Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-110/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi, vəkil X2 iştirakları ilə, İddiaçı Məzahir oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publika hüquqi şəxsi X4 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-517/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Məzahir oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun pensiyasının xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə qədər çalışdığı vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq şöbə rəsinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin vəzifəyə müəyyən olunmuş həddə, aylıq vəzifə maaşı, staja görə 30% əlavə, dövlət qulluğunun müşaviri dərəcəsi, vəzifə səlahiyyətlərinin icrası üzrə aylıq əmək haqqının 15%, əmək haqqının üç misli həcmində mükafat, əmək haqqının bir misli misli həcmində kompensasiya və pensiyaya çıxarkən əlavə verilən əmək haqqının bir misli həcmində mükafatın nəzərə alınması ilə hesablanması, pensiyaya çıxdığı xx.xx.2017-ci il tarixdən bu günə qədər hesablanmayan, onun ala bilmədiyi ayların pensiya ödənişi fərqini cəm halında və birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2008/2019 saylı qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2008/2019 saylı qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiyasının xx.xx.1981-ci ildən 1989-cu ilə qədər çalışdığı vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq şöbə rəisinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin (şöbə rəisinin müavini) vəzifəyə müəyyən olunmuş həddə, aylıq dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, staja görə 30 faiz əlavə, bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi əlavə nəzərə alınmaqla İddiaçı Məzahir oğluna dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-517/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1952-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Ona pensiya hüququnun yarandığı xx xxxxxxxx 1990- cı il tarixindən əlilliyə görə, xx xxxx 2017-ci il tarixindən isə yaşa görə əmək pensiyası (dövlət qulluqçusu) təyin edilmişdir. Dövlət qulluğunda iş stajı əmək kitabçasına əsasən 36.6 il, vəzifə maaşı 540.0 manat, qulluq stajı 30 %-162.0 manat, mükafat 43.75%=236.25 manat, ixtisas dərəcəsi-100 manat olmaqla cəmi 1038.25 x 80% = 830.60 manat əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sərəncamına müvafiq Dövlət Qulluqçularının aylıq əmək haqları xx xxxx 2018-ci il tarixindən 10 % artırılmış, müvafiq olaraq onun pensiyası hal-hazırda 906 manat 89 qəpik təşkil edir. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, ona təyin edilən əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, o, qanunvericiliyə və əmək kitabçasına əsasən, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə qədər əmək fəaliyyəti dövründə aldığı məvacib ilə əmək pensiyasına çıxa bilməli olduğu təqdirdə cavabdeh orqan onun əmək pensiyasına çıxdığı illəri yalnış hesablayaraq ona aşağı məbləğdə əmək pensiyası təyin etmişdir. Onda olan məlumata görə onunla eyni illərdə və eyni vəzifədə çalışan keçmiş həmkarlarının da əmək pensiyalarını hesablayan zaman oxşar yalnışlığa yol verilmişdir və onlar da bununla əlaqədar olaraq müvafiq məhkəmə orqanlarına müraciət edərək bu yalnışlığı aradan qaldırmış və haqları olan əmək pensiyalarını almışlar. Pensiyanın düzgün hesablanmaması ilə əlaqədar olaraq, o da cavabdeh orqan olan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət edərək bu yalnışlığın aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh orqan onun xahişini təmin etməyərək imtina cavabı vermiş və imtina məktubunu bununla əsaslandırmışdır ki, “Dövlət Orqanlarında Dövlət qulluqçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 №- li Fərmanı ilə və həmçinin “Əmək pensiyaları haqqında” Qanuna əsasən Hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 %məbləğində əlavə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin qanunlar qüvvəyə mindiyi tarixdən aidiyyatı üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Dövlət qulluqçusu dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxarıda qeyd edilən 15 % miqdarında pul təminatını (hakimiyyət səlahiyyətlərinin icrasına görə), il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və 1 qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilir”. Cavabdeh orqanın qeyd etdiyi imtina cavabında qeyd etmişdir ki, onun əsaslandığı qanunlar qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2008-ci il tarixindən aidiyyatı üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Xüsusilə həmin illər ərzində o, dövlət qulluqçusu sayılan vəzifədə çalışırdı. Bu faktı onun əmək kitabçası da təsdiqləyir. Belə ki, onun o vaxt çalışdığı vəzifəsi hal-hazırda şöbə rəisinin müavininin vəzifəsinə bərabər tutulur. Azərbaycan Respublikası Prezidendinin xx xxxx 2018-ci il tarixli Sərəncamına əsasən, həmin vəzifəyə aylıq vəzifə maaşı - 845.0 manat, aylıq əmək haqqına iş stajı üzrə 30% artım - 253.50 manat, dövlət qulluğunun müşaviri dərəcəsinə - 115.0 manat, vəzifə səlahiyyətlərinin icrası üzrə aylıq əmək haqqının 15 % 126.75 manat, aylıq əmək haqqının 3 misli həcmində maddi yardımın 12-də 1 hissəsi 211.25 manat, aylıq əmək haqqının 1 misli həcmində kompensasiyasının 12-də bir hissəsi - 70.41 manat, aylıq əmək haqqının bir misli həcmində pensiyaya çıxarkən əlavə mükafatın 12 də 1 hissəsi - 70.41 manat, cəmi 1692,82 manat və bunun səksən faizi 1353,85 manat təşkil edir. Hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və inzibati orqanın bu hərəkətsizliyi ilə onun konstitusion hüququnu pozulmuşdur. Lakin göründüyü kimi DSMF-nun Nərimanov rayon şöbəsi ərizəsini təmin etməməklə yanaşı, qanunvericiliyin normalarını pozaraq onun konstitusion və pensiya hüququnu pozmaqdadır. DSMF-nun Nərimanov rayon şöbəsinin bu səhlənkarlığı və qanunun normalarına laqeyid yanaşması onun haqqı olan pensiya məbləğini ala bilməməsi ilə nəticələnməkdədir. Bu səbəbdən də pensiya hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-517/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-517/2020 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələb etdiyi müavinəti heç vaxt almayıb və həmin müavinətdən sığorta ödənişi etməyib. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, iddia üzrə İddiaçı Məzahir oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1408/2020 saylı qərardadı ilə iş üzrə icraat iddia üzrə İddiaçı Məzahir oğlunun hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. xx xxxxxx 2021-ci il tarixində X1 ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iddiaçının prosessual hüquq varisi kimi tanınmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-110/2021 saylı qərardadı ilə X1 hazırkı iş üzrə İddiaçı Məzahir oğlunun prosessual hüquq varisi kimi tanınmış, inzibati işin icraatı təzələnmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının hüquqi (onun nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək “Azplodoovatsprom” AqrarSənaye Birliyi Azərbaycan SSR Meyvə-tərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində işləmiş, xx.xx.1986-cı il tarixədən xx.xx.1989-cu il tarixədək Baş Pİİnin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.1990-cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona təyin edilmiş pensiyanın düzgün hesablanmadığını göstərərək, pensiyasının xx.xx.1981-ci ildən 1989-cu ilə qədər çalışdığı vəzifələrin halhazırda mövcud struktura uyğun olaraq şöbə rəisinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin (şöbə rəisinin müavini) vəzifəyə müəyyən olunmuş həddə, aylıq dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, staja görə 30 faiz əlavə, bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi əlavə nəzərə alınmaqla yenidən hesablanmasını tələb edir. İddiaçı pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etsə də, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001ci il 03 sentyabr tarixli 569 saylı Fərmanı ilə və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hakimiyyəti səlahiyyəti verilən Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edildiyi, həmin qanunun qüvvəyə mindiyi tarixdən aidiyyəti üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edildiyi, dövlət qulluqçusu dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxarıda qeyd edilən 15 faiz miqdarında pul təminatını (hakimiyyət səlahiyyətlərinin icrasına görə), il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və 1 qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilməsi əsası ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 16, 17, 23, 33.1.7-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 6-cı bəndini, «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsini, «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 saylı Fərmanını, Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndini , Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2001-ci il tarixli 569 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin veriiməsi Qaydaları”nın 5, 10, 12, 15-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbini pensiyasının xx.xx.1981-ci ildən 1989cu ilə qədər çalışdığı vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq şöbə rəisinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin (şöbə rəisinin müavini) vəzifəyə müəyyən olunmuş həddə hesablanması hissəsində əsaslı hesab edir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1989-cu il tarixə qədər Azərbaycan SSR Meyvə-tərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində və Baş Pİİ-nin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmçinin qeyd olunmuşdur ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 saylı Fərmanına əsasən təyin edildiyindən, iddiaçıya xx.xx.1990-cı il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edildiyindən ona münasibətdə həmin əlavə xx.xx.2008-ci il tarixdən tətbiq edilərək hesablanmalıdır. Məhkəmə iddia tələbinin dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə aylıq vəzifə maaşına 30 % əlavə haqq ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinə əsasən dövlət qulluqçusuna dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə aylıq vəzifə maaşına 30 % əlavə haqq ödənilir. İddiaçının əmək kitabçasında ixtisas dərəcəsinin verilməsi ilə bağlı müvafiq qeydlər mövcud olduğundan və iddiaçının dövlət qulluqçusu olması işin mübahisələndirilməyən halı olduğundan, həmçinin ixtisas dərəcəsindən qanunvericilikdə yalnız bir halda, yəni Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə məhrum edildiyindən, iddiaçının isə Azərbaycan Respublikası vətəndaşı olması işin mübahisələndirilməyən halı olduğundan, iddiaçıya verilmiş ixtisas dərəcəsi, yəni dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsindən irəli gələn sosial təminatlardan istifadə etmək hüququ şamil olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixi qərarını qeyd etmişdir. Lakin həmin qərarın Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər barəsində qəbul edildiyini nəzərə almamışdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi X4 üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-517/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-110/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-110/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver