Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1101/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə, Cavabdeh2nə, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh4 ASC-yə qarşı “cavabdehlərin üzərinə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında yerləşən X5 tərəfindən zəbt olunaraq orada tikilmiş qanunsuz tikililərin sökülərək hazırkı nəticələrin aradan qaldırılması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11503/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X10 Xidməti və Cavabdeh4 ASC üzərinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında yerləşən X5 tərəfindən zəbt olunaraq orada tikilmiş qanunsuz tikililərin sökülərək hazırkı nəticələrin aradan qaldırılması öhdəliklərinin üzərlərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsi onun mülkiyyətindədir. Ona məxsus torpaq sahəsinin qarşısında yerləşən dövlət mülkiyyətində olan, ümumi istifadə üçün nəzərdə tutulmuş, yolun və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonası olan və onun torpaq sahəsinə yeganə giriş-çıxışı olan torpaq sahəsi X6 tərəfindən zəbt edilmişdir. Zəbt olunan torpaq sahəsi ümumi istifadədə olan yoldur və buranın zəbt olunması nəticəsində fövqəladə halın yaranmasına və eləcə də fövqəladə hal yaranacağı halda bununla mübarizənin qarşısını alır. Belə ki, torpaq sahəsi 110 kv-lıq yüksək gərginlikli elektrik xəttinin 37 va 38-ci işıq dirəklərinin mühafizə zonasına düşür. Mühafizə zonasında qanunsuz yaşayış sahəsinin tikilməsi, həmin elektrik xətləri və eləcə də qanunsuz tikilidə yaşayacaq şəxslər, onların qonşuları üçün təhlükəlidir. Bundan başqa qeyd etmişdir ki, zəbt olunan torpaq sahəsi ümumi istifadədə olan yolun darlaşmasına səbəb olmaqla fövqəladə vəziyyətlə (yanğın, elektrik xəttinin qırılması, onun təməri və.s) mübarizənin qarşısını almağı qeyri-mümkün edəcəkdir. Belə ki, Gülümov Rafik və İskəndərov Rafiq tərəfindən ümumi istifadədə olan yol sahəsi o qədər zəbt olunmuşdur ki, həmin ərazidən yanğınsöndürmə avtomobillərinin keçməsi mümkün deyildir. Eyni zamanda hamin ərazi ümumi istifadə üçün nəzərdə tutulan ərazi olmaqla ona məxsus torpaq sahəsinə girə bilmək üçün yeganə sahədir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11503/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadı (hakim F.İsmayılzadə) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikilinin mövcud vəziyyətinə əsasən onun dam örtüyünün vurulub-vurulmamasından aslı olaraq həmin tikilinin sökülməsi öhdəliyi fərqli orqanlara həvalə edilmişdir. Belə ki, yan divarların və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyətinə, inşası başa çatmış tikilinin isə sökülməsini Cavabdeh1 həyata keçirir. Bir neçə cavabdehin əlavə edilməsinə məhz bu tikilinin mövcud vəziyyətinin tam bilinməməsi və həmin sözügedən ərazinin hansı orqanın səlahiyyətləri daxilində olduğunun bilinməməsi səbəb olmuşdur. Məhkəmə bu məsələdə İPM-nin 13-cü və 48-ci maddəsinin tələblərinə əsasən işin natamam hallarının tamamlanması üçün iddiaçıya hüquqi yardım etmək vəzifəsini icra etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər X4 və X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 və Bakı Şəhəri Cavabdeh2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus 55 nömrəli bağ sahəsinin qarşısında tikilən qanunsuz tikililərin (hasar və ev) sökülməsi və həmin ərazidə cavabdehlər və digər şəxslər tərəfindən tikinti işlərinin aparılmasının və torpağın zəbt olunmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-115/2022 nömrəli iş üzrə xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 55 nömrəli bağ sahəsinin qarşısında cavabdehlər tərəfindən tikilən tikililərin (hasar və ev) cavabdehlərin vəsaiti hesabına sökülməsi, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 55 nömrəli bağ sahəsinin giriş-çıxış yolunun qarşısında tikinti işlərinin aparılması və torpağın zəbt olunmasının cavabdehlər və digər şəxslərə qadağan edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-5732/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-574/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5732/2022 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə iddiaçının adına qeydə alınmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çöl Şüvəlan 55 nömrəli bağ sahəsi ünvanda yerləşən 0,1156 ha bağ torpaq sahəsinə giriş-çıxışın sahənin eni 21,21 m olan şimal-qərb hissəsindən (mübahisəli torpaq sahəsinə əks tərəfdə) nəzərdə tutulması, iddiaçının həmin torpaq sahəsində yaşayış evi inşa etmək üçün hazırlatdığı eskiz layihəsinin X1 də bağ sahəsinə giriş-çıxışın eyni yerdə göstərilməsi, iddiaçıya məxsus torpaq sahəsinin ilkin vəziyyətdə giriş-çıxışının sonradan satdığı hissədən olması, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin girişçıxış yolunun məhz cavabdehin zəbt etdiyi iddia olunan sahədən olmasının müəyyən edilməməsi barədə faktlar kassasiya şikayətində təkzib edilməmiş, bununla bağlı şikayətdə tutarlı heç bir dəlil göstərilməmişdir. Bu kontekstdə, iddiaçı qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlakına sərbəst surətdə sahib olub, ondan istifadə edərək, əmlakın bir hissəsinə dair sərəncam verməklə, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkətlər etmiş, bununla mülkiyyətində olan torpaq sahəsindən ümumi yola çıxışını könüllü bağlamışdır ki, onun əvvəllər yola çıxışı kimi nəzərdə tutulmayan ərazidən keçidi təmin etmənin hüquqi imkanlarını mübahisələndirmədən həmin torpaq sahələri hazırda sahibliyində olan və iddiaçının mülkiyyətinə qəsd törətməyən (müdaxilə etməyən) şəxslərin inşa etdiyi tikililərin sökülməsi tələbini irəli sürməsi prosessual səmərəlilik baxımından da uğurlu olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün ilk növbədə subyektiv hüquqa malik olmamışdır. Belə ki, o tikililərin sökülməsini tələb etdiyi torpaq sahəsinə münasibətdə hər hansı hüquqmüəyyənedici sənədə malik deyildir. Həmçinin, iddiaçı məhz həmin torpaq sahəsində olan hər hansı tikilinin onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığına dair sübutlar təqdim edə bilməmişdir. Həmçinin işdən görünür ki, iddiaçı hazırkı tələblə 4 müxtəlif cavabdehə qarşı iddia qaldırmışdır. İddiaçı professional hüquqi yardım almaqdadır, vəkillə təmsil olunur, bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən yazılı şəkildə ona hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində üç fərqli inzibati orqan və bir hüquqi şəxs cavabdeh qismində göstərilmişdir, lakin inzibati məhkəmə icraatı qaydasında müxtəlif cavabdehlərə qarşı eyni tələb üzrə iddia qaldırılması yolverilməzdir, həmçinin iddia ərizəsinə əlavə edilmiş məhkəmə aktlarının surətlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər X5 və X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 və Bakı şəhəri Cavabdeh2) qanunsuz tikilinin sökülməsi və torpaq sahəsində qanunsuz tikinti aparılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(102)-574/2023 nömrəli mülki iş üzrə xx.xx.2023cü il tarixli qərarı mövcuddur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(102)-574/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarının 33- 34-cü bəndinə əsasən müəyyən edilmişdir ki, kassasiya instansiyasının mövqeyinə görə “iddiaçıya məxsus torpaq sahəsinin ilkin vəziyyətində giriş-çıxışının sonradan satdığı hissədən olması, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunun məhz cavabdehin zəbt etdiyi iddia olunan sahədən olmasının müəyyən edilməməsi barədə faktlar kassasiya şikayətində təkzib edilməmiş, bununla bağlı şikayətdə tutarlı heç bir dəlil göstərilməmiş, bu kontekstdə, iddiaçı qanunla müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlakına sərbəst surətdə sahibi olub, ondan istifadə edərək, əmlakın bir hissəsinə dair sərəncam verməklə, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkətlər etmiş, bununla mülkiyyətində olan torpaq sahəsindən ümumi yola çıxışı könüllü olaraq bağlamışdır ki, onun əvvəllər yola çıxışı kimi nəzərdə tutulmayan ərazidən keçidi təmin etmənin hüquqi imkanlarını mübahisələndirmədən həmin torpaq sahələri hazırda sahibliyində olan və iddiaçının mülkiyyətinə qəsd törətməyən (müdaxilə etməyən) şəxslərin inşa etdiyi tikililərin söküməsi tələbini irəli sürməsi prosessual səmərəlilik baxımından da uğurlu olmamışdır”. Odur ki, onun kassasiya şikayəti təmin edilməmiş, yekun nəticədə iddiası təmin olunmamışdır. Sözügedən hal isə onun hazırkı iddia tələbi ilə inzibati qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etməkdədir. İddiaçı hüquqi yardım məktublarına heç bir münasibət bildirməmiş, iddiaçının vəkili isə məhkəmənin işin faktiki hallarını araşdırmalı və işin hansı cavabdehə qarşı yönəlməli olduğunu müəyyən etməli olduğunu bildirərək iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin müəyyənləşdirilməsi məhkəmənin vəzifəsi deyildir, məhkəmənin yardımetmə vəzifəsi bu baxımdan yalnız formal xarakter daşıyan xətaların aradan qaldırılmasında və cavabdeh baxımından yol verilmiş aşkar səhvlərin aydınlaşdırılmasında ifadə olunur. İddiaçının irəli sürdüyü tələbə mülki məhkəmə icraatı qaydasında daha öncə baxılmış və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 574/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11503/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11503/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1101/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1101/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver