq yoldaşlığın ərazisinə düşmür. Əlavə olaraq bildirilir ki, bağ sahəsi digər şəxslərin müraciətləri ilə üst-üstə düşür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/5359 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən bağ sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən Bakı şəhəri keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən bağ sahəsinin sənəd üzrə ölçüsünün nə qədər olması müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin ölçüsü 600 kv. metr təşkil edir. - Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən bağ sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən Bakı şəhəri keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən bağ sahəsinin ərazisi digər şəxslərə məxsus bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin elektron kadastr məlumat bazasında iddiaçı X3 iddia etdiyi və naturada göstərdiyi koordinatları müəyyən edilmiş torpaq sahəsinə hər hansı fiziki və hüquqi şəxsə torpaq sahəsinin ayrılması, hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. - Apellyasiya baxışında araşdırma zamanı “Qırmızı Oktyabr” (Savalan) bağçılıq yoldaşlığı tərəfindən ayrılmış Dübəndi qəsəbəsində yerləşən torpaq sahələrinə dair çıxarışların verilib-verilməməsi ilə bağlı icraat materiallarının təqdim olunmasına dair məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, X10 “Savalan” bağçılıq-yoldaşlığın Dübəndi bağçılıq-yoldaşlığının xx.xx.1996-cı ildən üzvü olmuş, 0,06 ha ölçüsü olan 10 saylı bağ sahəsinə dair 10 saylı order verilmişdir. - Apellyasiya araşdırması zamanı “Qırmızı Oktyabr” Bakı mebel İstehsalat birliyinin arxiv qovluğu iş materiallarına əlavə edilmişdir. Həmin arxiv qovluğuna “Qırmızı Oktyabr” (Savalan) bağçılıq yoldaşlığın ayrıc-aktı əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-53/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Muradova (Mustafayeva) Mətanət Niyaz qızı zəruri cəlb etmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və 3-cü şəxsə məxsus yaşayış evinin yerləşdiyi, 3-cü şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli 10/4790 №-li ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə: Ümumi ərazi daxilində göstərilən torpaq sahəsi faktiki olaraq 0.0485 ha təşkil edir. Torpaq sahəsinin bir tərəfi hasar, bir tərəfinə (yol) bünövrə qoyulmuş iki cərgə mişar daşı düzülmüş, iki tərəfinə isə 4-5 cərgə mişar daşı düzülmüşdür (düzülmüş daşların bir hissəsi uçmuşdur). Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunur. Qərardadın ikinci sualı üzrə: Vahid elektron kadastr məlumat bazasında göstərilən hissədə heç bir ayrıc aktı məlumatı yoxdur. Eyni zamanda göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. Qərardadın üçüncü sualı üzrə: Vahid elektron kadastr məlumat bazasında göstərilən hissədə heç bir ayrıc aktı məlumatı yoxdur. Eyni zamanda göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti mövcuddur. Qərardadın dördüncü sualı üzrə: Göstərilən əraziyə digər fiziki şəxslərin müraciəti mövcuddur. Qərardadın beşinci-altıncı sualları üzrə: Mustafayeva (Muradova) Mətanət Niyaz qızı baxışda iştirak etmədiyinə görə qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı. Göründüyü kimi, qərardadda ekspert qarşısında İddiaçı iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsinin ayrıc aktına əsasən (sxematik xəritəyə uyğun olaraq) və faktiki naturada harada yerləşməsi və Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988- ci il tarixli 1/25 saylı qərarına əsasən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsinin yerləşdiyi sahənin “Qırmızı Oktyabr” bağçılıqyoldaşlığın ayrıc aktının daxilində olub-olmaması, əgər ayrıc aktından kənarda yerləşirsə, ayrıc aktından kənarda yerləşməsi məsafəsinin müəyyən edilməsi sualları qoyulsa da, mütəxəssis rəyində və həmin mütəxəssis rəyinin əsasında verilmiş ekspert rəyində ümumiyyətlə vahid elektron kadastr məlumat bazasında göstərilən hissədə heç bir ayrıc aktının olmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ayrıc aktının olmaması (işlənməməsi) ayrıc aktından kənarda yerləşmə ilə eyni mənaya gəlmir, göründüyü kimi qərardadın 2-ci və 3cü sualları üzrə məhkəmə ekspertizasının rəyi aydın olmamış, ekspert qoyulmuş sualları tam həll etməmişdir. Həmçinin “Qırmızı Oktyabr” (Savalan) bağçılıq yoldaşlığı tərəfindən ayrılmış Dübəndi qəsəbəsində yerləşən torpaq sahələrinə dair çıxarışların verilib-verilməməsi ilə bağlı cavabdeh inzibati orqan ortofoto görüntü təqdim edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi ərazidə iki nəfər “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin adına order əsasında bağ sahələri qeydiyyatdan keçmişdir. Həmin qeydiyyatdan keçən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçının mərhumə ərinə məxsus orderlə eyni məzmunlu order əsasında bağ sahəsi ayrılmış şəxsin (X5) razılığı ilə onun bağ sahəsi digər fiziki şəxin adına X2 adına keçirilmiş, sonuncu mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış əldə etmişdir. Bundan başqa, məhkəmə kollegiyası diqqətə çatdırır ki, bağçılıq yoldaşlığın adı bəzi sənədlərdə “Qırmızı Oktyabr”, bəzi sənədlərdə isə “Savalan” qeyd edilsə də, hər iki adın eyni bağçılıq yoldaşlığa aid olması iş üzrə tələb edilmiş arxiv sənədlərindən də müəyyən edilir. Bununla bağlı mübahisəli məqam mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçınin mərhum ərinə ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və 3-cü şəxsə məxsus yaşayış evinin yerləşdiyi, 3-cü şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı iddia etdiyi Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsinin koordinatları (sahə sərhədləri) müəyyən edilsin. - İddiaçı iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi ayrıc aktına əsasən (sxematik xəritəyə uyğun olaraq) və faktiki naturada harada yerləşir? - Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsinin yerləşdiyi sahə “Qırmızı Oktyabr” bağçılıqyoldaşlığın ayrıc aktının daxilindədirmi? Əgər ayrıc aktından kənarda yerləşirsə, ayrıc aktından kənarda yerləşməsi məsafəsi müəyyən edilsin. - Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsinin ərazisi digər şəxslərə məxsus bağ (torpaq)sahələri ilə üst-üstə düşürmü? - “Savalan” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş üçüncü şəxs Mustafayeva (Muradova) Mətanət Niyaz qızına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi faktiki harada yerləşir? Qeyd edilən bağ sahəsi “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın ayrıc aktının daxilindədirmi? - İddiaçı iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi üçüncü şəxs Mustafayeva (Muradova) Mətanət Niyaz qızına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi ilə naturada və ya sənəd üzrə üst-üstə düşürmü? Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş üzrə daha əvvəl təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasında İddiaçı iddia etdiyi torpaq sahəsinin iş materiallarında olan üçüncü şəxslər X1 və X14 adına verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr və onlara uyğun tərtib edilmiş torpaq sahələrinin yerləşdikləri yerin sxemləri ilə üst-üstə düşüb-düşməməsi araşdırma predmeti olsa da, iş üzrə sonrakı araşdırmalardan aydın olur ki, X1 və X14 adına verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr İdarə arxivində aşkar edilməmiş, həmçinin, sözügedən Şəhadətnamələrin verilməsinə əsas olan Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq qərarları Milli arxiv İdarəsində aşkar edilməmiş, bununla yanaşı şəhadətnamələrdə qeyd edilən qərarların eyni nömrəli olmaqla, fərqli tarixli fərqli məzmunda Arxivdə qeydiyyatda olması barədə məlumat verilmişdir. Belə olan halda “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin və onların verilməsinə əsas olan qərarların aşkar edilməməsi səbəbindən yuxarıda qeyd edilən məsələ üzrə ekspertizanın keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. “X8” MMC-nin 185 nömrəli, 31 yanvar 2024-cü il tarixli mütəxəssis rəyində mütəxəssis tədqiqat üzrə aşağıdakı nəticələrə gəlmişdir:

1. İddiaçı iddia etdiyi Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən "Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi naturada tərəflərin iştirakı ilə GPS-coğrafi mövqe təyinetmə aparatı ilə ölçülmüş və torpaq sahəsinin faktiki koordinatları (sahə sərhədləri) müəyyən edilmişdir. 1) X=439825.6220 , Y=4475015.8116 2) X=439806.9637 , Y=4475033.7645 3) X=439823.4890 , Y=4475050.7260 4) X=439841.4380 , Y=4475033.3950

2. "Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın ayrıc aktı-xəritəsi elektron kadastr məlumat bazasında mövcud olmadığından İddiaçı iddia etdiyi 0.06 ha torpaq sahəsinin bağçılığın ayrıc aktı daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, lakin özünün yer səthi üzərində göstərdiyi 0.06 ha torpaq sahəsi ölçülmüş və koordinatları müəyyən edilmişdir.

3. “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın ayrıc aktı-xəritəsi elektron kadastr məlumat bazasında mövcud olmadığından iddiaçı X4 iddia etdiyi 0.06 ha torpaq sahəsinin bağçılığın ayrıc aktı daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, lakin özünün yer səthi üzərində göstərdiyi 0.06 ha torpaq sahəsi ölçülmüş və koordinatları müəyyən edilmişdir.

4. Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli, 1/25 saylı qərarına əsasən "Qırmızı Oktyabr" bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsinin naturada faktiki koordinatları müəyyən edilmiş ərazisi digər şəxslərə məxsus bağ (torpaq) sahələri ilə üst-üstə düşmür. Bu barədə məlumat Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssislərinin tərtib etdiyi rəydə də öz əksini tapmışdır.

5. “Savalan” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş üçüncü şəxs Mustafayeva (Muradova) Mətanət Niyaz qızına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi naturada cavabdehin göstərdiyi torpaq sahəsi GPS-coğrafi mövqe təyinetmə aparatı ilə ölçülmüş və , koordinatları müəyyən edilmişdir. “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın ayrıc aktı-xəritəsi elektron kadastr məlumat bazasında mövcud olmadığından Mustafayeva (Muradova) Mətanət Niyaz qızının naturada göstərdiyi torpaq sahəsi koordinatlarının (sahə sərhədləri) ayrıc aktı-sxemi daxilində olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

6. İddiaçı X4 iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi üçüncü şəxs Mustafayeva (Muradova) Mətanət Niyaz qızına ayrılmış Baki şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi ilə naturada və ya sənəd üzrə üst-üstə düşmür. Naturada iddiaçı və üçüncü şəxs tərəfindən göstərilən və koordinatları müəyyənləşdirilən torpaq sahələri bir-birindən 183 metr bir-birindən aralı məsafədə yerləşməsi müəyyən olunmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/1946 saylı ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə: İddiaçı iddia etdiyi Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarına əsasən "Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi naturada tərəflərin iştirakı ilə GPS-coğrafi mövqe təyinetmə aparatı ilə ölçülmüş və torpaq sahəsinin faktiki koordinatları (sahə sərhədləri) müəyyən edilmişdir. 1) X=439825.6220 , Y=4475015.8116 2) X=439806.9637 , Y=4475033.7645 3) X=439823.4890 , Y=4475050.7260 4) X=439841.4380 , Y=4475033.3950 Qərardadın ikinci və üçüncü sualları üzrə: "Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın ayrıc aktı-xəritəsi elektron kadastr məlumat bazasında mövcud olmadığından İddiaçı iddia etdiyi 0.06 ha torpaq sahəsinin bağçılığın ayrıc aktı daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, lakin özünün yer səthi üzərində göstərdiyi 0.06 ha torpaq sahəsi ölçülmüş və koordinatları müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli, 1/25 saylı qərarına əsasən "Qırmızı Oktyabr" bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş X9 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsinin naturada faktiki koordinatları müəyyən edilmiş ərazisi digər şəxslərə məxsus bağ (torpaq) sahələri ilə üst-üstə düşmür. Bu barədə məlumat Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssislərinin tərtib etdiyi rəydə də öz əksini tapmışdır. Qərardadın beşinci sualı üzrə: “Savalan” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı qeyd olunmuş üçüncü şəxs Mustafayeva (Muradova) Mətanət Niyaz qızına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi naturada cavabdehin göstərdiyi torpaq sahəsi GPS-coğrafi mövqe təyinetmə aparatı ilə ölçülmüş və , koordinatları müəyyən edilmişdir. “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın ayrıc aktı-xəritəsi elektron kadastr məlumat bazasında mövcud olmadığından Mustafayeva (Muradova) Mətanət Niyaz qızının naturada göstərdiyi torpaq sahəsi koordinatlarının (sahə sərhədləri) ayrıc aktı-sxemi daxilində olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Qərardadın altıncı sualı üzrə: İddiaçı X4 iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi üçüncü şəxs Mustafayeva (Muradova) Mətanət Niyaz qızına ayrılmış Baki şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi ilə naturada və ya sənəd üzrə üst-üstə düşmür. Naturada iddiaçı və üçüncü şəxs tərəfindən göstərilən və koordinatları müəyyənləşdirilən torpaq sahələri bir-birindən 183 metr bir-birindən aralı məsafədə yerləşməsi müəyyən olunmuşdur. Beləliklə, cavabdeh inzibati orqanın göstərilən əraziyə digər şəxslərin müraciətlərinin olması ilə bağlı imtina dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin iş materiallarında olan üçüncü şəxslər X1 və X14 adına verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr və onlara uyğun tərtib edilmiş torpaq sahələrinin yerləşdikləri yerin sxemləri ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X1 və X14 adına verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr İdarə arxivində aşkar edilməmiş, həmçinin, sözügedən Şəhadətnamələrin verilməsinə əsas olan Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq qərarları Milli arxiv İdarəsində aşkar edilməmiş, bununla yanaşı şəhadətnamələrdə qeyd edilən qərarların eyni nömrəli olmaqla, fərqli tarixli fərqli məzmunda Arxivdə qeydiyyatda olması barədə məlumat verilmişdir. Belə olan halda, hər hansı bir şəxsin sözügedən torpaq sahəsinə dair müraciətinin olması imtina əsası ola bilməz. Həmçinin son ekspert rəyi ilə iddiaçı X4 iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsinin digər şəxslər, o cümlədən üçüncü şəxs Mustafayeva (Muradova) Mətanət Niyaz qızına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 10 saylı bağ sahəsi ilə naturada və ya sənəd üzrə üst-üstə düşməməsi, naturada iddiaçı və üçüncü şəxs tərəfindən göstərilən və koordinatları müəyyənləşdirilən torpaq sahələrinin bir-birindən 183 metr bir-birindən aralı məsafədə yerləşməsi müəyyən edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş son müayinə aktından müəyyən edilir ki, üçüncü şəxs Muradova Mətanətlə əlaqə saxlanılmış, üçüncü şəxs sözügedən sahənin onlarla heçbir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdeh inzibati orqanın imtina əsaslarından biri olan iddia olunan torpaq sahəsinin “Qırmızı Oktyabr” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsinə münasibətdə diqqətə çatdırır ki, AR Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarından birində (2-1(102)-2201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar) sözügedən məsələ üzrə qeyd edilmişdir ki:

36. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Hazırki işdə apellyasiya məhkəməsi bu qaydada davranmamışdır.

37. Mübahisəni həll etmək üçün iş üzrə əhəmiyyətli halın müəyyənləşdirilməsinə ehtiyac yarandıqda xüsusi bilik tələb olunduğu nəzərə alınmaqla ekspertiza təyin edilə bilər. Bu zaman, verilmiş ekspert rəyi məhkəmə üçün məcburi deyildir, həmin rəy məhkəmə tərəfindən tədqiq olunmalı və işdəki digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Ekspert rəyi aparılmış tədqiqata əsaslanmalı, qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ekspert rəyi müstəqil aparılmış tədqiqata əsaslanmadıqda, kommersiya hüquqi şəxsin mütəxəssisi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilənlər eynilə təkrarlanmaqla nəticəyə gəlindikdə, məhkəmələr həmin ekspert rəyinin mötəbərliyi və sübut kimi nəzərə alınması məsələsini müzakirə etməlidirlər. Bu zaman, həm də, xüsusi bilik tələb olunan məsələ üzrə kommersiya hüquqi şəxsin mütəxəssisi tərəfindən rəy verilməsinin qanunvericiliklə yol verilənliyi diqqətə alınmalıdır.

38. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır. İş üzrə alınmış 22 aprel 2024-cü il tarixli ekspert rəyindən müəyyən edilir ki, "Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın ayrıc aktı-xəritəsi elektron kadastr məlumat bazasında mövcud olmadığından İddiaçı iddia etdiyi 0.06 ha torpaq sahəsinin bağçılığın ayrıc aktı daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, cavabdeh inzibati orqan tərəfindən də lazımi formada tərtib edilmiş ayrıc aktı və bölgü sxemi, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutlar məhkəməyə təqdim edilə bilməmişdir, odur ki, cavabdehin göstərilən ərazinin "Qırmızı Oktyabr” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşməsi ilə bağlı imtinası əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə əldə edilmiş 22 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1946 saylı ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ekspert rəyinin mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, arayışın verilməsi tələb olunan torpaq sahəsinin ölçüsü ilə bağlı iş materiallarında olan rəylərdəki ziddiyyətin aradan qaldırılması məqsədilə, Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2024-cü il tarixli məktubu ilə 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 10 saylı bağ sahəsinin faktiki ölçüsünə dair (koordinatlar göstərilməklə) tərəflərin iştirakı ilə yerli baxış keçirilərək müayinə aktının tərtib edilərək məhkəməyə təqdim edilməsi xahiş olunmuş, məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən 10 saylı bağ sahəsinin faktiki ölçüsü 472 kv.m müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili də iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin hasara alınaraq istifadə edildiyini, müayinə aktı tərtib edilən zamanı hasar daxili hissənin ölçüldüyünü bildirdi. Beləliklə, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və ona əlavə edilmiş koordinatlardan da görünür ki, iddiaçının faktiki olaraq göstərdiyi və istifadəsində olan sahənin ölçüsü 472.0 kv.m təşkil etdiyindən kollegiya hesab edir ki, həmin hissəyə münasibətdə məxsusluq arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda naturada istifadədə olan 472.0 kv.metr-lik bağ sahəsinin mərhum X9 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən aparılmış tədqiqatın dəyəri “X8” MMC tərəfindən aparılmış tədqiqata münasibətdə 300 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatlara münasibətdə 150 manat (hər biri 50 manat) təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, “X8” MMC tərəfindən aparılmış tədqiqatın dəyəri qismində 300 manatın 200 manatı cavabdehin, 100 manatı isə iddiaçının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatların dəyəri qismində 150 manatın 100 manatı cavabdehin, 50 manatı isə iddiaçının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin qismən təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarı ilə X9 ayrılmış, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən, faktiki ölçüsü 472.0 kv.m olan 10 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3104/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 saylı qərarı ilə X9 ayrılmış, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən, faktiki ölçüsü 472.0 kv.m olan 10 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manatın 200 (iki yüz) manatı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsindən, 100 (bir yüz) manat isə İddiaçı tutularaq “X8” MMC-nin hesabına (Kapital Bank ASC Sahil filialı, Kod 2012018, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208)) köçürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manatın 100 (yüz) manatı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi, 50 (əlli) manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar