Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1101/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “mənzil verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8001/2021 saylı, 16.12.2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək beş nəfər ailə üzvünə mənzil normasına uyğun mənzilin, mənzillərinin yerləşdiyi ərazidən verilməsinin cavabdehə həvalə olunması, vəkilin xidmətinə sərf edilmiş vəsaitin 200 manat tutularaq iddiaçılara verilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri Nəsimi rayon İcraiyyə Komitəsinin 13 may 1988-ci il tarixli, 43-İİ nömrəli qərarı ilə 4 nəfər (özü, arvadı, iki qızı) ailə tərkibiylə mənzil növbəsinə götürülərək BBTİ İANB-nin Baş təsərrüfatının müdiriyyəti və həmkarlar təşkilatının 16 dekabr 1994 tarixli, 12 nömrəli birgə protokolu ilə növbə əsasında, Kiyev pr., 5.giriş, 4.mərtəbə, 44.8 kv.m. sahəsi olan, 3 otaqlı, 88 nömrəli mənzil ayrılmışdır, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının m-3128 saylı, 04.07.1995 tarixli Sərəncamından sonra qeyd edilən ünvana ünvan 1 order verilmişdir. Mənzil qanunvericiliyi əsasında növbəlilik qaydasında iddiaçılara ayrılmış mənzilin son tamamlama işləri aparılmış və sonradan onlara bəlli olmayan səbəblərdən həmin binanın yerləşdiyi ərazi kimlərəsə satılaraq sökülmüşdür. Mənzil tələbi ilə bağlı müxtəlif dövlət orqanlarına və məhkəməyə müraciətləri nəticəsiz qalmışdir. Cavabdehin təqsiri üzündən iddiaçılar mənzillərinə köçüb yaşaya bilməmiş və müxtəlif ünvanlarda uzun illər kirayələrdə yaşamaq məcburiyyətində qalmışlar. “Zərgərlər Fabriki” üçün inşa olunan bina keçmiş Kiyev prospekti, sonra Ə.Salamzadə küçəsi və X7 adlandırılmış, 593-cü məhəllədə yerləşmiş, hazırda bu bina mövcud deyil. Cavabdehin sərəncamı ilə iddiaçıların mənzillərinin yerləşdiyi binanın sökülməsi və ya yerinin hansısa şirkətlərə satılması qanunsuzdur. Mənzil hüququnun pozulması nəticəsində ailəyə maddi və mənəvi zərər dəymişdir. İddiaçılar mülkiyyət hüququnun bərpa olunması, onlardan alınan mənzilin geri qaytarılmasını cavabdehdən tələb edirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8001/2021 saylı, 16.12.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8001/2021 saylı, 16.12.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, hazırki iş üzrə cavabdeh digər məhkəmədə baxılan iş üzrə cavabdeh qismində deyil, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8001/2021 saylı, 16.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq vəmənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan Bakı Baş Tikinti X2 Birliyinin Baş təsərrüfatının müdiriyyəti və həmkarlar təşkilatının 16 dekabr 1994 tarixli, 12 saylı birgə protokolundan çıxarışın surətindən görünür ki, iddiaçılara növbəlik əsasında Bakı Zərgərlik Fabrikinə Kiyev prospektində tikilmiş yaşayış evindən giriş 5, mərtəbə 4, sahəsi 44.8 kv.m., 88 nömrəli 3 otaqlı mənzilin ayrılması qərara alınmışdır. BBTİ İANB-nin Baş təsərrüfatının 024133 saylı, 04.07.1995-ci il tarixli orderin surətindən görünür ki, Kiyev pr., giriş 5, mərtəbə 4, sahəsi 44.8 kv.m., 88 nömrəli 3 otaqlı mənzil iddiaçılara ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin R-41-068 saylı 05.03.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, mənzil məsələsi barəsində Bakı Şəhər icra Hakimiyyətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin mənzil məsələnizin mübahisəli xarakter daşıdığını və məhkəmə orqanları tərəfindən baxıldığını nəzərə alaraq, həmin məsələ yalnız məhkəmə yolu ilə həll oluna bilər. Bunun üçün zəruri sənədləri toplayıb yuxarı məhkəmə instansiyalarına müraciət etməyiniz məqsədəuyğundur. Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1690 saylı 23.03.2004-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı Şəhəri X4 İcraiyyə Komitəsinin 04.02.91-ci il tarixli 1/20 saylı Qərarı ilə Oktyabr rayonunda (indiki Yasamal rayonu) Patris Lumumba küçəsinin adı akademik Zahid Xəlilov küçəsinə dəyişdirilmişdir. Bakı Şəhər X4 İcraiyyə Komitəsinin 14.06.88-ci il tarixli 6/331 saylı Qərarına əsasən Xİ Qırmızı Ordu küçəsinin adı Avakyan küçəsinə dəyişdirilmiş (bənd 1.5) və 11.05.90-cı il tarixli 3/120 saylı Qərarına əsasən həmin Avakyan küçəsinin adı X5 küçəsinə dəyişdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.08.2003-cü il tarixli 420 saylı sərəncamından görünür ki, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 593 saylı məhəllədə tikintisi yarımçıq qalmış yaşayış binasının yerində, 5.800 kv.m sahədə kooperativ yaşayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Baxılan iş üzrə iddiaçılar 024133 saylı, 04.07.1995-ci il tarixli orderə əsasən onlara müvafiq təşkilat tərəfindən mənzil ayrıldıgını və həmin mənzilin yerləşdiyi binanın məhz Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 593 saylı məhəllədə olan və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.08.2003-cü il tarixli 420 saylı sərəncamı ilə tikintisi yarımçıq qalmış yaşayış binası kimi sökülərək yerində kooperativ yaşayış binasının "xxxx" MTK-ya layihələşdirilməsinə və tikintisinə icazə verildiyinə əsaslandırmaqla cavabdehə qarşı mənzil tələbini irəli sürmüşlər. Mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1982-ci il, № 13, maddə 121) ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci maddəsinə əsasən müəssisə və təşkilatların əmək kollektivlərinin qərarı ilə kollektiv müqavilələrdə birinci növbədə yaşayış sahəsi almaq hüququ olan fəhlə və qulluqçular, habelə əməkdə yüksək göstəricilər əldə edən və ictimai həyatda fəal iştirak edən yenilikçilər və istehsalat qabaqcılları üçün, həmin şəxslər iş yerindən mənzil sahəsi ilə təmin edilərkən onları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etməkdən ötrü güzəştli əsaslar, habelə bu məqsədlər üçün ayrılan yaşayış sahəsinin miqdarı nəzərdə tutula bilər. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X4 icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtıəsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində—müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X4nin icraiyyə komitəsi tərəfindən; iş yerində uçota götürülmüş vətəndaşlar barəsində—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X4nin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X4nin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X4nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. İşin hallarından və qüvvədə olan məhkəmə qətnaməsindən göründüyü kimi, iddiaçılardan İddiaçı2 024133 saylı, 04.07.1995-ci il tarixli orderə əsaslanaraq cavabdeh "xxxx" MTK-ya və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Bakı şəhəri icra Hakimiyyəti Başçısının Aparatına qarşı orderin etibarlılığı, mənzilə olan hüququn tanınması, mənzilə köçürülməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddia irəli sürmüş olsa da, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4825/2013 saylı 14 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Baxılan iş üzrə mübahisəyə dair işə baxmış Yasamal rayon Məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı iddiaçı mənzil tələb etdiyi binanın Ə.Salamzadə 593-ci məhəllədə yerləşdiyi müəyyən olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12.09.2013-cü il tarixli məktubundan göründüyü kimi Bakı şəhər X4 Rəyasət Heyətinin 24.05.1995-ci il tarixli. 5/3 saylı qərarı ilə Yasamal rayonundakı Kiyev prospektinə (A.M.Şərifzadə küçəsindən İzmir küçəsinədək) X1 adı verilmiş və küçə “General Akimov” küçəsi adlandırılmışdır. Yasamal rayonu Ak.Zahid Xəlilov kiiçəsi 593-cü məhəllə ev 68 və Vahab Salamzadə 593-cü məhəllə ev 2d və 2c ünvanları Akim Abbasov (keçmiş Kiyev prospekti) ilə üstə-üstə düşmür. Yasamal rayonu Akim Abbasov (keçmiş Kiyev prospekti) küçəsində "xxxx" MTKya hündürmərtəbəli yaşayış binasının tikintisinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilməmiş və həmin küçədə "xxxx" MTK tərəfindən yaşayış binası inşa olunmamışdır. Yasamal rayonu Akim Abbasov (keçmiş Kiyev prospekti) küçəsində “Zərgərlər Fabriki” (indiki “Zərgərsənaye” İB) adında olan quruma yaşayış binasının tikintisinə dair Bakı şəhər İH tərəfindən sərəncam verilməmiş və həmin küçədə “Zərgərlər Fabriki” tərəfindən yaşayış binası inşa olunmamışdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Xətai RİH-nin 1995-ci il arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlər içərisində 04.07.1995-ci il tarixli, HM-3128 saylı sərəncam aşkar edilməmişdir. Göründüyü kimi Xətai RİH-nin 04.07.1995-ci il tarixli Hm 3128 nömrəli sərəncamı və 024133 saylı 04.07.1995-ci il tarixli orderində qeyd edilmiş mənzilin "xxxx" MTK-ya aidiyyəti yoxdur. Belə ki, iddiaçılara Bakı şəhəri, Kiyev prospektində (hazırki General A.Abbasov küçəsində) Zərgərlər Fabriki üçün inşa olunan binanın 5-ci giriş, 4-cü mərtəbəsində yerləşən sahəsi 48.8 kv.m olan 3 otaqlı, 88 nömrəli mənzil ayrılmış, "xxxx" MTK tərəfindən inşa edilmiş bina isə Bakı şəhəri, Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi buna cavab verməli olmayan cavabdehə qarşı yönəldildiyindən təmin edilməməlidir. Göründüyü kimi tikintisi yarımçıq qalmış yaşayış binası kimi sökülərək yerində kooperativ yaşayış binasının "xxxx" MTK-ya layihələşdirilməsinə və tikintisinə icazə verilməsi barədə cavabdehin 20.08.2003-cü il tarixli 420 saylı sərəncamı iddiaçıların maraqlarına toxunmur. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadıgından iddia mümkün deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçılara izah etmişdir ki, iddiaçılar 024133 saylı, 04.07.1995-ci il tarixli orderi vermiş müvafiq müəssisəyə və ya onun hüquqi varisinə qarşı xüsusi hüquq sahəsi sayılan mülki və mənzil qanunvericiliyinin tələbləri tətbiq edilməklə ümumi yurisdiksiyalı məhkəmədə mənzilin təhvil verilməsi tələbini irəli sürmək hüquqları vardır. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8001/2021 saylı, 16.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1101/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1101/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver