Məhkəmə qərarları › İş №2-1(103)-1100/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1100/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1100/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 16 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə Spitak rayonunun Kursalı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5467/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 20.07.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.01.2020ci il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 11.06.1984-cü ildən 01.06.2005-ci ilədək keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində müxtəlif vəzifələrdə, o cümlədən müxtəlif zərərli sahələrdə 09.01.1986-cı ildən 19.01.1988-ci ilədək 3 saylı futlyar sexində plastik kütlə (polistriol) qranullayıcısı və 17.08.1988-ci ildən 01.06.2005-ci ilədək zərgər-quraşdırıcı peşələrində işləmişdir. 10.06.2004-cü il tarixdən 03.10.2011-ci il tarixə qədər “xxxx” Azərbaycan MMC Bank kredit təşkilatında zərgər vəzifəsində işləmişdir. 2 il əsgəri xidmət +20 il 11 ay 20 gün zərgərlik zavodundan əmək stajı + 7 il 4 ay “xxxx” MMC-dəki əmək stajı = təxminən 30 il əmək stajı təşkil edir. “xxxx” MMC-nin 23 oktyabr 2019-cu il tarixli KŞ saylı arayışından görünür ki, İddiaçı 30 illik əmək stajının 17.08.1988-ci ildən 01.06.2005-ci ilə qədər işlədiyi dövrdə zərgər - quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarına müvafiq olaraq ümumi peşələr (35 №-də) və həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” “Zərgər və bədii məmulatları qaralayanlar” zərərli sahədə işlədiyinə görə yaşa görə təqaüdə çıxa bilər. Yuxarıda qeyd edilən arayışdan görünür ki, onun ümumi 30 il əmək stajı vardır və 17.08.1988-ci ildən 01.06.2005-ci ilə qədər 16 il 9 ayını əmək şəraiti ağır olan işlərdə işləmişdir. Cavabdeh İdarə heç bir araşdırma aparmadan özünün 30.06.2020-ci il tarixli, **********7 saylı məktubu ilə ona ümumi iş stajı 25 ildən, güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmaması barədə rədd cavabı vermişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu 03.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5467/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 03.01.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı olan cavabdeh 28.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5467/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 05.11.2019-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin təqdim etdiyi 263 nömrəli arxiv arayışından da göründüyü kimi, İddiaçı Azərbaycan (əvvəllər Bakı) ’’Zərgərsənaye” İstehsalat Birliyinin 1 saylı sexində zərgərquraşdırıcı vəzifəsində işləyərkən 1989-1994, 2000-2005-ci il dövrü üçün cədvəl üzrə əmək haqqı almışdır. İddiaçının təqdim etdiyi arxiv arayışdan da göründüyü kimi onun, 93 ay iş stajı var. Güzəştli iş stajını nəzərə alaraq, iddiaçı 17.08.1988-ci ildən Bakı Yuvelir zavodunda zərgər vəzifəsində işə başlamış və toplamda iddiaçının 97 ay (yəni 8 il 1 ay) güzəştli peşələrdə iş stajı vardır. Göstərilən səbəblərdən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2- 1(112)-5467/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılaraq, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistan, Spitak rayonu, Kursalı kəndində doğulmuşdur. - İddiaçı məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01.10.1981-ci ildən 01.07.1982-ci ilə qədər Spitak Sovxozunda fəhlə işləmiş, 09.11.1979-cu ildən 17.11.1981-ci ilə qədər sovet ordusunda xidmət etmiş, 11.06.1984-cü ildən 01.06.2005-ci ilə qədər Azərbaycan SSR Bakı Zərgərlik Zavodunda (15.08.1985-ci il tarixli, 315 №-li SSRİ Cihaz ayırma Nazirliyinin Nazir müavininin əmrinə əsasən Bakı zərgərlik zavodunun dəyişdirildi Bakı İstehsalat Birliyi “Yuvelirprom”, 02.06.1992-ci il tarixli, 306 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Bakı İB “Yuvelirprom” adı dəyişdirilib Azərbaycan İB “Yuvelirprom” olub) mal yükləyən, plasmasdan məmulatların presləyicisinin yanında şagird, 3-cü dərəcəli plasmastların dənəvərləşdirmə maşinisti, zərgər-quraşdırıcı tələbəsi, 3-cü dərəcəli zərgər-quraşdırıcı, 04.06.2010-cu ildən 03.10.2011-ci ilə qədər “FİNCA- Azərbaijan” QBKT-də zərgər vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi tərəfindən verilmiş 263 №-li, 05.11.2019-cu il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan (əvvəllər Bakı) "Zərgərsənaye” İstehsalat Birliyinin 1 saylı sexində zərgər-quraşdırıcı vəzifəsində işləyərkən 1989-1994, 2000-2005-ci il dövrü üçün əmək haqqı almışdır. Qeyd: İddiaçıZ 1995-1999-cu illərdə əmək haqqı almamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş 359 №-li, 25.10.2019-cu il tarixli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 09.11.1979-cu il tarixdən 17.11.1981-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. - “xxxx” MMC-nin KŞ №-li, 23.10.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 09.01.1986-cı ildən 19.01.1988-ci ilədək 3 saylı futiyar sexində plastik kütlə (polistirol) qranullayıcısı və 17.08.1988-ci ildən 01.06.2005-ci ilədək zərgər-quraşdırıcı peşələrində, keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir. Polistirol tullantılarının istehsalata yenidən hazırlamaq üçün xüsusi avadanlıqda yüksək temperaturda əridilib, hazır olduqda doğranılır, kisələrə yığmaqla xammal kimi istehsalata verilir. Plastik (polistirol) kütlənin yanması nəticəsində istilik əmələ gəlir və insan orqanizminə zərərli maddələr ayrılır. İşlədiyi müddətdə o, nümunə əsasında fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. Zərgər quraşdırıcı işlədiyi müddətdə, qiymətli metaldan və yarımqiymətli daşlarla xüsusi formalı zərgərlik məmulatlarının quraşdırılması, bərkidilməsi ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynaq üsulla qaynaq işləri aparmışdır. Məmulatı qaynaq edən zaman; - Azbest, bor turşusu , xlor turşusu ( HCL ) eləcə də qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. İş əsnasında o, xüsusi şəkillərə baxaraq zərgərlik məmulatlarının üzərinə sadə nəqqaş işlərinə, eyni zamanda xüsusi məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Eyni zamanda iş prosesində platindən sikaret qutuları və digər bədii məmulatlar hazırlamışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik hissələrini istehsal etmək üçün külçə hazırlayıb. Məlumat üçün bildirilmişdir ki, fəhlələr üçün vahid tarif dərəcələri iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorğu kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir: zərgər - quraşdırıcı; zərgər - bərkidici; zərgər-şəbəkəçi; zərgər-nəqqaş ; zərgər-sepçi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinə müvafiq olaraq əmək şəraiti fiziki, kimyavi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtında işləmişdir. Həmçinin həmin işçilər 6 təqvim günü əmək məzuniyyətinə əlavə və gündəlik südlə təmin edilmişdir. Odur ki, həmin peşələrdə işləyən şəxs əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququna malikdir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, ümumi peşələr (35 №-də) və həmin Qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi - Zərgər və bədii məmulatları qaralayanlar” - zərərli sahədə işlədiyini nəzərə alaraq , yaşa görə təqaüdə çıxa bilər - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 19.06.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 30.06.2020-ci il tarixli, **********7 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.07.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.07.2017-ci ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcuddur. İş materiallarından göründüyü kimi iddiaçı «plastik kütlə (polistriol) qranullayıcısı və zərgər-quraşdırıcı» vəzifələrində çalışmışdır. Qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 11.9-cu Bölməsinin «Qaynar üsulla metalın üzlənməsi zərgər və bədii məmulatları qaralayanlar» peşəsinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən peşələr üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması iş materiallarında olan arxiv arayışları ilə də öz təsdiqini tapır. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İş materiallarında olan “xxxx” MMC-nin KŞ №-li, 23.10.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinə müvafiq olaraq əmək şəraiti fiziki, kimyavi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtında işləmişdir. İddiaçıya 6 təqvim günü əmək məzuniyyətinə əlavə və gündəlik südlə təmin edilmişdir. Odur ki, həmin peşələrdə işləyən şəxs əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi tərəfindən verilmiş 263 №li, 05.11.2019-cu il tarixli arxiv arayışında İddiaçıZ 1995-1999-cu illərdə əmək haqqı almadığı qeyd edilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin 60/107 saylı, 09 iyun 2021-ci il tarixli arxiv arayışında İddiaçı 1995-1999-cu illərdə hər ay 63 manat 33 qəpik dərəcə maaşı aldığı qeyd edilmişdir. Eyni zamanda işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən “FİNCA- Azerbaijan” QBKT-ya sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə, İddiaçı “FİNCA- Azerbaijan” QBKT-na zərgər vəzifəsinə işə qəbulunu təsdiq edən 10.06.2004-cü il tarixli, 85/04-1 nömrəli işdən azad olunmasını təsdiq edən 03.10.2011-ci il tarixli, 0079/11 nömrəli əmrlərin təsdiq olunmuş surətlərini, əmrlərin verilməsinə əsas olan sənədlərin surətlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarına əsasən iddiaçının işlədiyi zərgər peşəsinin güzəştli şərtlərlə pensiya təyin olunmasına əsas verib-verməməsi barədə məlumatları, iddiaçının işlədiyi zərgər peşəsinin iş fəaliyyətinin zərgər məmulatlarının hazırlanması və ya zərgər məmulatlarının qiymətləndirilməsi olub-olmaması barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq, “FİNCA-Azerbaijan” QBKT tərəfindən məhkəməyə ünvanlanmış 21.04.2021-ci il tarixli, 2021/999/2312 saylı cavab məktubunda İddiaçı xidmət müqaviləsi əsasında zərgər (qızılı qiymətləndiricisi) xidməti göstərdiyi, lakin, qeyd olunan xidmətlər üzrə aparılan sənədləşmə materialların, onların saxlanılması müddətinin başa çatması ilə bağlı olaraq məhv edildiyi qeyd edilmişdir. (Timothy Tarrant “FİNCA- Azerbaijan” QBKT-nin direktoru) Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı olduğundan ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5467/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5467/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar