Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1100/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X13 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8559/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun hərbi əlil kimi mənzil növbəsinə alınmağı və onun mənzillə təmin olunması vəzifəsinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Qarabağ müharibəsində iştirak etmişdir və 3-cü qrup Qarabağ əlilidir. Bununla bağlı ona cənab Prezident tərəfindən 3 medal verilmişdir. O, Vətən müharibəsinin əlili kimi mənzil növbəsinə götürülməyi və ona mənzil verilməsi ilə bağlı Binəqədi rayon icra Hakimiyyətinə müraciət etdikdə cavabdeh iddiaçının tələbinə imtina məktubu ünvanlamışdır. Onun adında heç bir əmlak yoxdur və o, hazırda evsizdir, yaşamağı üçün heç bir mənzili yoxdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçı X9 xx.xx.2024-cü il tarixli 5-10/2-B-20-068/2024 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, vətən müharibəsi əlili kimi mənzil növbəliliyinin Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın Rayon İcra Hakimiyyətinə təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, onun adına ümumi birgə payda İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 155.5 kv.m, yaşayış sahəsi 126.4 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 1/6 hissəsi qeydiyyatdan keçmiş, lakin İmişli regional “ASAN xidmət” mərkəzində notarius tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-506 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsindən 5 il müddətin keçməməsi səbəbindən müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamış və bu barədə iddiaçıya ətraflı izahat verilmişdir. İddiaçının mənzil növbəsinə götürülməsinə imtina olunması mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsindən 5 il müddətin keçməməsi ilə bağlı olmuşdur. Özgəninkiləşdirmə faktı mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Qanunvericilik belə halların baş verdiyi gündən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməni nəzərdə tutur. 5 il keçmədiyi təqdirdə vətəndaşların mənzil növbəsinə götürülməsi qadağandır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə onu daimi qeydiyyat və yaşayış yerini dəyişməyi ilə əlaqədar vətən müharibəsi iştirakçısı kimi mənzil növbəsinin köçürülüməyini xahiş etməzdən əvvəl İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə ehtiyacı olan şəxs qismində uçotda olmuşdur. Göründüyü kimi o, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə ehtiyacı olan şəxs qismində uçota alındığı halda Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmağından imtina edilməsi qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi ümumi birgə paylı mülkiyyət üzrə onun adına olmuş və sonradan özgəninkiləşdirilmiş torpaq sahəsini qanunsuz olaraq yaşayış sahəsi hesab edərək həmin torpaq sahəsinin özgəninkiləşdirilməsini yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməyi ilə nəticələnə biləcək hərəkət qismində qiymətləndirmiş, guya həmin hərəkətlərin edilməsindən 5 il vaxt keçmədiyini göstərmiş, belə olan halda onun hazırda yaşayış və qeydiyyat ünvanı üzrə cavabdeh tərəfindən mənzil növbəsinə götürülməməyi ilə bağlı hərəkətlərin qanuni olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin həmin mövqeyi istər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12, 13 və eləcə də 52-ci maddəsinin tələblərinə ziddir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarında yaşayış sahəsinin konkret məzmunu və növləri göstərilmiş, həmin normalarda torpaq sahəsi yaşayış sahəsi qismində nəzərdə tutulmamışdır. İş üzrə məhkəmə tərəfindən araşdırma aparılan zaman onun mülkiyyətində olmuş və ya hazırda olan hər hansı yaşayış sahəsi aşkar edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi onun irəli sürdüyü iddia tələbinə qanunsuz olaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52 və 53-cü maddələrini tətbiq etmişdir. Yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda İmişli rayonu, Qızılkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 155.5 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.555 ha yaşayış məntəqələrinin torpaqlarının X10, X3, X5, X1 və X6 paylı mülkiyyətində olduğu göstərilsə də və həmin şəxslərin arasında onun adı olmadığı halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda həmin evin və torpaq sahəsinin 1/6 hissəsinin onun tərəfindən hədiyyə alan X8 bağışlandığı göstərilmişdir. Məhkəmə tərəfindən mövcud olduğu halda belə həmin ev miras əmlak olaraq paylı mülkiyyət hüququ üzrə bölünməklə 1/6 hissəsinin ona məxsus olduğu göstərilmiş evdən onun yaşayış sahəsi olaraq necə istifadə edə bilmək imkanlarına heç bir hüquqi qiymət verilməmiş, formal olaraq onun adına çıxarış verildiyi göstərilən evin 1/6 hissəsinin özgəninkiləşdirilməsinin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməyi ilə nəticələnə biləcək hərəkət qismində qiymətləndirilməsinin əsaslı səbəbləri izah edilməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İnzibati işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi RİH tərəfindən İddiaçı mənzillə təmin edilməsi ilə bağlı müraciətinə mahiyyəti üzrə baxılmış və müəyyən edilmişdir ki, onun adına ümumi birgə payda İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 155.5 kv.m, yaşayış sahəsi 126.4 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 1/6 hissəsi qeydiyyatdan keçmiş, lakin İmişli regional “ASAN xidmət” mərkəzində notarius tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-506 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsindən 5 il müddətin keçməməsi səbəbindən məsələnin həllindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Çünki işdən görünür ki, iddiaçının paylı mülkiyyətində yaşayış sahəsi və torpaq sahəsi olmuş, lakin o, uçota durmaq hüququnu əldə etmək üçün həmin daşınmaz əmlakı xx.xx.2023-cü il tarixdə bağışlamış, bununla da öz sosial şəratini suni surədə pisləşdirmiş, həmin tarixdən 5 il keçməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna almaqdan imtina etməsi əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə sərgilədiyi hüquqi mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Belə ki, iş materiallarında olan: - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1999cu il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək İmişli rayonu, Qızılkənd kəndində, xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. - Torpağın mülkiyyətə verilməsinə dair JN-401A saylı şəhadətnamədən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərar ilə 0.56 ha torpaq sahəsi X10, X3, X5, X2, X4 və X6 paylı mülkiyyətinə verilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İmişli rayonu, Qızılkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 155.5 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.555 ha yaşayış məntəqələrinin torpaqları X10, X3, X5, X1 və X6 paylı mülkiyyətində olmuşdur. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı İmişli rayonu, Qızılkənd kəndi ünvanında yerləşən, ümumi sahəsi 155.5 kv.m, yaşayış sahəsi 126.4 kv.m, yardımçı sahəsi 29.1 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 0.555 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəni (1/6 hissə) hədiyyə alan X8 bağışlamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, İddiaçı adına ümumi birgə payda İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 155.5 kv.m, yaşayış sahəsi 126.4 kv.m olan 4 otaqı fərdi yaşayış evinin 1/6 hissəsi qeydiyyatdan keçmişdir, lakin İmişli regional ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-506 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Şəxsin mənzillə təmin edilməsi üçün onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi, yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruridir. Lakin əgər şəxsə yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilirsə, o uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də o, uçotdan çıxarılır. Həmçinin şəxs uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol vermişsə, həmin hərəkətlərə yol verdiyi gündən beş ildən tez uçota alına bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı paylı mülkiyyətində olmuş fərdi yaşayış evinin ona aid hissəsini xx.xx.2023-cü il tarixdə bağışlamış, bununla da öz sosial şəratini suni surədə pisləşdirmiş, həmin tarixdən 5 il keçməmişdir. Digər tərəfdən, iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Bu hallar da məhkəmə kollegiyasına əsas verir ki, iddiaçının tələbi əsassızdır, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1100/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1100/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver