Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1102/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10914/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5451” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5449” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona göndəriən bildiriş məktubunda göstərilən torpaq sahələrinin ümumi hasar daxilində olduğunu bağlar tsərrüfatının xəritəsi aşkar edilmədiyi bağ sahəsinin sxemə uyğun yerləşməsinin araşdırmaq mümkün olmadığını bildirərək əsassız olaraq qeydiyyatdan imtina etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında imtina bildirişində göstərilənlərə uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10914/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5451” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…221 nömrəli X1 dair yerləşmə sxemi İdarənin arxiv əsaslarında aşkarlanmadığından torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən texniki baxış zamanı göstərilən torpaq sahələri ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bakı İnzibati Məhkəməsi dəlilləri ətraflı araşdırmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Yeganlı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 11 iyun 2002-ci il tarixli 30862 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Ləhiş qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan 5451 saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: …; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; …; Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının icarə müqaviləsi əsasında qanuni istifadəsində olan Ləhiş qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan 5451 saylı bağ sahəsinin əvəzsiz olaraq onun adına mülkiyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas mövcuddur. Lakin cavabdeh imtina məktubunda və apellyasiya şikayətində mübahisələndirir ki, bağ sahəsi ümumi hasar daxilində yerləşir və 221 nömrəli X1 dair yerləşmə sxemi İdarənin arxiv əsaslarında aşkarlanmadığından həmin torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmadığından “5451” saylı bağ sahəsinin iddiaçının adına qeydiyyata alınması mümkünsüzdür Məhkəmə kollegiyası hesab edir ki, cavabdnhin qeyd olunan dəlilləri qeydiyyatdan imtina üçün əsas ola bilməz. Çünki, birincisi, iddiaçının adıçəkilən 221 nömrəli X1 aidiyyəti yoxdur. Çünki bağ sahəsi onun icarəsinə Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış icarə müqaviləsi əsasında və konkret ölçüdə (0,06ha ) verilmişdir və bir hasar daxilində olan başqa şəxsin ona qarşı hər hansı mübahisəsi də mövcud deyildir. İş üzrə arxiv materialları o cümlədən Bakı şəhər İcra Hakimiyyti başçısının “bağlar təsərrüfatının inkişafı və istimarı birliyinin protokollarının təsdiq edilməsi haqqında xx.xx.2002-ci il tarixli 322 nömrəli sərəncamından görünür ki, Ləhiş bağ massifvində yerləşən 5451 saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə bənd (1.69 ) mövcuddur. Bundan əlavə həmin bağın yerini müyyənləşdirməyə imkan verən, bağların bölgü sxemində də sözügedən “5451” saylı bağ sahəsinin mövcudluğu müəyyən edilir (İ.v.62, 68). Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin, mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina üçün əsas gətirdiyi dəlillər formal xarakterli dəlillər olmaqla, iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən onun dəlillərinin araşdırılmadığını vurğulamaqla, dolayısı ilə qəbul edilmiş qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati 2- 1(112)-10914/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10914/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1102/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1102/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver