Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1100/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin geri qaytarılması və s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin geri qaytarılması və s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılırmışdır ki, qanunvericiliyin tələbinə əsasən mənzil əldə etmiş şəxslərlər "xxxx" MMC arasında 15 gün ərzində alqı-satqı müqaviləsi bağlanılmalıdır ki, onunla MMC arasında da mənzilin alqı-satqısına dair 07 oktyabr 2022-ci il tarixdə müqavilə bağlanılmış və onun tərəfindən 82653 manat pul vəsaiti bank vasitəsi ilə satıcıya ödənilmişdir. Lakin, alqı-satqı zamanı "xxxx" MMC-nin vəzifəli şəxsləri vətəndaşlara mənzil güzəştli satıldığı üçün ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılmasının nəzərdə tutulmadığı və bu səbəbdən də vergi orqanına müraciətin ehtiyac olmadığını bildirmişdir. Bu ərəfədə iddiaçı tərəfindən 195 çağrı mərkəzinə də müraciətlər edilmişdir. Lakin, sonradan 2023-cü ilin mart ayında həmin mənzilərlə bağlı da ƏDV geri qaytarmanın mümkün olduğu məlum olmuşdur. Belə ki, 07 fevral 2023-cü il tarixli məktubdan görünür ki, çoxsaylı müraciətlər nəzərə alınmaqla güzəştli mənzil sistemi vasitəsi ilə əldə edilmiş mənzillərlə bağlı da ƏDVnin geri qaytarılmasına razılıq əldə edilmişdir. Göründüyü kimi ƏDV-nin geri qaytarılması barədə razılıq müqavilə bağlanılandan çox sonradan ödənilməsi olması barədə razılıq olunmuş, lakin həmin razılıq barədə mənzil almış şəxslərə heç bir məlumat verilməmiş, təkcə MMC-də şikayət ərizəsi olan şəxslərə məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası’nın tələbləri ilk növbədə inzibati orqanın özü tərəfindən pozularaq ƏDV-nin qaytarılması qanunda nəzərdə tutulan müddətdə yox, vətəndaşların çox saylı müraciətləri və şikayətlərinin qarşısının alınması üçün sonradan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Agentliyin rəhbər vəzifəli şəxsləri arasında keçirilən görüşdən sonra qərara alınmışdır. Qeyd olunan məktub bir daha təsdiq edir ki, əvvəlcə ƏDV qaytarılması nəzərdə tutulmamış və həmin kompleksdən mənzil əldə etmiş şəxslərə, o cümlədən ona belə məlumat verilmişdir. Lakin həmin məktubdan görünür ki, qanunda nəzərdə tutulan müddətdə vətəndaşlara ƏDV qaytarılmadığı üçün vətəndaşların çox saylı müraciətləri və şikayətlərindən sonra İnzibati orqan tərəfindən onun qaytarılması qərara alınmış və bunun üçün müddət təyin olunmuşdur. Belə ki, MİDA rəsmisinin vətəndaşa ünvanladığı qeyd olunan məktubunda göstərilir ki, “diqqətinizə çatdırılır ki, “Güzəştli mənzil” sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə satışa çıxarılan 815 mənzili seçmiş və müvafiq alqı-satqı müqaviləsi bağlamış vətəndaşlar ƏDV-nin qaytarılması üçün qanunvericiliyə uyğun qaydada portal vasitəsi ilə xx.xx.2023-cü il tarixədək müraciət etməlidirlər. Göstərilən məlumat yalnız şikayəti olan şəxslərə ünvanlanmışdır. «İnzibati icraat haqqında» AR Qanununun 48.4-cü maddəsinə görə İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. Lakin inzibati orqan tərəfindən konkret bu işlə bağlı heç bir rəsmi məlumat elan olunmamış və ona heç bir məlumat verilməmişdir. Yəni inzibati orqanların qanunsuz hərəkətləri nəticəsində hüquqi qeyri müəyyənlik yaranmış, müddətin axımının nə vaxtdan başlandığı məlum olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli araşdırma aparılmaqla obyektiv həqiqətin müəyyən olunması məqsədinə nail olunması üçün onun və oğlu X3 (məktub və ona verilən cavabda X1 göstərilmişdir) istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** mobil nömrələrdən hər hansı biri ilə 2022-ci ilin sentyabr-oktyabr ayları ərzində MİDA-dən alınmış yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir həssəsinin qaytarılıbqaytaralmayacağı, qaytarılacaqsa bunun hansı yolla olması barədə məlumat almaq məqsədilə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə müraciətlərinin daxil olub-olmaması barədə İqtisadiyyat Nazirliyinə və Bakcel MMC-yə sorğu göndərib həmin danışıqların aparılması barədə çıxarışları alıb və hər iki qurumdan daxil olmuş sübutları əlaqəli surətdə qiymətləndirməli olduğu halda, bu barədə yalnız iş üzrə maraqlı olan cavabdeh tərəfə sorğu göndərmiş və onun iş üzrə hər hansı marağı olmayan Bakcel MMC-dən qeyd olunan telefon danışıqlarına dair məlumatların da əldə edilməsinə dair vəsatəti əsassız olaraq rədd olunmuşdur. Birinci instansiya məhkəməsi onun Bakccel MMC-dən qeyd olunan telefon danışıqlarına dair məlumatları müstəqil surətdə əldə etmək imkanının olmadığını görüb, İqtisadiyyat Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq 11 avqust 2023-cü il tarixli, 3-xx/xx-7786/2023 nömrəli məktubuna əsaslanaraq onların həmin Çağrı Mərkəzinə guya heç bir müraciətlərinin daxil olmaması qənaətinə gəlmiş və bunu öz qərarında gəldiyi nəticələrin əsası kimi qəbul etmişdir. Halbuki yuxarıda qeyd olunan mobil telefon nömrələri ilə 24 sentyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək qeyd olunan məsələnin araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin 195 Çağrı Mərkəzinə dəfələrlə müraciət olunmuş və hər dəfə uzun sürən danışıqlar aparılmış və bu danışıqlar zamanı onlar həmin məsələ ilə bağlı dəqiq cavablar verməmiş, bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət etməyi tövsiyyə etmişlər. Odur ki,qeyd olunan mobil telefon nömrələri ilə 24 sentyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək yuxarıda qeyd olunan məsələnin araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət olunub-olunmaması ilə bağlı Bakcel MMC-dən müvafiq məlumatlar götürülməli və İqtisadiyyat Nazirliyinin məhkəmənin sorğusuna cavab olan 11 avqust 2023cü il tarixli, 3-xx/xx-7786/2023 nömrəli məktubuna həmi məlumatların qarşılıqlı təhlili aparılmaqla hüquqi qiymət verilməlidir. Bundan başqa, qeyd olunan məsələ ilə bağlı 195 çağrı mərkəzinə əsasən onun oğlu Quluzadə Araz müraciət etmişdir, birinci instansiya məhkəməsi isə İqtisadiyyat Nazirliyinə Quluzadə Anar barədə sorğu göndərmişdir, ona görə də sorğuya verilən cavabda X4 adlı şəxsin 195 çağrı mərkəzində müraciətinin qeydə alinmadiğı göstərilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazlarını müdafiə edərək, apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2022-ci il tarixdə ödəmiş, ƏDV-nin qaytarılması ilə bağlı portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Kollegiya aşağıdakı normalara diqqət çəkir: Vergi Məcəlləsinin: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Göründüyü kimi, qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq müraciət edilməsi nəzərdə tutulsa da, iddiaçı tərəfindən 30 mart 2023-cü il tarixdə, yəni portalın istifadəyə verildiyi vaxtdan da 90 günlük müddət bitdikdən sonra edilmişdir. Kollegiya qeyd edir ki, cavabeh tərəfindən portalın istifadəyə verilməsi ilə bağlı rəsmi internet hesabında məlumatlandırma həyata keçirilmiş və bununla da vergi orqanı məlumatlandırma ilə bağlı öz vəzifəsini səlahiyyətinə uyğun olaraq yerinə yetirmişdir. İddiaçının güzəştli mənzillərlə bağlı razılığın gec əldə edilməsi dəlili ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “yuxarıda adıçəkilən Qaydanın tələbindən də göründüyü kimi müraciətin təmini ilə yanaşı rədd edilməsi halı da öz təsbitini tapmışdır ki, həmin imtinadan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilməsi imkanı aradan qalxmamışdır. Cavabdeh iddiaçının qeyd etdiyi əsasla müraciətin təminindən imtina etmiş olarsa həmin imtina güzəştli mənzillərlə bağlı hər hansı istisnanın olmadığı mövqeyi müdafiə edilməklə şikayət instansiyasına və ya məhkəmə şikayət vermə imkanı mövcud olmuşdur ki, iddiaçı belə bir istisnanın cavabdeh tərəfindən tətbiqi qənaətində olmasına istinad edərək müraciət etməmişdir ki, məhkəmə 90 günlük müddət ötməməklə imtinanın qanunsuzluğu əsası ola biləcək həmin halın müddətin ötməsi ilə bağlı hər hansı təsiri olmadığı qənaətindədir. Başqa sözlə iddiaçı cavabdehin ehtimal etdiyi imtinası ilə bağlı məhkəməyə müraciət edə bilərdi ki, həmin halın istisna edilməsini hər hansı vətəndaşa göndərilən məktubdan öyrəndiyinə istinad edərək müddətin üzrlü səbəbdən ötürülməsinə istinad etməsi Qaydanın konkret tələbinin nəzərə alınmamasını özündə ehtiva edə bilməz.” Apelyasiya şikayətinin “İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə müraciətlərinin olması” ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, əgər iddiaçının qeyd etdiyi kimi müraciətlərinin olduğunu fərz etsək belə, həmin dövrdə portal istifadəyə verilməmişdir. Portal istifadəyə verildikdən sonra isə, yuxardada qeyd edildiyi kimi, müvafiq qayadada məlumatlandırma həyata keçirilmişdir. Həmin məlumatlandırma həyata keçirildikdən sonra isə iddiaçının müraciəti 90 günlük müddət keçdikdən sonra olmuşdur. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçı tərəfindən ƏDV-nin nəzərdə tutulan hissəsinin geri qaytarılması barədə müraciəti 90 günlük müddət bitdikdən sonra olduğundan cavabdehin imtinası əsaslı olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.