Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1101/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8038/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5449” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı1 adına, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5451” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq çıxarışın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8038/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi iddia tələbləri üzrə 2- 1(112)-8038/2023 nömrəli inzibati iş üzrə icraatdan - İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5451” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatın sonrakı icraatın yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması, İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5449” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair icraatın 2-1(112)-8038/2023 nömrə ilə saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-8038/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5449” saylı torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 221 nömrəli X1 dair yerləşmə sxemi idarənin arxiv əsaslarında aşkarlanmadığından torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Həmçinin idarənin mütəxəssisləri tərəfindən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı1 adına Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsinin, eləcə də 5450 saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 6/387 nömrəli xx.xx.1991-ci il tarixli qərarı ilə Ləhiş bağ massivi, 221 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında (1 nömrəli əlavə) İddiaçı1 adı qeyd edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən «5449» saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ərizəsinə baxılmışdır. Təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən texniki baxış zamanı tərəfinizdən göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə, X1 dair yerləşmə sxemi İdarənin arxiv əsaslarında aşkarlanmadığından torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən «5449» və «5451» saylı torpaq sahələri ümumi hasar daxilində yerləşir. İdarənin arxivində BTK sxemi aşkar edilmədiyindən sxemə uyğun yerləşməsini araşdırmaq və bölgü sxeminin tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. İş materiallarında olan Masallı rayon Boradigah ərazi nümayəndəliyi tərəfindən xx.xx.2023-cü ildə verilmiş AZ-İ seriyalı 053990 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 xx.xx.1989-cu ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra kişiyə Bayramov, arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan X3 və İstismarı Birliyi ilə İddiaçı2 arasında imzalanmış “Bağın icarəyə verilməsi haqqında” 30862 nömrəli, 11 iyun 2002-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2002-ci il tarixli Sərəncamının 322 nömrəli protokoluna əsasən Ləhiş qəsəbəsində sahəsi 0.06 ha olan 5451 saylı bağ sahəsi İddiaçı2 istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitsəinin X3 və X8 bağlar sahəsindəki 221 nömrəli kooperativin 27 saylı orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri İcraiyyə Komitsəinin xx.xx.1991-ci il tarixli, 6/387 saylı qərarına əsasən Ləiş bağlar sahəsində 221 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5449 nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya təqdim edilmiş Bakı şəhər XDS-nin xx.xx.1991-ci il tarixli, 6/387 saylı qərarının arxiv çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 221 №-li bağ-tikinti kooperativinin üzvlərinin 66 nəfərdən ibarət siyahısı təsdiq edilmiş və həmin qərara 1 nömrəli əlavəyə əsasən üzvlərinin siyahısında 27-ci sırada İddiaçı1 adı qeyd edilmişdir. Əsas: Fond-16, siyahı-1, iş-4072, vər – 60, 68, 69, 70, 72 (Həmin qərardan çıxarışın təsdiq edilmiş surəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 221 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 5449 saylı bağ sahəsinə İddiaçı1 adına verilmiş 27 nömrəli orderin arxiv nüsxəsi, eləcə də həmin bağ sahəsinə dair cizgi və 221 saylı BTK-nın bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin İddiaçı2 istifadəsinə verilmiş Ləhiş bağ massivində yerləşən, 0.06 hektar torpaq sahəsi olan 5451 saylı bağ sahəsinə dair cizgi arxiv qovluğunda aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 nömrəli qərarının (1 nömrəli əlavə), surəti sorğuya əlavə edilmiş xx.xx.2002-ci il tarixli, 30862 nömrəli müqavilənin və həmin müqavilədə istinad edilən xx.xx.2002-ci il tarixli, 322 nömrəli qərarın və digər müvafiq sənədlərin təsdiq edilmiş surəti, eləcə də sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və orderlər qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 saylı qərarına və Bakı şəhər İcraiyyə Komitsəinin X3 və X6 bağlar sahəsindəki 221 nömrəli kooperativin 27 saylı orderinə əsasən İddiaçı1 Ləhiş bağlar sahəsində 221 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5449 nömrəli bağ ayrılmışdır. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh idarənin arxivində orderin nüsxəsinin aşkar edilmədiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəməyə kollegiyası qeyd edir ki, bu, imtina üçün əsas hesab edilmir. Belə ki, sənədlərin arxivə verilməsi və arxivdə saxlanılması hallarına görə iddiaçı cavabdehlik daşımır. Bu, inzibati orqanların vəzifələrinə aiddir. Bundan başqa, orderin verilməsinə əsas olan qərarın arxiv çıxarışı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmişdir. İddiaçıda orderin əsli vardır və notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir, hazırda da iddiaçı qeyd olunan qərara və orderə əsasən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Bundan başqa, qeyd olunan bağ tikinti kooperativinin üzvlərinin siyahısı cavabdeh inzibati orqanın arxivində də saxlanılır, həmin siyahının təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir və həmin siyahıda 27-ci sırada iddiaçının adı qeyd olunmuşdur. Həmçinin cavabdeh 221 nömrəli X1 dair yerləşmə sxeminin idarənin arxiv əsaslarında aşkarlanmadığını, ona görə də torpaq sahəsinin yerləşməsini araşdırmağın mümkün olmadığını bildirmişdir. Məhkəməyə kollegiyası cavabdehin bu dəlilinə münasibətdə də qeyd edir ki, bu, imtina üçün əsas hesab edilmir. Belə ki, X1 dair yerləşmə sxeminin arxivə verilməsi və arxivdə saxlanılması hallarına görə iddiaçı cavabdehlik daşımır. Bu, inzibati orqanların vəzifələrinə aiddir. Bundan başqa, cavabdeh tərəfindən bağ sahələrinin sxematik xəritəsi məhkəməyə təqdim edilmişdir və həmin sxematik xəritədən görünür ki, iddia olunan bağ sahəsi həmin sxematik xəritədə öz əksini tapmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal da imtina üçün əsas hesab edilmir. Belə ki, xx.xx.2023-cü il tarixli məktubla cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müayinə (baxış) aktlarına əsasən iddiaçıya ayrılmış 5449 nömrəli bağ sahəsi 5451 nömrəli bağ sahəsi ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir. İş materiallarında olan X3 və İstismarı Birliyi ilə İddiaçı2 arasında imzalanmış “Bağın icarəyə verilməsi haqqında” 30862 nömrəli, 11 iyun 2002-ci il tarixli müqaviləyə əsasən Ləhiş qəsəbəsində sahəsi 0.06 ha olan 5451 saylı bağ sahəsi İddiaçı2 istifadəsinə verilmişdir. İddiaçı1 ilə İddiaçı2 xx.xx.1989-cu ildə nikaha daxil olmuşlar, rəsmi nikah münasibətlərindədirlər və qeyd olunan bağ sahələri hazırda da onların birgə istifadəsindədir. Hazırki iddia ərizəsini də onlar ilkin olaraq birgə iddiaçılar kimi vermişlər və onların arasında mübahisə yoxdur. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin (qərar və order) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sərəncam və orderə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə imtina məktubunun dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8038/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1101/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1101/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver